27 Noyabr 2021, Şənbə

10 dekabr 2020-ci il... Bakı şəhəri, Azadlıq meydanı... Bu təqvim tarixi yaddaşımıza əbədi yazıldı. Çünki Azərbaycan öz müstəqilliyinin bərpasından sonra ilk dəfə Qalib Ordu kimi möhtəşəm Qələbə paradına sahiblik etdi. 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq imzalanan Bəyannamədən bir ay sonra keçirilən bu parad, sözün həqiqi mənasında, ərazi bütövlüyümüz uğrunda aparılan haqq mübarizəmizin yekun hesabatı oldu. Bu paradın başqa ölkələrdə keçirilən qələbə paradlarından fərqi həm də onda idi ki, bu Zəfər yürüşündə iki dövlətin bir milləti yenə birlikdə idi. Parada hazırlıqla bağlı ilk məruzə də hər iki dövlətin rəhbərinə olundu və qardaş ölkələrin Dövlət himnlərinin ifası ilə başladı. Ümumilikdə, bu əlamətdar gündə Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Təyyib Ərdoğan və hər iki dövlətin ordu təmsilçilərinin birgə iştirak etməsi bir daha Türkiyə-Azərbaycan qardaşlığının və gücünün bütün dünyaya nümayişi idi. 

Möhtəşəm Qələbəyə həsr olunmuş Zəfər paradında 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, hərbi gəmi və katerlər, eləcə də Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi, düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi nümayiş olundu. Hələ iki il bundan əvvəl – milli ordumuzun yaradılmasının 100 illiyinə həsr olunmuş hərbi paradda Ali Baş Komandan cənab İlham Əliyev demişdi: “Gün gələcək, işğaldan azad olunmuş torpaqlarda qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək”. Və həmin gün gəldi. Müzəffər Ali Baş Komandan sözünə sadiq qalaraq Qalib Ordunun üçrəngli bayrağının Zəfər paradında bir daha nümayiş etdirilməsinə nail oldu.

Paradda Silahlı Qüvvələrimizin ayrı-ayrı qoşun növlərinin bölmələri hərbi marşın sədaları altında təntənəli surətdə tribuna önündən keçdilər. Parad heyətinin tərkibində Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun Xüsusi Təyinatlı dəstələri və ilk dəfə Azadlıq meydanında paradda iştirak edən Heydər Əliyev adına Hərbi Liseyin kursantları da vardı.
Bu Zəfər paradı hərbi, siyasi, mənəvi yükünə görə digərlərindən fərqlənir. İlk olaraq ayyarımlıq Vətən müharibəsində düşmən ordusunu tamamilə darmadağın edən, psixoloji baxımdan onu uzun illər qorxu altında yaşamağa məhkum qoyan, hüquqi-siyasi baxımdan isə müharibə qanunlarına yüksək səviyyədə əməl edərək tam ədalətli və haqlı mübarizə aparan Azərbaycan Silahlı Qüvvələri ölkəmizin siyasi arenada nüfuzunu xeyli artırdı. Qələbə paradının möhtəşəm görüntüləri dost ölkələrə qürur və sevinc, Azərbaycanı sevməyənlərə isə qorxu, bədbinlik bəxş etdi. Bu ümummilli hadisəyə maraq o qədər böyük idi ki, paradın keçirilməsi dünyanın hər tərəfindən izlənilirdi. Hərbi, siyasi ekspertlər, nüfuzlu ictimai xadimlər bu hadisənin mahiyyəti haqqında maraqlı açıqlamalar verdilər. Məsələn, rusiyalı politoloq, beynəlxalq münasibətlər üzrə ekspert Yevgeni Mixaylov deyir: “Bakı küçələrindən Azərbaycanın və qardaş Türkiyənin minlərlə döyüşçüsü addımladı. Paytaxt sakinlərinin xilaskar­ları necə şadlıqla qarşıladıqlarını da görmək çox gözəldi. Xalqın yaddaşına əbədi həkk olunacaq bu gün, həmçinin bütün işğalçılara da ölkəyə hücum etməklə, buna bənzər təntənəli tədbirlərə əsas verməməyin onlar üçün daha yaxşı olacağını xatırladacaq”. Ekspert paradda ayrıca divarda düşməndən qənimət götürülmüş hərbi texnikaların nömrələrini göstərməyin mənalı olduğunu da qeyd edib: “Bu da əvvəllər Qarabağda öldürülmüş, didərgin salınmış azərbaycanlılara məxsus şəxsi avtomobillərin nömrələrini bir divarda nümayiş edənlərə mesajdır. Yəni – bizim üstümüzə silah çəkən kim olsa, elə həmin silahdan öləcək”.

“Bakıda bu gün keçirilən Zəfər paradı Azərbaycanın qələbə çaldığı, Ermənistanın təslim olduğu 44 günlük müharibənin son nöqtəsi oldu. Müasir tarixdə bu cür paradların təntənəli, yaddaqalan tədbirlər olduğunu görürük. Hərbi parada görə xeyli dərəcədə dövlətin nüfuzu da ölçülür. Bakıdakı parad da çox möhtəşəm keçdi, Azərbaycan Ordusunun bugünkü qüdrəti ortaya qoyuldu”. Bu fikirləri isə digər rusiyalı hərbi ekspert və jurnalist İqor Korotçenko dilə gətirdi. Ekspert bildirdi ki, bu, nəinki regional, hətta beynəlxalq miqyaslı hadisədir, bir çox ölkələrdə izlənilib. Azərbaycan 30 illik işğaldan sonra ərazi bütövlüyünü, suverenliyini bərpa etməyi bacaran müasir dövrün yeganə ölkəsidir.
Onun sözlərinə görə, paradda Azərbaycan Ordusunun həqiqi qüdrəti, Ermənistan ordusunun isə zəifliyi ortaya qoyulub: “Bu paradı keçirməklə Azərbaycan beynəlxalq hüquqa sadiq olduğunu nümayiş etdirərək ölkə suverenliyini gücləndirmək, müasir şaxələndirilmiş iqtisadiyyat qurmaq istiqamətində əvvəlcə görkəmli dövlət xadimi Heydər Əliyevin, sonra cənab İlham Əliyevin yeritdikləri siyasətin düzgün olduğunu bir daha göstərdi. Hərbi qələbələr, əvvəla, dövlətin dayanıqlı olduğu, güclü iqtisadiyyata malik olduğu ilə şərtlənir. Həmçinin bugünkü Azərbaycan cəmiyyətinin də səviyyəsi özünü göstərdi. Ermənistan ordusunun qəhrəman ordu olması, Azərbaycan Ordusunun isə zəifliyi barədə erməni politoloqların, ekspertlərinin yalanlarını çox eşitmişik. Lakin həyat bütün bunları yerbəyer etdi, bu gün ermənilərin geri çəkilərkən atıb getdiyi, bir qismi yararlı vəziyyətdə olaraq qənimət götürülmüş xeyli sayda hərbi texnika gördük. Həmin texnikaları nümayiş etdirməkdə məqsəd bu müharibənin “Qarabağ müdafiə ordusu” adlı hansısa qondarma birləşməyə qarşı yox, iki ordu arasında, yəni Azərbaycan ilə Ermənistan orduları arasında getdiyini göstərməkdir. Ermənistan ordusu da müasir silahlardan istifadə edib, lakin gerçək döyüşlərdə Azərbaycan əsgər və zabitləri hərbi hazırlıq, mənəvi səviyyə baxımdan düşməni dəfələrlə üstələyiblər”.
Maraqlı məqamlardan biri də odur ki, paradda indiyədək əvvəllər üzə çıxarılmayan birləşmə olan Xarici Kəşfiyyat Xidmətinin xüsusi təyinatlıları da iştirak edirdi. İndiyədək ermənilər sosial şəbəkələrdə hay-küy salıb guya Azərbaycan tərəfində qara geyimli Türkiyə xüsusi təyinatlılarının vuruşması barədə məlumatlar yayırdılar. İndi isə təsdiqləndi ki, bunlar, əslində, Azərbaycan xüsusi təyinatlıları imiş.
Yeri gəlmişkən, Bakıda keçirilən hərbi parad xarici medianın da diqqət mərkəzində idi. Zəfər paradı haqqında Moldovanın nüfuzlu “Tribuna”, “Noi”, “İPN” və “Deschide” xəbər agentliklərinin rəsmi internet səhifələrində, Özbəkistanın fikr.uz, qalampir.uz və interpress.uz portallarında, Gürcüstanın report.ge, palitranews.ge, aktual.ge, kavkasia.net, 24news.ge, gaxa.ge internet resurslarında, Qətərin “Aljazeera”, İordaniyanın “Almamlaka”, Misirin “Nile” və “ExtraNews”, həmçinin “Əl-Ərəbiyyə” və “Skynews Arabia” telekanallarında materiallar təqdim olunub. Həmçinin Ukraynanın “RBK-Ukrayna”, Ukrinform, UNIAN, “İnterfax-Ukrayna” informasiya agentliklərinin, “Gordon”, “Segodnya”, “Dialog”, “Podrobnosti” və digər portalların yaydıqları informasiyalarda, 1+1, “Ukrayna 24”, “TCN”, “Pryamoy”, eləcə də digər ölkələrin telekanallarında yayımlanıb. Türkiyə televiziyaları isə hərbi paradı birbaşa yayımlayıblar. Təqdim olunan reportaj və materiallarda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevlə yanaşı, Türkiyə Respublikasının Prezidenti Rəcəb Təyyib Ərdoğanın da iştirakı xüsusi vurğulanıb. Həmçinin Azadlıq meydanında Ermənistan ordusundan qənimət götürülmüş hərbi texnikaların bir qisminin, eləcə də Azərbaycan Silahlı Qüvvələrinə məxsus döyüş texnikasının nümayiş etdirildiyi qeyd olunub.
Bəli, Zəfər paradı ordumuzun düşmən üzərində tam və birdəfəlik Qələbəsinin tərənnümüdür. Bu zəfər xalq-ordu birliyinin təcəssümü, düşmənə qarşı dəmir yumruq kimi birləşmiş bir xalqın müqəddəs Vətən sevgisinin təntənəsidir. Həmçinin bu Zəfər paradı Azərbaycanda yeni zəfərlərin başlanğıcı, yeni inkişafa açılan bir qapıdır. Zəfərin və yeni inkişafın mübarək, Azərbaycan!

 Səbuhi HƏSƏNOV

ARXİV

Noyabr 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR