27 Noyabr 2021, Şənbə

Xarici iqtisadi əlaqələrin inkişafı bütün dövlətlər üçün vacib istiqamətlərdən biri hesab olunur. Belə əlaqələrin yaradılması isə iqtisadi potensialla yanaşı, həm də beynəlxalq əlaqələrin necə qurulmasından asılıdır. Bu isə o qədər də sadə məsələ deyil. Müasir dünya təcrübəsi göstərir ki, bu gün belə əlaqələrin qurulması maraqlı tərəflərdən müstəqil siyasətin yürüdülməsini tələb edir. Çünki qloballaşmış dünyada hər bir ölkənin beynəlxalq səviyyədə öz maraqları var. Bu maraqların təmin olunması isə o zaman mümkün olur ki, istənilən dövlət öz xalqının milli mənafeyi üçün qəti və müstəqil qərarlar qəbul etməyi bacarsın. Dolayısı ilə yalnız müstəqil siyasət yürüdən, beynəlxalq əməkdaşlıqda etibarlı tərəfdaşa çevrilə bilən tərəflər bu və ya digər əlaqələrin qurulmasına öz töhfələrini verə bilərlər.

Digər tərəfdən, bu gün xarici iqtisadi əlaqələrin səviyyəsi ölkələrin iqtisadi gücünün və beynəlxalq aləmdəki nüfuzunun əsas göstəricilərindən biri hesab olunur. Bu nüfuz beynəlxalq arenada bir çox problemlərin həllində mühüm rol oynayır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Azərbaycanın beynəlxalq nüfuzu, bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı getdikcə artır. Azərbaycan dünyada, beynəlxalq arenada özünü etibarlı tərəfdaş kimi və etibarlı dost kimi təsdiq edə bilmişdir”.

Bu gün beynəlxalq aləmdə ən çox diqqət edilən məsələlərdən biri xarici əməkdaşlıqda ticarət əlaqələrinin həcminin genişləndirilməsidir. Çünki iqtisadi əlaqələr çox mühüm humanitar və siyasi əhəmiyyətə malikdir. Belə ki, həmin əlaqələr bir ölkənin dünya bazarındakı yerinin müəyyənləşdirilməsindən tutmuş qlobal iqtisadi məkana inteqrasiyasına qədər böyük rol oynayır. Eyni zamanda xarici iqtisadi əməkdaşlıq dostluq əlaqələrinin nəticəsi kimi də diqqət çəkir. Buna görə də müasir dövrdə dünya ölkələri öz əhalisinin ümumi rifah halını yüksəltmək üçün beynəlxalq əmək bölgüsünün üstünlüklərindən maksimum yararlanmağa, bunun üçün xarici iqtisadi əlaqələrin yaradılmasına çalışırlar. Bu gün dövlətimizin apardığı məqsədyönlü iqtisadi siyasətin bir hissəsi olmaqla ticarətin, xüsusilə xarici ticarətin tənzimlənməsi, daxili bazarın qorunması, gömrük prosedurlarının sadələşdirilməsi, xarici iqtisadi əlaqələrin genişləndirilməsi, bütövlükdə, ölkə­mizdə olduğu kimi, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da ticarət dövriyyəsinin artmasına, o cümlədən xarici ticarətin genişlənməsinə şərait yaradıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov muxtar respublikanın xarici ticarət əlaqələrinin genişləndirilməsinin prioritet istiqamətlərdən biri olduğuna diqqət çəkərək deyib: “Muxtar respublikanın iqtisadi inkişafında diqqəti cəlb edən amillərdən biri də xarici ticarət əlaqələrinin genişləndirilməsi, ixrac potensialının gücləndirilməsidir. Sahibkarlığa göstərilən sistemli dövlət dəstəyi, ixracın stimullaşdırılması ilə bağlı qəbul edilmiş qərarlar muxtar respublikada istehsal olunan məhsulların ixrac imkanlarının artmasına və xarici bazarlarda tanınmasına şərait yaratmışdır”.

Qeyd edək ki, muxtar respublikada beynəlxalq iqtisadi əməkdaşlığın təməli xalqımızın ümummilli lideri Heydər Əliyevin 1990-1993-cü illərdə Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi dövrdə atılıb. Belə ki, qonşu İran İslam və Türkiyə respublikaları ilə yaradılmış hərtərəfli əlaqələr iqtisadi sahədə də öz uğurlu nəticələrini göstərib. Həmin əlaqələrin yaradılması ilk vaxtlarda idxal məhsulları üzərində qurulsa da, sonrakı dövrlərdə milli iqtisadiyyatın inkişafı, bunun da nəticəsində yerli məhsulların istehsal həcminin artması aparılan əməliyyatlarda müsbət balansın yaranmasına imkan verib. Ötən dövrə nəzər salsaq, görərik ki, Naxçıvan Muxtar Respublikasının xarici ticarət əlaqələrində 1992-1995-ci illər idxalın həcminin artması, əsasən, gündəlik tələbat mallarının idxalı ilə xarakterizə olunurdu. Belə ki, blokadaya salınması ilə əlaqədar iqtisadi əlaqələrin kəsilməsi, mövcud sənaye müəssisələrinin öz fəaliyyətlərini dayandırması bu dövrdə gündəlik qida məhsullarına olan tələbatın idxal hesabına ödənilməsini labüd edib. 1996-2000-ci illər isə Naxçıvan Muxtar Respublikasında xarici ticarətin formalaşdırılması dövrü kimi səciyyələnir. 2001-ci ildən başlayaraq muxtar respublikada xarici ticarət əlaqələrinin tənzimlənməsi sahəsində qanunvericiliyin yeniləşməsinə, gömrük orqanlarının işinin daha da təkmilləşdirilməsinə, bu orqan strukturlarının texniki təchizatının tam yeniləşməsinə, yerli sahibkarların maraqlarının nəzərə alınmasına, idxalın istehlak yönümlülüyünün istehsal xarakterli məhsullarla yeniləşməsinə başlanılıb. Bu dövrdə muxtar respublikanın iqtisadiyyatı ona bilavasitə təsir göstərən xarici ticarət əlaqələri ilə paralel surətdə inkişaf edib. 2001-2008-ci illərdə muxtar respublikada xarici ticarət dövriyyəsinin artan dinamikası davam edib ki, bu da muxtar respublikanın sosial-iqtisadi inkişafı, yerli istehsal məhsullarının xarici bazarlara yol açması, xarici iş adamlarının maraq dairəsinə düşməsi, yerli sahibkarlığın daha da inkişaf etməsi ilə səciyyələnir. Xarici ticarət dövriyyəsinin ildən-ilə artması isə 2009-cu ildən müsbət saldonun yaranmasına səbəb olub və növbəti illərdə dövriyyə həcminin genişlənməsi ilə müsbət saldonun payı da artıb. Hazırkı dövrdə isə muxtar respublika iqtisadiyyatının dinamik inkişafı xarici iqtisadi əlaqələrin genişləndirilməsinə də öz təsirini göstərib. Bu əlaqələrin coğrafiyasının genişlənməsinin nəticəsidir ki, bu gün Türkiyə, İran, Rusiya, Gürcüstan, Ukrayna, Litva, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrə Naxçıvandan məhsullar ixrac olunur.
Məlum olduğu kimi, 2020-ci il muxtar respublikada “İxrac ili” elan olunub. Bu il yerli istehsal məhsullarının ixrac həcmi əvvəlki dövrlə müqayisədə daha da artıb. Belə ki, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ilin yanvar-noyabr aylarında muxtar respublikada 450 milyon 839 min 200 ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınıb. İxracın dəyəri 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə artaraq 387 milyon 539 min 900 ABŞ dolları təşkil edib, 324 milyon 240 min 600 ABŞ dolları dəyərində müsbət saldo yaranıb.
Bunu da qeyd edək ki, Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qalibiyyətindən sonra Naxçıvan Muxtar Respublikası ilə ölkə­mizin digər bölgələri arasında kommunikasiya əlaqələrinin yaradılması günün mühüm mövzularından birinə çevrilib. Yaxın gələcəkdə muxtar respublika ilə nəqliyyat əlaqələrinin bərpası Naxçıvanda istehsal olunan yerli sənaye və kənd təsərrüfatı məhsullarının maneəsiz olaraq ölkə və digər xarici bazarlara çıxarılmasına imkan verəcək. Bu da Naxçıvanın xarici ticarət əlaqələrinin həcminə öz müsbət təsirini göstərəcək.

 Səbuhi HƏSƏNOV

ARXİV

Noyabr 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR