27 Noyabr 2021, Şənbə

və ya əcdadlarımızın sirli məskəni Qazma mağarasına yolçuluqda gördüklərim

Tarixçi olmasam da, tarixə marağım hər zaman olub. Bu marağın sözlə ifadəsinə imkan verən peşəmə həm də ona görə minnətdaram ki, mənə doğulub boya-başa çatdığım Naxçıvanımın hər qarışını gəzib-dolaşmaq, tanımaq fürsəti verib. Elə bu maraqdan irəli gəlir ki, çoxdan görmək arzusunda olduğum Naxçıvanın özü qədər qədim, insanın ilk yaranışından təbiətə adaptasiyasını formalaşdıran, qədim bir tarixi dövrün çox məqamlarını özündə sirr saxlayan Qazma mağarasına da səfərimi, nəhayət ki, bu günlərdə reallaşdıra bildim.

Qazma mağarası haqqında elmi ədəbiyyatlarda, eləcə də digər mənbələrdə o qədər də geniş məlumat yoxdur. Bu qədim insan məskəninə yolçuluqda yaddaşımdakı məlumatları artıra bilməyəcəyimdən də əmin idim. Ancaq mənim üçün əsas olanı əcdadlarımızın bu daş yaddaşı ilə üz-üzə qalmaq, “bu səssiz tarixin” ecazkar aurasını hiss etmək idi. Və əvvəldən planlaşdırdığımız kimi mağaraya daha yaxın məsafədə olan Şərur rayonunun Tənənəm kəndindən yox, Kəngərli rayonunun Qarabağlar kəndi istiqamətindən gedəcəkdik. Elə getdik də... Məqsədimiz yol boyunca hər qarışının özünəməxsus adı olan bu yerlərin dərə-təpəsi, qayası, çölü-düzəni haqqında həm də oxucularımıza məlumat vermək idi. Bunun üçünsə mənə kömək edəcək bu yerlərin hər daşı, qayası haqqında məlumatlı olan bələdçi yoldaşım, Qarabağlar kəndindən olan, həyatının çox hissəsini çobanlıqla keçirən Dadaş Dünyamalıyev idi. Bu yolu qət etmək üçün isə ən münasib nəqliyyat vasitəsi olan atdan istifadə etdik. 44-45 yaşlarında olan müsahibim, adətən, yaz aylarında kənddən sürünü çıxarar, yerə qar düşənədək çöllərdə olar, vacib işi olmazsa, yalnız həftədə bir gün kəndə gələr, dincələr, qohum-əqrəbadan xəbər tutar. Elə bizim Qazma ma­ğarasına getmək istəyimizi də əvvəlcədən danışdığımız kimi, onun kənddən çölə gedəcəyi günlə razılaşdırmışdıq. Nəhayət, bu payız günlərinin birində istəyimizi reallaşdırırıq. Çoban Dadaşın bizi müşayiət etməsi ilə yola çıxırıq. Yolumuz uzaq, varacağımız nöqtə isə təkcə Qazma mağarası deyildi, mağaradan da üzüyuxarı qalxaraq Şəmdin dağının ətəklərinə qədər gedəcəkdik.

Qazma mağarasına gedən yol Qarabağlar kəndinin şimal-qərb istiqamətindədir. Kəndin yuxarı hissəsində sonuncu yaşayış evlərini keçdikdən sonra gedəcəyimiz ünvana doğru yola başlayırıq. Əvvəllər, elə indinin özündə də qonşu Tənənəm kəndinə və əks tərəfə gedib-gələnlər bu yoldan istifadə edirlər. Ancaq bu yollarda nəqliyyatın hərəkəti o qədər də münasib deyil, bəzi hallarda isə məhdudlaşır. Kənddən sonra ilk keçdiyimiz ərazinin adı isə “Xəlilin bağı”dır. Xəlil Qarabağlar kəndindən olub. Deyilənlərə görə, ötən əsrin əvvəllərində burada böyük bir bağ salıb. Ancaq indi həmin bağdan əsər-əlamət yoxdur, sadəcə, boş torpaq qalıb. Bir neçə il bundan əvvəl yuxarıdakı Asnı bulağından üzü bu tərəfə yeni su arxı çəkiləndə kimsə bağın boş qalan torpağından istifadə etmək üçün həvəslənib, ancaq, deyəsən, bu həvəs də uzun sürməyib. Nə isə, bağın ərazisindən keçdikdən, təxminən, 2-3 kilometr sonra bu yerlərin ən məşhur ərazilərindən olan “Süzgünlər” başlayır. “Süzgünlər”in üzərində bir az dayanmaq istəyirəm. Belə ki, ərazidə aparılan tədqiqatlara görə, burada Qarabağlar kurqanları yerləşir. Kurqanların mövcud olduğu ərazi el arasında “Süzgünlər dərəsi” adlanır. Qarabağlar daş karxanasının yaxınlığında yerləşən Süzgünlər dərəsi 5 hektardan artıq daşlıq bir ərazini əhatə edir. Ərazidə daşdan hörülmüş müdafiə divarlarının qalıqları indiyədək qalsa da, kurqanlarla bağlı ilk tapıntılara elə bu yaxınlarda – 2014-cü ildə burada aparılmış arxeoloji tədqiqatlar zamanı rast gəlinib. Belə ki, Süzgünlər dərəsi ərazisində 20-dən artıq müxtəlifölçülü kurqanlar qeydə alınıb. Kurqanların əksəriyyəti həmin dərənin şimalında, atəş meydanının qarşısında aşkar edilib. Şimaldan qərbə doğru bir cərgə ilə uzanan kurqanların ən böyüyünün diametri, təqribən, 20, ən kiçiyinin ölçüsü isə 5 metrə yaxın olub. Bundan əlavə, kurqanların düzülüşündə maraqlı bir ardıcıllıq da diqqət çəkir. Belə ki, hər bir böyük kurqandan sonra daha kiçikölçülü kurqan yerləşir. Kurqanlar arası məsafə 5-10 metr və daha çox aralıqda dəyişir. Təəssüf ki, bu kurqanların böyük əksəriyyətinin kromlexləri vaxtilə kənd əhalisi tərəfindən sökülərək fərdi evlərin tikintisi üçün istifadə edilib. Tədqiqatçıların dərənin başında qeydə aldığı 12 kurqandan bəziləri öz ölçülərinin böyüklüyünə və möhtəşəmliyinə görə, demək olar ki, Naxçıvan ərazisində bənzərinə çox az rast gəlinən kurqan tipləridir. Bunu da əlavə edək ki, aparılan araşdırmalar zamanı Süzgünlər dərəsində iki yaşayış yeri də aşkar olunub. Yaşayış yerlərində dairəvi və dördkünc formada iri və ortaölçülü daşlardan hörülmüş tikili qalıqları qeydə alınıb. Yerüstü material kimi saxsı məmulatları və obsidian parçalarına rast gəlinib. Saxsı parçaları Ovçular təpəsi keramikası ilə çox oxşarlıq təşkil edir. Bu arxeoloji abidədən gəlinən ilkin nəticə budur ki, abidə çox geniş bir ərazini əhatə edir. Burada həm böyük yaşayış yeri, həm də nekropol mövcud olub. Yerüstü materiallara və qeydə alınmış kurqanların formasına görə tədqiqatçılar bu abidənin Tunc dövrünə aid olduğunu bildirirlər.
“Süzgünlər” adının yaranma etimologiyasına heç bir elmi ədəbiyyatda rast gəlməsək də, bəzi mənbələrdə onun adı “Suzqunlar” olaraq yazılıb. Adın yaranma səbəbinə gəldikdə isə kənd əhalisinin dediyi daha çox ağlabatandır. Belə ki, Süzgünlər ərazisində çoxsaylı bulaqlar mövcuddur. Hətta buradakı kiçik təpələrin əksəriyyətinin ətrafından sular süzülərək yer səthinə çıxır. Bunun nəticəsində ətrafda qamışlıq və çəmənlik ərazilər çoxdur. Bəzi qeyri-dəqiq məlumatlara görə, ərazidə 150-dən çox suyu axan və ya sızan bulaq gözü var. Bu bulaqların bir neçəsinin suyundan indi də istifadə olunur, hətta ərazidə bunun üçün bir neçə sututarlar da yaradılıb. Digərlərinin isə ya suyu çəkilib, ya da yer altında müxtəlif istiqamətlərə axaraq batıb gedib. Müsahibimin sözlərinə görə, 20-25 il bundan əvvəllə müqayisədə buradakı bulaqların suyu xeyli çəkilib. Vaxtilə burada çıxan bulaqlardan sakinlər tərəfindən Qarabağlar kəndinə su xətləri də çəkilib. Əlqərəz, Süzgünlər və ya Suzqunlar çox maraqlı yerdir.
Süzgünlərdən bir az irəlidə isə “Salman gölü” yerləşir. Bu ərazidə bir neçə kiçik sututar – “göllər” yerləşsə də, hazırda bura ordumuzun dağ-təlim mərkəzidir. Bu təlim mərkəzi ittifaq dövründə yaradılıb. İndi isə burada milli ordumuzun əsgərləri xidmət keçirlər. “Salman gölü”ndən sonra isə “Bilici” başlayır. Adi düzəngah, yuxarı hissələrə doğru isə bəzi təpələrlə müşayiət olunan ərazinin niyə bu cür adlandırılmasını dəqiq bilən yoxdur. Ondan 3-4 kilometr sonra başlayan “Ağıl dərəsi”nin də həmçinin. Ancaq hər halda ərazilərin bu cür adlandırılmasının, yəqin ki, nə iləsə bir bağlı­lığı var. Nəhayət, bir az getdikdən sonra dərə yuxarısı şimala tərəf istiqamətlənirik. Kiçik dağ və təpələrin ortası ilə uzanan qumluq dərə məhz “Qazma dərəsi”dir. Dərənin yatağı bəzi yerlərdə 15-20 metrədək çatır. Yataqda sel sularının gətirdiyi böyük daşlarla bərabər, çox sayda kol ağaclar da var. Üzüyuxarı uzanan dərə ilə səhra üçün nəzərdə tutulmuş avtomobillərlə də getmək mümkündür. Ancaq son günlər yuxarı hissələrdə yağıntının çox olması sel suları ilə gələn qumluğun səviyyəsini xeyli yüksəltdiyindən indilik bu, mümkün deyil. Bunu həmsöhbətim deyir. Bələdçi yoldaşımla söhbət edə-edə, nəhayət ki, mağaranın yanına gəlib çatırıq.
Axşama doğru yaxınlaşdığından havadakı soyuq da hiss olunur. Bir anın içərisində yuxarı dağlıq ərazilərdən aşağıya doğru enən çən dumanı ətrafı tamamilə görünməz edir. Biz isə artıq mağaranın önündəyik. Hava şəraiti səbəbindən mağaranın içərisi qaranlıq olduğundan içərini fənərlə işıqlandırırıq. Artıq dillə ifadəsi çətin olan bu daş yaddaşımızla üz-üzəyik. Susqunluğumuz divarları od-alov tüstüsündən qaralmış, min illərin sehrini özündə saxlayan abidənin sirli aurası ilə bərabər, həm də onun əzəmətindəndir. Mağaranın içərisi dəhliz şəklində uzanır. Hündürlüyü 2 metrə yaxın olar, lakin deyilənlərə görə, mağaranın qurtaracağı ilə girişi arasındakı hündürlük fərqi 10 metrdir. Təxminən, 10-12 metrdən sonra isə içəridə iki qol yaranır. Biz ora qədər getmirik. Həmsöhbətimin sözlərinə görə, daha doğrusu, xalq arasında yayılmış fikirlərə görə, buradan “Damlama” və “Dibək”ə (mağaradan bir neçə kilometr sonra dağlıq ərazilərdə yer adlarıdır) qədər yeraltı yol da uzanır. Hər halda bunu elmi təsdiqi olmayan bir xalq mühakiməsi kimi qəbul edirik. Ancaq məsələ bundadır ki, bu “ibtidai ev” neçə min illər insanlara sığınacaq olub, onları qışın soyuğundan, yayın istisindən, vəhşi heyvanların hücumundan qoruyub. Bəs bu arxeoloji abidə haqqında tarixçilər nə deyir?
Əvvəlcə onu qeyd edək ki, qədim Naxçıvan diyarı Cənubi Qafqaz regionunda mağaraların ən çox yayıldığı ərazidir. Bunun bir səbəbi coğrafi relyef amilləri ilə bağlıdırsa, digər səbəbi ərazinin qədim insanların yaşaması üçün əlverişli təbii iqlim şərtlərinə malik olmasıdır. Buna görə də tədqiqatçılar karst mağaralar silsiləsi olan ərazilər içərisində Naxçıvanın yerinin ayrıca olduğunu bildirirlər. Bu qədim abidəni ilk dəfə 1983-cü ildə Azərbaycanın tarixçi-arxeoloq alimləri M.Hüseynov və Ə.Cəfərov Naxçıvan ərazisində arxeologi tədqiqat zamanı müəyyən ediblər. Onlar Ordubaddan Şərur rayonunadək apardıqları kəşfiyyat işləri zamanı Paleolit dövrünə aid olan bu Qazma mağarasını aşkarlayıblar. Buradan çoxlu sayda arxeoloji materiallar tapılıb. 17 mindən artıq heyvan sümüyü, 24 növ fauna qalığı, 874 ədəd daş məmulat məhz bu mağarada aşkarlanıb.
Buradakı hər daşın, hər cizginin öz tarixi var. Qazma ma­ğarasında aparılan tədqiqatlar sübut edib ki, abidə Mustye mədəniyyəti dövrünə aiddir. Bu mədəniyyətin tarixi isə eramızdan 100-90 min il bundan əvvələ gedib çıxır. Bu baxımdan Qazma mağarası təkcə bizim yox, dünya tarixi arxeologiyası üçün böyük əhəmiyyətə malikdir. İbtidai insanın izi olan bu mağaranı dünya alimləri də tanıyır və əhəmiyyətini qəbul edirlər. Məsələn, 2002-ci il sen­tyabrın 7-dən oktyabrın 1-dək beynəlxalq “İNTAS-2000” proqramına əsasən başda professor Henri dö Lümley olmaqla Avropa ölkələrindən Bakıya gələn 22 alim Azərbaycanın qədim Daş dövrü abidələrindən olan Azıx, Tağlar, Qazma və digər düşərgələrindən tapılmış maddi-mədəniyyət qalıqları ilə tanış olduqdan sonra bu tapıntıların dünya arxeologiya, paleontologiya və paleoantropologiya elmləri üçün müstəsna elmi əhəmiyyət daşıdığını qeyd etmişdir.
Bəli, coğrafi koordinatlarına görə Araz çayından 17, Arpaçaydan 15 kilometr məsafədə, dəniz səviyyəsindən isə 1500 metr yüksəklikdə yerləşən Qazma mağarası Naxçıvanın dünya paleontologiyasına təqdim etdiyi şah əsərdir. Yeri gəlmişkən, Qazma mağarası Naxçıvanın turizm potensialına böyük töhfədir. Dünyanın nadir arxeoloji abidələrindən olan bu mağara tarix həvəskarları və təbiətsevərlər üçün maraqlı obyektlərdəndir. Ümid edirik ki, bu abidənin tanıdılması və daha geniş tədqiqi gələcəkdə Naxçıvanın qədim bir diyar kimi təbliğində böyük rol oynayacaq.
Mağaradan ayrılıb yenidən dərə­yuxarı hərəkətə başlayırıq. Bir az getdikdən sonra sis-duman çəkildiyindən dərənin sağ tərəfi istiqamətindəki “cızıqlı təpələr” gözümüzə dəyir. Çoban Dadaş deyir ki, bu yerin adı “Cığal demisi”dir. Çox vaxt adına “Demilər” də deyirlər. Qədim zamanlarda bu təpənin ətəklərində insanlar dəmyə əkin aparıblar. Üstündən neçə illər keçsə də, uzaqdan şırımabənzər həmin əkin yerləri yenə də qalmaqdadır. Bir az getdikdən sonra Şəmdinə çatırıq.
Hava çoxdan qaralıb. İlin bu vaxtında dağlıq ərazilər arana nisbətən çox soyuq olur və bu soyuğu biz də hiss etdik. Artıq axşam olduğundan qoyunların hamısı arxaca salınıb, çoban itləri isə sürünün kənarlarında onlara keşik çəkirlər. Atlarımızı bir kənara çəkib, çobanın köməkliyi ilə yəhərləri çıxarırıq. Bələdçi yoldaşım deyir ki, adətən, at yol gəldikdən sonra tərlədiyindən yəhəri çıxarmaq düzgün sayılmasa da, onu çıxarmalıyıq. Çünki atlar dincələrkən bəzən yerə uzanıb, sağa-sola hərəkət edib yorğunluğunu çıxarmaq istəyir. Bu zaman isə üstündəki yəhər qırıla bilər. Ancaq soyuq olmasın deyə, biz atların belinə təri soyuyana qədər bir kiçik döşəkçə və ya adyal salırıq. Üstündən bir az keçdikdən sonra yeməyimizi yeyir, çobanlarla çay içə-içə söhbət edirik. Çoban Dadaş bildirir ki, Şəmdin ərazisi uzaq keçmişdən yurd yeri olub. Vaxtilə burada insanlar məskən salıb yaşayıblar. Olduğumuz yerdən, təxminən, 1,5 kilometr sonra təpənin arxasındakı düzəngahda qədim yaşayış evlərinin izləri də qalmaqdadır. Yerdən 15-20 santimetr hündürlükdə qalmış daş evlərin divarlarının qalıqları bu ərazinin yaşayış üçün əlverişli olduğunu göstərir. Müsahibim deyir ki, vaxtilə buradakı ətraf ərazilərdə bulaqlar da olub. Ancaq indi yalnız birindən su gəlir. Onun da gözəsini bu il təmizləyib çıxarmışıq. Bir az yuxarıda isə “Susuz” deyilən ərazi var. Düzəngah bir sahədir. Yəqin su olmadığına görə belə adlandırıblar. Orada sürü saxlamaq üçün daş divarlarla əhatə olunmuş iki böyük arxac var. Birinə “Usubun arxacı”, digərinə isə “Mamoşun arxacı” deyirlər. Hər ikisi Qarabağlar kəndindən olub. Müharibədən əvvəl (II Dünya müharibəsini nəzərdə tutur) onlar ilboyu burada qalıb heyvan saxlayıblar. Elə arxacların adları da onlardan qalıb.
Çoban Dadaşdan uşaq vaxtımdan yaddaşımın bir küncündə ilişib qalmış təyyarə hadisəsini soruşuram. Demək, ötən əsrin 80-ci illərində bir qəza nəticəsində Şəmdin ərazisinə təyyarə düşmüşdü. İnsan tələfatı ilə nəticələnən bu qəzada yerə düşən təyyarənin bir hissəsi ekspertiza üçün aparılsa da, digər hissələri elə oradaca qalmışdı. Həmsöhbətim bildirdi ki, təyyarə hazırda oturduğumuz yerdən, təxminən, bir kilometr aralı düşmüşdü. Onun qalıqları və bu hadisəni bildirən barelyef lövhə son illərədək qalırdı. Uzun müddətdir, o tərəflərə yolum düşmürdü. Bu il oradan keçəndə gördüm ki, onları da aparıblar.
Söhbətimiz gecə yarısına qədər çəkir. Nələrdən danışmırıq ki? Şəmdinin hər qarışı tarix qoxan yerlərindən tutmuş gərməşov, məlhəm, əppəkli, doqquzdon kimi çöl ağaclarının bitdiyi kiçik tala meşələrinədək. Və təbii ki, ömür-gününü bu dağlarda keçirən dostumuzla çobanlıq peşəsinin incəliklərindən də danışırıq. El malının əmanət edildiyi bu peşə sahibləri haqqında isə növbəti yazımızda...

 Səbuhi HƏSƏNOV

ARXİV

Noyabr 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR