17 Oktyabr 2021, Bazar

Bu gün inkişaf etmiş ölkələrdə özəl sektorun əsası ailə təsərrüfatları və belə təsərrüfatların özəyini təşkil edən ailə biznesi üzərində qurulub. Ailə təsərrüfatlarının yaradılması və inkişafı yeni istehsal müəssisəsi yaratmadan məşğulluq problemlərini həll etdiyindən və əhali gəlirlərinin artmasına müsbət təsir göstərdiyindən son illərdə muxtar respublikamızda da ailə təsərrüfatlarının inkişafı istiqamətində sistemli tədbirlər həyata keçirilir. Belə təsərrüfatlara dəstək məqsədilə güzəştli kreditlər ayrılır, “Ailə təsərrüfatı məhsulları” festivalları və yarmarkaları keçirilir, müvafiq dövlət qurumları tərəfindən ailələrdə istehsal olunan məhsulların qablaşdırılmasına, satışına köməkliklər edilir. Bir sözlə, son bir neçə il ərzində muxtar respublikada ailə təsərrüfatı institutunun formalaşması üçün lazımi şərait yaradılıb. 

Ailə təsərrüfatları iqtisadi məşğuliyyət sahəsi kimi bir çox müsbət tərəfləri ilə seçilir. Məlum pandemiya isə onu göstərdi ki, bu cür fors-major vəziyyətlərdə ailə təsərrüfatları və ya ailə biznesləri digərləri ilə müqayisədə daha dayanıqlıdır. Bəs bu, nəyə əsaslanır?

Hər şeydən əvvəl, bunu bildirməliyik ki, ailə təsərrüfatı birliyi (forması) sırf qohumluq dərəcəsi bir-birinə yaxın olan ailə üzvlərinin birgə fəaliyyət göstərdiyi təsərrüfat formasıdır. Yəni burada məhsulun yaranmasından, qablaşdırılmasından tutmuş istehlakçıya çatdırılmasınadək olan bütün proseslərin hamısında ailə üzvləri iştirak edir. Ancaq bu iştirak həm də ailə biznesi fəaliyyətidir. Yəni ailə üzvlərinin birgə fəaliyyət göstərdiyi biznes formasıdır. Lakin ailə təsərrüfatı bir müddət sonra öz istehsalını artırıb sahibkarlıq subyektinə çevrilirsə, deməli, istehsal həcminə görə, həm də daha çox işçinin işləməsini təmin edir və bu halda sahibkar, təbii ki, özünə qohumluq dərəcəsi aid olmayan işçiləri də işə cəlb edir. Bu vəziyyətdə həmin subyekti biz “ailə təsərrüfatı” adlandıra bilməsək də, “ailə biznesi” adlandıra bilərik. Çünki həmin subyektin rəhbərliyində və şirkətin əsas idarəçiliyində yenə də ailə üzvləri dayanır və qazanılan gəlir də elə onlar arasında bölüşdürülür. Buna görə də istənilən ailə təsərrüfatına ailə biznesi kimi baxmaq olar, lakin hər ailə biznesinə ailə təsərrüfatı kimi baxmaq mümkün deyil. Buradan da o nəticəyə gəlmək olar ki, “ailə təsərrüfatı” kiçik formatda qəbul olunan anlayışdır və burada müdiriyyət də, işçilər də, bir ailənin üzvləridir. Ailə təsərrüfatlarının böhran vəziyyətlərində dayanıqlı olmasını şərtləndirən səbəblər isə buradakı idarəçilik və işə yanaşma tərzinə əsaslanır.

Qeyd edək ki, ailə təsərrüfatlarında hazırlanan məhsullar hər zaman özünəməxsusluğu ilə seçilir. Çünki böyük müəssisələrdə işləyən yüzlərlə işçidən fərqli olaraq ailə üzvləri istehsal etdiyi məhsulun tərkibinə, keyfiyyətinə daha ehtiyatla yanaşır, məhsulun “nazını” daha çox çəkir, ona əlavə dəyər qatır. Ən əsası, ailə üzvü bilir ki, ailənin istehsal etdiyi məhsul birbaşa onun və ailəsinin adı ilə bağlıdır. Böyük müəssisələrdə isə işçilərin belə bir “dərdi” olmur, çünki istehsal olunan məhsulun keyfiyyəti birbaşa şirkətin adına yazılır. Digər tərəfdən ailə təsərrüfatlarında üzvlər istehsal etdikləri məhsulun keyfiyyəti ilə yanaşı, qənaətə də böyük diqqət göstərirlər. Çünki hər kəs bilir ki, qənaət təkcə məsələyə iqtisadi yanaşmada deyil, həm də ümumi işə canıyanarlıqdadır. Böyük müəssisələrdə isə belə bir yanaşmanı müşahidə etmək çətindir. Bundan əlavə, ailəvi sahibkarlıq fəaliyyəti ailə üzvlərinin hər birinə öz təşəbbüskarlığını, zəhmət və bacarığını nümayiş etdirmək üçün geniş imkanlar açır. Bu isə ailə üzvlərinin hər birinin daha çox hansı istiqamətdə bacarıqlı olduğunu ortaya çıxarır. Nəticədə, ailə üzvlərinin iş bölgüsündə təkcə təsərrüfat sahibi yox, digər üzvlər də söz sahibi olurlar.
Maraqlı məqamlardan biri də odur ki, bu cür ailəvi çalışmalarda ümumi qazanc bir büdcədə toplanır və hər kəs arasında bərabər bölüşdürülür. Əgər təsərrüfat maddi zərərə məruz qalarsa və qazanc azalarsa, bunu bütün üzvlər anlayışla qəbul edirlər. Böyük müəssisələrdə isə sahibkar rastlaşdığı çətinliklərdən dolayı işçilərə maddi ödənişlər etməkdən azad olunmur. Həmçinin böhran dövrlərində ailə üzvlərinin hər biri mövcud vəziyyəti qiymətləndirməyi bacarır, hər kəs ümumi qərar qəbulunda iştirak edir, görüləcək işlər üçün daha tədbirli davranılır. Nəticədə, təsərrüfatın rentabelliyi qorunur, istehsal davamlılığı qısa müddətdə təmin olunur, partnyorlar qarşısında böyük borclar yaranmır. Bütün bu tərəflərinə görə, ailə təsərrüfatları və ya ailə üzvlərinin daha çox təşkil etdiyi kiçik sahibkarlıq subyektləri böhran vəziyyətlərindən minimum zərərlə qurtarmış olurlar. Yeri gəlmişkən, belə vəziyyətlərdə əhali sayının daha çox ailə təsərrüfatı birliklərində çalışdığı ölkələrdə dövlətin də üzərinə o qədər ağır yük düşmür. Necə deyərlər, hər bir ailə təsərrüfatı sahibi ailə üzvlərinin tələbatlarını ödəmək üçün digərlərindən daha üstün imkana malik olur. Bu, dövlət üçün də sərfəli sayılır, çünki əhalinin sosial vəziyyətini sabit saxlamaq üçün az vəsait xərcləyir, əvəzində maliyyə imkanlarını digər istiqamətlərə yönəldir. Bütün bunları yekunlaşdıraraq belə bir nəticəyə gələ bilərik ki, ailə təsərrüfatları ən dayanıqlı biznes formasıdır.

 Səbuhi HƏSƏNOV

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR