22 Yanvar 2020, Çərşənbə

20 Yanvar faciəsi təkcə Azərbaycan xalqına deyil, bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilən dəhşətli terror aktıdır. Bu fikir dünən Naxçıvan şəhərindəki Xatirə Muzeyi ilə muxtar respublikanın 200-dən çox ümumtəhsil məktəbi arasında “20 Yanvar tariximizin qəhrəmanlıq səhifəsidir” mövzusunda keçilən interaktiv dərsdə səsləndirilib.
İnteraktiv dərsdə muzeyin bələdçisi Leyla Məmmədova bildirib ki, muzeydə 2 mindən çox eksponat var və onlardan 400-ə yaxını ekspozisiyada nümayiş etdirilir. Ötən əsrin əvvəllərindən başlayaraq təcavüzkar erməni daşnaklarının azərbaycanlılara qarşı müxtəlif illərdə törətdikləri dəhşətli cinayətlərin izləri bu eksponatlarda öz əksini tapıb. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsinin əbədiləşdirildiyi muzeydə şəhidlərin foto­şəkilləri, şəxsi sənədləri, döyüş fəaliyyətlərini əks etdirən material­lar saxlanılır. Eyni zamanda muzeydə qəhrəmanlıq tariximizin müxtəlif dövrlərinə aid kitablar mühafizə və nümayiş etdirilir.
Qeyd olunub ki, Xatirə Muzeyində azərbaycanlılara qarşı 1905-1907-ci, 1918-1920-ci illərdə baş verən kütləvi soyqırımı aktlarını, həmçinin 1948-1953-cü illərdə azərbaycanlıların öz dədə-baba torpaqlarından deportasiyasını, 1990-cı il 20 Yanvar, 1992-ci il Xocalı faciələrini özündə əks etdirən eksponatlar nümayiş olunur.

Leyla Məmmədova 20 Yanvar hadisələrinə ilk siyasi qiymətin məhz ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini diqqətə çatdırıb.
Vurğulanıb ki, 1990-cı il yanvarın 20-də, Qanlı Yanvar hadisələrinin törədilməsindən 8 saat əvvəl Sədərəyə erməni silahlı dəstələrinin hücumları başlanıb və bununla da 20 Yanvar faciəsinin ilk qanlı səhifəsi yazılıb, ilk şəhidlər verilib. Buna baxmayaraq, naxçıvanlılar düşmənin önündə mərdliklə dayanaraq qəhrəmancasına mübarizə aparıb, Naxçıvanı qoruyub saxlayıblar.

Muzeydəki eksponatlar barədə şagirdlərə bildirilib ki, Xatirə Muzeyində Bakıda və Naxçıvanda baş verən həmin hadisələri əks etdirən çoxsaylı eksponatlar var. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsinin əbədiləşdirildiyi muzeydə ümummilli lider Heydər Əliyevin 20 Yanvar faciəsi ilə bağlı imzaladığı fərmanların surətləri, şəhidlərin foto­şəkilləri, şəxsi sənədləri, döyüş fəaliyyətlərini əhatə edən materiallar, eyni zamanda qəhrəmanlıq tariximizin müxtəlif dövrlərinə aid kitablar nümayiş etdirilir.
Qeyd edək ki, həmin gün muxtar respublikanın bütün ümumtəhsil məktəblərində bir dərs saatı 20 Yanvar faciəsinə həsr olunub.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

ARXİV

Yanvar 2019
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR