21 Yanvar 2020, Çərşənbə axşamı

Təhsilin keyfiyyətinin yüksəldilməsinin diqqətdə saxlanıldığı muxtar respublikada istedadlı şagirdlərlə aparılan iş sahəsində də mühüm tədbirlər həyata keçirilir.
Şagirdlərdə özünəinam hissini formalaşdırmaq, onların ayrı-ayrı fənlər üzrə bilik və bacarıqlarını aşkara çıxarmaq, ali və orta ixtisas məktəblərinə qəbulunun daha yüksək səviyyədə olmasını təmin etmək, təhsildə sağlam rəqabət yaratmaq məqsədilə istedadlı şagirdlər arasında təşkil olunan fənn olimpiadaları da belə tədbirlərdəndir.
Dünən IX-XI sinif şagirdləri arasında məktəblilərin muxtar respublika fənn olimpiadasının I şəhər və rayon mərhələsi keçirilib. 545 şagirdin iştirak etdiyi bilik yarışında şagirdlər 8 fənn üzrə öz bilik və bacarıqlarını nümayiş etdiriblər.
Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, və coğrafiya fənləri üzrə keçirilən həmin olimpiadada ümumtəhsil məktəblərinin IX, X və XI sinif şagirdləri biliklərini sınayıb. Şagirdlərə hər fənn üzrə fənn kurikulumuna uyğun olaraq qapalı test formasında hazırlanmış 20-30 sual təqdim olunub. Həmin test tapşırıqlarını cavablandırmaq üçün şagirdlərə üç saat vaxt verilib.

Şəhər və rayon mərhələsinin nəticələri olimpiadaların keçirildiyi vaxtdan 10 gün müddətində muxtar respublika təşkilat komitəsi tərəfindən elan ediləcəkdir. Nəticəyə əsasən hər fənn üzrə hər sinifdən ən yüksək nəticə toplayan 3 şagird muxtar respublika mərhələsinin yekun turuna vəsiqə qazanacaqdır.
2 mərhələdən ibarət olan fənn olimpiadasının muxtar respublika mərhələsi 12 fevral 2019-cu il tarixdə keçiriləcəkdir.
Onu da qeyd edək ki, olimpiadaların muxtar respublika mərhələsinin qalibləri təşkilat komitəsi tərəfindən diplom və qiymətli hədiyyələr ilə təltif olunacaqlar.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

ARXİV

Yanvar 2019
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR