20 Fevral 2020, Cümə axşamı

Muxtar respublika fənn olimpiadasının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək bildirib ki, dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə təhsil müəssisələrinin maddi-tədris bazası daha da möhkəmləndirilib, tədris prosesi günün tələbləri səviyyəsində qurulub. Fənn kabinələri, fizika, kimya, biologiya laboratoriyaları zəruri avadanlıqlarla təmin olunub. Bütün bunlar isə təhsilin səviyyəsinin yüksəldilməsinə geniş imkanlar açır. İstedadı və yaradıcı təfəkkürü ilə seçilən şagirdləri aşkar etmək istiqamətində də müxtəlif tədbirlər həyata keçirilir. Bu tədbirlər sırasında hər il muxtar respublikada keçirilən fənn olimpiadaları mühüm əhəmiyyət kəsb edir.
Diqqətə çatdırılıb ki, olimpiadaların keçirilməsində məqsəd xüsusi istedadlı uşaqların üzə çıxarılması, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə və peşə seçiminə hazır­lanmasına zəmin yaradılmasından ibarətdir. Məktəblilərin muxtar respublika fənn olimpiadalarının keçirilməsi onların respublika fənn olimpiadalarına hazırlığında və yüksək nəticələr qazanmağında mühüm əhəmiyyətə malikdir. Fənn olimpiadalarının yekunlarına görə şagirdlərin əldə etdikləri nəticələr müvafiq fənn müəllimlərinin, eləcə də məktəbin fəaliyyətinin qiymətləndirilməsində əsas meyarlardan biri kimi nəzərə alınır.
Nazir qeyd edib ki, məktəblilərin muxtar respublika fənn olimpiadası iki mərhələdə keçirilib. IX-XI sinif şagirdləri arasında Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, coğrafiya fənləri üzrə olimpiadanın I şəhər və rayon mərhələsində 545 şagird öz biliyini sınayıb, onlardan 191-i yüksək nəticə göstərərək final mərhələsində iştirak etmək hüququ qazanıb. Nəticələrə əsasən fevralın 12-də keçirilən olimpiadanın final mərhələsində, ümumilikdə, 51 şagird I, II və III yerlərin qalibi olub.

Sonda təhsil naziri Rəhman Məmmədov bilik yarışında fərqlənən şagirdləri təbrik edib, qaliblərə diplom və oxunması zəruri olan kitablar təqdim olunub. Tədbirdə şagirdlərlə yanaşı, ən yaxşı nəticə göstərən məktəblər də mükafatlandırılıb. Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Lisey muxtar respublika fənn olimpiadasında ən yaxşı nəticə göstərən təhsil müəssisəsi kimi diplomla təltif edilib.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

ARXİV

Fevral 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR