27 Noyabr 2021, Şənbə

Təxminən, 1 il bundan əvvəl turizmlə bağlı yazılarımızın birində belə bir statistikaya müraciət etmişdik: Ümumdünya Turizm Təşkilatı 2017-ci ildə dünya turizm bazarının növbəti təhlilindən sonra belə qənaətə gəlmişdi ki, 2020-ci ildə turizm gəlirləri 2 trilyon dollara çatacaq və bunun 20 faizi kənd turizminin payına düşəcək. Lakin dünyanı bürümüş məlum pandemiya dalğası bütün proqnozları alt-üst etdi. Bundan ən çox ziyan çəkən sahə isə, təbii ki, turizm oldu. Doğrudur, bu gün hər bir ölkə özlüyündə pandemiya ilə mübarizənin başa çatacağı günü səbirsizliklə gözləsə də, turizmin inkişafı üçün prosesin digər ölkələrdə də başa çatması zəruri şərtlərdən birinə çevrilib. Ancaq maraqlı məqamlardan biri odur ki, indiki dövr ölkələr üçün həm də turizm hazırlığı baxımından diqqət çəkir. Hətta müxtəlif vasitələrlə ölkəsindəki maraqlı təbiət zonalarına turist qəbulu üçün reklam verən turizm operatorları da az deyil. 

Bizim üçün diqqətçəkən amillərdən biri də odur ki, adıçəkilən turizm təşkilatı bu təhlilləri apararkən, həqiqətən, dünyadakı turizm hərəkətliliyində kənd turizminin payının ildən-ilə artdığını vurğulayır. Bu baxımdan hazırda kənd və ya ekoloji turizm sahələrinin inkişaf etdirilməsi üçün yetərli zamanımız var. Məsələyə bir də bu aspektdən baxmaq lazımdır ki, mövcud vəziyyət də daxili turizmin inkişafı üçün yeni imkanları ortaya qoyur. Məsələn, əvvəlki illərlə müqayisədə indi muxtar respublikamızın sakinləri həftə sonları qədim diyarımızın gəzməli-görməli yerlərinə daha çox üz tutur, yerli şəraitdən istifadə imkanlarından yararlanırlar. Hətta qış fəsli olmasına baxmayaraq, təbiət qoynunda istirahət etməyi sevənlər həm muxtar respublikamızın istirahət məkanları ilə tanış olur, həm də olduqları yerlərdən maraqlı fotoşəkillər paylaşmaqla sosial şəbəkələr vasitəsilə bu işə öz töhfələrini verirlər. Muxtar respublika turizmində son dövrlərdə diqqətçəkən məqamlardan biri də Ağbulaq Xizək Mərkəzinin yaradılmasıdır. Turizmdə mövsümiliyin aradan qaldırılmasında mühüm rol oynayacaq bu mərkəz yaxın gələcəkdə muxtar respublikaya turist axınının sürətləndirilməsinə öz töhfəsini verəcək. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Ağbulaq Xizək Mərkəzinin açılışında bir neçə maraqlı məqama da toxundu. Bildirdi ki, “kənddə ailə təsərrüfatları inkişaf etdirilməli, bu sahədə bacarığı olanlara dəstək göstərilməlidir. Onların istehsal etdikləri məhsullar yüksək səviyyədə qablaşdırılaraq turistlərə təqdim olunmalıdır. Turistik bölgənin əhalisinin gəlirləri, əsasən, turistlərə məhsullarını satmaqla, xidmət göstərməklə əldə olunur. Mərkəzdə böyük yeməkxana fəaliyyət göstərir. Bura üçün də məhsullar kənd əhalisindən alınmalıdır. Ərazidə müvafiq istehsal sexlərinin yaradılması imkanı da araşdırılmalıdır”.

Muxtar respublika rəhbərinin turizm mərkəzində söylədiyi bu fikirlər, ümumilikdə, Naxçıvanda turizmin gələcəyi üçün aydın istiqamətlər ortaya qoyur. Xatırladaq ki, bu yaşayış məntəqəsi muxtar respublikada kompleks turizm infrastrukturunun qurulduğu ilk kənddir. Kənddə ailə təsərrüfatlarının inkişaf etdirilməsi belə təsərrüfat sahiblərinə öz məhsullarını birbaşa turistlərə satmaq üçün yeni imkanlar açır. Bu, inkişaf etmiş turizm ölkələrində geniş tətbiq olunur. Digər tərəfdən mövcud şərait ailə turizminin inkişaf etdirilməsinə zərurət yaradır. Hansı ki bu gün aktual məsələlərdən biri də bir naxçıvanlı ailənin turizm sektorunda biznes qurmasıdır. Bəs ailə turizmi nədir və bunu necə formalaşdıra bilərik?

Məlum məsələdir ki, ailə təsərrüfatı ailə üzvlərinin iştirakı ilə ərsəyə gətirilən ərzaq və ya qeyri-ərzaq məhsullarının istehsal olunaraq satışa çıxarılmasını nəzərdə tutur. Konkret olaraq, Ağbulaq kəndinin nümunəsində Ali Məclis Sədrinin də dediyi kimi burada fəaliyyət göstərən ailə təsərrüfatları istehsal etdikləri məhsulların növ və çeşidlərini artırmaqla o məhsulları ərazidəki yeməkxanaya verməklə və ya birbaşa turistlərin özünə satmaqla vəsait əldə edə bilərlər. “Ailə turizmi” anlayışında isə turistlərə yalnız satış deyil, həm də xidmətlər nəzərdə tutulur. Yəqin ki, bir çoxumuza məlumdur ki, neçə illər bundan əvvəl muxtar respublikamızda turizmi inkişaf etdirmək məqsədilə bir çox kənd yaşayış məntəqələrində fərdi evlərin turistlərə kirayəyə verilməsi məsələsi gündəmə gəlmişdi. Hətta muxtar respublikanın turizmlə bağlı sosial şəbəkə hesablarında belə, evlərlə bağlı elanlar da yerləşdirilmişdi. Məhz ailə turizmi də bölgəyə üz tutan turistlərə bu cür evlərin kirayə verilməsindən tutmuş onlara müxtəlif xidmətlərin təklif olunmasını əhatə edir. Yəni söhbət kənddə yaşayan ailələrin turizm xidmətlərinə cəlb olunmasından gedir. Ali Məclisin Sədri də Ağbulaqdakı çıxışında bu amilə diqqət çəkmişdi. Lakin bununla yanaşı, qeyd etmək lazımdır ki, ailə turizmini formalaşdırmaq heç bir halda inzibati formada olmamalıdır, əks halda belə turizm xidmətinin effektivliyi sual altına düşər. İlk olaraq turizm bölgələrində yaşayan ailələrin potensialının hansı səviyyədə olması şərtdir. Buraya, əsasən, kirayə verilən evlərin təhlükəsizlik və infrastruktur təminatı (klassik və ya modern olmasından asılı olmayaraq), ailə üzvlərinin turistlərlə ünsiyyət bacarığı, dil bilgiləri, gülərüzlü­lük, onlar üçün gəzintilərin təşkili, fərqli növ və çeşidlərdə yeməklərin hazırlanaraq təqdim olunması və digərləri aiddir. Və yaxud da beynəlxalq turizmdə daha çox rast gəlinən turistlərin təsərrüfat işlərinə cəlb olunması (“özün topla, özün bişir, özün ye” konsepsiyası), ənənəvi məişət məşğuliyyətləri ilə yerli yaşam tərzinin içinə daxil olmaq və sair.

Bir faktı vurğulamaq lazımdır ki, ailə turizminin geniş şəkildə təmsil olunduğu kənd turizminin inkişafında ənənəvilik mühüm amillərdən sayılır. Belə ki, bu turizm növünü seçən turistlərin əksəriyyətini daha çox ənənəvi mədəniyyət maraqlandırır. Çünki burada əsas motivasiya kənd həyatına, burada yüzillərboyu yaşadılan dəyərlərə, adət-ənənələrə yaxın olmağa hesablanır. Heç bir halda müasir dəbi sevməyən kənd turizmi milliliyin təbliği baxımından unikal imkanlar yaradır. Turistləri isə bu dəyərləri öyrənmək, onlardan istifadə etmək üçün turizm şirkətlərinin təşkil etdiyi 2-3 saatlıq gəzintilər qane etmir. Onlar üçün fərdi evlərdə qalmaq, ailə üzvləri ilə təmasda olmaq daha maraqlıdır, nəinki rəsmi proqram çərçivəsində hərəkət etmək. Elə buna görə də bütün dünyada kənd turizminin payı sürətlə artmaqdadır.

Nəzərə alaq ki, yaxın gələcəkdə Naxçıvanla Azərbaycanın digər bölgələri arasında nəqliyyat kommunikasiyalarının açılması həm ölkə daxilindən, həm də xaricdən turist axınını sürətləndirəcək, – bu baxımdan ailə turizminin də tələbata uyğun olaraq inkişaf etdiyi şəksizdir. Unutmayaq ki, ailə turizmində iş təkcə turistlərə ev kirayə verməklə bitmir, bunun iqtisadi effektliyi o qədər yüksək olmaz. Əgər turistlərə digər xidmətlər təklif olunmursa, onlar bu pulu başqa ünvanlarda xərcləyəcək. Nəticədə, kirayə pulundan dəfələrlə artıq qazanıla biləcək vəsait (yemək, çay, səyahət, tərcüməçilik xidmətləri və sair) əldən çıxacaq. Bu işdə yalnız o ailələr qazanclı çıxa bilərlər ki, sadaladığımız tərəfləri özlərində birləşdirə bilsinlər. Bir sözlə, Naxçıvanın maraqlı təbiətə və coğrafi əraziyə malik olması yaxın gələcəkdə ailə turizminin muxtar respublikada mühüm məşğuliyyət sahələrindən birinə çevrilməsinə imkan verəcək. Buna isə indidən hazırlaşmalıyıq, həm də ailəlikcə!

 Səbuhi HƏSƏNOV

ARXİV

Noyabr 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR