19 Fevral 2020, Çərşənbə

Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələrinin Naxçıvan Muxtar Respublika Təşkilatının təşkilatçılığı ilə Kəngərli rayonunun Akademik Zərifə xanım Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbində keçirilən tədbiri məktəbin direktoru, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Etimad Məmmədov açaraq Xocalı faciəsindən 27 il ötdüyünü qeyd edib, faciənin bəşəriyyətə qarşı törədilmiş dəhşətli cinayət olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələrinin Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Məcid Seyidov qeyd edib ki, dünya tarixinin ən qanlı soyqırımlarından biri kimi Xocalı faciəsi xalqımıza qarşı iki əsrdən çox müddət ərzində erməni millətçiləri tərəfindən davamlı olaraq həyata keçirilən etnik təmizləmə, soyqırımı siyasətinin növbəti mərhələsi, davamı idi. 1992-ci il fevralın 26-da erməni hərbi birləşmələri Xocalı şəhərində soyqırımı aktı həyata keçirib. Bu faciə zamanı 613 nəfər öldürülüb, 1000 nəfər dinc sakin aldığı güllə yarasından əlil olub. Öldürülənlərdən 106-sı qadın, 63-ü azyaşlı uşaq, 70-i qocadır. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 dinc sakin girov götürülüb, onların 150-nin taleyi indi də məlum deyil.

Vurğulanıb ki, bu gün Xocalı da daxil olmaqla, işğal edilmiş torpaqlarımıza qayıdacağımız, üçrəngli bayrağımızın tarixi torpaqlarımızda dalğalanacağı gün uzaqda deyil. 2016-cı ilin Aprel döyüşləri və 2018-ci ilin may ayında Əlahiddə Ümumqoşun Ordunun əməliy­yatı nəticəsində Şərur rayonunun Günnüt kəndinin, Ağbulaq, Qızılqaya, Qaraqaya yüksəkliklərinin, ümumilikdə isə 11 min hektar ərazinin işğaldan azad edilməsi də sübut etdi ki, bu gün həm iqtisadi, həm də hərbi üstünlük bizim tərəfimizdədir və ən qısa müddətdə dünya ictimaiyyəti tarixi qələbəmizə şahidlik edəcəkdir. Bu gün ölkəmizdə Vətənini sevən, hər zaman onun tərəqqisinə çalışan və azadlığı uğrunda canını qurban verməyə hazır olan gənclər ordusu yetişib. Onlar Vətən qarşısında öz vətəndaşlıq borclarını layiqincə başa düşür və respublikamızın bütün sahələr üzrə inkişafında səylə çalışırlar.
Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələrinin Naxçıvan Muxtar Respublika Təşkilatının Naxçıvan Şəhər Şöbəsinin müdiri Zahid Cəfərov, Kəngərli Rayon Şöbəsinin müdiri Xanlar Əhmədov və məktəbin müəllimi Solmaz Qurbanova çıxış ediblər.
Sonda şagirdlər tərəfindən Xocalı faciəsinə həsr edilmiş şeirlər bədii qiraət olunub.

Xəbərlər şöbəsi

ARXİV

Fevral 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR