14 Dekabr 2019, Şənbə

Mən kitab oxumağı çox sevirəm. Çünki bilmədiyim, öyrənmək istədiyim hər bir məlumatı kitablardan əldə edirəm. Oxuduğum kitablar arasında təkcə dərsliklərim deyil, bədii kitablar da var. Çünki biz şagirdlərin hərtərəfli formalaşmasında bədii kitabların rolu əvəzolunmazdır. Elə bu məqsədlə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil edilən əsərlər bizim üçün ən böyük örnəkdir. Bu siyahı, sanki biz məktəblilər üçün bir kitabxanadır.
Biz şagirdlər bu əsərləri oxuduqca Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrini, keçmiş, habelə indiki və gələcək nəsillər üçün öz əhəmiyyətini itirməyən, dərin məna kəsb edən əsərlərin müəlliflərini yaxından tanıyırıq. Məsələn, mən bilirəm ki, Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatında ən görkəmli ədiblər sırasında olmuş, acgöz, yaltaq, savadsız və ədalətsiz insanları tənqid etmək məqsədilə bir sıra hekayələr, povestlər və dram əsərləri yazmışdır. Yazıçı cəhalət dərdinin yeganə dərmanını elmdə görürdü.
“Quzu” hekayəsində “Poçt qutusu”ndakı Novruzəli obrazının tam əksi olan Məmmədhüseynin çoxbilmişliyi ilə pul qazana bilməsinin o dövr üçün adi hal olmasından, “Sirkə” hekayəsində bir ədibin Bakıya gəlməsilə qarşılaşdığı hadisələr və onun buranın adət-ənənələrinə uyğunlaşa bilməməsindən, “Qurbanəli bəy” hekayəsində acgözlük, kobudluq rəmzi və əsl gülüş mənbəyi olan Qurbanəli bəyin alçaq həyat tərzindən bəhs olunur. “Saqqallı uşaq”, “Poçt qutusu” hekayələrini oxuduqca güclü yumor hissi ilə rastlaşdım. Bu əsərlərdə müəllif avam, zavallı insanların düşdükləri vəziyyətləri yumoristik şəkildə qələmə alsa da, əslində, onlara ürəkdən acıdığını, sevgi və mənəvi bağlılıq göstərdiyini dərk etdim.
Ədibin hekayələrini oxuduqca yeni kəndlərlə tanış oldum, bu kənd­lərin reallıqda olmadığını, sadəcə, müəyyən mənalar ifadə etdiyini də öyrəndim.
Cəlil Məmmədquluzadənin əsərləri bu gün də böyük maraqla oxunur. Çünki ömrü boyu xalqının taleyi, düşüncə kasıblığı onu narahat edib. Mən əminəm ki, bizdən sonrakı nəsillər də Cəlil Məmməd­quluzadənin hekayələrini sevə-sevə oxuyub öyrənəcəklər.

Pərvin YUSİFLİ
Ordubad rayon Nüsnüs kənd tam orta məktəbinin IX sinif şagirdi

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR