27 Noyabr 2021, Şənbə

Alman dilindən tərcümədə “hər il keçirilən bazar” mənasını verən yarmarkalar müasir dövrdə pərakəndə ticarətin mühüm satış formalarından biridir. Bazar infra­strukturunda mühüm yer tutan yarmarkaları digərlərindən fərqləndirən əsas cəhətlərdən biri onların müəyyən dövrdən bir – həftədə bir və ya ildə bir neçə dəfə keçirilməsidir. Yarmarkaların mahiyyətinə görə fərqli cəhətlərindən biri də alqı-satqı əməliyyatlarında yalnız iki tərəfin – məhsul sahibinin və istehlakçının olmasıdır. Bütün bunlarla yanaşı, yarmarkalar fəaliyyət istiqamətlərinə görə universal, çoxsahəli və ixtisaslaşmış yarmarkalara bölünür. Naxçıvan Muxtar Respublikasında da yarmarka fəaliyyəti daim diqqət mərkəzində saxlanılaraq müntəzəm olaraq təşkil olunan iqtisadi tədbirlərdən biridir. 

Bu gün muxtar respublikamızda təşkil olunan yarmarkalar ixtisaslaşmış qrupa aiddir ki, buna da, əsasən, təhsil və kənd təsərrüfatı yarmarkalarını misal göstərmək olar. Təhsil yarmarkalarının təşkili mövsümi xarakter daşıdığından əhalinin daha çox müraciət etdiyi bazarlar kənd təsərrüfatı yarmarkalarıdır. 

Qeyd etmək lazımdır ki, muxtar respublikada keçirilən kənd təsərrüfatı yarmarkaları mühüm tədbir kimi bir çox xarakterik xüsusiyyətlərə malikdir. Belə ki, Naxçıvan Muxtar Respublikası aqrar region olduğundan burada kənd təsərrüfatının mühüm inkişaf potensialı var. Son onilliklərdə muxtar respublikada kənd təsərrüfatının müxtəlif sahələri, o cümlədən meyvəçiliyin və tərəvəzçiliyin inkişaf etdirilməsi ilə bağlı qəbul edilən Dövlət proqramları muxtar diyarımızda kənd təsərrüfatı məhsullarının istehsal həcmini dəfələrlə artırıb. Statistikaya görə, ötən il muxtar respublikada 537 milyon manatdan artıq kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da 2019-cu illə müqayisədə 4,6 faiz çoxdur. Yeri gəlmişkən, bunu da vurğulamaq lazımdır ki, son illərdə muxtar respublikada kənd təsərrüfatı məhsullarının istehsal həcmindəki artım faizi digər sahələr üzrə məhsul həcmini xeyli qabaqlayır və bu amil aqrar sahədə qazanılmış mühüm nailiyyətlərdəndir. Ancaq hamımıza məlumdur ki, məhsulu istehsal etmək bir uğurdursa, onun bazarını təşkil etmək digər bir uğurdur. Bu baxımdan muxtar respublikada həmin məhsulların əsas satışı kimi yarmarkalar seçilib. İstər rayon mərkəzlərində, istərsə də paytaxt Naxçıvan şəhərinin Xətai küçəsindəki Mərkəzi Bazarda hər həftənin sonunda təşkil olunan kənd təsərrüfatı yarmarkaları yerli təsərrüfat sahiblərinin, eləcə də əhalinin ən çox üz tutduğu ünvanlardandır. Naxçıvanda dövlət tərəfindən təşkil olunmuş belə yarmarkalar mövsümi deyil, ilin bütün fəsillərində fəaliyyət göstərir. Muxtar respublikanın bütün bölgələrində kənd zəhmətkeşləri tərəfindən istehsal olunan məhsulların satışı üçün yarmarkalarda xüsusi yerlər ayrılır və hər bir təsərrüfat sahibi sərbəst şəkildə öz məhsulunu alıcılara təqdim edir. Naxçıvanda geniş yayılmış ailə təsərrüfatı birlikləri də bu cür yarmarkalardan yetərincə yararlanırlar. Məhsul istehsalçılarının heç bir vasitəçi olmadan və digər ödənişlərə cəlb edilmədən məhsulunu birbaşa alıcılara təqdim etməsi bazarda daim ucuzluğu təmin edir. Buna görə də kənd təsərrüfatı yarmarkalarında satılan məhsullar digərlərindən daha ucuz olur. Nəticədə, istehlakçılar hər həftə yerli, ekoloji cəhətdən sağlam və keyfiyyətli məhsulları münasib qiymətə almaq imkanı əldə edirlər. Digər tərəfdən, yerli məhsulların satışı üçün yaradılmış bu şərait daxili bazarı qorumaqla yanaşı, məhsul bolluğuna da imkan verir ki, bu da, son nəticədə, qiymətlərin münasibliyinə öz təsirini göstərir.

Kənd təsərrüfatı məhsulları yarmarkalarının həftəlik təşkili muxtar respublikada alıcılıq vərdişlərini də stimullaşdırır. Bu nə deməkdir? Uzun illər dünyanın müxtəlif ölkələrində əhalinin alıcılıq qabiliyyətini və vərdişlərini araşdıran sosioloqlar belə qənaətə gəliblər ki, “həftədə bir dəfə bazarlıq” prinsipi ailələri daha çox qane edir. Adətən, həftə sonlarına, xüsusilə də şənbə günlərinə təsadüf edən bu cür bazarlıqlar (bir çox ölkələrdə yarmarka tipli bazarlar həftənin digər günlərinə də təsadüf edir) ailə üzvlərinin digər fəaliyyətlərinə mənfi təsir göstərmir. Ailələrin istirahət və əyləncə vərdişlərinin təqvim üzrə ənənəvi qərarlaşması şənbə günlərinin bu cür bazarlıqlar üçün ideal gün olduğunu təsdiq edir. Nəzərə alaq ki, gündəlik çörək və göyərti tələbatını çıxmaqla, digər zəruri ərzaq məhsullarını həftəlik müddətə almaq və istifadə etmək mümkündür. Bu prinsip həm də ailə üzvlərinin həftənin digər günlərindəki yol verəcəyi vaxt itkisinin qarşısını alır. Bunu da əlavə edək ki, kənd təsərrüfatı məhsullarının satış yarmarkalarında yerli sahibkarlıq subyektləri tərəfindən istehsal olunan digər qablaşdırılmış ərzaq məhsullarının satışına da şərait yaradılır ki, bu da daxili bazarın qorunmasına öz töhfəsini verir. Təqdirolunası haldır ki, artıq muxtar respublikamızın rayon mərkəzlərində, eləcə də Naxçıvan şəhərində ailə təsərrüfatı məhsulları yarmarkaları da təşkil olunur ki, bu da belə təsərrüfatlarda istehsal olunan məhsulların satışına əlavə imkanlar yaradır. Xatırladaq ki, ötən il Naxçıvan şəhərindəki Mərkəzi Bazarda, ümumilikdə, 40-a yaxın kənd təsərrüfatı yarmarkası təşkil olunub və hər yarmarkada 100 tondan çox məhsul satılıb.
Beləliklə, istehsalçı və istehlakçını vasitəçi olmadan üz-üzə görüşdürən, yerli məhsullarımızın satışına və təbliğinə geniş imkanlar açan, süni qiymət artımına maneə yaradan, bazardakı bolluğu təmin edən kənd təsərrüfatı yarmarkaları daxili bazarın inkişaf etdirilməsində əsas istiqamətlərdən biri kimi mühüm rol oynayır.

 Səbuhi HƏSƏNOV

ARXİV

Noyabr 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR