15 Oktyabr 2019, Çərşənbə axşamı

Bu gün müasir Azərbaycan təhsili dahi rəhbər Heydər Əliyevin ideyalarından güc alaraq özünün zəngin mütərəqqi ənənələrinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq daha da inkişaf edir. Təhsil sahəsində davamlı olaraq islahatlar həyata keçirilməkdədir. Bütün bunların nəticələri isə göz qabağındadır.
Muxtar respublikanın məktəblərini bitirən məzunların ali məktəblərə qəbulu, 500-700 intervalında bal toplayanların sayı ilbəil artır. Bütün bunlar isə bizdə gələcəyimizin əmin əllərdə olduğu hissini yaradır. Hər il olduğu kimi, bu il də qəbul imtahanlarındakı nəticələri ilə muxtar respublikamızda təhsilin yüksək səviyyədə olduğunu sübuta yetirənlər öz uğurları ilə hər birimizi qürurlandırdı. Sevindirici haldır ki, ölkə Prezidentinin 2019-cu il 9 sentyabr tarixli Sərəncamı ilə muxtar respublikanın ümumtəhsil məktəblərinin 4 məzunu Prezident təqaüdünə layiq görü­lüb. Onlardan biri Məleykə ­Cəfərli ilə həmsöhbət oluruq.
Məleykə Şərur rayon Dərvişlər kənd tam orta məktəbinin məzunudur. Onun dediklərindən:
– Muxtar respublikamızda gənc­lərin yüksək səviyyədə təhsil alması üçün hər cür şərait mövcuddur. Doğma diyarımızda hər il yeni məktəb binaları inşa olunur, onlar müasir texnologiyalarla təmin edilirlər. Hər birimiz fəxr edir, qürur hissi keçiririk ki, son illərdə rayonumuzda da təhsil müəssisələri tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Təhsil aldığım Dərvişlər kənd tam orta məktəbi də bunlardan biridir. Məktəbdə şagirdlərin hərtərəfli təhsil alması üçün hər cür şərait mövcuddur. Təbii ki, belə təhsil ocaqlarında oxuyan hər bir məzunun ali məktəbə qəbul olması heç də çətin deyil. Mən də bu qayğıdan bəhrələnərək orta məktəb illərində yaxşı təhsil almaqla yanaşı, bilik yarışmalarında, fənn olimpiadalarında da fəal iştirak etmişəm, həmişə də nəticələrim yüksək olub. Orta məktəbi “Qızıl” medalla bitirmişəm. Bütün bunlar təhsilimi ali məktəbdə davam etdirmək arzumun gerçəkləşməsi üçün möhkəm təməl yaradıb. Nəhayət, bu təmələ söykənərək builki qəbul imtahanlarında 670 bal toplamışam.

– Siz də gələcəkdə hüquqşünas olacaqsınız. Yaxşı hüquqşünası necə təsəvvür edirsiniz? – soruşduqda Məleykə cavab verdi ki, bunun üçün, ilk növbədə, vətənpərvər olmalısan. Vətən­pərvərlik ən ali dəyərdir. Vətənə sevgi hər bir insana hələ orta məktəbdən aşılanır. Ölkə­mizdə insan amilinə, təhsilə çox ciddi diqqət yetirilir. Bu diqqət və qayğının müqabilində yaxşı oxumalı, gələcəkdə xalqımız üçün yararlı kadr olmalı, daim çalışmalıyıq.
Ötən ay Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-2019-cu tədris ilində ümumtəhsil məktəblərini bitirmiş və ali məktəblərə qəbul imtahanlarında 500-700 arası bal toplamış tələbələrlə görüşünün həyatında ən unudulmaz günlərdən biri olduğunu bildirən Məleykə onu da qeyd etdi ki, hələ məktəbdə oxuduğu illərdə məzunların belə görüşlərdə iştirak etdiklərini eşidər və bunun onun özünə də qismət olmasını arzulayarmış.
– Tələbə adını qazanmağım mənə dünyanın sevincini bəxş edib. Artıq böyük yolun başlanğıcındayam. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası kimi tanınmış bir ali təhsil ocağının Hüquqşünaslıq ixtisasında təhsil alacağam. Bu yolu uğurla keçib biliyimlə, fəaliyyətimlə xalqımıza xeyir verəcəyim günlər isə əsl xoşbəxt çağlarıma çevriləcək. Yaxın günlərdə Prezident təqaüdünə layiq görülməyim xəbərini eşidəndə isə sevincimin həddi-­hüdudu olmadı.
Nailiyyət qazanmaq üçün hər hansı bir şansın sənin ayağına qədər gələcəyini gözləməməli, şansını zəhmət və fədakarlıqla özün əldə etməli, yəni yaratmalısan. Qoyduğunuz məqsədə çatmaq üçün plan qursanız və bu plan üzrə doğru addımlar atsanız, şans da sizə o qədər yaxın olar. Hədəflərini təyin edərkən mütləq planlı şəkildə və özünəinam hissi ilə başlamaq lazımdır. Özünə inanmayan şəxsin uğur qazanması çətindir. Bir məzun planlı və özünə inamla bir hədəf seçibsə, mütləq arzusuna nail olacaq və hədəfinə gedən yolda heç bir problem onun qarşısını ala bilməyəcək. Uşaqlıqdan bu peşəni çox sevmişəm. Mən ilk hədəfimə nail oldum. Artıq arzum reallaşıb. Bu gün çox sevinirəm ki, valideynlərimin və müəllimlərimin mənə olan inamını doğrultdum. Tələbəlik illərində təhsil aldığım universitetin bütün imkanlarından istifadə edərək mükəmməl elm, yüksək bilik əldə etməyə, təcrübə toplayaraq hərtərəfli, kamil bir insan kimi yetişməyə səy göstərəcəyəm ki, gələcəkdə hər hansı bir vəzifədə çalışanda vəzifəmin şərəfini yox, məsuliyyətini hiss etməyi bacarım.
Məleykənin atası Malik Cəfərov da sevincini bizimlə bölüşür:
– Hər bir valideynin arzularından biri də övladının təhsil alması və gələcəkdə layiqli yer tutmasıdır. Bizim övladımıza verəcəyimiz ən böyük xəzinə, miras təhsildir. Çünki bu xəzinə bitmək-tükənmək bilməyən yeganə var-dövlətdir. Valideyn övladının ali təhsil alması üçün daim çalışır, zəhmət çəkir və onu gələcəkdə bir sənətə, peşəyə yiyələnən biri kimi görməyi arzulayır. Düşünürəm ki, övladlarımız bizdən daha şanslıdırlar, çünki onlar vətəndaşına qiymət verən bir dövlətin, müstəqil Azərbaycanın gəncləridirlər. Təhsilə göstərilən qayğı gənc­lərimizin ixtisaslı mütəxəssis kimi yetişmələrinə öz töhfəsini verir. Mən bütün valideynlər adından övladlarımıza yaxşı təhsil almaları üçün hər cür şərait yaradan Ali Məclis Sədrinə ­minnətdarlığımı bildirirəm.
Bu gün onlar tələbə adının, valideynləri isə övladlarının uğurunun sevincini yaşayır. Bütün bunlar isə gələcəyimiz olan gənclərə göstərilən dövlət qayğısından xəbər verir. Biz də hər bir abituriyentə zəhmət və fədakarlıqla qazandığı tələbə adının böyük şərəf və məsuliyyət olduğunu layiqincə dərk etməyi arzulayırıq.

 Ramiyyə ƏKBƏROVA

ARXİV

Oktyabr 2019
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR