16 Dekabr 2019, Bazar ertəsi

Çoxəsrlik tarixə və zəngin ənənələrə malik, ən əsası Azərbaycançılıq ideologiyasının ədəbi manifesti olan, həm ümummilli idealları əks etdirən, həm də bəşəri əhəmiyyət kəsb edən Azərbaycan ədəbiyyatı müxtəlif alimlər tərəfindən fərqli baxışlar əsasında dövrləşdirilib. Lakin ədəbiyyatşünaslıqda bütün bu fərqli prinsipləri ümumiləşdirəcək, bir sıra mühüm əlavələrlə də zənginləşdirə biləcək mükəmməl bir dövrləşdirmə konsepsiyasının işlənib hazırlanmasına ciddi ehtiyac vardı. AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin “Elm” nəşriyyatında çap olunmuş“Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri” adlı monoqrafiyası belə bir zərurətdən yaranmışdır.

Öncə onu qeyd edim ki, 452 səhifəni əhatə edən mono­qrafiya bu mövzuya həsr olunmuş ilk irihəcmli və sistemli, uzun illərin ədəbi təcrübələrinə əsaslanan və müxtəlif konsepsiyaların ümumiləşdirilməsi nəticəsində ortaya qoyulan bir tədqiqat əsəri kimi Azərbaycan ədəbiyyatşünaslığına əvəzolunmaz bir töhfədir. Monoqrafiyanın elmi redaktoru, AMEA-nın müxbir üzvü Ertəgin Salamzadədir.
Monoqrafiyanın “Giriş”ində Azərbaycan ədəbiyyatının mütərəqqi xüsusiyyətləri sadalanır və bədii ədəbiyyatın mərhələlər üzrə əsas mövzuları və qəhrəmanları, xalqın taleyinə və qəhrəmanlıq mübarizəsinə baxışın ifadə edilməsi, təkcə bir ölkənin həyatı deyil, çox geniş miqyasda insanlığın taleyi və gələcəyi üçün axtarışlar və söz xəzinəmizi dünya arenasına çıxaran “İsgəndərnamə” kimi tapıntılar diqqət mərkəzinə çəkilir. Müəllif söz mülkünün sultanı, ölməz əsərləri, böyük idealları ilə dünyanı fəth etmiş Nizami Gəncəvini elə “sözün geniş mənasında, dünya ədəbiyyatının Makedoniyalı İsgəndəri” hesab edir. Dünya epos ənənəsində salnaməçilik, səfərnamə və ya cəngavərlik motivləri üstünlük təşkil etməsinə görə, bədiilik meyarlarına əsasən mühüm ictimai məzmun ifadə edən “Kitabi-Dədə Qorqud” dastanı akademikin fikrincə, “dünya epos sənətinin şah əsəri”dir.

Yeni nəşrdə Orxon-Yenisey abidələrindən, ərəbdilli Azərbaycan ədəbiyyatından yazılı ədəbiyyatımızın bünövrəsi kimi XI-XII əsrlər Şərq intibahının inkişafından, XVI əsrdən başlayaraq (Məhəmməd Füzulinin “Şikayətnamə” əsəri nəzərdə tutulur) XVII-XVIII əsrlərdə həyatiliyə, realist təsvirə güclənən meyildən, XIX əsrdə maarifçilikdən, XX əsrin əvvəllərində milli istiqlal uğrunda mübarizədən bəhs edilir. Həmin dövrdə romantizmin xoşbəxt gələcək arzuları, sovet dövrü Azərbaycan ədəbiyyatında yaranan vətənpərvərlik mövzulu əsərlər, XX əsrin 70-80-ci illərində ümummilli ideyalar, ana dili uğrunda mübarizə, müəyyən səviyyədə azadlıq düşüncəsinin təsvir və tərənnümü də mono­qrafiyada əsas yer tutur. Eyni zamanda müstəqillik dövrünün realizm və romantizm cərəyanları ilə yanaşı, dekadentizm, postmodernizm, magik realizm və digər ədəbi axınların Azərbaycançılıq ideologiyasına əsaslanan əsərləri ədəbiyyatın başlıca obyekt və istiqamətləri olaraq göstərilmişdir.
Monoqrafiyanın “Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi üzrə axtarışlar” adlı hissəsində orta və XVIII, XIX və XX əsrlərdə yaranmış təzkirələrdən başlayaraq “Azərbaycanda milli ədəbiyyat tarixi yaratmağın ilk təşəbbüskarı”– görkəm­li yazıçı, tarixçi alim və ictimai xadim Abbasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm” kitabında verilmiş sistemli ədəbiyyat xülasəsi, Mirzə Fətəli Axundzadənin XIX əsr Azərbaycan ədəbiyyatı tarixçiliyinə gətirdiyi analitik-nəzəri təhlil istiqaməti, Firudun bəy Köçərlinin “Azərbaycan tatarlarının ədəbiyyatı” və “Azərbaycan ədəbiyyatı tarixi materialları” araşdırmalarında dövrləşdirmə məsələsində klassik elmi ənənədən yaradıcı şəkildə bəhrələnməsi, İsmayıl Hikmətin, Yusif Vəzir Çəmənzəminlinin, Əmin Abidin, Salman Mümtazın, Əli Nazimin, Fuad Köprülünün, Bəkir Çobanzadənin müxtəlif əsərləri Azərbaycan ədəbiyyatının dövrləşdirilməsi baxımından dəyərləndirilmişdir. Bu hissədə, çox haqlı olaraq, “XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatının çox­əsrlik inkişaf tarixinin dövrləşdirilməsi axtarışları və təşəbbüsləri mərhələsi” kimi dəyərləndirilmişdir.
Tanınmış akademikin fikrincə, “Ədəbiyyat tarixçiliyində yeni mərhələ” 1943-cü ildən 1991-ci ilə qədər davam etmiş elmi-nəzəri prinsiplər əsasında çoxcildli Azərbaycan ədəbiyyatı tarixlərinin akademik nəşrlərinin hazırlandığı, çox mühüm elmi hadisələrlə dolu bir dövrdür. 1943-1944-cü illərdə SSRİ Elmlər Akademiyası Azərbaycan Filialı Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun nəşr etdirdiyi “Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi”nin plan-prospektinə ciddi dəyişikliklər və əlavələr etmiş, Azərbaycanın ilk Xalq şairi, akademiyanın ozamankı vitse-prezidenti Səməd Vurğunun rəhbərliyi ilə hazırlanmış üçcildlik “Azərbaycan ədəbiyyatı tarixi”, Əliyar Səfərli və Xəlil Yusifovun “Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı” dərsliyi və digər əsərlər əhəmiyyətliyi və təbii ki, dövrün tələblərinin nəticəsi olaraq meydana çıxan nöqsanları ilə saf-çürük edilmişdir. Bu dövr “ədəbiyyatşünaslıqda Azərbaycan ədəbiyyatı tarixinin elmi prinsiplərinin formalaşması mərhələsi” kimi xarakterizə edilmişdir.
“Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsinin elmi təsnifatına doğru” adlı hissədə müstəqillik dövründə artıq ideoloji meyarlar əsasında hazırlanmış əvvəlki dövrləşdirmə təşəbbüslərinin qəbuledilməzliyi və obyektiv elmi prinsiplər əsasında yenidən dövrləşdirmənin zəruriliyi nəticəsində 1994-cü ildə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaşar Qarayevin rəhbərliyi ilə keçirilmiş “Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi” müşavirəsindən bəhs olunur. Müşavirədə “Ədəbiyyat tariximiz necə dövrləşdirilməlidir?” sualına Azadə Rüstəmova, Tehran Əlişanoğlu, Tahirə Məmməd, Hüseyn Həşimli, Səadət Şıxıyeva, Nazif Qəhrəmanlı kimi ədəbiyyatşünasların müxtəlif aspektlərdən verilmiş cavabları və geniş baxışları, fərqli yanaşmaları əks etdirən mülahizələri yüksək qiymətləndirilmişdir. Akademik İsa Həbibbəyli AMEA-nın müxbir üzvü Yaşar Qarayevi ədəbiyyat tarixinin dövrləşdirilməsində kompleks yanaşmalar nəzəriyyəsinin ilk müəllifi və ədəbiyyat tarixinin inkişaf mərhələlərinin müəyyən edilməsində özünəməxsus bölgüləri olan əvəzsiz bir ədəbiyyatşünas alim kimi böyük ehtiramla yad edir. Professorlar Baloğlan Şəfizadə, Elməddin Əlibəyzadə, Bədirxan Əhmədovun “Azərbaycan ədəbiyyatı tarixi”, Şirindil Alışanlının “Müasir humanist təfəkkür və Azərbaycan ədəbiyyatşünaslığı” tədqiqatları əhəmiyyətli elmi mənbələr kimi dəyərləndirilir.
“Azərbaycan ədəbiyyatı tarixinin yenidən dövrləşdirilməsi zərurəti” adlı hissədə ədəbiyyat tarixinin dövrləşdirilməsi haqqında elmi konsepsiyanın yaradılmasında 5 zəruri cəhət qeyd olunur. Bunlardan “Dövlət müstəqilliyi ideallarının işığında Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsinin vahid sisteminin yaradılması zərurətinin meydana çıxması” və “Dövrləşdirmədə dünyada gedən ədəbi­-tarixi proseslərin nəzərə alınması zərurəti” daha çox diqqəti cəlb edir.
Akademik İsa Həbibbəylinin Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi konsepsiyası Azərbaycançılıq məfkurəsi, sivilizasiya faktoru, ədəbi­-tarixi prosesin reallıqları, milli ədəbi cərəyanlar kimi dörd əsas prinsipin vəhdətinə əsaslanır. Bu yeni dövrləşdirmədə 10 əsas inkişaf mərhələsi fərqləndirilmişdir. Həmin inkişaf mərhələləri AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 2018-ci ildə nəşr etdirdiyi oncildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin I cildində “Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri” adı ilə öz əksini tapmışdır.
Xalq yazıçısı Anar bu günlərdə “Ədəbiyyat təəssübkeşi: İsa Həbibbəyli” adlı yazısında monoqrafiyadan danışarkən İsa müəllimin fədakarlığını, onun bir institutun işini gördüyünü qeyd etmişdir. Həqiqətən də, bu monoqrafiya ədəbiyyat­şünaslıq elmində bu sahədə olan boşluğu doldurmaq, sistemsizliyi aradan qaldırmaq gücünə malikdir. Yeni nəşr uzun illərin axtarışlarının, gərgin əməyin və ümumiləşdirmələrin nəticəsidir.
Qeyd olunan inkişaf mərhələləri ilə Azərbaycan ədəbiyyatının dünya ədəbi prosesində şərəfli yerə malik olması sübut edilmiş və ədəbiyyatın xalqımızın işıqlı gələcəyə doğru inkişafına yol açacağına əminlik hissi ifadə olunmuşdur.

Aygün ORUCOVA
filologiya üzrə fəlsəfə doktoru, dosent

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR