04 Avqust 2020, Çərşənbə axşamı

Dekabrın 11-də muxtar respublikanın 200-dən artıq ümumtəhsil məktəbi ilə Heydər Əliyev Muzeyi arasında “Ürəklərdə yaşayan dahi” mövzusunda interaktiv dərs keçilib.
İnteraktiv dərsdə muzeyin direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Ramil Orucəliyev əvvəlcə mədəniyyət müəssisəsi barədə şagirdlərə ətraflı məlumat verib. Bildirilib ki, Heydər Əliyev Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il fevralın 18-də imzaladığı Sərəncam əsasında yaradılıb və həmin il may ayının 10-dan fəaliyyətə başlayıb. Hələ ümummilli liderin sağlığında yaradılan muzeydə ulu öndərin həyatının müxtəlif dövrlərinə həsr olunmuş eksponatlar, eləcə də dahi ­şəxsiyyətin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işlədiyi dövrdə qəbul etdiyi müxtəlif tarixi sənədlər toplanıb.

Açıq dərsdə vurğulanıb ki, dahi rəhbərin Vətənimizin suverenliyi, ölkəmizin düşdüyü bəlalardan xilası, Azərbaycanın inkişafı naminə mübarizədə əvəzolunmaz xidmətləri Onu hələ sağlığında xalqımızın ümummilli liderinə çevirib. Heyrətamiz idarəçilik istedadına, mətin iradəyə və böyük əzmkarlığa malik ulu öndərimiz Azərbaycana rəhbərliyinin birinci dövründə ölkəmizi tənəzzül burulğanından çıxararaq respublikamızı qısa vaxt ərzində qabaqcıl və nüfuzlu ölkə səviyyəsinə yüksəldə bilib. Qüdrətli siyasətçinin əzmi və iradəsi ilə Azərbaycan dövləti 1990-1993-cü illərin ağır sınaqlarından keçərək məhv olmaq təhlükəsindən qurtarıb. Müstəqil dövlətçilik yolunda ilk addımları məhz Naxçıvanda atan ümummilli liderin təşəbbüsü ilə üçrəngli bayrağımız ilk dəfə olaraq 1990-cı il noyabrın 17-də Naxçıvan parlamentində qaldırılıb, Naxçıvan Muxtar Respublikasının adından “sovet sosialist” sözləri çıxarılıb, Azərbaycanda ilk milli ordu quruculuğuna Naxçıvan Muxtar Respublikasında başlanılıb.

Vurğulanıb ki, ulu öndərin 1993-cü ilin iyununda siyasi hakimiyyətə yenidən qayıdışından sonra Azərbaycanda nail olduğu milli birlik xalqımızın ən qiymətli mənəvi-ideoloji sərvətinə çevrilib. Bugünkü güclü, qüdrətli Azərbaycanı dahi rəhbər qurub-yaradıb, inkişaf etdirib, bütün dünyaya tanıdıb. Ulu öndər ölkəmizin siyasi, sosial-iqtisadi inkişaf konsepsiyalarını işləyib hazır­layıb və reallaşdırılmasını təmin edib. Ona görə də xalqımız ümummilli liderin ölməz xatirəsini qəlbində əbədi yaşadır, Onun ideyalarını həyata keçirməyə çalışır. “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi­-siyasi, mənəvi inkişafına xidmət olub”, – deyən ulu öndər Heydər Əliyevin dövlətçiliyimizin ən ağır günlərində göstərdiyi qətiyyət bu sözlərdəki gerçəkliyi dəfələrlə təsdiqləyib. Müdrik rəhbər xalqımıza zəngin maddi və mənəvi dəyərlər, siyasi-iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində qurulmuş müstəqil Azərbaycan dövlətini miras qoyub. Ulu öndər Heydər Əliyev xalqımız qarşısında misilsiz xidmətləri ilə dövlətçilik tarixində əbədiyyət zirvəsinə yüksəlib. Bu böyük insanın həyat yolu bundan sonra da hər bir məktəbliyə, hər bir gəncə örnək olacaq.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti