27 Noyabr 2021, Şənbə

Müasir dünyada biznesin inkişafı elə bir səviyyəyə çatıb ki, müxtəlif sektorlar üzrə yeniliklərin, müştəriyə daha yaxın olan xidmətlərin müəyyən növləri ilə tez-tez tanış oluruq. Ancaq bu sektorlar içərisində ən “yaşlısı” sayılan pərakəndəçilik hələ də öz birinciliyini qorumaqda davam edir. Qeyd edək ki, ölkədə biznesin genişlənməsinin, inkişafının əsas göstəricisi məhz pərakəndəçilik sektorudur. Pərakəndəçilik sektoru nədir? Qısa, həm də qəliz terminlərdən uzaq desək pərakəndəçiliyi belə başa düşə bilərik: pərakəndəçilik istənilən məhsulu böyük həcmdə (topdan) alıb, müştəriyə kiçik həcmlərlə (pərakəndə) satmaqdır. İlk baxışda sadə görünən bu alış-satış prosesi, əslində, çox məntiqli, xüsusi bacarıq tələb edən əsaslar üzərində qurulub. Bu yazımız da muxtar respublikamızda pərakəndəçilik ­sektorunun müasir vəziyyəti və gələcəyi haqqındadır.

Muxtar respublikamızda pərakəndəçilik sektorunun indiki vəziyyəti haqqında danışmazdan əvvəl bu sektorun yaxın keçmişinə nəzər salaq. Əvvəlcə onu qeyd edək ki, pərakəndəçiliyin bir sektor olaraq inkişafı müstəqilliyimizin bərpa edilməsindən sonrakı dövrə təsadüf edir. Həmin dövrdə ölkəmizdə, eyni zamanda muxtar respublikamızda kiçik­həcmli satış obyektlərinin yaranması bu sektorun ilk işartıları idi.

Təbii ki, müstəqilliyin ilk illərində ölkədə yaranmış xaos biznesə də öz mənfi təsirini göstərmişdi. Həmin dövrdə vətəndaşların əlində pul kütləsi olsa da, istehlak üçün zəruri məhsullar qıt idi. Heç bir istehsal müəssisəsinin işləməməsi, kənd təsərrüfatının iflic vəziyyətinə düşməsi qonşu ölkələrdən məhsul idxalını daha da zəruri edirdi. Muxtar respublikaya əsas qida məhsulları qonşu Türkiyə və İrandan idxal olunur və onun satışı da müasir pərakəndəçilik qaydalarından uzaq, necə gəldi, təşkil edilirdi. Məhz həmin dövrlərdə Naxçıvan şəhərində, rayon mərkəzlərində, kəndlərdə çoxsaylı “mağazalar” fəaliyyət göstərirdi. Yaşadığı evdən küçəyə kiçik pəncərə açaraq alver edənlərin qazancı heç də az deyildi. Ancaq söhbət ondan gedir ki, belə mağazaların sayı həddən çox idi. Hətta 80-100 nəfərin yaşadığı bir məhəllədə bəzən 10-a yaxın belə mağazanın olduğunu çoxumuz xatırlayırıq. Ərzaq və yuyucu məhsullarının, bəzi hallarda bir neçə geyim aksesuarının bir rəfdə yerləşdirildiyi həmin mağazalarda satış qiyməti çox zaman yüksək olurdu. Məhz bu cür kortəbiiliyin, antisanitar vəziyyətin dəyişməsi üçün bu sahədə yeni bir mərhələnin başlanması labüd idi.
Doğrudur, pərakəndəçilik sekto­runda yeni mərhələnin başlanması dövlət strukturlarının səlahiyyətində olmasa da, bu istiqamətdə müxtəlif inzibati addımların atılması zəruri idi. Xüsusilə şəhər infrastrukturunda müəyyən dəyişikliklərin edilməsi pərakəndə satış sektorunda əsas aparıcı obyektlərdən olan yeni növ mağaza və marketlərin yaradılmasında yeni bir dönəmin başlamasından xəbər verirdi. Bu mərhələdə isə bir zamanlar işsizlik ucbatından bir çoxlarının müvəqqəti məşğuliyyətinə çevrilmiş biznes bu sahədə daha çox ixtisaslaşmış və ya müəyyən təcrübə qazanmış insanları özünə cəlb edirdi. Bazar qaydalarına görə, biznesə təsadüfi gəlmiş insanlar bu sahəni tərk edəcək, nisbətən fərqlənənlər öz yollarına davam edəcəkdilər. Təxminən, 2000-ci illərədək davam edən bu vəziyyət sonrakı illərdə daha fərqli və yeni bir mənzərəni formalaşdıracaqdı. Bu mənzərə isə yeni marketlərin sayının artması, şəhərdəki bazarların fəaliyyətinin nisbətən yaxşı­laşması ilə izah oluna bilər. Buna görədir ki, bazar obyektlərində və ya bu obyektlərin ətrafında mağazaların sayının artması sektora da öz təsirini göstərirdi. Digər təsir isə ondan ibarət idi ki, artıq yerli məhsulları istehsal edəcək müəssisələr yaranır və ildən-ilə bu məhsulların həcmi genişlənirdi. Uzağa getməyək, pərakəndəçilik sektorunda son 15 ilə nəzər salsaq, bir çox müsbət dəyişikliklərin baş verdiyinin şahidi olarıq. Bu dəyişikliklərin əsas səbəbi isə son illər muxtar respublikada kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində atılan qətiyyətli addım­lar, sahibkarlıq fəaliyyətinə dövlət dəstəyinin genişləndirilməsi, yerli ərzaq və qeyri-ərzaq məhsullarının bazarda payının artması və əhalinin sosial rifahının yüksəlməsidir. Pərakəndəçilik bu gün həyatımızda gedən istənilən dəyişikliyi özündə əks etdirən sektordur. Eyni zamanda nəzərə alaq ki, bazar iqtisadiyyatı qaydalarına görə pərakəndəçi marketoloqların gözləri digər sektorda işləyənlərlə müqayisədə daha açıq olur. Əslində, belə də olmalıdır. Çünki istehlakçı ilə son əlaqəni quran, onun maraqlarını hamıdan əvvəl görən də məhz pərakəndəçilərdir. Bu biznes məntiqi ona gətirib çıxarır ki, həmin sektor digər iqtisadi sektorlara əməlli-başlı təsir göstərə bilir.
İndi isə fikrinizi bir müqayisəli təhlilə yönəltmək istərdim. Hər gün şəhərimizdəki mağazaların xidmətlərindən istifadə edirik. Pərakəndəçiliyin ikinci mərhələsində nəyə nail olmuşuq? Yəni az əvvəl qeyd etdiyimiz 2000-ci ildən indiyədək hansı dəyişikliklərin şahidi olmuşuq? Birinci onu deyək ki, müştəri kimi indi daxil olduğumuz mağazalarda məhsulların sərgilənməsi prinsipini qənaətbəxş hesab etmək olar. Təmizlik, məhsulların saxlanma qaydaları, alıcı-satıcı münasibətləri, çeşid müxtəlifliyi, yerli məhsulların həcminin çox olması, müştərilərin keyfiyyətli məhsullara daha çox maraq göstərməsi müəyyən qədər sektorun nailiyyətləridir. İkinci bir tərəfdən, əgər 15 il bundan əvvəl, məsələn, ərzaq mağazası açmaq istəyənlər şəhərin mərkəzi hissəsinə daha çox üstünlük verirdisə, bu gün artıq müxtəlif məhəllələrdə belə, yüksək gəlirlə fəaliyyət göstərən mağazalar var. Əvvəlki mərhələdə böyük marketlərdə eyni ərzaq məhsullarının satışı məhəllə mağazaları ilə müqayisədə nisbətən bahalı olurdusa, indi bu fərq aradan qalxıb. Burada vurğulanmalı məqamlardan biri də odur ki, son illərdə şəhərimizdə, eləcə də muxtar respublikamızın digər bölgələrində müasir satış obyektlərinin fəaliyyətə başlaması yeni ticarət mədəniyyətinin formalaşmasına təsir edib. Artıq istehlakçılar komfortlu, işıqlı, vizual görüntüsü xoş təsir bağışlayan ticarət şəbəkələrində ona lazım olan məhsul çeşidlərini asanlıqla tapa, aldıqları məhsula görə bir çox zəmanətləri özündə birləşdirən elektron resurslardan və satış qəbzlərindən yararlana və ticarət obyektlərinin digər xidmətlərindən faydalana bilirlər. Biznes stabil sahə olmadığı üçün bu sahədə irəliyə doğru inkişaf qaçıl­mazdır. Elə buna görə də istərdik, pərakəndəçilik sektorunun yaxın gələcəyi ilə bağlı bəzi ehtimalların üzərində dayanaq.
Birinci ondan başlayaq ki, pərakəndəçilik sektoru hazırda ölkəmizdə, eyni zamanda muxtar respublikamızda özünün dinamik dövrünü yaşayır. Buna görə də mağazaların ixtisaslaşma zamanı artıq çoxdan yetişib. Bunu necə başa düşmək olar? Əvvəllər fərqli kateqoriyalara malik məhsulların satışı bir mağazada alıcıya təklif olunurdusa, yeni yaranan mağazalarda fərdiliyin qorunmasına üstünlük verilir. Məsələn, əvvəllər ərzaq mağazasının bir qismində uşaq oyuncaqları və ya fərqli bir xırdavat növünə rast gəlinirdisə, indiki mərhələdə onlardan yalnız birinə üstünlük vermək daha çox uğur gətirir. Və yaxud əvvəllər hər hansı geyim mağazasının bir bölümündə idman geyimlərinə rast gəlinirdisə, indi sırf idman aksesuarları üçün mağaza işlətmək daha sərfəli hesab edilir. Bunun isə məntiqi səbəbi vardır: inkişaf davam etdikcə, insanların maddi vəziyyəti yaxşılaşdıqca, ehtiyacları da çoxalır. Mağazalar isə bunu ödəmək üçün eyni ehtiyac növünə üstünlük verməli olurlar. Artıq bunun bəzi işartılarını da görmək mümkündür. Əvvəlcə marketlərdə çox dar çərçivədə unlu şirniyyat məmulatlarına rast gəlinirdisə, bu gün yerli istehsal markaları olan “Damla” və “Fərda” şirniyyatları öz fərdi mağazalarında müştərilərinə müxtəlif çeşidli məhsullarla xidmət göstərirlər. Başqa bir misal. Bu gün dünyanın ən məşhur pərakəndə şəbəkələrinin əksəriyyətində satılan məhsulların 30, 40 faizi şəbəkənin öz məhsulları olur. Deməli, yerli məhsulların həcminin genişlənməsi onlara uyğun ticarət şəbəkələrinin açılmasına daha çox ehtiyac yaradır.
Buradan belə bir sual meydana çıxa bilər ki, pərakəndəçilik sektorunun inkişafı böyük ticarət mərkəzlərinin yaradılmasından tutmuş hipermarketlərin açılmasınadək genişlənirsə, bəs kiçik məhəllə mağazalarının taleyi necə olacaq? Qeyd edim ki, hazırda bizim pərakəndəçi­lik sektorunda keçdiyimiz prosesi Rusiya və Türkiyə kimi ölkələr 10-12 il bundan əvvəl keçiblər. Təcrübə göstərir ki, heç bir halda məhəllə mağazaları və ya kiçik ticarət obyektləri bu prosesdə öz müştərilərini itirmirlər. Birinci ona görə ki, potensial müştəri heç zaman böyük marketlərdə istəyini kiçik mağazalardakı kimi sərbəst çatdıra bilmir. Çünki kiçik mağazalardakı satıcılarla (bunların böyük əksəriyyəti sahibkar­lar olur) qurulan səmimi ünsiyyətlə böyük marketlərin satıcıları arasındakı gedən “rəsmi” ünsiyyət arasında fərq var və bu amil bütün ölkə­lərdə və şəhərlərdə eynidir. İkincisi, müştəri müəyyən zamanlarda vəsaiti olmasa belə, kiçik mağazalardan nə isə ala və pulunu sonra ödəyə bilir. Çünki kiçik mağazalardakı satıcıların böyük bir qismi, qeyd etdiyimiz kimi, sahibkar­ların özləri olduğu üçün, onların satışla bağlı birbaşa qərarvermə səlahiyyətləri olur. Nəhayət, mütəmadi olaraq kiçik bir məhsula ehtiyac duyulduğunda müştərilər böyük marketlərə deyil, daha çox məhəllə mağazalarına üz tuturlar. Məhz kiçik mağazaların bu tərəfləri onların müştəri kütləsini əllərində saxlamasına imkan verir. Bu isə ekspertlərin də düşündüyü kimi, kiçik mağaza sahiblərinə gələcək fəaliyyətləri üçün narahatlıq yaratmamağa əsas verir.
Bəli, pərakəndəçilik sektoru bu gün dünyada istehsal olunan məhsulların keyfiyyətindən tutmuş rəqabət bazarının formalaşmasınadək, reklam bazarının inkişafından yerli məhsulların brendləşməsinə qədər müxtəlif prosesləri tənzimləyir və nəzarətdə saxlayır. Ona görə də bu sektorda yaxın illərdə bir çox yeniliklərlə qarşılaşacağımız şübhəsizdir. Yeni mərhələ, eyni zamanda müasir pərakəndəçilik davranışlarını və mədəniyyətini ortaya çıxaracaq ki, bu sahədə yalnız vaxtında və dəqiq hədəflərə doğru hərəkət edənlər uğur qazanacaq.

 Səbuhi HƏSƏNOV

ARXİV

Noyabr 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR