27 Noyabr 2021, Şənbə

Bu güc həm də Azərbaycanın mənəvi qalibiyyətini təmin etdi

(II yazı)


10 noyabr 2020-ci il. Bu tarix Azərbaycana qarşı aparılan ədalətsiz bir savaşda  Xeyrin Şər üzərində qələbə çaldığı gündür. Bu Qələbə Azərbaycan əsgərinin gücü, Ali Baş Komandanımızın qətiyyəti, böyük siyasi iradəsi ilə qazanıldı. Elə buna görədir ki, 28 ildir, işğal altında olan ərazilərimizin böyük, həm də strateji əhəmiyyətli hissələri ordumuzun qəhrəman övladlarının yüksək döyüş bacarıqları sayəsində azad olundu. Təbii ki, II Qarabağ müharibəsində Azərbaycanın qazandığı qələbə təkcə hərbi və siyasi deyil, həm də mənəvi baxımdan əhəmiyyət daşıyır.   

İlk olaraq bunu qeyd etməliyik ki, Birinci və İkinci Qarabağ müharibələri fərqli dövrləri əhatə etsə də, hər iki savaşın analogiyasına digər münaqişələrdə rast gəlmək mümkün deyil. Prinsip etibarilə bu müharibələr bir-birinin davamıdır, yalnız aparıldığı tarixi dövrlərə görə biz bunları ayrı-ayrı təqdim edirik. Əgər Azərbaycan ərazilərinin işğalı ötən əsrin 90-cı illərində ölkədə yaranmış xaos, siyasi hərc-mərclik, eləcə də heç bir nizami orduya malik olmadığımız dövrə təsadüf etmişdirsə, İkinci Qarabağ müharibəsi yeni dövrün tələblərinə uyğun silahlanmış, güclü siyasi iradəyə və qətiyyətə malik dövlət başçısının komandanlığı altında aparılırdı. 

Təbii ki, müharibələr dağıntı, qan-qada, ölüm deməkdir. İkinci Dünya müharibəsindən başlayaraq müasir dövrə qədər dünyada baş verən müharibələrə nəzər salsaq, görərik ki, onların heç biri erməni faşizmi ilə müqayisə oluna bilməz. Əgər dünya ölkələri faşizmin nə olduğunu ozamankı faşist Almaniyasının idarəçiləri və onların törətdikləri hadisələrin nəticələri ilə dərk edib öyrənmişdirsə, erməni faşizminin mahiyyətini dərk etmək üçün Azərbaycanla aparılan bu müharibələrə nəzər salmaq yetərlidir. Bir az da detallara varaq. Məsələn, Birinci Dünya müharibəsində də alman faşizmi tərəfindən soyqırımı hadisələrinə imza atılıb. Lakin öldürülmüş mülki şəxslərin meyitləri üzərində təhqiramiz hərəkətlərə, həm də kütləvi şəkildə yol verilməsinə tarix Xocalıdan başqa bir yerdə şahidlik etməyib. Və yaxud götürək hərbi əsir, girov və ya digər şəraitdə saxlanılan insanlarla münasibəti. Əgər alman faşistləri əsirlərdən ən pis halda müxtəlif tibbi əməliyyatların sınaqlarında istifadə edirdisə, erməni faşizmi ağlagəlməyən bu tip “sınaqlardan” “ruhlarının dirçəlişi” üçün istifadə edirdilər. Siz dünyanın heç bir ölkəsində faşizm təbliğatını açıq-aşkar təbliğ edən, onunla bağlı kitablar nəşr edən, nümayişkaranə şəkildə bunu yüksək kürsülərdən söyləyən dövlət idarəçiləri, siyasətçilər və “ziyalılar”ı görə bilməzsiniz. Siz dünyanın hər hansı bir münaqişə bölgəsində tarixi abidələrin daş-torpağından, qəbiristanlıqlarından, dilsiz-ağızsız ağaclarından heyfini çıxacaq nasist hərəkətlərə də rast gələ bilməzsiniz. Çünki nasizmin bioloji irqçiliyə əsaslanan ideologiyası bu sadaladıqlarımızı törətmək üçün tam yetərli deyil. Bunun üçün həm də dünyanın “seçilmiş milləti” – erməni olmalısan. Bu müharibələri digərlərindən fərqli edən həm də budur ki, dövlətçilik tarixinə malik olmayan ermənilər onlara öz torpaqlarında yüz il bundan əvvəl dövlət yaratmağa icazə vermiş bir ölkənin digər ərazilərini işğal edərək növbəti dövlətlərini yaratmaq istəyirdilər, amma buna nail ola bilmədilər. Və bütün bunlara rəğmən bu 44 günlük müharibədə Azərbaycan dünya hərb tarixində ən ədalətli müharibə aparan tərəf kimi tarixə düşdü. Belə ki, müharibənin davam etdiyi hər gün ən yüksək səviyyədə erməniləri işğal etdikləri ərazilərdən çıxacaqları halda məsələnin sülh yolu ilə həll olunacağına çağırdı. Ancaq bu çağırışlar heç bir nəticə vermədi. Erməni hərbi birləşmələri dinc yaşayış məntəqələrimizi qadağan olunmuş dağıdıcı gücə malik silahlarla atəşə tutanda da Azərbaycan analoji addımı atmadı, bunun cavabını döyüş meydanında verdi. Hətta düşməni təslimçi sülhü imzalamağa məcbur edəndən sonra da, əvvəlcədən bildirdiyi kimi, Azərbaycanın yurisdiksiyasında de-fakto olacaq ərazilərdə ermənilərin də yaşaya biləcəyini bildirdi. İndi siz deyin, təkcə son yüz ildə baş verən hadisələrə baxmayaraq, xəstə təxəyyüllü düşmənlə belə, dünyanın ən ədalətli müharibəsini aparan Azərbaycana tolerantlıqda hansısa bir ölkəni misal göstərmək mümkündürmü? Təbii ki, yox!
Təsadüfi deyil ki, Azərbaycan əsgəri 44 günlük bu müharibədə bir zamanlar silahsız və köməksiz mülki əhali üzərində “qalib” gəlmiş “yenilməz erməni ordusu” mifini darmadağın etdi. Azərbaycan Ordusu həyata keçirilən uğurlu döyüş əməliyyatları ilə Xocalı cinayətkarlarını məhv edərək bu soyqırımın qisasını erməni hərbçiləri və muzdlularından alaraq xalqımızın mənəvi rahatlığını təmin etdi. Xalqımız üçün mədəniyyət və mənəviyyat mərkəzi sayılan Şuşanın süngü-bıçaqla, qol gücü ilə, erməni əsgərinə göz-gözə qorxu yaşadılaraq alınması bu rahatlığın sərhədini daha da genişləndirdi. Mənəvi qələbəmizin ən pik nöqtəsi isə bu oldu ki, müharibənin davam etdiyi dövrdə bütün dünyanın gözü önündə Azərbaycan Prezidenti tərəfindən dəfələrlə alçaldılan, mənliyi tapdalanan erməni hərbi-siyasi lideri gecə ikən ona verilən təslimçi Bəyanatı qorxudan imzaladı. Bunu da xatırlatmaqda fayda var ki, müasir və müstəqil Azərbaycanın tarixinə yazılan bu Qələbə xalqımızı natamamlıq kompleksindən qurtardı, özümüzə güvənimizi artırdı. İllərdir, bizə açıq və gizli şəkildə təlqin olunan “Qarabağın açarı sizdə deyil” – düşüncəsini darmadağın edən Azərbaycan əsgəri, həm də bu açarın öz əlində olduğunu bütün dünyaya sübut etdi. Şəhidlər versək də, qazilərimiz olsa da, indi daxilən çox rahatıq. Və bu rahatlığı çoxdan gözləsək də, heç zaman özümüzə hiss etdirə bilməmişdik. İndi isə hissetmə zamanıdır – yenilməzliyi, müzəffərliyi, qalibiyyəti!.. Çünki artıq Qarabağ Azərbaycandır!

 Səbuhi HƏSƏNOV

ARXİV

Noyabr 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR