26 Oktyabr 2021, Çərşənbə axşamı

Bu gün məişət zəminində baş verən anlaşılmazlıqların bir qismini də bəzən qonşularla ortaq su və yoldan istifadə, sərhəddə əkilmiş ağac, ortaq hasarların tikilməsi və sair bu kimi  problemlər təşkil edir. Daşınmaz əmlakla bağlı mübahisələrin həlli məqsədilə edilən müraciətlərin təhlilindən aydın olur ki, mübahisələrin, təqribən, yarısı qonşular arasında qarşılıqlı münasibətlərin pozulmasından yaranan səbəblərlə xarakterizə olunur. Bəs, qanunvericiliklə bu cür hallar necə tənzimlənir? Mövzu ilə bağlı suallarımızı Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə dövlət Xidmətinin hüquqşünası Rəfayıl Məmmədov cavablandırır.

– Rəfayıl müəllim xoş gördük, sizi redaksiyamızda. Aydın məsələdir ki, qonşular arasında yaranan mübahisələrin böyük əksriyyəti, bilavasitə, mülkiyyət hüququ ilə bağlı olur. Qanunvericilikdə bununla bağlı hansı meyarlar var?

– Çox sağ olun, dəvət üçün. Bildiyiniz kimi, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hər kəsin mülkiyyət hüququ var, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Lakin Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər.
Belə ki, mülki qanunvericiliyə əsasən hər bir daşınmaz əmlak mülkiyyətçisi, əgər quyuların qazılması, drenaj, qaz və başqa boruların, habelə yerüstü və yeraltı elektrik xətlərinin çəkilməsi onun torpaq sahəsindən istifadə edilmədən qətiyyən mümkün deyildirsə və ya hədsiz yüksək məsrəflər hesabına mümkündürsə, bununla əlaqədar dəyən zərərin əvəzinin qabaqcadan tam ödənilməsi şərti ilə həmin tədbirlərin həyata keçirilməsinə icazə verməlidir. Bu məqamda yüklü torpaq sahəsinin mülkiyyətçisi öz mənafelərinin ədalətlə nəzərə alınması hüququna malikdir. Həmçinin yerüstü xətlərin çəkildiyi hallarda, əgər fövqəladə hallar əsas verirsə, o, tələb edə bilər ki, həmin xəttin keçdiyi ağlabatan həcmdə torpaq sahəsi tam əvəzi ödənilməklə ondan ayrılsın. Əgər şərait dəyişərsə, mülkiyyətçi xəttin onun mənafeyinə uyğun çəkilməsini tələb edə bilər. Çəkilmənin dəyərini ixtiyarlı şəxs ödəməlidir, lakin xüsusi halların əsas verdiyi yerlərdə dəyərin ağlabatan hissəsi mülkiyyətçinin hesabına aid edilə bilər.
– Qanunvericilikdə “qonşuluq hüququ” deyilən bir anlayış var. Bu hüquq nədən ibarətdir?
– İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Eyni zamanda öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qanunvericiliklə qadağan olunur. Heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. Bir neçə torpaq sahəsindən axan tullantı və yeraltı suların istiqamətini dəyişdirərək və ya onları qarışdıraraq başqa torpaq sahələrində suyun miqdarını azaltmaq və ya keyfiyyətini pisləşdirmək yolverilməzdir. Bir də qanunvericilikdə qonşu təsirinə dözmək vəzifəsi var. Bu nədir? Torpaq sahəsinin və ya digər daşınmaz əmla­kın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa, və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər. Bundan əlavə, qazıntı və tikinti işləri apararkən mülkiyyətçiyə icazə verilmir ki, torpağı qonşu torpaq sahələrinə kürüməklə onlara ziyan vursun və ya onları təhlükəyə məruz qoysun, yaxud həmin sahələrdəki qurğuları zədələsin. Belə halda torpaq sahəsinin mülkiyyətçisi belə qurğuların qonşu sahədə tikilməsinin və ya istismarının qadağan olunmasını tələb edə bilər. Bunu da qeyd edim ki, başqa daşınmaz əmlaka keçən çıxıntıları olan binalar və digər qurğular da yerləşdikləri daşınmaz əmlakın tərkib hissəsi kimi qalırlar, bu şərtlə ki, həmin əmlakın mülkiyyətçisi onlara əşya hüququna malik olsun. Qonşu ya üst tikiliyə qarşı etirazını bildirə bilər, ya da bununla barışaraq ağlabatan əvəz ödənilməsini tələb edə bilər. Həmçinin əgər çıxıntılı budaqlar və uzanan köklər qonşunun mülkiyyətinə ziyan vurarsa və bu cür təsir onun şikayəti ilə ağlabatan müddətdə aradan qaldırılmazsa, o həmin budaqları və kökləri kəsib özündə saxlaya bilər. Ağac və ya kolun meyvəsi qonşunun torpaq sahəsinə düşdükdə həmin torpaq sahəsinin meyvəsi sayılır.
– Qonşular arasında baş verən problemlərdən biri də mülkiyyətçinin öz sahəsindən ictimai yola və ya müxtəlif təchizat xətlərinə birbaşa keçidinin olmamasıdır. Bu da bir çox hallarda qonşularla mübahisəyə yol açır.
– Bəli, əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o, tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb, ilk növbədə, o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətlərilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir. Daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər.
– Bəs torpaq sahələrinin hasarlanması ilə bağlı qanunvericilikdə nə göstərilir?
– Hasarlama xərclərini hasarın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi çəkir. İki torpaq sahəsi arasında barı vasitəsilə və ya sərhəd kimi istifadə edilən başqa qurğu ilə mərz çəkildikdə ehtimal edilir ki, torpaq sahələrinin mülkiyyətçiləri həmin qurğudan istifadə etməkdə bərabər hüquqlara malikdirlər və onunla bağlı xərcləri öz mənafelərinə mütənasib surətdə ödəməlidirlər. Əgər hər iki qonşunun sərhəd kimi istifadə edilən qurğudan birlikdə yararlanmağa haqqı çatırsa, onlardan hər biri qurğudan elə istifadə edə bilər ki, birgə istifadə zamanı qonşuya maneçilik yaranmasın. Torpaq sahəsinin mülkiyyətçisi qonşu sahənin mülkiyyətçisindən möhkəm ayırıcı mərz çəkilməsində və ya mövcud olmuş, lakin uçmuş və ya zədələnmiş mərzin bərpasında iştirak etməyi tələb edə bilər. Mərz çəkilməsi xərcləri, iki qonşunun razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onların arasında bərabər bölünür. Nə qədər ki, qonşulardan biri mərz qurğusunun olmasında maraqlıdır, həmin mərz onun razılığı olmadan uçurula və ya dəyişdirilə bilməz. Lakin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikinti obyektində bərpa işləri aparılarkən qonşular arasındakı razılığa, belə, razılıq olmadığı təqdirdə isə tərəflərdən birinin ərizəsi ilə məhkəmənin qərarına əsasən mövcud ortaq divar layihəyə uyğun olaraq sökülə və yenidən bərpa edilə bilər. Əgər mərz çəkilməsi üçün dəqiq sərhədləri müəyyənləşdirmək mümkün deyildirsə, qonşuların faktik sahibliyi həlledici əhəmiyyət daşıyır. Bu mümkün olmadıqda, mübahisəli ərazi sahələr arasında bərabər bölüşdürülür.
– Müsahibə üçün sağ olun.

Müsahibəni apardı:  Səbuhi HƏSƏNOV

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR