29 İyun 2017, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

ARXİV

İyun 2017
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2017-ci il 7 fevral tarixdə “Akademik Həsən Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncamda deyilir: “Azərbaycanda coğrafiya və torpaqşünaslıq elmlərinin müxtəlif sahələrinin təşəkkül tapmasında, bir sıra yeni elmi istiqamətlərin bugünkü simasının müəyyənləşməsində Həsən Əliyevin müstəsna xidmətləri vardır. Alim bütün zəngin fəaliyyəti boyunca ətraf mühitin mühafizəsi, ekoloji tarazlıq və ölkənin təbii sərvətlərindən səmərəli istifadə üzrə kompleks proqram və silsilə layihələri daim uğurla həyata keçirmişdir”. 

Həmin sərəncamın muxtar respublikamızda icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məslisinin Sədri  cənab Vasif Talıbovun 2017-ci il 10 fevral tarixli Sərəncamı ilə “Akademik Həsən Əliyevin 110 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilib. Tədbirlər planına əsasən il ərzində muxtar respublikada müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Ekologiya elminə böyük töhfələr verən, onun insan sağlamlığındakı rolu barədə sanballı elmi tədqiqatların müəllifi olan Azərbaycan təbiətinin böyük hamisi akademik Həsən Əliyev XX əsrin 70-ci illərində yazır­dı: “Ekologiya yaxın gələcəkdə bütün elmləri bir-biri ilə əlaqələndirən nəhəng və möhtəşəm bir çinar ağacını xatırladan fundamental, planetar əhəmiyyətli və çox perspektivli elmə çevriləcəkdir. Ekologiyasız başqa elmlərin inkişafı qeyri-mümkündür”. Zaman keçdikdən sonra bu fikir onun çox uzaqgörən bir alim olduğunu bir daha sübut etdi. O, ekologiyada neçə illər sonra baş verəcək prosesləri əvvəlcədən görə bilirdi. Bu yerdə Məhəmməd Peyğəmbərin bir kəlamı yada düşür: “Alimlər dünyanın çırağı, axirətin nurudurlar”. Akademik Həsən Əliyev məhz belə alimlərdən biri idi. 

Azərbaycan elmi ictimaiyyətinin böyük fəxrlə “Azərbaycan təbiətinin patriarxı” adlandırdığı akademik Həsən Əliyevin, sözün həqiqi mənasında, həyəcansız oxunması mümkün olmayan “Həyəcan təbili” kitabında gəldiyi qənaət çox düşündürücüdür: “İnsanı təbiət yaratmış və öz sərvətlərini səxavətlə onun istifadəsinə vermişdir. 600 min ildən artıqdır ki, müasir insanla təbiət arasında münasibət müəyyən nisbətdə davam edir. Bəşəriyyət öz inkişafının yüksək pillələrinə ayaq qoyduqca bu nisbət müəyyən mənada insanların xeyrinə dəyişir. İnsanın sayı artdıqca və texniki vasitələrə daha mükəmməl yiyələndikcə təbiətə daha çox təsir edir, onu dəyişdirir, qırır, öz məqsədləri üçün daha geniş istifadə edir, əvəzində isə ona heç nə qaytarmır. Demək, insan təbiətə çox ciddi zərər vurur”.
Təbiətimizin böyük hamisinin yaşadığı dövrdə bütün bunlar reallıq idi. Çünki cəmiyyətin sürətlə inkişaf etdiyi bir zamanda təbiətlə insan arasındakı münasibətlərin pozulması və təhlükəli şəkil alması barədə tez-tez söhbətlər gedir, mötəbər tribunalarda ekoloji tarazlığın qorunmasının vacibliyi vurğulanırdı. Alim təbii sərvətlərin mühafizəsini, onlardan səmərəli istifadə edilməsini, xüsusən canlı sərvətlərin qorunmasını ümummilli və beynəlxalq məsələ hesab edirdi.
Böyük alim haqqında çoxlu kitablar, məqalələr yazılıb və filmlər çəkilib. Onun 60 illik elmi fəaliyyəti haqqında saatlarla danışmaq olar. Çünki Azərbaycan təbiətinin gözəl mütəxəssisi olan akademik Həsən Əliyev ölkəmizdə təbiəti qorumağın elmi əsaslarını işləyib hazır­lamış ilk alimdir.
Ömrünün sonuna kimi çox gərgin və məhsuldar işləyən, Azərbaycan təbiətinin qorunmasından və təbiət elminin inkişafından söz düşəndə adı həmişə birincilər sırasında çəkilən Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, kənd təsərrüfatı elmləri doktoru, professor, Əməkdar elm xadimi, ABŞ-ın Ümumdünya Universitetinin fəxri elmlər doktoru olmuş Həsən Əliyev bu gün də ən xoş və səmimi hisslərlə xatırlanır.
Akademik Həsən Əliyev 1907-ci il dekabr ayının 15-də Zəngəzur qəzasının Comərdli kəndində dünyaya göz açmışdı. 1924-1930-cu illərdə Naxçıvan şəhərində axşam məktəbini və kənd təsərrüfatı texnikumunu bitirdikdən sonra Gəncədə Kənd Təsərrüfatı İnstitutunun tələbəsi, 1932-1934-cü illərdə Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun aspirantı olub. 1934-1935-ci illərdə həmin institutun Şirvan zonasında təcrübə stansiyasının direktoru vəzifəsində çalışıb. Bu dövrdə apardığı elmi tədqiqatlar onun torpaqşünas, aqrobotanik və ekoloq alim kimi gələcək elmi fəaliyyətinin əsas istiqamətlərini müəyyənləşdirib. Həsən Əliyev 1941-1943-cü illərdə müharibənin odu-alovu içərisindən keçib, döyüşlərin birində ağır yaralandıqdan sonra cəbhədən tərxis edilib və yenidən elmə qayıdıb. 1943-1944-cü illərdə Azərbaycan Elmlər Akademiyasının coğrafiya bölməsinin rəhbəri işlədiyi bir vaxtda müvəffəqiyyətlə namizədlik dissertasiyası müdafiə edib.
1945-1949-cu illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda baş müəllim işləyən Həsən Əliyev respublikamızda torpaqşünaslıq, kənd təsərrüfatı, aqrobiologiya, ekologiya və coğrafiya kimi elm sahələrinin tədqiqatına geniş yer ayırıb.
1944-1949-cu illərdə Azərbaycan Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunun elmi işlər üzrə direktor müavini işləyən alim 1946-1962-ci illərdə Ümumittifaq Torpaqşünaslıq Cəmiyyətinin Azərbaycan filialının sədri kimi də fəaliyyət göstərib. Bu dövr Azərbaycanda torpaqşünaslıq və aqrokimya elminin hərtərəfli inkişaf mərhələsi kimi qiymətləndirilir. Elə həmin dövrdə – 1949-1952-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutuna rəhbərlik edən Həsən Əliyev qısa müddətdə səkkizcildlik “Azərbaycan florası” kitabının hazırlanmasına və çapına qayğı göstərməklə bu işin uğurla başa çatmasına böyük əmək sərf edib. Onun təşəbbüsü ilə həmin institutun əməkdaşları tərəfindən axtarış-tədqiqat işləri aparılaraq respublikamızın 52 rayonunun 318 obyekt sahəsində 2469 nadir abidə ağacların, unikal meşəliklərin olması müəyyən edilib.
1952-ci ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilən və 1957-ci ilə kimi akademiyanın akademik-katibi vəzifəsində işləyən Həsən Əliyev bu vəzifə ilə yanaşı, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun şöbə müdiri kimi də fəaliyyət göstərib.
1968-ci ildə Azərbaycan Elmlər Akademiyasının Coğrafiya İnstitutuna direktor təyin edilən görkəmli alimin sağlığında bir sıra kitabları xarici dillərə də tərcümə olunub. Təbiətin mühafizəsinin müxtəlif problemlərinə həsr etdiyi çoxsaylı əsərləri ABŞ, Fransa, Yaponiya, Belçika, Almaniya, Vyetnam və əksər Şərqi Avropa ölkələrində nəşr edilib. Məşhur “Qəhvəyi meşə torpaqları” kitabı 1969-cu ildə Yerusəlim Universiteti tərəfindən ingilis dilində çapdan çıxıb. Brüsseldə çap olunan “Azərbaycan SSR-in dağlıq rayonlarında torpaq eroziyasının inkişafı və bu prosesin qarşısının alınması cəhdi” adlı monoqrafiyası da alimə böyük şöhrət qazandırıb.
Təbiətin mühafizəsinə xüsusi diqqət ayıran akademik ilk dəfə respublikamızda həmin problemin həllinin vacibliyi ilə bağlı həyəcan təbilini çalan alimdir. Belə ki, 1957-ci ildə Həsən Əliyevin təşəbbüsü ilə Bakıda Zaqafqaziyada təbiətin mühafizəsinə həsr olunmuş müşavirə keçirilib. Bu müşavirədə ilk dəfə dövlət təbiəti mühafizə xidmətinin yeni təşkilati formaları, təbiəti mühafizə üzrə komissiyanın fəaliyyəti təhlil edilib və əməli təkliflər irəli sürülüb. Bir vaxtlar respublikada fəaliyyət göstərmiş Ətraf Mühitə Nəzarət və Təbiəti Mühafizə Komitəsi, Təbiəti Mühafizə Cəmiyyəti bilavasitə böyük alimin şəxsi təşəbbüsü ilə yaradılıb.
Həsən Əliyevin redaktorluğu ilə çap edilən “Azərbaycan təbiəti” adlı elmi-kütləvi jurnal təbiətimizin mühafizəsinin təbliğində mühüm rol oynayıb. Bu jurnalda təbiət humanizm, mənəvi paklıq, vətənpərvərlik hisslərinin daşıyıcısı kimi öz qiymətini tapıb. Uzun müddət akademiklə birgə “Azərbaycan təbiəti” jurnalının nəşr olunmasında fəaliyyət göstərən Xalq şairi Məmməd Araz yazırdı: “Azərbaycan torpaqşünaslıq elmi öz yaranışı, inkişafı, tədqiqat yolu üçün həmişə Həsən Əliyevin ruhuna baş əyməlidir”.
Akademikin təşəbbüsü ilə Kürboyu “Qarayazı”, “Bəsitçay”, “Türyançay”, “İsmayıllı”, “Pirqulu”, Kiçik Qafqazda “Göygöl”, Qarabağ vulkanik yaylasının cənub hissəsində “Qaragöl” və nəsli kəsilmək təhlükəsi olan ceyranların mühafizəsi, artırılması üçün “Şirvan” Dövlət qoruqları yaradılıb.
Həsən Əliyev respublikanı qarış­-qarış gəzir, onun gözəlliklərini lentə köçürür və bu lentləri Bakıdan başlayaraq dünyanın əksər ölkələrində keçirilən elmi məclislərdə söylədiyi məruzələrində nümayiş etdirirdi. O, bununla insanlarda təbiətə məhəbbət hissini aşılayırdı. Xüsusilə bu işdə alimin elmi-kütləvi səpkidə yazdığı və 1982-ci ildə çap etdirdiyi “Həyəcan təbili” kitabının ötən əsrin 50-ci illərindən sonra respublikanın təbiətində baş verən ekoloji problemlərin ölkə ictimaiyyətinin diqqətinə çatdırılması baxımından əhəmiyyəti misilsizdir.
Qeyd etmək lazımdır ki, yüksək­ixtisaslı elmi kadrların yetişməsinə də xüsusi qayğı və diqqət göstərən Həsən Əliyevin rəhbərliyi ilə alimlik dərəcəsi almış neçə-neçə fəlsəfə və elmlər doktorları var və onlar təbiətin müxtəlif sahələrinin aktual elmi problemlərinin araşdırılması ilə bu gün də məşğuldurlar. Yüksək insani keyfiyyətlərə malik olan alimin şəxsi məziyyətlərindən biri də öz dövrünün görkəmli rus alimləri S.B.Zonn, R.V.Kovalyov, V.A.Kovda, İ.P.Gerasimov, İ.A.Krupenikov, Q.B.Dobrovolski və başqaları ilə sıx elmi və dostluq əlaqələri yarada bilməsi idi.
Azərbaycan Sovet Ensiklopediyası baş redaksiyasının üzvü olmuş akademik Azərbaycan SSR Ali Sovetinin deputatı kimi də fəaliyyət göstərib. Görkəmli alimin xidmətləri həmişə yüksək qiymətləndirilib. O, “Lenin”, “Oktyabr inqilabı”, “Qırmızı əmək bayrağı”, “Qırmızı ulduz”, “Birinci dərəcəli Vətən müharibəsi”, “Şöhrət” ordenləri və bir çox medallarla təltif edilib. Görkəm­li alim Azərbaycanın Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı idi, Vavilov adına medala layiq ­görülmüşdü.
Həsən Əliyev uzun müddət Azərbaycan SSR Təbiəti Mühafizə Cəmiyyətinin sədri və Azərbaycan SSR Coğrafiya Cəmiyyətinin prezidenti işlədiyi dövrdə Yunanıstan, Polşa, ABŞ, Rumıniya, İsveçrə və sair ölkə­lərdə, eləcə də Moskva, Sankt-Peterburq, Vladivostok və digər şəhərlərdə keçirilən torpaqşünasların beynəlxalq konqres, qurultay və konfranslarında məruzələrlə çıxış edib.
Akademik Həsən Əliyev muxtar respublikamızın da ekologiyası ilə dərindən maraqlanır, bu qədim diyarın zəngin təbiətini tədqiq edir, öz dəyərli məsləhətlərini verir, rastlaşdığı neqativ hallara qarşı öz kəskin münasibətini bildirirdi.
Bu gün qürur hissi keçiririk ki, görkəmli təbiətşünas alimin Naxçıvanın ekoloji mühiti, zəngin təbiəti­nin qorunması haqqındakı arzuları reallığa çevrilib. Bu sahəyə göstərilən qayğının ifadəsidir ki, bir vaxtlar yaşıl örtük sahəsi ümumi ərazisinin bir faizini belə təşkil etməyən muxtar respublikada bu gün 12 faizdən çox ərazi yaşıllıqlara bürünüb. Qədim diyarda hər ilin yaz və payız iməciliklərində yeni yaşıllıq zolaqları, meyvə bağları salınır, qədim meyvə sortlarının, uzunömürlü ağacların bərpası diqqətdə saxlanılır.
Azərbaycan Prezidentinin 2003-cü il 16 iyun tarixli sərəncamı ilə muxtar respublikanın Ordubad rayonunda yaradılmış milli parka akademik Həsən Əliyevin adının verilməsi görkəmli təbiətşünas alimə böyük ehtiramın ifadəsidir. Qeyd edək ki, 2009-cu il noyabrın 25-də Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Ordubad Milli Parkının ərazisi Şahbuz, Culfa, Ordubad rayonlarının torpaqları hesabına genişləndirilərək sahəsi 42797,4 hektara çatdırılıb. Həmin sərəncamla milli parkın adı dəyişdirilərək Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı adlandırılıb.
Çox mənalı və şərəfli ömür yaşamış görkəmli alim özündən sonra gələn nəsillərə zəngin elmi irs qoyub gedib. 60 ildən çox davam edən elmi yaradıcılıq fəaliyyətində 800-ə qədər elmi məqalənin, monoqrafiyanın, 140-a qədər müxtəlif təyinatlı xəritələrin, xeyli sayda elmi-kütləvi əsərlərin müəllifi olan akademik dünyanın bir çox ölkəsində, o cümlədən 5 qitənin hamısında olub. O, yazır ki, “Öz ölkəmiz qədər mənə xoş təsir bağışlayan ikinci bir ölkə tanımıram. Buranın insanları da, iqlimi də, torpağı, suyu, meşəsi, havası da əvəzolunmazdır. Burada yerin altı tükənməz xəzinə, üstü canlı muzeydir. Qaş kirpiyi, kirpik isə gözü qoruduğu kimi, bizim hər birimiz Allahın bizə bəxş etdiyi bu neməti göz bəbəyimiz təki qorumalıyıq, onun keşiyində durmalıyıq, qayğısını çəkməliyik... Təbiətin bizə bəxş etdiyi ən qiymətli sərvət torpaqdır. Torpaq bizim “çörək ağacımız” olmaqla yanaşı, həm də yaşayışımızın ibtidasını təşkil edir. Torpaq bizim üçün əzizdir, doğma və müqəddəsdir, torpaq Vətən deməkdir”.

Muxtar Məmmədov

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3064429
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
11626
16573
59820
499896
3064429

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter