21 Sentyabr 2019, Şənbə

Ölkəmizdə həyata keçirilən mühüm tədbirlərdən biri də gənclərin sağlam ruhda böyüməsi, fiziki tərbiyə işinin düzgün qurulması, bədən tərbiyəsi və idmanın gündə­lik məişətə daxil edilməsidir. Çünki birmənalı şəkildə demək olar ki, idmanla məşğul olmaq uşaq, yeniyetmə və gənclərin fizioloji və psixoloji sağlamlığı üçün əvəzsiz vasitələrdən biridir. Bunlar bir-biri ilə sıx əlaqədədir. Gənclərimizin qarşısında isə fiziki və mənəvi tərbiyə kimi yüksək bir məqsədin qoyulması yuxarıda qeyd edilənlərin ən yaxşı şəkildə yerinə yetirilməsini təmin etməkdir.
Muxtar respublikamızda da gənc­lərin bədən tərbiyəsinə və idmana kütləvi şəkildə cəlb olunmasında məqsəd fiziki cəhətdən hərtərəfli inkişaf etmiş, sağlam və Vətənin müdafiəsinə hazır olan, çətinliklərdən qorxmayan fəal cəmiyyət qurucuları yetişdirməkdir. Bu, onların hər bir çətinliyi aradan qaldırmağa qadir olan güclü, çevik və davamlı fərd kimi hazırlanması deməkdir. Adətən, bunu tərbiyənin əsas vəzifələrindən (beş hərəkət keyfiyyəti – qüvvə, sürət, dözümlü­lük, çeviklik və cəldlik) biri kimi də qiymətləndirirlər.

Uşaqların fiziki tərbiyəsi məsələləri müxtəlif sosial, psixoloji və digər amillərlə şərtlənir. Fiziki tərbiyə ilə bağlı iş müntəzəm və məqsədyönlü aparılarsa, onun keyfiyyət və səmərəsi xeyli yüksək olar. Cəmiyyətdə hər bir fərd fiziki tərbiyənin sağlamlıq və sosial əhəmiyyətini uşaqlara anlaşılan şəkildə başa salarsa, uşaqların idmana olan münasibəti də müsbət yöndə dəyişər. Araşdırmalar göstərir ki, uşağın idmana münasibətinin hansı səviyyədə olmasını yoxlamaq üçün müşahidə və müsahibədən istifadə daha məqsədəuyğundur. Bununla yanaşı, uşağın fiziki hərəkətləri yerinə yetirməsində valideynlər də maraqlı olmalıdırlar. Mütəxəssislər hesab edirlər ki, valideynlər övladlarına elə təsir göstərməlidirlər ki, onların idmana maraqları yüksək olsun: uşağın yerinə yetirdiyi fiziki hərəkətlərin düzgünlüyündən və ya səhvliyindən asılı olmayaraq, onu həvəsləndirməlidirlər. Bu zaman ailə şəraitində fiziki tərbiyənin inkişafına maneə qalmayacaq. Eyni zamanda bu sahədə hər hansı bir tapşırığı yerinə yetirərkən uşağın ustalığı təkmilləşir, nəticədə, yeni bacarıq, vərdişlər qazanır.
İdman uşaqlarda tərbiyənin inkişafına necə təsir göstərir? Araşdırmalar göstərir ki, idman:
- uşağın özünə olan güvəninin, mənlik dəyərinin artmasını təmin edir;
- uşaqlarda liderlik bacarığı formalaşdırır. Bu isə hər bir şəxsin həyatında önəmlidir və başqaları ilə qurduğu münasibətlər onda liderlik xüsusiyyətini inkişaf etdirir. Komanda oyunlarında bu, özünü xüsusilə göstərir;
- uşaqda müsbət xarakterik xüsusiyyətlərin formalaşmasını təmin edir. Məsələn, voleybol, basketbol oyunu uşaq üçün təkcə topa vurmaq deyil, eyni zamanda bu oyunu oynamağa başlayarkən uşaqda qaydalar, bölüşmək, münasibət qurmaq, vaxtdan səmərəli istifadə etmək kimi keyfiyyətlər formalaşır;
- uşaqlarda daha rahat dostluq qurmaq bacarığını inkişaf etdirir;
- uşaqların fiziki görünüşlərinə də təsiri çoxdur;
- fiziki qabiliyyətin hərtərəfli kamilliyinə, sağlamlığın möhkəmliyinə yönəldilmiş orqanizmin forma və funksiyasının ahəngdar inkişafını təmin edir.
Bütün bunlar isə gənclərin fiziki cəhətdən normal inkişafına nail olmaq, onlarda güc, davamlılıq, çeviklik və hərəkət cəldliyini tərbiyə etmək baxımından əhəmiyyətlidir.
Ümumiyyətlə, gənclərə düzgün və dürüst biliklər vermək, onlarda həm ümumi – təbii hərəkətlər (yerimək, qaçmaq, alət tullamaq və sair), həm də xüsusi bədən tərbiyəsi hərəkətləri etmək (idmanın müxtəlif növləri, hərəkətli oyunlar, xüsusi gimnastika hərəkətləri), bacarıq və vərdişləri formalaşdırmaq üçün uşaqlıqdan müəyyən keyfiyyətlərə yiyələnmək lazımdır və mümkündür.
Həyat üçün zəruri olan hərəkət bacarığının, vərdişlərin və xüsusi biliklərin təşəkkülü idmançılarda həm də mənəvi və iradi keyfiyyətləri – vətənpərvərlik, mərdlik, iradə, təşəbbüskarlıq, cəsurluq və qətiyyət kimi amilləri də formalaşdırır.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR