15 Noyabr 2019, Cümə

Muxtar respublikada ixtisaslı kadr hazırlığı təhsil siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamı yüksək­ixtisaslı kadr hazırlığı və innovasiyaların yaradılması istiqamətində yeni vəzifələr müəyyənləşdirir.

Təhsildə keçirilən “Sabahın müəllimi”, “İnteraktiv dərs”, “Nümunəvi dərs”, “Elektron universitet”, “Distant təhsil”, “Dərsdən sonra” layihələri hazırda təhsilin inkişafına xidmət edən, muxtar respublikada innovativ təcrübəli gənclərin formalaşmasına müsbət təsir göstərəcək yeni layihələrdir. “Sabahın müəllimi” layihəsinin də əsas məqsədi pedaqoji profilli ixtisaslarda oxuyan tələbələrə təhsildəki yeniliklər haqqında məlumat verilməsi, onların ümumtəhsil məktəblərində pedaqoji təcrübələrinin təşkili, ali təhsil müəssisələrinin dərslik və metodik vəsaitlərlə təmin olunması, tələbələrin həmin elmi nəşrlərin müzakirəsində iştirakının təşkili, onların innovasiyaya əsaslanan, yaradıcı düşüncəni əks etdirən yeni layihələrinin (startapların) dəstəklənməsi, müəllim təcrübəsinin paylaşılması və məzunların işlə təmin edilməsindən ibarətdir.
Müəllimlik peşəsinə marağı olan gənclər konkret ideal təsəvvürlərə malik olmalı, davranış və həyat amalında dəqiq hədəf seçimi aydın olmalı, müəllimin şəxsi nümunəsi sabahın müəllimlərinin yetişməsinə öz təsirini göstərə bilməlidir. Daimi çalışqanlıq, davamlı dinamizm bu peşədə təkmilləşməni şərtləndirən əsas amillərdən olduğundan müasir müəllim yenilikləri sınaqdan keçirməyə hazır olmalı, müasir elektron vasitələrdən istifadə etməklə dərslərini qura bilməlidir.
Kadr hazırlığının ən vacib sahələrindən biri pedaqoji təcrübədir. Həmin prosesdə tələbələrin ali məktəblərdə aldıqları bilik dərinləşir, onlar pedaqoji iş sahəsində yeni bacarıq və vərdişlərə yiyələnirlər. Mütəxəssis hazırlığı məhz praktik yolla başa çatır, nəzəri biliklər pedaqoji təcrübə müddətində əyani şəkildə tətbiq edilməklə mənimsənilir. Bu yolla pedaqoji təfəkkür və qabiliyyət formalaşır ki, bunlar da pedaqoji səriştənin vərdiş halında möhkəmlənməsinə səbəb olur. Pedaqoji təcrübə kadrları bir mütəxəssis kimi tam formalaşdırır. Onu da qeyd edək ki, Naxçıvan Dövlət Universitetinin, Naxçıvan Müəllimlər İnstitutunun, “Naxçıvan” Universitetinin Təhsil Nazirliyinə hamiliyə verilmiş müvafiq ixtisasların tələbələri ilə təcrübəqabağı konfrans keçirilib. Ümumilikdə, 569 tələbə 1 oktyabr – 15 noyabr tarixlərdə Heydər Əliyev adına tam orta məktəbdə, Naxçıvan Qızlar Liseyində, Naxçıvan şəhərində yerləşən digər 14 tam orta məktəbdə və Babək rayon Kərimbəyli və Şıxmahmud kənd tam orta məktəblərində pedaqoji təcrübədədir. Təhsil Nazirliyi tərəfindən onların nizam-intizam qaydalarına riayət etmələri, kütləvi tədbirlərdə iştirakı, yüksək səviyyədə praktik iş qabiliyyətinə yiyələnmələri diqqətdə saxlanılır, təcrübə dövründə sabahın müəllimlərinin orta məktəblərdə açıq dərsləri təşkil olunur. Müasir metodların tələblərinə cavab verən dərslərdə şagirdlərdə yüksək səviyyəli düşüncə qabiliyyətinin inkişaf etdirilməsi üçün İKT vasitələrindən, fənn laboratoriyalarından geniş istifadənin əhəmiyyəti izah edilir. Təcrübə dövründə keçilən dərslərin müzakirəsi aparılır, tələbələrə düzgün istiqamətlər verilir və onlara metodik köməklik göstərilir.
Təcrübələrin bu şəkildə təşkili gələcəkdə ümumtəhsil məktəblərinin öz peşəsini dərindən bilən, müasir təlim metodlarından səmərəli istifadə edən bilikli və bacarıqlı müəllimlərlə təminatını yaxşılaşdıracaqdır.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR