24 İyul 2019, Çərşənbə

 

ARXİV

İyul 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Təhsil sağlam cəmiyyətin formalaşmasında başlıca amildir. Ümummilli lider Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” müdrik kəlamında da ifadə edildiyi kimi təhsil olmadan inkişaf mümkün deyil.
Müasir texnologiyaların təhsilə tətbiqi nəticəsində “Distant təhsil”, “Elektron imtahan”, “Elektron test” kimi yeni üsullar yaradılıb. Bu üsullardan istifadə öz nəticələrini göstərib. Fərəhli haldır ki, bu gün Naxçıvan Dövlət Universitetində də müasir təhsil texnologiyalarından səmərəli istifadə olunur. Ötən günlərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun iştirakı ilə universitetin Distant Təhsil Mərkəzinin istifadəyə verilməsi, ölkəmizin ali təhsil müəssisələri arasında ilk dəfə burada distant təhsilin tətbiqinə başlanılması ali təhsil ocağının dünya təhsil sisteminə inteqrasiyasını daha da sürətləndirmək, təhsilin səviyyəsini yüksəltmək baxımından mühüm əhəmiyyət kəsb edir.

Universitetin təhsil həyatında qazandığı uğurlardan biri də elektron test imtahanlarının tətbiqidir. Naxçıvan Dövlət Universitetinin Elektron imtahan komissiyasının rəhbəri Hüseyn Qasımov semestr imtahanlarının elektron test üsulu ilə keçirilməsini operativlik, obyektivlik, şəffaflıq, mövzuların tam əhatəsi və cavablandırmanın asan olması baxımından daha üstün hesab edir. O bildirdi ki, ali təhsil ocağında elektron test üsulu ilə imtahanların keçirilməsinə ilk dəfə 2012-ci ilin dekabr ayında başlanılıb. Bu addımla təhsilin inkişafı istiqamətində ciddi islahata imza atılıb. Tələbələrin semestr imtahanlarında tətbiq olunan bu üsul uğurlu nəticələr verməkdədir. Naxçıvan Dövlət Universitetinin Tədris və Elektron təhsil şöbələrinin təşkilatçılığı ilə elektron üsulla imtahan keçirilməsi nəzərdə tutulan bütün fənlər üzrə test bankı yaradılaraq universitetin rəsmi internet səhifəsində yerləşdirilir ki, bu da tələbələrin imtahanlara daha yaxşı hazırlaşmaları üçün böyük imkanlar yaradır.
Universitetdə bir sıra üstünlüklərə malik olan yeni kompüter proqramı hazırlanıb. Elektron imtahan qaydalarının mənimsənilməsi məqsədilə dəfələrlə sınaq-test imtahanları keçirilib, müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunmuş imtahan auditoriyaları yaradılıb. Həmin auditoriyaların dördündə eyni vaxtda 228 tələbə imtahan verə bilir. Gün ərzində universitetdə 80-ə yaxın imtahan keçirilir.
Hüseyn müəllim bu il Naxçıvan Dövlət Universitetində, ümumilikdə, 1160 imtahanın elektron test üsulu ilə keçiriləcəyini bildirdi. Diqqətimizə çatdırdı ki, imtahan sualları dekabr ayının 1-dən universitetin saytında yerləşdirilib. Tələbə imtahan zalında kompüter arxasında oturur, özünə uyğun parametrləri seçir və imtahan başlayır. Mərkəzi kompüterdən suallar təqdim olunur və bir saat ərzində kompüterin köməyilə minimum 17 sualı cavablandıran hər bir tələbə imtahanı məqbul vermiş hesab olunur. İmtahanın bitdiyi təsdiqləndikdən 30 saniyə sonra nəticələr ilə bağlı məlumat ekranda görünür. Tələbənin, ümumiyyətlə, təhsil kreditini ödəməsi üçün cari qiymətləndirmə ilə imtahan qiymətinin cəmi 51 baldan yuxarı olmalıdır.
Hüseyn Qasımov onu da bildirdi ki, elektron test üsulu ilə imtahanların keçirilməsinin üstünlüyü burada təhsildə keyfiyyət amilinin əsas götürülməsidir. Bu, obyektivlik və şəffaflığın ən mühüm göstəricisidir.
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 30 avqust tarixli Sərəncamında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 10 noyabr tarixli Sərəncamından sonra ödənişli əsaslarla oxuyan tələbələrin də təqaüd almaq şansı yaranıb. Məhz buna görə də tələbələr çalışırlar ki, yaxşı oxusunlar və imtahanlarda uğurlu nəticələr əldə etsinlər. Bu da onu göstərir ki, elektron test üsulu həm də sağlam rəqabəti gücləndirir.
Universitet tələbələri, o cümlədən burada təhsil alan əcnəbi tələbələr elektron test üsulu ilə imtahanın biliklərin şəffaf, obyektiv qiymətləndirilməsi baxımından daha əlverişli olduğunu bildirdilər.
Naxçıvan Müəllimlər İnstitutunda isə imtahanlar digər ali təhsil ocaqlarından fərqli olaraq yazılı formada keçirilir. Pedaqoji fakültənin dekanı, dosent Azad Novruzov bildirdi ki, Naxçıvan Müəllimlər İnstitutunda da dərslər Bolonya sisteminə uyğun keçilir. Müəllimlərin və nəzarətçi-koordinatorların rəhbərliyi altında hər bir tələbə beş sualdan ibarət bileti 3 saat ərzində yazılı şəkildə cavablandırır. Qiymətləndirmə isə bütün universitetlərdə olduğu kimi, burada da eyni qayda ilə aparılır.
Azad müəllim onu da qeyd etdi ki, düzdür, texnologiyanın inkişafı elektron test üsuluna daha çox üstünlük verilməsinə şərait yaradıb. Bu üsul həm ali məktəbin idarəetmə strukturu üçün əlverişlidir, həm də müəllim və tələbə heyəti üçün rahatdır. Buna baxmayaraq, Müəllimlər İnstitutu təhsilin inkişafı və pedaqoji kadrların savadlı yetişməsi, onlarda özünüifadə və yazı üslubunun formalaşması üçün yazılı imtahanı daha əlverişli hesab edir. Bu semestrdə bakalavr üzrə əyani şöbədə yazılı şəkildə 266 imtahan keçiriləcək.
Azad Novruzovun sözlərinə görə, yazılı imtahanlara hazırlıq zamanı, test üsulundan fərqli olaraq tələbə öz fikirlərini daha sərbəst ifadə etmək üçün daha çox araşdırır, öyrənir, müxtəlif ədəbiyyatlardan istifadə edərək biliyini zənginləşdirir.
“Naxçıvan” Universitetində isə elektron test üsulu ilə imtahanların keçirilməsinə üstünlük verilir. Ali məktəbin İnformasiya-kommunikasiya texnologiyaları şöbəsinin müdiri Rəşad Abbasov qeyd edir ki, bu semestrdəki imtahanların sayı, ümumilikdə, 350-dir. Onlardan 222-si elektron test üsulu ilə keçiriləcək. İmtahanların başlanmasından iki həftə əvvəl test sual­ları internetdə yerləşdirilir. İmtahanlara 2 saat vaxt verilir. Universitetdə 3 kompüter otağı fəaliyyət göstərir ki, bu otaqlardan ikisində 66, birində isə 48 tələbə imtahan verə bilir. Yazılı imtahanda tələbəyə güzəşt etmək və ya balını kəsmək kimi hallara təsadüf edilirsə, elektron test üsulundakı obyektivlik və şəffaflıqla bunun qarşısı alınır. Test üsulu ilə imtahan verən tələbənin müəyyən vasitələrdən istifadə etmək, köçürmək imkanı olmur. Otaqlarda quraşdırılmış kameralarla imtahanlara nəzarət olunur. Həmçinin aylıq kollekviumları da, əsasən, test üsulu ilə təşkil edirik. Bu üsul tələbələri daha yaxşı oxumağa, öz üzərlərində çox işləməyə sövq edir, tələbələr arasında rəqabəti gücləndirir.
“Naxçıvan” Universitetinin saytında “Elektron universitet” adlı bölmə də yaradılıb. Bu bölmədə tələbələr haqqında ümumi məlumatlar, o cümlədən onların dərsə davamiyyəti, müxtəlif sahələrdə aldıqları mükafatları, qabiliyyət göstəriciləri, semestr balları, audi­toriyada neçənci sırada olduqları barədə məlumat yerləşdirilib. Bu sistem sayəsində tələbələrə anonim anketlər ünvanlaya bilirik. İsmarıc bölməsi vasitəsilə tələbələr dekanlarına, tyutorlarına və onlara dərs deyən müəllimlərə suallarla müraciət edə, eyni zamanda özlərinə ünvanlanan sualları cavablandıra bilirlər. Bu sistem gələcəkdə distant təhsilin tələbə-müəllim ünsiyyəti formasında inkişafına kömək edəcək.
Rəşad müəllim onu da bildirdi ki, gələcəkdə universitetdə digər imtahanlara da elektron test üsulunun tətbiq edilməsi nəzərdə tutulur. Vaxt problemini nəzərə alaraq bu tətbiq əvvəlcə sınaqdan keçiriləcək. Əgər qənaətbəxş olarsa, müəllimlərə panellər veriləcək, onlar lazımi seçimləri etməklə imtahanı asanlıqla yoxlaya biləcəklər.
Göründüyü kimi, yaşadığımız XXI əsr həyatımızın bütün sahələrində yeniliklərin tətbiq edilməsini tələb edir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” son illər ərzində təhsilin inkişafı istiqamətində mühüm nailiyyətlərin əldə olunmasına gətirib çıxarıb. Bütün bunlar imtahanlarda tələbələrin öz bilik və bacarıqlarının sərbəst şəkildə üzə çıxarılmasına imkan verir.

 Güntac ŞAHMƏMMƏDLİ

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4299941
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1291
5670
12462
131299
4299941

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter