07 Dekabr 2019, Şənbə

Duz insanların həyatında qida, su qədər önəmli yerlərdən birini tutur. Təbabətdə də duzdan geniş istifadə edilir. İnsanın həzm prosesində mühüm rol oynadığı qeyd edilən duzun müalicəvi əhəmiyyəti dünyanın müxtəlif ölkələrindəki xalqların təbabəti ilə bağlı materiallarda açıq-aydın göstərilib. Məsələn, Suriyada Nesturi məzhəbinə aid tibb kitabında duzun mədə qanaxmalarına qarşı yaxşı vasitə olduğu göstərilib, qədim hind təbabətində duzun ağrıkəsici, mədəyuyucu, mühüm dezinfeksiyaedici vasitə olduğu vurğulanıb. Çində isə miladdan öncə 2700-cü ildə duzdan dərman kimi istifadə olunduğuna dair mənbələrdə çoxsaylı məlumatlar vardır.

Bu gün Naxçıvanda xalq arasında “Ağrımayan başına duz bağlama” deyimi də onun tibbi məqsədlərlə istifadə edildiyinə işarədir. Deyimdən belə nəticə çıxarmaq olar ki, duz ağrıyan başa “bağlandığı” zaman ağrıları götürür. İkincisi, deyimin bir anlamı da odur ki, başa duz bağlamaq insana həm də ağırlıq gətirir və ona görə də sonu yaxşı olmayan, çətin bir işdən yapışmamaq tövsiyə ediləndə “Ağrımayan başına duz bağlama” deyimindən istifadə olunur. Tədqiqatların nəticəsi isə əminliklə deməyə əsas verir ki, duz bütün toplumlarda müqəddəs nemət hesab edilir. Türk xalqlarında isə duz çörəkdən sonra üzərinə ən çox and içilən nemətlərdən biridir.
Onu da deyək ki, Afrikada bu gün də “O, yeməyinə duz vurur” sözləri haqqında danışılan şəxsin varlı olduğu mənasına gəlir. Vaxtilə Efiopiyada “duz pullar” çox önəmli olub. Çində də “duz pullar”dan istifadə edilməsindən söz açan Marko Polo qeyd edib ki, bu ölkədə duzlu suyu böyük tiyanlarda qatılaşana qədər qaynadır, sonra kiçik paylara ayırıb üstünə imperatorun möhürünü vururdular. Duz pulların metal pullara oxşaması üçün onları kürədə bişirərdilər. Qədim Romada əsgərlərə pul əvəzinə verilən duz “sol” adlanırdı. “Sol” latın dilində “Günəş” deməkdir. İtaliyada xırda pul “soldi”, Fransada “solid” adlanırdı. Fransız sözü “saler” “əməkhaqqı” mənasını verirdi. Buna görə də duza tarixən ehtiyac duyulmuşdur. Dünyanın ölməz yazılı abidələrindən hesab olunan “İliada” və “Odisseya” əsərlərinin müəllifi Homer duzu müqəddəs substansiya, yəni bütün cisimlərin və hadisələrin ilk əsasını təşkil edən maddə adlandırıb. Qədim yunan fılosofu Platon deyib: “Duz allahların xüsusi qiymətləndirdiyi maddədir”.

 

Naxçıvanda duz və ya
Duzdağı

Duzdağ Naxçıvan şəhərinin 12 kilometrliyində, tarixi Böyük İpək Yolu üzərində, Böyükdüz kəndi yaxınlığında yerləşir. Bu ərazinin Cənubi Qafqazın əsas strateji marşrutları üzərində olduğunu nəzərə alaraq demək olar ki, onun zəngin duz layları qədim dövrdən diqqəti cəlb edib. Mənbələrdə Naxçıvan Duzdağının Nuh Peyğəmbər tərəfindən aşkar edilməsi haqqında rəvayətlər vardır. Belə ki, əfsanəvi gəmisi ilə bəşəriyyəti Dünya tufanından xilas etmiş Nuh Peyğəmbər Naxçıvan Duzdağını da kəşf edib. Hətta deyilənlərə görə, Nuh Peyğəmbər Naxçıvandakı duz mağaralarında ilk çalışanlardan biri olub. Duz mədənləri həm Naxçıvanın Daş dövrünü, həm də bu şəhərin yaşını müəyyən etmək üçün çox əhəmiyyətlidir. Burada aşkar olunan balta və çəkiclər duzçıxarma aləti kimi bu ərazidə insanlığın ilk məskunlaşma dövrlərini göstərir, hələ dəmirdən istifadənin məlum olmadığı Daş dövrü haqqında təsəvvür yaradır. Eyni zamanda bunlar eradan əvvəl işlədilən duz mədənlərinin qədimliyindən xəbər verir. Duzdağda aparılan araşdırmalar sübut edir ki, Eneolit dövründən, yəni eramızdan əvvəl V minillikdən başlayaraq Naxçıvanda mədənçilik mövcud olub.

Daş çəkiclərin bir qismi 1870-ci ildə abidələrlə maraqlanan Naxçıvan şəhər məktəbinin müfəttişi K.A.Nikitin tərəfindən toplanıb. O da bu alətlərdən duz çıxarılması üçün istifadə edildiyini qeyd edib. 1879-cu ildə Polyakov da arxeoloji kəşfiyyat işləri zamanı duz mədənlərinin yaxınlığından xeyli daş çəkic tapıb. Tədqiqatçının fikrincə, onlar daha qədim dövrdə duz çıxarmaq üçün istifadə olunub. 1895-ci ildə Qafqazın arxeologiyası və etnoqrafiyası ilə məşğul olan P.N.Nadejdin də tapıntılarla tanış olduqdan sonra onların fikirlərini təsdiqləyib.
AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev yazır ki, Duzdağda aşkar olunan arxeoloji materiallar çoxsaylı və müxtəlif formalı olması ilə fərqlənir. Naxçıvan Duzdağında təsadüfi olaraq mis və dəmir qalıqları da tapılıb. Tədqiqatlar nəticəsində Duzdağ mədəninin Erkən Tunc dövründə geniş istifadə olunduğu müəyyən edilib, duzun sosial və ictimai münasibətlər faktoruna çevrilərək sənətkarlığın və ticarətin, bununla birlikdə isə Naxçıvan şəhər mədəniyyətinin yaranmasına güclü təsir göstərdiyi aşkarlanıb.

Duz məişətdə

Qədim dövrlərdə məişətdə işlədilən narın duz bir neçə üsulla hazırlanırdı. Duzdağdakı ən təmiz, gili az olan duz salları ayrıca yığılardı. Həmin sallar həyətə gətirildikdən sonra yuyulub qurudular, müəyyən daş və çəkiclə əzilərək xınc formasına salınardı. Əzilmiş, xırdalanmış duzlar müxtəlifölçülü dibək daşlarında döyülüb narın duz halına salınardı.
Xalq arasında qədim dövrdən Duzla bağlı deyimlər, alqışlar, qarğışlar da meydana gəlib. Naxçıvanda xalq arasında “Səni görüm ömrün Duzdağına dönsün” alqışı, duası olub. Çünki Duzdağ heç vaxt bitmək, tükənmək bilmir. Ona görə də insan ömrünü ona bənzədirlər. Duz həm də xalqın inanc yeri olub. El arasında “Duz haqqı” ifadəsi işlədilib, duza əl basılıb. Ağbirçəklərimiz “Duz yerə töküləndə evdə söz-söhbət olar, araya inciklik düşər”, – deyib duzun üstünə şəkər qoyublar. Uşaq narahat olanda, çox ağlayanda onun başına duz fırladıb ocağa atarlar.
Xalqımız arasında “Qız yükü, duz yükü” kimi deyim də mövcud olub. Bu deyimin anlamı odur ki, qızı tərbiyə edib, böyüdüb, başa çatdırmaq duz yükü qədər ağır bir işdir.
Naxçıvanda duzla bağlı bir çox bayatılara da rast gəlirik:

Naxçıvanın duz dağı,
Duz ləpəsi, duz dağı.
Çəkdi yar sinəm üstə,
Dağ üstündən yüz dağı.

Qeyd edək ki, diyarımızdakı daşduz yataqlarından çıxarılan duz soda istehsalı ilə yanaşı, müxtəlif sənaye sahələri üçün əvəzolunmaz xammal idi. Hələ qədim zamanlardan sənətkarlığın bəzi sahələrində də duzdan istifadə edilib.
Araşdırmalardan məlum olur ki, duz ilk dəfə mətbəxə türklər tərəfindən daxil edilib. Rəvayətə görə, Adəmin oğullarından olan Türk xanın oğlu Tütək xan çöldə kabab yeyərkən əlindəki ət tikəsi yerə düşüb. Qaldırıb tikəni yedikdə dadının dəyişdiyini hiss edib. Sonra aydın olub ki, bu, duzdur və o zamandan etibarən duzdan mətbəxdə istifadə edilir.

Duz ticarəti

Duz ehtiyatları qədim dövrdən başlayaraq xarici-iqtisadi əlaqələrin yaranmasına və inkişafına təkan verib. Duzdağda aparılan araşdırmalar sübut edir ki, eramızdan əvvəl IV minillikdə bu proses daha geniş miqyas alıb, mübadilə məqsədilə tələbatdan artıq duz tədarük olunub. Bu isə, öz növbəsində, şəhərlər arasında əlaqələrə və ticarətin inkişafına, eləcə də insanların Duzdağ ətrafında məskunlaşmasına gətirib çıxarıb.
Araşdırmalardan məlum olur ki, primitiv üsulla çıxarılan duz məişətdə istifadə olunmaqla yanaşı, mübadilə vasitəsi kimi Böyük İpək Yolu ilə Şərq və Qərb ölkələrinə aparılıb. Naxçıvan duz mədənlərində istehsal edilən məhsulların region dövlətlərin istehlakçılarına göndərilməsi ənənə halını alıb. Müəyyən edilib ki, Yaxın Şərq ölkələri ilə iqtisadi-mədəni əlaqələrin formalaşmasında Naxçıvanın xammal ehtiyatları, o cümlədən duz əsas yer tutub.
Tədqiqatlardan o da məlum olur ki, Anadoluda duzdan ilk dəfə istifadə edənlər hititlər olub. Hətta müəlliflər hititlərin duz ticarətindən yaxşı gəlir əldə etdiklərini, onların duzla müalicə üsulları haqqında məlumat verib.

Duz yaddaşı-Duz Muzeyi

Naxçıvan şəhərinin salınması və şəhər ənənələrinin formalaşmasını özündə əks etdirən Duz Muzeyinin ötən il istifadəyə verilməsi muxtar respublikamızın dünyada təbliği üçün böyük əhəmiyyət kəsb edir. Çünki Naxçıvanda şəhər mədəniyyətinin formalaşmasını labüd edən duz istehsalı, eyni zamanda bəşəri əhəmiyyət daşıyır. Bu muzeyi qeyri-adi edən isə təbiətin bizə bəxş etdiyi sadə bir nemətin minilliklərboyu qədim bir mədəniyyətin daşıyıcısı rolunda çıxış etməsidir.
Bir sıra turizm mütəxəssislərinin ümumiləşmiş fikirləri də maraqlıdır. Həmin mütəxəssislər deyirlər ki, Naxçıvanda qədimliyi ilə seçilən ünvanlar çoxdur. Ancaq kütləvi maraq baxımından üç obyekt daha çox diqqətçəkicidir: Əshabi-Kəhf ma­ğarası, Duzdağ, Nuh Peyğəmbərin türbəsi. Bu obyektlər ona görə əcnəbi turistlərin marağındadır ki, onlar mahiyyət etibarilə bölgə sərhədlərini aşaraq qlobal əhəmiyyət kəsb edir. Muxtar respublikamıza gələn turistlərin bu ünvanlara daha çox yönəlməsi də qədim diyarımıza zəngin tarixinə hədsiz marağın nəticəsidir. Bütün bunlar Naxçıvanın qədim Nuh diyarı kimi təbliğində əhəmiyyətli rol oynayır.

Asəf ORUCOV
tarix üzrə fəlsəfə doktoru, dosent

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR