18 Oktyabr 2019, Cümə

Muxtar respublikamızda həyata keçirilən uğurlu siyasət nəticəsində bütün sahələrdə əldə edilən müsbət dinamika təhsil sektorunda da özünü göstərir. Təhsil müəssisələrinin maddi-texniki bazasının müasir standartlara uyğun şəkildə yenidən qurulması muxtar respublikamızın hər bir bölgəsində olduğu kimi, Kəngərli rayonunda da bu sahədə keyfiyyət və kəmiyyət göstəricilərinin hər ötən il yaxşılaşması ilə nəticələnir.
Məlum olduğu kimi, artıq Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarının birinci mərhələsi başa çatıb. 2018-2019-cu tədris ilində Kəngərli rayon ümumtəhsil məktəblərini bitirən 158 şagirddən 112 nəfəri tələbə adını qazanmaq üçün həmin imtahanlarda iştirak edib. Sevindirici haldır ki, qəbul imtahanlarının birinci mərhələsində ümumtəhsil məktəblərinin şagirdləri yüksək nəticələr göstərib. Belə ki, ali məktəblərə sənəd verən 112 abituriyentdən 73-ü qəbul imtahanlarının birinci mərhələsində lazımi göstəriciləri əldə edə bilib. Bu uğurları ilə valideyn və müəllimlərinə böyük sevinc bəxş edən həmin şagirdlərdən bəzilərini oxucularımızla tanış etmək istərdik.
Qarabağlar kənd 1 nömrəli tam orta məktəbin məzunu Pakizə Quliyeva qəbul imtahanlarının birinci mərhələsində yüksək nəticə göstərən abituriyentlər sırasındadır. O, 571 bal toplayaraq qəbul imtahanlarının birinci mərhələsində Kəngərli rayonunda ən yüksək göstəricini əldə edib. Müəllimlərindən öyrəndik ki, Pakizə Quliyeva məktəbdə təhsil aldığı müddətdə olduqca çalışqan bir şagird kimi özünü göstərib, istər yaxşı oxumağına, istərsə də nümunəvi davranışına görə digər şagirdlərə örnək olub.
Pakizə Quliyevanın qəbul imtahanlarının birinci mərhələsində əldə etdiyi uğurlu nəticə barədəki fikirlərini də öyrəndik. O, bu uğurun təməlində çalışqanlığın, dövlətimiz tərəfindən təhsilə göstərilən qayğının, eyni zamanda müəllimlərinin zəhmətinin dayandığını qeyd etdi. Pakizə söhbət zamanı dövlətin gənclərə göstərdiyi diqqət və qayğının onu gələcəkdə də səylə çalışmağa və ölkəmizə layiqli xidmət etməyə ruhlandırdığını söylədi.

Xok kənd tam orta məktəbinin məzunu Ramilə Əliyeva da qəbul imtahanlarının birinci mərhələsində yüksək nəticə göstərən abituriyent­lərdən biridir. Zəkası, çalışqanlığı, dərslərə münasibətilə hər zaman müəllimlərinin rəğbətini qazanan Ramilə III ixtisas qrupu üzrə iştirak etdiyi qəbul imtahanlarında 568 bal toplayaraq müəllim və valideynlərinə böyük sevinc bəxş edib. Göstərdiyi yüksək nəticəyə görə sevincinin həddi-hüdudu olmayan Ramilə ilə söhbətimiz zamanı o, ixtisas seçimi barədə də danışdı. Öyrəndik ki, onun ən böyük arzusu ingilis dili ixtisası üzrə pedaqoji təhsil almaqdır. Bildirdi ki, uşaqlıqdan onda xarici dil öyrənmək istəyi olub: “Xarici dilə həmişə maraq göstərmişəm, elə bu səbəbdən də qərar vermişəm ki, xarici dil müəllimi olum. Seçimimi də ingilis dili üzrə etmişəm, çünki ingilis dili həm də beynəlxalq dildir, dünya miqyasında işlənir. Hesab edirəm ki, müasir dövrdə artıq hər kəs ana dili ilə yanaşı, bir xarici dil də bilməlidir. Mən də müəllim olmaq istəyirəm ki, gələcəkdə gənclərə xarici dil öyrədəm”.
Qəbul imtahanlarının birinci mərhələsində yüksək göstərici əldə edən abituriyentlər arasında Böyükdüz kənd məktəblisi Əli Abdullayevin də adı var. III ixtisas qrupu üzrə qəbul imtahanlarında iştirak edən Əli ümumi nəticədə 543 bal toplayaraq yüksək göstərici əldə edə bilib. Dediyinə görə, qəbul imtahanları zamanı göstərdiyi yüksək nəticəni 3 amilə borcludur: “Hər şeydən əvvəl dövlətimizə borcluyam. Çünki dövlətimiz bizə hərtərəfli təhsil almaq imkanları yaradıb. Digər tərəfdən mənə bu illər ərzində elmin, biliyin sirlərini öyrədən, qayğılarımla maraqlanan müəllimlərimə, üçüncüsü isə göstərdikləri həm mənəvi, həm də maddi dəstəyə görə valideynlərimə borcluyam”.
Qeyd edək ki, Əli Abdullayev ixtisas seçimini hüquq istiqaməti üzrə müəyyən edib. Onun ən böyük arzusu hüquq təhsili almaqdır. Əlinin dediklərindən: “Hüquq təhsili almaq, hüquqşünas olmaq uşaqlıq arzumdur. Bu sahəni seçməkdə məqsədim odur ki, hüquqi dövlət olan ölkəmizə həmin sahədə xidmət göstərim, insanların hüquqlarının qorunması işində çalışım. İnşallah, istədiyim ixtisasda təhsil alaraq arzularımı həyata keçirəcəyəm”.
Digər yüksək nəticə göstərən abituriyent isə Yurdçu kənd tam orta məktəbinin şagirdi Bahar Əhmədovadır. I ixtisas qrupu üzrə qəbul imtahanlarında iştirak edən Bahar 520 bal toplayıb. Onun arzusu isə kompüter mühəndisliyi ixtisası üzrə təhsil almaqdır. Bizimlə söhbət zamanı Bahar bildirdi ki, uşaqlıqdan onda kompüterə, ümumiyyətlə, texnologiyaya həvəs yüksək olmuşdur: “Müasir texnologiya məni hər zaman özünə cəlb edib. Xüsusilə kompüter texnologiyasına marağım çox olub. Həm də yaşadığımız XXI əsr texnologiya əsri hesab olunur. Elə bu məqsədlə mən də qərar verdim ki, kompüter mühəndisliyi ixtisası üzrə təhsil alım. İnanıram ki, yekun nəticədə istəyimə nail olacağam və bu istiqamətdə çox sevdiyim ölkəmə xidmət göstərəcəyəm”.
Qıvraq qəsəbə tam orta məktəbinin şagirdi İdris Fərəcov da qəbul imtahanlarında yüksək nəticə göstərə bilib. IV ixtisas qrupu üzrə topladığı 512 bal İdrisin valideyn və müəllimlərinin böyük sevincinə səbəb olub. Qeyd edək ki, İdris təhsil aldığı müddətdə həm də əldə etdiyi digər göstəricilərlə daim onu sevənləri sevindirə bilib. Bu istedadlı şagird 2017-2018-ci tədris ilində muxtar respublika fənn olimpiadasında Biologiya fənni üzrə birinci yerə layiq görülüb. İdrisin ən böyük arzusu gələcəkdə hərbi həkim olmaqdır. Onun məqsədi seçdiyi ixtisas üzrə təhsil alacağı ali məktəbdə də nümunəvi olmaq, tibb elminin sirlərini dərindən mənimsəmək, peşəkar, etibarlı həkim kimi yetişməkdir: “Mən də özüm üçün ixtisas seçmişəm. Ən böyük arzum hərbi həkim olmaqdır. İstəyirəm ki, Vətənimiz, ata-baba torpaqlarımız üçün mübarizə aparan, həyatını doğma yurdumuza həsr edən vətənpərvər oğulların sağlamlığının keşiyində duram”.
Məlum olduğu kimi, son bir neçə ildir ki, qəbul imtahanları ikimərhələli şəkildə həyata keçirilir. Bu addım da özlüyündə dövlətimizin gənclərə göstərdiyi yüksək diqqət və qayğının təzahürüdür. Belə ki, qəbul imtahanlarının birinci mərhələsində bu və ya digər səbəbdən iştirak edə bilməyən və yaxud da zəif nəticə göstərən abituriyentlərin bu halları nəzərə alınaraq onlara ikinci bir fürsət verilir. Burada da məqsəd abituriyentlərin həmin imtahanlarda iştirakını təmin etmək və onlara nəticələrini daha da yaxşılaşdırmağa imkan yaratmaqdır. İnanırıq ki, yuxarıda adlarını sadaladığımız, eləcə də Kəngərli rayonunun digər abituriyentləri ikinci mərhələdə daha yüksək nəticələr əldə edəcək, dövlətimizin onlara göstərdiyi diqqət və qayğıya öz əməli işləri ilə cavab verəcəklər.

Anar QASIMOV

ARXİV

Oktyabr 2019
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR