16 Oktyabr 2019, Çərşənbə

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü il 21 avqust tarixli Fərmanı ilə hər il sentyabrın 15-i ölkəmizdə Bilik Günü kimi qeyd olunur.
Xalqımız hər zaman elm və təhsilin inkişafına böyük önəm vermişdir. Müdriklərimiz, ziyalılarımız cəmiyyətin tərəqqisini təhsildə görmüş, insanların savadlanması, gənc­lərin elm, bilik öyrənməsi qayğısına qalmışlar. Azərbaycanda Bilik Gününün yüksək səviyyədə qeyd olunması, yeni dərs ilinə bayram əhval-ruhiyyəsi ilə başlanması da təhsilin cəmiyyət həyatında mühüm yer tutmasının nəticəsidir.

“Bizim gördüyümüz işlər, təhsil sahəsində həyata keçirdiyimiz islahatlar Azərbaycan dövlətini daha da yüksəltməyə yönəldilibdir”, – deyən ümummilli liderimiz Heydər Əliyevin ötən əsrin 70-ci illərində müəyyənləşdirdiyi təhsil strategiyası ölkəmizdə bu sahənin davamlı inkişafının əsasını qoymuş, müstəqillik illərində isə təhsillə bağlı daha geniş islahatlar həyata keçirilmiş, Azərbaycan təhsili yeni inkişaf dövrünə qədəm qoymuşdur.
Bu gün də ulu öndərin siyasi xəttini bütün sahələrdə uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində təhsilin inkişafı dövlət siyasətinin əsas prioritet istiqaməti kimi müəyyənləşdirilmiş, kompleks tədbirlərin həyata keçirilməsinə başlanılmışdır.
Naxçıvan Muxtar Respublikasında da ulu öndərin müəllifi olduğu təhsil strategiyası uğurla həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində son illər muxtar respublikada müasir təhsil infra­strukturu yaradılmışdır. Müstəqillik illərində muxtar respublikada 200-dən çox təhsil müəssisəsi üçün binalar tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilmişdir.
Hər il olduğu kimi, bu il də muxtar respublikanın paytaxtı da daxil olmaqla, bütün bölgələrində geniş vüsət alan quruculuq və abadlıq işlərinin önündə təhsil müəssisələrinin tikintisi dayanır. Belə ki, 2019-cu ilin birinci yarısında Şərur rayonunda Kərimbəyli, Ordubad rayonunda Dəstə kənd tam orta məktəbləri üçün binalar şagird və müəllimlərin istifadəsinə verilib. Hazırda Şərur rayon Yeni Havuş, Muğanlı, Muğancıq Mehrab, Xələc, Babək rayon Kültəpə tam orta məktəbləri, Gülşənabad ümumi orta, Ordubad rayon Vənənd, Kəngərli rayon Böyükdüz, Şahbuz rayon Türkeş kənd tam orta məktəbləri üçün binaların tikintisi və ya yenidən qurulması davam etdirilir. Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin tikintisi isə başa çatdırılmışdır.
Muxtar respublikada təhsil müəssisələrinin müasir tədris vəsaitləri və informasiya texnologiyaları ilə təminatına xüsusi diqqət yetirilir. Artıq məktəblər ən müasir informasiya-kommunikasiya texnologiyaları və zəngin kitabxana fondu ilə təchiz olunmuşdur. Bu günədək ümumtəhsil məktəblərində 600-dən çox elektron lövhə və 5500-dən artıq kompüter quraşdırılmışdır. Muxtar respublikanın ümumtəhsil məktəblərinə 600 mindən çox latın qrafikası ilə çap olunmuş bədii ədəbiyyat və 3 milyona yaxın dərslik verilmişdir.
Müasir maddi-texniki bazanın formalaşdırılması təhsildə mütərəqqi üsulların tətbiqinə geniş imkanlar açmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamının icrası artıq öz bəhrəsini verir. Bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı fənlərin tədrisi prosesində muzeylərlə təhsil müəssisələri arasında interaktiv dərslər təşkil edilir, şagirdlər elmi biliklərlə yanaşı, milli-mənəvi dəyərlərimizi, tariximizi, mədəniyyətimizi ən mütərəqqi üsullarla mənimsəyirlər.
Muxtar respublikada təhsil müəssisələrinin pedaqoji kadrlarla təminatı sahəsində də ardıcıl tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 14 aprel 2018-ci il tarixli Qərarına uyğun olaraq pedaqoji kadrların müsabiqə yolu ilə işə qəbulu həyata keçirilir. Bu isə gənc kadrların işlə təmin olunmasına, eləcə də ümumtəhsil müəssisələrinin bilikli müəllimlərlə təminatına geniş imkanlar açmışdır. Ötən tədris ilindən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən keçirilən 4 müsabiqədə yüksək nəticə göstərən 215 müəllim, 13 psixoloq, 7 uşaq birliyi təşkilatı rəhbəri, 1 kitabxana müdiri, 1 tərbiyəçi və 7 laborant işlə təmin olunmuşdur.
Muxtar respublikada müəllim nüfuzunun artırılması, təhsil işçilərinin fəaliyyətinin stimullaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər davamlı xarakter almış, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamlarına əsasən bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü 1,5, vəzifə maaşı 2 dəfə, cari il sentyabrın 1-dən isə bu kateqoriyadan olan müəllimlərin aylıq vəzifə maaşları əlavə olaraq orta hesabla 20 faiz artırılmışdır.
Bu gün Naxçıvanda qabaqcıl təhsil mühiti formalaşdırılmış, şagirdlərin təhsilə marağı artmışdır. 2018-2019-cu tədris ilində məktəbi yüksək nəticələrlə başa vuran IX sinif məzunlarından 69-u fərqlənmə attestatına, XI sinif məzunlarından 13-ü “Qızıl”, 16-sı “Gümüş” medala, 45-i isə fərqlənmə attestatına layiq görülmüşlər.
Gənclərimiz yeni istifadəyə verilən məktəb binalarında qurulan qabaqcıl texnologiyalardan – sürətli internetə çıxışı olan kompüter, elektron lövhə, elektron kitabxananın imkanlarından yararlanmaqla ən müasir şəraitdə təhsil alırlar. İnnovativ inkişafa xidmət edən startap layihələrinin həyata keçirilməsi gənc­lərin innovasiya mühitinə inteqrasiyasını təmin edir. Yaradılan təhsil mühitinin nəticəsidir ki, ümumtəhsil məktəblərini bitirən məzunlar ali və orta ixtisas məktəblərinə qəbulda yüksək nəticələr göstərir. Bu il muxtar respublikanın ümumtəhsil məktəblərini bitirən 2564 məzun ali və orta ixtisas məktəblərinə qəbul üçün sənəd vermiş, onlardan 1500-ü ali məktəblərə, 200-ü müxtəlif ali hərbi məktəblərə, 245-i isə orta ixtisas məktəblərinə qəbul olunmuşdur. Ümumilikdə, tam orta təhsil bazasından ali və orta ixtisas məktəblərinə qəbul olan məzunların sayı 1945 olmuşdur ki, bu da sənəd verənlərin 70 faizi deməkdir. Tələbə adını qazananların 281-i 500-700 arası bal toplamış, onlardan 4-ü Prezident təqaüdünə layiq görülmüşdür.
Məktəblərdə şagirdlərin elmi biliklərlə yanaşı, sağlam və yüksək vətənpərvərlik ruhunda böyüdülməsinə də xüsusi qayğı ilə yanaşılır, hərbi hazırlıq və idman dərslərinə mühüm əhəmiyyət verilir. Bunun nəticəsidir ki, son illər gənclər arasında hərbi təhsilə maraq da xeyli artmışdır. 2019-cu ildə muxtar respublikanın ümumtəhsil məktəblərindən Heydər Əliyev adına Hərbi Liseyə qəbul üçün 449 şagird sənəd vermişdir. Həmin şagirdlərdən 142-si Hərbi Liseyə qəbul olaraq kursant adını qazanmışdır.
Əldə olunmuş bu uğurlar muxtar respublikamızda təhsilə, təhsil işçilərinə göstərilən yüksək dövlət qayğısı nəticəsində mümkün olmuşdur. Bu isə intellektual gələcəyə doğru atılan addım kimi hər il Bilik Gününün əsl bayram əhval-ruhiyyəsi ilə qeyd olunmasına əsas verir. Hər ötən təhsil ilini uğurlarla başa vuran məktəblərimiz daha böyük nailiyyətlər qazanmağa səy göstərir, bu nailiyyətlərin əsasını elə ilk addımlardan – Bilik Günündən qoyurlar. Bu gün ümumtəhsil məktəblərində yaradılan şərait, təhsil işçilərinə göstərilən hərtərəfli dövlət qayğısı, bir sözlə, muxtar respublikamızda insan kapitalına böyük önəm verilməsi hər bir valideyndə övladının yaxşı təhsil alacağına, onun gələcəyinin etibarlı əllərdə olduğuna əminlik yaradır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin ­dediyi kimi: “Bu gün dünyada o ölkələr inkişaf edərək irəli gedirlər ki, orada təhsilə daha çox sərmayə qoyulur. Çünki təhsilə qoyulan sərmayə xalqların və ölkə­lərin gələcəyinə qoyulan sərmayədir. Vətənpərvər gənclik isə o gələcəyin ən etibarlı təminatçısıdır. Əgər ümummilli ­liderimiz Heydər Əliyevin ölkəmizə birinci rəhbərliyi dövründə yetişən gənclik müstəqil Azərbaycanın bugünkü inkişafını təmin etmişdirsə, bu gün yetişən gənclik də bu inkişafın gələcəkdə davamının təminatçıları olacaqdır”.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti 

  

 

 

 

 

 

ARXİV

Oktyabr 2019
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR