10 Avqust 2020, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən muxtar respublikanın ümumtəhsil məktəblərində tədris aparan fizika, kimya və biologiya müəllimləri üçün Naxçıvan Dövlət Universitetində təşkil edilən təlim kursları başa çatıb. Bu münasibətlə keçirilən tədbiri universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açıb.
Bildirilib ki, Naxçıvan Dövlət Universitetinin elmi dərəcəli müəllimləri tərəfindən tədris olunan dördgünlük təlim kurslarında tədrisin keyfiyyətinin yaxşılaşdırılmasına, metodiki sahədə təkliflərin verilməsinə, ayrı-ayrı fənlər üzrə çətin mövzular ətrafında təhlillərin təşkilinə dair qabaqcıl təcrübə öyrədilib. Müəllimlərin fənn laboratoriyalarından istifadə bacarıqlarının artırılmasına köməklik göstərilib. Qeyd olunan fənlərin aktual mövzularına həsr edilən seminarlar müasir informasiya-kommunikasiya texnologiyaları vasitəsilə keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək bildirib ki, dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə təhsil müəssisələrinin maddi­-tədris bazası daha da möhkəmləndirilib, tədris prosesi günün tələbləri səviyyəsində qurulub. Fənn kabinələri, fizika, kimya, biologiya laboratoriyaları zəruri avadanlıqlarla təmin olunub. Bütün bunların həyata keçirilməsində məqsəd şagirdləri bilikli, bacarıqlı və dünyagörüşlü ­yetişdirməkdir.

Nazir vurğulayıb ki, hazırda muxtar respublikamızın ümumtəhsil məktəbləri 5500-dən çox kompüter, 600-dən çox elektron lövhə ilə, 3 milyona yaxın dərsliklə, 600 mindən çox bədii ədəbiyyatla təmin olunub. Bütün bunlar təhsilin səviyyəsinin yüksəldilməsinə geniş imkanlar açıb. Yaradılan şəraitdən səmərəli istifadə edilməsi, pedaqoji sahədəki hər bir yeniliyin diqqətdə saxlanması, tədris prosesində fənlərin şagirdlərə kifayət qədər mənimsədilməsi müəllimlərimizin ümdə vəzifəsidir.
Diqqətə çatdırılıb ki, 2018-2019-cu tədris ilindən başlayaraq tədrisin keyfiyyətinin artırılması, qabaqcıl təcrübənin öyrənilməsi, müəllimlərin müasir təlim üsulları və informasiya texnologiyalarından istifadə bacarıqlarının artırılması məqsədilə Təhsil Nazirliyi tərəfindən fransız dili müəllimləri, psixoloqlar, məktəb kitabxanaçıları, informasiya sistemlərinin əlaqələndiriciləri və digər ixtisas müəllimləri ilə kurikulum seminarları, elmi-praktik konfranslar keçirilib. Növbəti dördgünlük təlim kurslarına muxtar respublikanın ümumtəhsil məktəblərindən hər fənn üzrə 20 nəfər olmaqla, ümumilikdə, 60 fənn müəllimi cəlb edilib.
Kursu müvəffəqiyyətlə başa vuran Şahbuz rayon Nursu kənd tam orta məktəbinin fizika müəllimi Lalə Zeynalova və Babək rayon Xəlilli kənd tam orta məktəbinin kimya müəllimi Lamiyə Əliyeva çıxış edərək təhsilə və müəllimlərə göstərilən qayğıya, yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.
Sonda kurs iştirakçılarına sertifikatlar təqdim edilib. Qeyd olunub ki, ümumtəhsil məktəbləri ilə Naxçıvan Dövlət Universiteti arasında əməkdaşlıq bundan sonra da davam etdiriləcək.

 Ramiyyə ƏKBƏROVA

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR