26 Mart 2019, Çərşənbə axşamı

 

ARXİV

Mart 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

 

 

LİNKLƏR

 

 

Ölkəmizdə, o cümlədən muxtar respublikamızda elmin inkişafında qadınlarımızın tarixən misilsiz xidmətləri olub. Müstəqilliyimizin bərpasından sonra isə Azərbaycan qadınının intellektual potensialından yetərincə istifadə sahəsindəki boşluğun aradan qaldırılmasına başlanılıb. Bundan sonra qadınlar digər sahələrdə olduğu kimi, elmdə də təmsil olunmağa başlayıb.
“Qadınlar dövlətimizin, müstəqilliyimizin, bu günümüzün dayağıdır”, – deyən ümummilli lider Heydər Əliyevin bu sahəyə diqqəti doğma diyarımızda da intellektual qadınların inkişafına rəvac verib. Ailə dəyərlərini qorumaqla yanaşı, Azərbaycan elminə də mühüm töhfələr verən bu qadınlar içərisindən XX əsrin sonunda artıq 2 akademik yetişib. Onlardan biri qədim yaşayış yerlərindən olan Şahtaxtı kəndində anadan olmuş, ümummilli lider Heydər Əliyevin ömür-gün yoldaşı, sirdaşı, Azərbaycana İlham Əliyev kimi tərəqqipərvər dövlət xadimi bəxş etmiş görkəmli oftalmoloq Zərifə xanım Əliyeva, digəri isə Şərur rayonunun Şəhriyar kəndində dünyaya göz açmış, tanınmış bioloq Siddiqə Məmmədova idi. Onlarla yanaşı, biologiya sahəsində Zəhra Şahtaxtinskaya, Sevda Məmməd­əliyeva, botanika üzrə Roza Əsgərova, filologiya sahəsində Ninel Hacıyeva, fizika-riyaziyyat elmləri üzrə Zərifə Əliyarova, Sevda Abdullayeva, kimya sahəsində Rəfiqə Əliyeva, Svetlana Məmmədova Azərbaycan elminə dəyərli töhfələr verməklə elmlər doktoru alimlik dərəcəsini qazanıblar. Svetlana Məmmədova həm də şəhid alim qadınlarımızdandır. O, 1990-cı ilin Qanlı Yanvar günlərində faciəli surətdə həlak olub və Şəhidlər xiyabanında dəfn edilib.

Fəlsəfə doktorlarından isə Sevil Əliyeva, Gülarə Əliyeva, Cəmilə Təhmasib, Əqidə Ələkbərova və digərlərinin adlarını çəkmək olar. 2005-ci ilədək Azərbaycan elmi elitasının tərkibindəki elmlər doktorlarından 14-ü, fəlsəfə doktorlarından isə 6-sı məhz naxçıvanlı alim qadın­lar olub.
XXI əsr Azərbaycanın digər bölgələri kimi, Naxçıvanın da alim qadınlarının inkişafında yeni mərhələ təşkil edir. Qeyd etmək lazımdır ki, naxçıvanlı alim qadınlardan bir qismi fəaliyyətlərini muxtar respublikadan kənarda da uğurla davam etdiriblər. Rəfiqə xanım Əliyevanın akademik seçilməsi, İradə Hü­seynovanın AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru kimi fəaliyyət göstərməsi bu fikrin bariz nümunələrindəndir.
Ümummilli liderimiz Heydər Əliyevin 2002-ci il 7 avqust tarixli Sərəncamı ilə AMEA Naxçıvan Bölməsinin yaradılması isə qadınlarımızın elm sahəsində fəaliyyətlərinin canlandırılmasında mühüm rol oynayıb. Bu sahəyə göstərilən diqqətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilməsi elm sahəsinə maraq göstərən qadınların sayının artmasına şərait yaradıb.
Əvvəllər blokadada olan Naxçıvan üçün müdafiə işləri ilə bağlı tez-tez paytaxta getmək çətinlik törədirdisə, belə müdafiə şuralarının Naxçıvanda yaradılması bu problemi də aradan qaldırıb. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti AMEA Naxçıvan Bölməsinə və Naxçıvan Dövlət Universitetinə müxtəlif ixtisaslar üzrə elmlər doktoru və fəlsəfə doktoru hazırlamaq səlahiyyəti verməklə bu sahənin sürətli inkişafına geniş imkanlar açıb. 2006-cı ildən AMEA Naxçıvan Bölməsində Vətən tarixi, iqtisadiyyat və arxeologiya ixtisasları üzrə fəaliyyət göstərən Dissertasiya Şurasına 2013-cü ildən doktorluq dissertasiyalarının müdafiələrini təşkil etmək səlahiyyəti də verilib ki, bu da muxtar respublikanın elm bazasında qadınların sayının artmasına zəmin yaradıb. Çünki ana, evinin xanımı kimi müqəddəs missiyanı daşıyan qadınlar üçün ailəsindən, övladlarından tez-tez ayrı düşmək, uzaq məsafələrə getmək iqtisadi çətinlikdən əlavə, daim mənəvi nigarançılıq yaradırdı. Lakin bu proseslərin lokal çərçivədə həlli qadınları bu nigarançılıqdan azad etmək baxımından əhəmiyyətli oldu.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun göstərdiyi diqqət və qayğının nəticəsidir ki, qadınlara elm, mədəniyyət sahəsində mühüm vəzifələr etimad edilir. Bu etimadın ən bariz nümunələrindən biri də fəlsəfə doktoru Natəvan xanım Qədimovanın mədəniyyət naziri vəzifəsinə təyin edilməsidir. Tarix üzrə fəlsəfə doktoru Yeganə Məmmədova Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır, eyni zamanda məktəb direktoru vəzifəsində çalışır. Həmçinin tədqiqat institutlarında, ali məktəblərdə bir çox fakültələrin dekanı, kafedra müdiri vəzifələri məhz alim qadınlara həvalə edilib.
Görülən tədbirlər respublikada fəaliyyət göstərən elmi-tədqiqat müəssisələrinin, o cümlədən Naxçıvan Dövlət Universiteti, “Naxçıvan” Universiteti və Naxçıvan Müəllimlər İnstitutunun pedaqoji heyətində qadın alimlərin sayının gündən-günə artmasında özünü göstərməkdədir. Hazırda muxtar respublikada fəaliyyət göstərən 4 elmlər doktorundan Zəröfşən Babayeva və Sevinc Abbasova Naxçıvan Dövlət Universitetində, Sədaqət Həsənova Naxçıvan Müəllimlər İnstitutunda, Fatmaxanım Nəbiyeva isə AMEA Naxçıvan Bölməsində çalışmaqdadır. Bununla yanaşı, 48 fəlsəfə doktoru Naxçıvan Dövlət Universitetində, 6-sı “Naxçıvan” Universitetində, 5-i Müəllimlər İnstitutunda çalışır. Əməkdaşı olduğum AMEA Naxçıvan Bölməsinin gender faizində bu irəliləyiş belə əks olunub: 2015-ci ilin yanvarına aid statistikaya əsasən burada çalışan 84 elmi işçinin 29-nu, 48 fəlsəfə doktorunun 14-nü xanımlar təşkil edir. Hazırda bölmədə çalışan 53 fəlsəfə doktorundan 17-si qadındır. Bu rəqəm I mərhələdə olan alim qadınlarımızın ümumi sayına bərabərdir.
AMEA Naxçıvan Bölməsinin 5 şöbəsi qadınların rəhbərliyi altında fəaliyyət göstərir. Onlar təkcə respublika miqyasında deyil, xaricdə də məhsuldar alim kimi tanınmaqdadır. Belə alim xanımlardan kimya üzrə fəlsəfə doktoru, dosent və laboratoriya rəhbəri Fizzə Məmmədovanın Rusiya Elmlər Akademiyasının professoru seçilməsi son günlərdə hamımızı sevindirən uğurlardandır. Lakin bu uğurlar, sadəcə, yaşlı və orta nəsillə bitmir. Estafetin gənc nəslə ötürülməsi sahəsində də bir çox işlər görülür. Təkcə 2017-2018-ci illər ərzində 30-dan çox gənc bölmənin elmi heyətinə daxil olub. Bölməmizdə elmi işçi olan qadınların sayı 33 nəfərə çatıb.
Muxtar respublikanın ali təhsil müəssisələrində də istedadlı gənc­lərin sayı gündən-günə artmaqdadır. Bu faktlar Azərbaycanın elmi elitasında Naxçıvanın alim qadınlarının faiz nisbətinin daha da artacağına təminat verir. Bütün bunlar isə dövlətimizin elmə, gənclərə və Azərbaycan qadınına göstərdiyi diqqət və qayğının bəhrələridir. Göstərilən bu qayğıya ən yaxşı cavab isə biz elm adamlarının fəaliyyətlərini daha da artırmaq və yeni-yeni sanballı elmi tədqiqatlar vasitəsilə doğma diyarımızın inkişafına öz töhfəmizi verməyimiz olacaq.

Zeynəb QULİYEVA
AMEA Naxçıvan Bölməsinin şöbə müdiri, dosent

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3792515
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
353
2548
2901
56832
3792515

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter