20 Fevral 2020, Cümə axşamı

AMEA Naxçıvan Bölməsin­də Azərbaycan ədəbiyyatının görkəm­li nümayəndəsi, yazıçı, dramaturq və ictimai xadim Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş elmi konfrans ­keçirilib.
Tədbir AMEA Naxçıvan Bölməsi, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyi, “Naxçıvan” və Naxçıvan Dövlət universitetləri tərəfindən birgə təşkil olunub.
Konfransda bölmənin sədri, akademik İsmayıl Hacıyev ölkə başçısı cənab İlham Əliyevin “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında”, eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Cəlil Məmməd­quluzadənin 150 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncamlarına uyğun olaraq ölkəmizdə, o cümlədən muxtar respublikada silsilə tədbirlər keçirildiyini bildirib. Alim sözügedən sərəncamları bütünlükdə Azərbaycan ədəbiyyatına verilən dəyər kimi qiymətləndirib.

İsmayıl Hacıyev Azərbaycan ədəbiyyatı tarixində xüsusi yer tutan böyük ­yazıçı və ictimai xadim, Naxçıvan ədəbi mühitinin yetirməsi, “Molla Nəsrəddin” satirik məcmuəsinin və eyniadlı ədəbi məktəbin yaradıcısı Cəlil Məmmədquluzadənin zəngin və çoxcəhətli yaradıcılıq fəaliyyəti barədə ətraflı danışıb. Bildirib ki, Vətən, millət, dil Cəlil Məmmədquluzadə yaradıcılığının əsas mövzusu olub. Görkəm­li ədibin publisistikası, dram əsərləri Azərbaycan ədəbiyyatı tarixində mühüm yer tutur. Milli ideyalılığı, xalqa bağlılığı, ana dilinə məhəbbəti, eləcə də müasirliyi və bəşəri dəyərləri təbliğ edən yazıçının zəngin irsi xalqımızın ədəbiyyat tarixində və yaddaşında unudulmaz yer tutub.
Alim Cəlil Məmmədquluzadə yaradıcılığına, onun ədəbi-mədəni irsinə göstərilən dövlət qayğısından da bəhs edib. Diqqətə çatdırıb ki, ölkəmizdə bir sıra mədəni-maarif müəssisələrinə ədibin adı verilib. Onun vaxtilə müəllimlik etdiyi yaşayış məntəqəsinə Cəlilkənd adı verilib. Bakı və Naxçıvanda Cəlil Məmmədquluzadənin ev-muzeyləri, Nehrəm və Cəlilkənddə xatirə muzeyləri yaradılıb. Həmçinin Naxçıvan və Cəlilabadda ədibin heykəli ucaldılıb. Görkəmli yazıçının əsərləri latın qrafikası ilə yenidən çap olunub, bir sıra xarici dillərə tərcümə edilib, yaradıcılığının tədqiqi və təbliği istiqamətində mühüm işlər görülüb.
Konfransda bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov “Azərbaycan milli tənqidi realizmin banisi və ideoloqu – Cəlil Məmmədquluzadə”, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, şair Asim Yadigar “Kiçik hekayənin böyük ustadı – Cəlil Məmmədquluzadə”, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev “Cəlil Məmmədquluzadə yaradıcılığında ana dili problemi”, “Naxçıvan” Universitetinin kafedra müdiri, filologiya üzrə fəlsəfə doktoru Nüşabə Məmmədova “Cəlil Məmmədquluzadə yaradıcılığında Azərbaycançılıq”, Naxçıvan Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Seyfəddin Eyvazov “Cəlil Məmmədquluzadə dramaturgiyasında konflikt və xarakter” mövzularında məruzə ilə çıxış ediblər.

Türkanə BƏYLƏRLİ

ARXİV

Fevral 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR