27 Noyabr 2021, Şənbə

Bu gün artıq beynəlxalq miqyasda prioritet sayılan iqlim dəyişikliklərinin qarşısının alınmasında daha az enerjidən istifadə edilməsi və onun daha təmiz mənbələrdən əldə olunması qlobal məqsəd kimi müəyyənləşdirilib. Elə “yaşıl iqtisadiyyat” anlayışı da insan rifahını və sosial ədaləti təmin edən, eyni zamanda ətraf mühit risklərini kəskin şəkildə azaldan iqtisadiyyat kimi qəbul edilir. Bu termin ilk dəfə 1989-cu ildə Böyük Britaniya hökuməti üçün hazırlanmış hesabatda ətraf mühit mütəxəssisləri tərəfindən istifadə olunub. Sonrakı illərdə isə “yaşıl iqtisadiyyat” BMT-nin Ətraf Mühit Proqramında davamlı inkişafın təmin olunması elementi kimi çıxış edərək ekoloji sivilizasiyaya keçidin vacib şərti kimi qəbul edilib. 

Hazırda Azərbaycan, eləcə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası sürətli inkişaf yolundadır. Bu inkişafda insan potensialından və innovativ texnologiyalardan səmərəli istifadə əsas predmet kimi çıxış edir. İndi beynəlxalq təşkilatlar tərəfindən dərc olunan hesabatlarda əsas göstərici kimi hər hansı bir ölkədə vahid enerjinin istifadəsi nəticəsində sənayedə, kənd təsərrüfatında və yaxud xidmət sahələrində yaranmış ümumi daxili məhsulun dəyəri mühüm göstərici kimi qəbul edilir. Burada isə alternativ və ya bərpaolunan enerji mənbələrindən istifadə ön plana çıxır. Çünki belə enerji mənbələrindən istifadə ekologiyanın qorunmasına, ətraf mühitin mühafizəsinə, eyni zamanda yeni texnologiyaların tətbiqinə geniş imkanlar açır. Diqqət etsək, görərik ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş milli inkişaf strategiyasının uğurla davam etdirilməsinin nəticəsində son illərdə muxtar respublikada “yaşıl iqtisadiyyat”ın inkişafına xeyli həcmdə sərmayələr qoyulub.

Hamımıza məlumdur ki, ötən əsrin sonlarında muxtar respublikanın üzləşdiyi ən böyük çətinliklərdən biri enerji sahəsində yaranmış böhran idi. Bu acınacaqlı vəziyyət qədim diyarda onsuz da az olan yaşıl örtüyün azalmasına səbəb olmuş, ekoloji böhran daha da dərinlərə nüfuz etmişdi. Lakin ötən dövr ərzində həyata keçirilən tədbirlərin nəticəsində muxtar respublikada yaşıllıqların həcmi 12 dəfədən çox artmış, Naxçıvan elektrik enerjisi idxal edən muxtar respublikadan elektrik enerjisi ixrac edən muxtar respublikaya çevrilmişdir.
Qeyd edək ki, ölkəmizdə hələ 2004-cü ildən qəbul olunmuş “Azərbaycan Respublikasında alternativ və bərpaolunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Pro­qramı”na əsasən enerji təminatı sahəsində resursəvəzləyici potensial əldə olunması strategiyası həyata keçirilir. Həmin proqramda qeyd edilir ki, Naxçıvan Muxtar Respublikasının enerji sisteminin ölkənin əsas enerji sistemi ilə əlaqəsinin olmadığını nəzərə alaraq, ilk növbədə, muxtar respublikada orta, kiçik, mikro su elektrik stansiyalarının tikilməsi daha məqsədəuyğundur. Bu işin təşviqi kimi bərpaolunan enerji mənbələrinin hasilatı üçün texnoloji avadanlıqların istehsalı Naxçıvan Muxtar Respublikasında qurulmalıdır. Ötən dövrdə bu sahədə ciddi addımlar atılmış, müxtəlif həcmli enerji istehsal edən obyektlər istifadəyə verilmişdir. Belə ki, 2006-cı ildə Naxçıvan Qaz-Turbin Elektrik Stansiyasında dizel yanacağı ilə işləyən enerji turbinləri təbii qazla işləmə rejiminə keçirilmiş, ümumi gücü 87 meqavat olan Naxçıvan Modul Elektrik Stansiyası tikilib istismara verilmişdir. Bundan əlavə, muxtar respublikanın əlverişli iqlim şəraiti, ekoloji cəhətdən təmiz, alternativ və bərpaolunan enerji mənbələrindən istifadə nəzərə alınaraq Heydər ­Əliyev Su Anbarı üzərində 4,5 meqavat gücündə su elektrik stansiyası, Ordubad rayonunda Gilançay üzərində 22 meqavat gücündə Biləv Su Elektrik Stansiyası, Şərur rayonunda 20,5 meqavat gücündə “Arpaçay-1” və 1,4 meqavat gücündə “Arpaçay-2” Su Elektrik stansiyaları, Babək rayonunda 22 meqavat gücündə Naxçıvan Günəş Elektrik Stansiyası istifadəyə verilmişdir. Əgər əvvəllər muxtar respublikada 1 elektrik enerjisi istehsal edən müəssisə fəaliyyət göstərirdisə, hazırda bu müəssisələrin sayı 8-ə, ümumi gücü 239,4 meqavata çatdırılmışdır. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il muxtar respublikada 431 milyon 691 min kilovat-saat elektrik enerjisi istehsal olunmuşdur ki, bu da 2006-cı ildəki göstəricidən 93,2 faiz çoxdur. 2017-ci ildə muxtar respublikada elektrik enerjisinin 231 milyon 432 min kilovat-saatı və ya 53,6 faizi istilik elektrik stansiyalarında, 168 milyon 946 min kilovat-saatı və ya 39,1 faizi su elektrik stansiyalarında, 31 milyon 313 min kilovat-saatı və ya 7,3 faizi isə Günəş Elektrik Stansiyasında istehsal edilmişdir. Alternativ və bərpaolunan elektrik stansiyalarında elektrik enerjisi istehsalının həcmi ümumi istehsalın 46,4 faizini təşkil etmişdir. Ölkə üzrə Günəş Elektrik stansiyalarında istehsal olunan elektrik enerjisinin 78,3 faizi muxtar respublikada istehsal olunmuşdur. Alternativ və bərpaolunan enerji növləri istehsalının daha da artırılması məqsədilə hazırda 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasının tikintisi davam etdirilir. Bununla yanaşı, Culfa rayonu ərazisində külək elektrik stansiyasının yaradılması ilə bağlı yeni layihənin həyata keçirilməsi enerji sektorunda çoxşaxəli enerji mənbələrindən maksimum yararlanmaq imkanlarını ortaya qoyur. Naxçıvan Muxtar Respublikasında enerji təhlükəsizliyi istiqamətində dövlətimizin həyata keçirdiyi məqsədyönlü işlər nəticəsində artıq regionda külək, istilik, həm də yerli hidroenerji potensialına əsaslanan etibarlı enerji infrastrukturu yaradılmışdır. Muxtar respublikada enerji təhlükəsizliyi ilə bağlı həyata keçirilən tədbirləri yüksək qiymətləndirən ölkə başçısı cənab İlham Əliyev demişdir: “Elektrik enerjisi ilə problem yoxdur. Hesab edirəm, gün gələcək ki, Naxçıvan bütün enerji tələbatını bərpa­olunan enerji növləri hesabına təmin edəcək”.
Alternativ enerji mənbələrindən artıq dünyanın bir çox inkişaf etmiş ölkələrində istifadə olunur. Məsələn, Almaniyada işlədilən enerjinin 17 faizə qədəri külək və Günəşdən alınır. Naxçıvan Muxtar Respublikasında isə alternativ və bərpa­olunan enerji mənbələrindən istifadənin ümumi enerji istehsalının 60 faizini təşkil edir. Bu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədri olduğu “Caspian European Club” tərəfindən hazırlanan Azərbaycanın iqtisadi regionlarının 2017-ci il üçün illik investisiya reytinqində mühüm amillərdən biri kimi dəyərləndirilərək Naxçıvan Muxtar Respublikasının ən yüksək ümumi bal toplayaraq lider mövqeyə çıxmasına səbəb olan mühüm faktorlardandır. Muxtar respublikada bu istiqamətdə həyata keçirilən tədbirlər ekoloji enerji istehsalına bundan sonra da öz töhfəsini verəcək.
“Yaşıl iqtisadiyyat”ın inkişafında təbii resurslardan səmərəli istifadə ilə yanaşı, ətraf mühitin mühafizəsi, eyni zamanda ekologiyanın zənginləşdirilməsi də mühüm istiqamətlərdən biri kimi qəbul edilir. Məlumdur ki, ətraf mühitin qorunmasında xüsusi mühafizə olunan təbiət əraziləri böyük rol oynayır. Hazırda muxtar respublika ərazisində 1 milli park, 1 qoruq, 3 yasaqlıq fəaliyyət göstərir ki, bu da ümumi ərazilərimizin 27 faizindən çoxunu təşkil etməklə beynəlxalq normaları üstələyir. Bununla yanaşı, muxtar respublika təbiətinin yaşıllaşdırılması məqsədilə həyata keçirilən tədbirlər (hər il, orta hesabla 500 hektar ərazidə yaşıllaşdırma tədbirləri aparılır) təbiətə münasibətin Naxçıvan nümunəsini ortaya qoyur.
Ümumilikdə götürsək, “yaşıl iqtisadiyyat” çoxməfhumlu anlayışdır. İndiyədək muxtar respublikada müxtəlif su mənbələrinin təmir və bərpası, şoranlaşmış torpaqların münbitliyinin artırılması, kanalizasiya və içməli su xətlərinin çəkilməsi, yük və sərnişin daşımalarında yeni texnologiyaların tətbiqi, məişət tullantılarının zərərsizləşdirilməsi və görülmüş digər işlər iqtisadiyyatın “yaşıllaşdırılması” istiqamətində həyata keçirilən tədbirlərdəndir.
Bəli, bu gün iqtisadiyyat təkcə makroiqtisadi göstəricilərin səviyyəsi ilə ölçülmür. Müasir iqtisadi inkişaf insanın şüuru, intellekti, mədəniyyəti, məntiqi, ətraf mühitə münasibəti üzərində qurulur. Davamlı inkişafın təməlində dayanan “yaşıl iqtisadiyyat” isə insanların bütün növ mal və xidmətlərə olan ehtiyaclarının davamlı ödənilməsinin sağlam ekosistemlər sayəsində mümkünlüyünü göstərir.

 Səbuhi HƏSƏNOV

ARXİV

Noyabr 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR