10 Avqust 2020, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 17 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq Cəlil Məmmədquluzadənin 150 illik yubileyi muxtar respublikamızda geniş şəkildə qeyd olunur. Bu tədbirlərin davamı olaraq 2019-cu il fevralın 21-də Naxçıvan şəhərində yerləşən Cəlil Məmmədquluzadənin ev-muzeyində “Cəlil Məmmədquluzadənin həyat və fəaliyyəti” mövzusunda interaktiv dərs keçilib.

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri Ramiz Qasımov interaktiv dərsdə qeyd edib ki, çox­əsrlik tarixə malik olan Azərbaycan ədəbiyyatının inkişafında böyük Azərbaycan yazıçısı və dramaturqu Cəlil Məmmədquluzadənin mühüm xidmətləri olmuşdur.
Görkəmli yazıçı-publisistin həyatı haqqında ətraflı məlumat verilərək bildirilib ki, sovet dövründə yaradıcılığı və şəxsiyyəti ideologiyanın təhriflərinə məruz qalan Cəlil Məmməd­quluzadənin irsi ümummilli lider Heydər Əliyevin qayğısı sayəsində toplanılaraq nəşr edilmiş, ciddi tədqiqatların obyekti olmuşdur. Görkəmli yazıçının adına küçələr verilmiş, Bakıda, Cəlilabad və doğma vətəni Naxçıvan şəhərlərində əzəmətli heykəlləri ucaldılmışdır. Ədibin ölməz əsərləri daim teatrların repertuarlarında olmuş, çoxsaylı əsərləri səhnələşdirilərək böyük tamaşaçı rəğbəti qazanmışdır. Dahi yazıçının Naxçıvan şəhərindəki ev-muzeyi ümummilli lider Heydər Əliyevin 1998-ci il 19 iyun tarixli Sərəncamına əsasən yaradılmışdır. Həmçinin Cəlil Məmmədqulu­zadənin vaxtilə müəllimlik etdiyi Nehrəmdə və Cəlilkənddə xatirə muzeyləri istifadəyə verilmişdir.

Ədibin vətəni Naxçıvan şəhərindəki ev-muzeyi, adını daşıyan Naxçıvan Dövlət Musiqili Dram Teatrı və teatr binasının qarşısındakı əzəmətli heykəli Cəlil Məmmədquluzadə şəxsiyyətini əbədiləşdirən mədəni ünvanlardır. Ustad Cəlil Məmmədquluzadənin yubileylərinin keçirilməsi də ədibə göstərilən ehtiramın daha bir nümunəsidir. Ölməz ədibin övladı qədər sevdiyi və bütün ömrünü verdiyi “Molla Nəsrəddin” jurnalının latın qrafikalı Azərbaycan əlifbası ilə yeni tərtibatda, nəfis şəkildə çap edilməsi də müstəqillik dönəmində ədibin irsinə və şəxsiyyə­tinə göstərilən misilsiz ehtiramı nümayiş etdirir.
Cəlil Məmmədquluzadənin yubileylərinin keçirilməsi ədibin vətəni Naxçıvan Muxtar Respublikasında da diqqətdə saxlanılmış, əbədiyaşar sənətkarın adı və xatirəsi daim əziz tutulmuş, əsərləri, o cümlədən ikicildlik “Seçilmiş əsərləri” yeni tərtibatda nəşr edilmişdir. Görkəmli yazıçının həyat və fəaliyyətinə həsr edilmiş simpozium və elmi konfranslar keçirilmiş, ictimai-siyasi, ədəbi-bədii, elmi-publisistik “Naxçıvan” jurnalının bir nömrəsi Cəlil Məmmədquluzadəyə həsr olunmuş, adını daşıyan muzeylərin ekspozisiyası zənginləşdirilmişdir. Bununla yanaşı, ədibin “Hekayələr”i Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitablar Siyahısı”na daxil edilmişdir.
İnteraktiv dərs 200-dən çox ümumtəhsil məktəbinin şagirdləri tərəfindən izlənilmişdir.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR