31 Mart 2020, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2019-cu il 21 yanvar tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Tədbir­lər Planı” təsdiq edilib. Tədbirlər Planına əsasən Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “Naxçıvanımızı tanıyaq” mövzusunda bilik yarışı keçirilib.
Yarışdan əvvəl mərkəzin direktoru Murad Babayev çıxış edərək muxtar respublikamızda təhsilə göstərilən diqqət və qayğıdan danışıb. Qeyd edib ki, belə viktorina və yarışların keçirilməsi məktəblilərə vətənpərvərlik hisslərinin aşılanması, istedadlı gənc­lərin üzə çıxarılması, məktəblilərin asudə vaxtlarının səmərəli təşkili və onların bilik və bacarıqlarının təkmilləşməsi məqsədi daşıyır.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Rəşad Adıgözəlov və Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı Təhminə İbrahimova çıxış edib, iştirakçılara uğurlar arzulayıblar.

Qeyd edək ki, Naxçıvan Şəhər Təhsil Şöbəsi və Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə keçirilən yarışda Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin “Əcəmi”, 2 nömrəli tam orta məktəbin “Batabat”, 4 nömrəli tam orta məktəbin “Göygöl” və Heydər Əliyev adına tam orta məktəbin “Buta” komandalarının şagirdləri iştirak ediblər. Yarışda “Buta” komandası qalib gələrək finala vəsiqə qazanıb.
Onu da vurğulayaq ki, 6 mərhələdən ibarət olan yarış ayda bir dəfə olmaqla, Naxçıvan şəhərindəki ümumtəhsil məktəbləri arasında keçiriləcək. Yarış seçim mərhələsi və final formatından ibarətdir. Seçim mərhələsi beş turda 4 komanda və 20 şagirdin iştirakı ilə keçirilir. Ən yaxşı nəticə göstərən 5 komanda final mərhələsində iştirak etmək imkanı qazanır. Viktorinanın seçim mərhələsinin hər turu test, videoçarxlar formatında olmaqla, 5 mərhələ 32 sual, final mərhələsi isə 40 sualdan ibarətdir. Suallar Naxçıvanın tarixi, coğrafiyası, görkəmli şəxsiyyətləri, tarixi-mədəniyyət abidələrinə həsr edilib. Hər sual üzrə düzgün cavab 10 bal intervalında qiymətləndirilir. Təqdim edilmiş hər bir suala təyin olunmuş 10 saniyə vaxt ərzində cavab verən komandanın cavabı etibarlı sayılır. Əgər bir neçə komandanın topladıqları ballar eyni olarsa, suala daha tez cavab verən komanda qalib hesab edilir.
Final mərhələsində I, II, III və həvəsləndirici yerləri tutan qalib komandalar təşkilatçılar tərəfindən diplom, kubok və hədiyyələrlə mükafatlandırılacaqlar.

 Gülcamal TAHİROVA

ARXİV

Mart 2020
Be Ça Ç Ca C Ş B
24 25 26 27 28 29 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR