17 Oktyabr 2021, Bazar

Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafı son illərdə bura yolu düşən çox insanların dilindən səslənib. İnfrastruktur quruculuğu, rahat yollar, gözoxşayan yaşıllıqlar, yenidən həyat verilmiş tarixi abidələr, hər yerdə hökm sürən təmizlik Naxçıvan haqqında təəssüratların ana mövzusunu təşkil edir. Sevindirici hal odur ki, Naxçıvanın bu cür xarakterizə olunması xarici qonaqlar üçün də xasdır. Peşə fəaliyyətimdən dolayı indiyədək muxtar respublikaya səfər edən müxtəlif ölkələrin diplomatik nümayəndələrinin, o cümlədən elm, mədəniyyət, incəsənət insanlarının, hətta sadə turistlərin belə dilindən Naxçıvanla bağlı eşitdiyim xoş sözlər bu qədim yurdun sakini kimi məni çox sevindirib, qürurlandırıb.

Kiçikhəcmli müsahibələrin və ya ayaqüstü söhbətlərin mənim üçün ən maraqlı və fəxr ediləsi tərəfi isə bu cür fikirlərin dünyanın ən inkişaf etmiş ölkələrindən gələnlərin də dilindən səslənməsi olub. Bilirsiniz niyə? İnsanoğlu xaraktercə yaşadığı əraziyə bağlı olur, kənara çıxdıqda isə başqa ölkədə və ya bölgədə gördüklərini ilk dəfə şüuraltı olaraq yaşadığı yerlə müqayisə edir. Əgər ziyarət etdiyi, yeni tanış olduğu yerlərdə diqqətini çəkən maraqlı bir nüans varsa, onu o dəqiqə etiraf edir. Buradan o nəticəyə gəlinir ki, əgər bir əcnəbi Naxçıvanın havasını, suyunu və digər təbii gözəlliklərini tərifləyirsə, bu, yaxşıdır, əgər buradakı təhlükəsiz həyata, təmizliyə, ictimai və sosial davranışlara məftunluğunu dilə gətirirsə, bu, artıq əladır. Elə buna görə də indiyədək Naxçıvanla bağlı səmimi deyilənlər yalnız yaxşı və əladan ibarətdir. Ən önəmlisi isə bütün bu qeyd olunanlar tərif deyil – Naxçıvanın yaratdığı reallıqlardır! Biz isə elə bu reallıqların işığında ölkə Prezidenti cənab İlham Əliyevin Naxçıvana 10 may tarixdəki səfərində – “Naxçıvan Muxtar Respublikası son 20 il ərzində iqtisadi artımın templərinə görə rekordsmen bölgədir. Ümumi daxili məhsul 10 dəfədən çox artıb” fikirləri üzərində durmağa çalışacağıq. Əslində, dövlət başçısı muxtar respublikada bir çox istiqamətlərdə görülən işlər haqqında ayrıca bəhs etdi, hətta ölkənin birinci dövlət kanalına bu barədə geniş müsahibə verdi. Amma ümumi qiymətləndirmə baxımından muxtar respublika iqtisadiyyatının misal gətirilməsi digər sahələrdə qazanılmış uğurları da əhatə edir. Ən azından iqtisadi gücün bütün sahələrə təsiri və qazanılmış müsbət nəticələrdə rolu baxımından.

Təbii ki, Naxçıvan Muxtar Respublikasının bugünkü inkişafının təməli ötən əsrin əvvəllərindən – ulu öndər Heydər Əliyevin Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi dövrdən başlayır. Həmin dövrdə Naxçıvanın problemi təkcə daxili ictimai-siyasi vəziyyətdən asılı deyildi. Şimal sərhədləri tamamilə təhdid altında olan, nəqliyyat, rabitə və digər kommunikasiya əlaqələrinin kəsilməsi nəticəsində blokadaya salınan muxtar diyar, həm də daxili iqtisadi deformasiyanın ən pik həddinə gəlib çatmışdı – bütün istehsal məhsulları idxaldan asılı vəziyyətə düşmüşdü. Belə bir vəziyyətdə mərkəzi hakimiyyətin Naxçıvana ögey münasibəti vəziyyəti bir az da qəlizləşdirmişdi. Yalnız ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri, gərgin əməyi, böyük siyasi nüfuzu və fenomenal qabiliyyəti nəticəsində ana Vətəndən ayrı düşmüş bu “ada” bütün çətinliklərə, məhrumiyyətlə baxmayaraq, ayaqda durmağı bacardı və məhz blokada şəraitində yeni inkişafın modelini ortaya qoydu. Qısa müddətdə muxtar respublikada kənd təsərrüfatı sahəsində mövcud şəraitin yol verdiyi fürsətlər dəyərləndirildi. Enerji təhlükəsizliyinin təmin olunması üçün müxtəlif illərdə elektrik enerjisi istehsal edən stansiyalar tikilərək istifadəyə verildi. Növbəti illərdə infrastruktur quruculuğu prosesinə başlanıldı və bu quruculuq xəritəsi ucqar dağ kəndlərindən mərkəzə doğru genişlənərək bütün yaşayış məntəqələrini əhatə etdi. Eyni zamanda bazar iqtisadiyyatının prinsiplərinə uyğun olaraq yeni sahibkarlıq subyektləri fəaliyyətə başladı, yerli məhsulların istehsalı ildən-ilə artdığından Naxçıvan məhsulları daxili bazarı təmin etməklə yanaşı, xarici bazarlara da ixracı artırmağa başladı. Bu illər ərzində sosial-iqtisadi sahələrin inkişafı ilə bağlı müxtəlif Dövlət proqramları qəbul edilərək uğurla icra olundu, həmçinin əhalinin məşğuliyyət sahələrinə çıxışı diqqət mərkəzində saxlanılaraq özəl sektorda yeni iş yerləri yaradıldı, nəticədə, muxtar respublikada sürətli inkişafın təməli qoyuldu. Sahibkarlıq fəaliyyətinin davamlı olaraq dəstəklənməsi, yeni istehsal müəssisələrinin yaradılması nəticəsində bu gün muxtar respublikada 384 növdə məhsul istehsal olunur. Bunun da 127 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır. Hazırda əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbat tamamilə yerli imkanlar hesabına ödənilir. Sahibkarlığın inkişafına yaradılmış şəraitin nəticəsidir ki, Naxçıvan Muxtar Respublikası Azərbaycan Prezidentinin ilk sədri olduğu “Caspian European Club”un 2018-ci ildə ölkəmizin 10 iqtisadi regionu üzrə hazırladığı illik investisiya reytinqində 18 parametr üzrə ən yüksək bal toplayaraq ikinci dəfə lider oldu. Təsadüfi deyil ki, bu gün Naxçıvan Muxtar Respublikası bir çox istiqamətlər üzrə liderlik edir. Məsələn, dövlət başçısının “…Təkcə onu demək kifayətdir ki, qazlaşdırmanın səviyyəsi artıq 100 faizə çatıb. Elektrik enerjisi ilə təchizat 100 faizə çatıb və Naxçıvanda çox böyük enerji potensialı yaradılıb. Vaxtilə Naxçıvanda işıq yox idi, enerji yox idi. Azərbaycandan gələn xətlər də Ermənistan tərəfindən kəsilmişdi. İndi isə Naxçıvan özünü elektrik enerjisi ilə tam təmin edir və bərpaolunan mənbədən istifadə edir. Bu, çox önəmlidir…” fikirləri, həm də Naxçıvanın Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadəyə görə ilk yerdə dayanmasına əsaslanırdı.
Dövlət başçısının son səfərində diqqətçəkən məqamlardan biri də bu idi ki, Prezidentin açılışında iştirak etdiyi və ya tanışlıq məqsədilə olduğu obyektlərin əksəriyyəti strateji əhəmiyyəti ilə seçilirdi. Məsələn, Əlahiddə Ümumqoşun Ordunun Hərbi Aerodromu, Naxçıvan Qarnizonunun Mərkəzi Hospitalı, Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağı, Culfa-Ordubad magistral avtomobil yolu, Ordubad Su Elektrik Stansiyası kimi ünvanlar bunu bir daha təsdiq edir. Bütün bunlar isə onu göstərir ki, Naxçıvanın hərtərəfli inkişafı onun etibarlı təhlükəsizliyini də təmin edib. Və Naxçıvan bütün sahələr üzrə uğurlu nəticələri ilə Azərbaycanın daha da güclənməsinə bundan sonra da yeni töhfələr verəcək.

 Səbuhi HƏSƏNOV

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR