17 Oktyabr 2021, Bazar

Əhali artımının sosial-iqtisadi şəraitdən, təbii amillərdən asılılığını, ərazilər üzrə yerləşməsini öyrənən demoqrafiya heç bir tarixi dövrdə sabit qalmamış, hər zaman müxtəlif dəyişikliklərlə müşahidə olunmuşdur. Azərbaycanda son illər baş vermiş sosial-iqtisadi dəyişikliklər də demoqrafik inkişafa öz təsirini göstərmiş, bu sahədə mühüm dövlət siyasəti ortaya qoyulmuşdur. Bu siyasətin uğurla həyata keçirilməsinin nəticəsdir ki, hazırda ölkəmiz öz iqtisadi nailiyyətləri ilə yanaşı, müsbət demoqrafik dəyişiklikləri ilə də diqqəti cəlb edir.

Qeyd edək ki, demoqrafiya sahəsində yürüdülən siyasət, dövlətimiz tərəfindən həyata keçirilən sosial siyasətin mühüm tərkib hissəsdir. Çünki Prezident cənab İlham Əliyevin sosial siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayanır. Bu amil ölkəmizdə dayanıqlı iqtisadi inkişafın nəticələrinin, əldə olunan iqtisadi dividendlərin, ilk növbədə, əhalinin güzəranının yüksəldilməsinə yönəldilməsi, sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində ardıcıl olaraq mühüm addımların atılmasında real ifadəsini tapır. Dəfələrlə Azərbaycanın sosial sahəyə çox böyük diqqət göstərən ölkə olduğunu qeyd edən Prezident cənab İlham Əliyev demişdir: “Biz ölkəmizdə bazar iqtisadiyyatı prinsiplərini sosial ədalət prinsipləri ilə birləşdirə bildik və hesab edirəm ki, Azərbaycanın uğurlu inkişafı məhz buna söykənir”. Bunun nəticəsidir ki, Azərbaycan hazırda güclü iqtisadiyyata, güclü orduya, dünya birliyində güclü mövqeyə sahib olmaqla yanaşı, həm də güclü sosial siyasətə malik olan ölkəyə çevrilmişdir. Aparılan siyasətin mərkəzində isə Azərbaycan vətəndaşı, vətəndaş rifahının təminatı prinsipi dayanır və bu prinsip iqtisadi dividendlərin, ilk növbədə, əhalinin rifahına yönəldilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl addımların atılması ilə təsdiqini tapır.
Son illər Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi həyatında əldə olunmuş davamlı inkişaf da demoqrafik proseslərə öz müsbət təsirini göstərmiş, bu isə, öz növbəsində, əhali artımının əldə olunmasına şərait yaratmışdır. Məlum məsələdir ki, əhali artımında dinamika bir çox prinsiplərə söykənir. Məşğulluq məsələlərinin həlli, tibb və təhsil sahələrində müvafiq xidmətlərin əlçatanlığı, eləcə də bir çox sosial imkanlardan istifadənin yaxınlığı əhali artımında mühüm məsələlərdən biridir. Xüsusilə ötən onilliklərdə muxtar respublikada təhsil və səhiyyə müəssisələrinin tikilməsi və yenidən qurulması, məşğulluq məsələlərinin həlli ilə bağlı həyata keçirilən kompleks tədbirlər, o cümlədən ailə təsərrüfatı institutları və kiçik sahibkarlığın inkişafı istiqamətində görülən işlər və çoxsaylı sosial tədbirlər demoqrafik proseslərə öz təsirini göstərmiş, əhali artımında dinamikanın əldə olunmasına imkan vermişdir.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, muxtar respublikada 1 yanvar 2021-ci il tarixə əhalinin sayı 2010-cu ilin sonu ilə müqayisədə 51,4 min nəfər artaraq 461,5 min nəfər olmuşdur. Ümumi əhalinin 95,1 min nəfəri Naxçıvan şəhərində, 117,9 min nəfəri Şərur, 76,5 min nəfəri Babək, 50,3 min nəfəri Ordubad, 47,3 min nəfəri Culfa, 33 min nəfəri Kəngərli, 25,3 min nəfəri Şahbuz, 16,1 min nəfəri isə Sədərək rayonlarında qeydə alınmışdır.
Hər ölkə üçün mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də əhali sayında gənclərin tutduğu yerdir. Çünki demoqrafik inkişafda yaşlanma və ölüm sayı ilə təbii artım arasında müəyyən bir mütənasiblik olur. Əhali rifahının aşağı olduğu ölkələrdə yaşlanma və ölüm faizi çox olduğundan təbii artım da yüksək olmur. Nəticədə, gənc nüfuzun sayı əhali sayı ilə müqayisədə xeyli aşağı olur ki, bu da məşğul əhali potensialına öz mənfi təsirini göstərir. Sevindirici haldır ki, bu gün muxtar respublikamızın əhali sayında gənclər mühüm yer tuturlar. Belə ki, statistikaya görə, 1 yanvar 2021-ci il tarixə muxtar respublikada gənclərin sayı 142,2 min nəfərə çatmışdır ki, bu da ümumi əhalinin 30,8 faizini təşkil edir. Yeri gəlmişkən bunu da qeyd edək ki, bu gün muxtar respublikada əhalinin 35,4 faizi şəhər, 64,6 faizi isə kənd yerlərində yaşayır. Bir kvadratkilometrə düşən əhalinin sayı isə 84 nəfər təşkil edir ki, bu da 2010-cu ilin sonu ilə müqayisədə 9 nəfər çoxdur.
Beləliklə, demoqrafik proseslərdə qeydə alınmış müsbət dinamika davamlı və dinamik inkişafı, eyni zamanda sağlam cəmiyyətin formalaşdırılmasını təmin etmişdir. Buradan isə o qənaətə gəlmək mümkündür ki, demoqrafik proseslər cəmiyyət həyatının bir çox tərəfləri ilə qarşılıqlı surətdə bağlıdır. Bu əlaqə sosial-iqtisadi hadisələrin demoqrafik proseslərə, demoqrafik proseslərin isə sosial-iqtisadi hadisələrə təsirinin təzahürüdür.

 Səbuhi HƏSƏNOV

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR