15 Oktyabr 2019, Çərşənbə axşamı

Naxçıvan Dövlət Universitetində 15 sentyabr – Bilik Günü qeyd olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov müəllim və tələbələri yeni tədris ilinin başlanması münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. Təhsil siyasətinin Azərbaycanda, o cümlədən muxtar respublikada uğurla həyata keçirildiyini vurğulayan rektor tədris prosesinin kredit sistemi əsasında təşkilinin ümumi müddəaları, əsas səciyyəvi xüsusiyyətləri, sənədləşmə, qiymətləndirmə prinsipləri, tələbə və müəllimlərin mobilliyinin təmin olunması və digər məsələlər barədə danışıb. O bildirib ki, bu il bakalavr üzrə 1029, magistratura üzrə isə 139 tələbə universitetə qəbul olub.

Tədbirdə yüksək bal toplamış tələbələrin valideynləri adından Ruhəngiz Əsgərova tələbələri təbrik edib, onlara yeni-yeni uğurlar arzulayıb.
Birinci kurs tələbələri adından 651 balla universitetin Sosial idarəetmə və hüquq fakültəsinin Hüquqşünaslıq ixtisasına qəbul olmuş Səmanə İmanova çıxışında ölkə­də təhsilə yaradılan yüksək şəraitə, hərtərəfli dövlət qayğısına görə minnətdarlıq edib.
Sonra yüksək balla universitetə qəbul olanlara tələbə bileti və “Naxçıvan Ensiklopediyası” kitabı təqdim olunub.
Sonda universitetin tanıtım filmi nümayiş etdirilib.

Səadət ƏLİYEVA

*   *   *

“Naxçıvan” Universitetində keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri universitetin rektoru, professor İsmayıl Əliyev giriş sözü ilə açaraq müəllim və tələbələrin yeni tədris ilini təbrik edib, uğurlar arzulayıb. Rektor Azərbaycanda təhsilin inkişaf strategiyasından, ümummilli lider Heydər Əliyevin təhsil siyasətinin muxtar respublikada da uğurla davam etdirilməsindən danışıb.
Vurğulanıb ki, bu gün ali məktəbin beynəlxalq əlaqələri də genişləndirilib, universitetin əməkdaşlıq etdiyi ali təhsil ocaqlarının sayı 51-ə çatıb.
Pedaqoji fakültənin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva çıxışında bildirib ki, “Naxçıvan” Universiteti yüksəkixtisaslı mütəxəssislər yetişdirən, güclü maddi-texniki bazaya malik, beynəlxalq əlaqələrini günbəgün genişləndirən ali təhsil ocağıdır. 1999-cu ildən fəaliyyət göstərən universitetdə hazırda 4 fakültə, 10 kafedra, 6 şöbə var. 2019-2020-ci tədris ilində universitetdə 1200-dən çox tələbə təhsil alacaq. Bu tədris ilində 14 ixtisas üzrə mütəxəssis hazırlığı aparılacaqdır. Universitetdə təhsilin keyfiyyəti yüksəldilir, ixtisas fənləri üzrə elmi dərəcəsi olan müəllimlərə üstünlük verilir, tədris zamanı müasir təlim texnologiyalarından istifadə diqqətdə saxlanılır.
Ali təhsil ocağının Tələbə-Gənc­lər Təşkilatının sədri Zakir Məmmədov çıxışında muxtar respublikamızda təhsilin inkişafına göstərilən qayğıdan danışıb.
Tələbələr adından İngilis dili müəllimliyi ixtisası üzrə I kurs tələbəsi İnci Allahverdili çıxışında ali təhsil ocağında yaradılan mükəmməl şəraitin onların yüksək səviyyədə təhsil almalarına xidmət etdiyini vurğulayıb.
Daha sonra çıxış edən valideynlər universitetdə yaradılan şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıqlarını bildiriblər.
Sonda yüksək balla universitetə daxil olanlara tələbə biletləri təqdim edilib.

Seyfur HACIMURADOV

ARXİV

Oktyabr 2019
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR