17 Sentyabr 2019, Çərşənbə axşamı

   Deyirlər ki, minlərlə çiçək var, amma gül başqadır. Milyonlarla insan var, amma dost başqadır. Neçə-neçə aylar var, amma bu ay – Ramazan başqadır. Ulu Tanrı gəlişi ilə çölə-çəmənə yaşıl rəng  səpələyən,  min bir rəngli gül-çiçəyi ilə dünyamızı bəzəyən, dağların zirvəsindəki qarı əridib şaqqıltı ilə axan çaylara qovuşduran, büllur bulaqları qış yuxusundan oyadıb onlara həzin nəğmə oxutduran,  ilıq nəfəsi ilə payızda soyuqdan özlərinə yer axtarıb isti ölkələrə üz tutan quşları geri çağıran  baharı var etdiyi kimi, Ramazan ayını da  “Qurani-Kərim”in baharı  olması üçün var etdi. Onun başına “tac” qoyub on bir ayın sultanı elan etdi. Bu ayın qədərinə  müqəddəs kitabımızın nazil olmasını nəsib etdi. Ramazanla müsəlman aləmi özünün yeni bir dövrünə – baharına, yazına qədəm qoydu.  İslam dini bu baharla dinlərin ən ali mərtəbəsinə ucaldı.  Allahın sonuncu elçisi Həzrəti Məhəmmədə (s.a.s) peyğəmbərliyin bu ayda verilməsi, müsəlmanların Məkkəni Ramazanda fəth etməsi, bir də oruc kimi möhtəşəm ibadətin bu aya layiq görülməsi, sanki Tanrının da həmin 30 günə sevdasındanmış…

Məlumdur ki, oruc İslamla başlamamışdır, insanlar İslamdan əvvəl də oruc tutmuşlar. Bu, “Qurani-Kərim”də də açıq-aşkar ifadə edilmişdir: “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi” (Bəqərə, 183). Lakin yuxarıda sadalananların on bir aydan fərqli olaraq məhz bu aya sığdırılması Ramazanı zaman-zaman müqəddəsləşdirdi. Allah-Taala orucla bağlı buyurub: “... Oruc mənim üçün edilən və riya qarışmayan ibadətdir. Onun mükafatını mən verəcəyəm. Çünki oruc tutan yeyib-içməyini və digər istəklərini mənim üçün tərk edib”.

Oruc tutmaqla Allahın əmrini sevərək yerinə yetirən möminlərin bağışlanacağını, günahlarının silinəcəyini müjdələyən Həzrəti Məhəmməd isə belə buyurub: “Kim inanaraq, mükafatını Allahdan istəyərək Ramazan orucunu tutarsa, keçmiş günahları bağışlanar… İnsanın hər yaxşı əməlinin əvəzi qat-qat verilir. Bir yaxşılıq on qatdan 700 qata qədər mükafatlandırılır”. Bundan aydın olur ki, oruc Uca Yaradana böyük səbir və fədakarlıqla edilən ibadətdir. İldə bir ay ərzində insanın gecənin ala­qaranlığından günəş batana qədər ən təbii haqqı və zəruri ehtiyacı olan qidadan uzaq durması böyük iradə və səbrin, inamın nümunəsi, Allahın əmrlərinə təslim olmanın göstəricisidir.
Allahın evi adlandırılan Məkkə müqəddəs Ramazan ayında fəth edildiyi üçün Həcc ziyarətində olmuş insanlarla görüşüb orucluğun bu mübarək günlərində söhbətimi onlarla davam etdirmək istədim. İslami dəyərlərin, İslam mədəniyyətinin beşiyi sayılan Naxçıvanda belə ailələr onlarladır. Həmin ailələrdən birinə – Abbaslılar ailəsinə yollandım. Həm ziyalı, həm də dini dəyərlərə bağlı olan bu ailənin üzvləri – Zakir həkim, yoldaşı Sədaqət xanım və övladları Əbülfəzlə Kənan tibbin ayrı-ayrı sahələri üzrə insanların sağlamlığının qoruyucuları – həkimdirlər. Mən müsahiblərimlə görüşə gedəndə bu ailədən iki nəfərin Həcc ziyarətində olduğu barədə məlumatım var idi. Lakin söhbət əsnasında Zakir həkimin onlarla birlikdə yaşayan və dünyalarını dəyişən ata-anasının, Sədaqət xanımın isə anasının bu möhtəşəm ziyarətdə olduqlarını öyrəndim. Həm də onların hər birinin ziyarətlərinin bu ailənin maddi imkanları hesabına ödənildiyini biləndə bir övlad üçün bundan daha gözəl, böyük savab nə olar? – deyə düşündüm. Zakir həkim: – Ailəmiz dini dəyərləri yüksək qiymətləndirən, ibadətli bir ailədir. Hər bir müsəlman kimi, mənlə yoldaşımın da ailə qurandan arzularımızın ən böyüyü birlikdə Həcc ziyarətinə getmək olmuşdu. Lakin bizimlə yaşayan ağsaqqal-ağbirçəklərimizin, ata-anamın, qayınanamın qarşısında bizim ziyarətə getməyimiz nə xalqımıza məxsus ailə dəyərlərinə, nə də İslam qayda­-qanunlarına uyğun olmazdı. Odur ki, Sədaqət xanımla məsləhətləşdik ki, birinci böyüklərimiz, sonra biz! Onları ziyarətə göndərdik, 7 il sonra – 2013-cü ildə isə bu, bizə qismət oldu. Həcc ziyarəti müxtəlif şərtlərlə bütün müsəlmanlar üçün vacibdir. Bizim ailədə də bu vacib əməli beş nəfərin yerinə yetirə bilməsi və Həcc ziyarətini bizə qismət etdiyi üçün Allaha şükürlər olsun.
Ramazan ayı Allaha ibadətlə yanaşı, həm də bu ayda ac qalmaq tibbi cəhətdən insanlar üçün çox əhəmiyyətlidir. Bu məsələyə münasibət bildirmək üçün müsahiblərimin həkim olması çox yerinə düşdü. Sədaqət xanım: – Orucda böyük ilahi hikmət var. Eyni zamanda bir ay oruc tutmaq insanın sağlamlığında da mühüm rol oynayır. Axı bu əməli vacib edən Allah-Taala bəndəsinə faydalı olmayan heç nəyi əmr etməz. Peyğəmbərimiz Həzrəti Məhəmməd buyurmuşdur: “Oruc tutun ki, sağlam olasınız!” Qədim zamanlardan başlamış günümüzədək oruc ibadətlə yanaşı, insan sağlamlığını möhkəmlətmək, müxtəlif xəstəlikləri müalicə etmək üçün təbii vasitə kimi də nəzərdə tutulub. Antik dövrdə Sokrat, Platon, Aristotel kimi yunan müdrikləri müəyyən müddət ac qalmağı, başqa sözlə, oruc tutmağı tövsiyə etmişlər. Müasir alimlər də yemək-içməkdən imtina etməklə bir çox xəstəliklərin müalicəsində uğurlu nəticələr əldə ­etmişlər.
Zakir həkim söhbəti davam etdirərək deyir: – Bir çox dərdin dərmanı elə insanın öz əlindədir. Bu gün həkimlər təsdiqləyirlər ki, oruc tutmaq hamı, hətta sağlam adamlar üçün həyati zərurətdir. İnsan qida qəbul edərkən, nəfəs alarkən həm də külli miqdarda toksin maddə qəbul edir. Bu zərərli maddələri bədəndən oruc tutmaqla kənarlaşdırmaq mümkündür. Oruc tutarkən mədə, bağırsaqlar, qara­ciyər və həzm prosesində iştirak edən digər orqanlar istirahət edir. Bu isə həzm sisteminin yaxşılaşmasına gətirib çıxarır. Qan təmizlənir, damarlar xolesterindən azad olur, beyin daha yaxşı işləyir. Orqanizmdə zəif, xəstə, yaxud zədələnmiş hüceyrələr yeniləri ilə əvəzlənir. Bir çox insanın əziyyət çəkdiyi artıq çəkidən və onun doğurduğu xəstəliklərdən qurtulmaq üçün oruc təsirli vasitədir. Eyni zamanda oruc pis vərdişləri (siqaretə, spirtli içkilərə və sair) bağlılığı tərgitməyə də kömək edir.
Oruc tutmaq, həmçinin bel, onurğa, boyun ağrılarının sağalmasına kömək edir. Bu yaxınlarda bir mənbədən oxumuşdum ki, Norveçdə aparılan elmi-tədqiqat nəticəsində qida qəbulundan imtinanın oynaqların iltihabının müalicəsində effektiv vasitə olduğu təsdiqlənmişdir. Bir şərtlə ki, xəstə dörd həftə ac qalsın. Bu isə, təxminən Ramazan orucunun müddətinə bərabərdir.
Oruc insan psixikasına, əsəb sisteminə də müsbət təsir göstərir, bir sıra psixiatrik xəstəliklərin müalicəsində əvəzsiz vasitədir. Maraqlı bir faktı da deyim ki, rus alimi, professor Yuri Nikolayev məhz oruc vasitəsilə 7 min nəfərdən çox psixi xəstəni müalicə etmişdir. Ümumiyyətlə, insan orqanizminin elə bir üzvü yoxdur ki, oruc ona müsbət təsir göstərməsin.
İki övlad böyüdüb, onlara gözəl tərbiyə və təhsil verən, ailə dəyərlərini hər zaman uca tutan bu ailənin başçısı Zakir həkim muxtar respublikamızda illərdir, cərrah-uroloq, anestezioloq-reanimatoloq kimi tanınan həkim, səmimiyyəti ilə isə sayılıb-seçilən, gözəl insandır. Gündəlik həyatında onsuz da xəstələrinə məsuliyyət və qayğı ilə yanaşan, əməliyyatlara girərkən “Allahım, sən bu xəstənin şəfasını ver, məni də onun və qohumlarının yanında başıaşağı etmə”, – deyən Zakir həkim orucluğun mənəvi amillərindən də söhbət açır: – Oruc ancaq yeyib-içməkdən uzaqlaşmaq deyil, həm də günah sayılan bütün davranışlardan özünü qorumaqdır. Oruc tutan adam halal yeməkdən iftara qədər uzaq qaldığı kimi, dilini yalandan, əllərini haram işlərdən, mədəni haram loxmadan, gözləri harama baxmaqdan, qulaqları yalan və qeybət eşitməkdən, ayaqları pis işlərin arxasınca getməkdən uzaq tutmalıdır. Oruc tutanlar düşmənçiliyə, umu-küsüyə son qoymalıdırlar. Hamı bir-birinə münasibətdə mərhəmətli olmağı, bir-birini bağışlamağı bacarmalıdır. Allah-Taala oruc tutmağı buyurmaqla bütün insanların dinc, mehriban şəraitdə yaşamasının zəruriliyini diktə etmişdir. Həm də ki tək Ramazan ayında deyil, başqa günlərdə də bunlara diqqət yetirilməlidir.
Müsahiblərim muxtar respublikamızda son illər dini abidələrin, ziyarətgahların bərpasını, yeni məscidlərin tikilməsini, dindarlar üçün lazımi şəraitin yaradılmasını, yas mərasimlərinin dini qayda-qanunlara uyğunlaşdırılaraq nümunəvi həddə çatdırılmasını, Ramazan ayında artıq ənənə şəklini almış iftar süfrələrinin açılmasını söhbətimiz zamanı dəfələrlə vurğuladılar. Onlar bütün bunları ta qədimdən İslam dünyasının qədim mədəniyyət mərkəzlərindən biri olan Naxçıvanın bu statusunu müasir dövrdə də qoruyub saxlamağın bəhrələri kimi dəyərləndirirlər.
Yazını hazırlamaq üçün apardığım araşdırmalardan və müsahiblərimlə çox maraqlı söhbətdən sonra bu qənaətə gəlirəm ki, müsəlmanlar üçün Allah-Taalanın buyurduqlarını başdan-başa özünə sığdıra bilən Ramazan ayı, həqiqətən də, “Qurani-Kərim”in baharı, həm də heç zaman solmayan baharıdır.

 Mətanət MƏMMƏDOVA

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR