19 Sentyabr 2019, Cümə axşamı

Naxçıvan torpağı ta qədimdən dadlı-tamlı meyvələri ilə dünyada tanınır. Məhz buna görədir ki, hələ orta əsrlərdə səyyahlar Naxçıvanı “meyvə cənnəti” adlandırıblar. Muxtar respublikamızda meyvəçilik əhalinin əsas məşğulluq sahələrindəndir. Ərazinin torpaq-iqlim şəraiti müxtəlif giləmeyvə, meyvə ağaclarının tez böyüməsi, inkişafı, bol və yüksəkkeyfiyyətli məhsul verməsi üçün olduqca əlverişlidir. Sağlam qidalanmada meyvə əsas şərtdir, çünki zəngin vitamini insanlar məhz bu nemətlərdən alır. Muxtar respublikamızın hansı bölgəsinə üz tutsaq, meyvə bağlarına rast gəlirik. Bağlar diyarı kimi tanınan Ordubad rayonu isə öz meyvələri ilə xüsusilə seçilir.

Bu yerlərin torpağı, havası, suyu lap əzəldən meyvəçiliyin inkişafına əlverişli zəmin yaradıb. Bu aqrar sahə min illər boyu Ordubad sakinlərinin başlıca məşğuliyyət sahələrindən birinə çevrilib. Bol, keyfiyyətli, həm də rəngarəng çeşidli təzə meyvə, meyvə qurusu və meyvə şirələri istehsalçısı kimi Ordubadın şan-şöhrəti hər yana yayılıb.
Tarixi mənbələrdə qeyd olunur ki, Karteliya və İrəvan quberniyalarında keçirilən meyvəçilik sərgilərində Naxçıvan və Ordubaddan gətirilib nümayiş etdirilən meyvələrin şöhrəti hər yerə yayılıb. Ta qədimdən bu bölgə ərik bağları ilə daha çox məşhur olub. Bağlarda yetişdirilən müxtəlif növ əriklər dünyada mövcud olan ərik növləri içərisində birinci yerdə dayanıb.
Ordubadın xüsusi ləzzəti, şirinliyi, rəngi, qırmızı yanaqları və ətri ilə fərqlənən əriyi haqqında daha ətraflı məlumat almaq üçün bağban Əbdül Haşımovla həmsöhbət olduq. O qeyd etdi ki, güclü təsərrüfatçılıq ənənələri, qabaqcıl meyvəçilik təcrübəsi olan Ordubad rayonunda tarixən yetişdirilən, ölkəmizin müxtəlif bölgələrinə yayılan ərik sortlarının bərpası, yaşadılması bu gün əsas məqsədlərdən biridir. Ordubadın torpağı əzəldən münbit olduğundan meyvələri də dadlı-ləzzətli olur. Vaxtilə Ordubadda 40 növdə ərik yetişdirilib. Bu sahədə Dəstə, Vənənd və bir sıra kəndlər xüsusilə seçilib. Bu kəndlərdəki bağlarda öz dadı və ətri ilə seçilən əbutalibi, haqverdi, şalax, göycənabat, ağcanabat, badam-ərik, növrəstə, balyarım, kababı və digər ərik növləri yetişdirilib. Əbutalibi əriyi hələ 1898-ci ildə Kaliforniyada təşkil olunmuş ümumdünya meyvəçilik sərgisində birinci yerə layiq görülüb.

Müsahibim dedi ki, Ordubad zonası çəyirdəkli meyvələr vətənidir. İstər çəyirdəkli meyvə ağaclarının, istərsə də ərik bağlarının salınmasında diqqət ediləsi məqamlar çoxdur. Ərik ağacları, adətən, toxum və calaqla artırılır. Payızda, əsasən də noyabr ayında toxumlar əkilir, ağac bir metr boy atdıqdan sonra ona calaq vurulur. Calaq vasitəsilə bir çox meyvələrin vahid sortlarını qorumaq mümkündür. Toxumla əkilən əriklərin özləri də müxtəlif sortlarda olur. Əriyi, əsasən, ərik, şaftalı, rütubətli və gilli torpaqlarda alça, quru torpaqlarda badam və gavalı ilə calaq edirlər. Calağı, əsasən, avqust ayında vururlar, lakin peşəkar bağbanlar fevral, mart, aprel ayları da vura bilirlər.
Xəstəliklərə qarşı mübarizədə digər ağaclar kimi, ərik ağacında da aqrotexniki tədbirlər düzgün yerinə yetirilməlidir. Ərik ağaclarında dərmanlamanı yazda aparmaq lazımdır. Bu ağacların vaxtsız qurumasının qarşısını almaq üçün düzgün əkin materialı seçilməli, sortların dözümlülüyü nəzərə alınmaqla bütün aqrotexniki becərmə üsullarına (budama, formavermə, mineral və mikrogübrələrlə qidalandırma və qış müalicəsi) vaxtında əməl olunmalı, habelə ağacların vaxtlı-vaxtında suvarılmasına diqqət edilməlidir. Ağacları isti günəş şüalarının yandırıcı təsirindən qorumaq üçün gövdələr əhənglə ağardılmalıdır.
Müsahibim vurğuladı ki, ərik, əsasən, yaz və payız aylarında rütubətli olan yerləri, tez-tez suvarılmağı sevmir. Ərik ağacını 15 gündən bir suvarmaq lazımdır. Düzgün aqrotexniki qulluq göstərilən hər bir ərik ağacından 150-200 kiloqram məhsul götürmək olar.
Ordubadda meyvələri qurudaraq qışa saxlamaq və çay süfrələrində onlardan istifadə etmək ənənəsi yerli məişətdə çox geniş yayılıb.
Müsahibim bildirir ki, əbutalibi, balyarım əriklərinin qurusu (qaysı) daha yaxşı olur. Ürək-damar xəstəlikləri, qanazlığı, mədə-bağırsaq xəstəlikləri zamanı ərik qurusunun müalicəvi əhəmiyyəti çox böyükdür. Ordubadda ərik qurusunun qiyməti, xüsusilə də qış aylarında 8-15 manat arası olur. Buna görə də bu sahə üzrə ixtisaslaşmış ailə təsərrüfatlarının yaradılması iqtisadi gəlirlilik baxımından səmərəli ola bilər.
Naxçıvan, xüsusilə də Ordubad mətbəxinə aid milli yeməklərimizdə də bu meyvə növündən geniş istifadə olunur. Süfrələrin bəzəyi, yeməklərin şahı olan plov üzərinə düzülmüş qaysılar (ərik qurusu) onu daha da gözəlləşdirir, fərqli və özünəməxsus görünüş verir. Ordubadda ərik qurusundan bişirilən qış yeməyi – qaysava da sevilən mətbəx nümunələrimizdəndir. Həmçinin əriyin kompot və şirələrini, mürəbbə və cemini də hazır­layırlar. Ərik iqtisadi gəlir gətirən meyvə olduğu üçün ondan hazırlanan müxtəlif məhsullar məişətdə istifadə edilməklə yanaşı, bazara da çıxarılır və insanlar tərəfindən həvəslə alınır.
“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın Ordubad rayonunda da uğurla icra olunması bu il də bol məhsul istehsal edilməsinə, bazarlarımızın çeşidli ərik meyvəsi ilə təmin olunmasına səbəb olub.

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR