Naxçıvan tarixən İslam sivilizasiyasının öndə gedən mərkəzlərindən biri olub. Tarixi məscidlər isə bu sivilizasiyanın formalaşmasında mühüm rol oynayaraq mənəvi irsin qorunmasına öz töhfələrini veriblər. İslam mədəniyyətinin bu qiymətli abidələri əsrlərboyu mənəvi kamilləşmə, birlik, həmrəylik, sevgi, yardımlaşma kimi dəyərlərin təbliğ olunduğu məkanlar kimi tanınıb, eyni zamanda elm, maarif ocağı sayılıb.
Milli və mənəvi dəyərlərin hər zaman yüksək səviyyədə qorunduğu Naxçıvanda ilk məscidlərin yaranması İslam dininin yayılması dövrünə təsadüf edir və sovet dövrü istisna olmaqla, demək olar ki, bütün dövrlərdə aktuallıq kəsb edib. Hazır­da bizə məlum olan ilk məscid nümunəsi XII əsrdə şəhərdə tikilmiş Cümə məscididir. Bu məscidi Naxçıvanda dini-memorial tikililərin ən gözəl nümunələrindən biri hesab edirlər. Ümumilikdə götürsək, muxtar respublikada istər Cümə, istərsə də məhəllə məscidlərinin xeyli hissəsinin tikintisi XVI əsrin sonu, XVII əsrin əvvəllərinə və XVIII əsrin ilk onillikləri dövrünə aid edilir. Əməkdar incəsənət xadimi, professor Vidadi Muradovun “Naxçıvan diyarında sənətkarlıq və ticarət (XVIII-XX əsrin əvvəlləri)” adlı monoqrafiyasında qeyd olunur ki, XVI əsrin sonu, XVII əsrin əvvəllərində Naxçıvan şəhərində adıçəkilən Cümə məscidindən əlavə, “Məhmət kətxuda”, “Cameyi-Şərif” adlı cümə məscidləri də fəaliyyət göstərib. Elə həmin dövrdə Naxçıvan şəhərində “Ağa məscidi”, “Hacı Xəlil məscidi”, “Keçəçi məscidi”, “Molla Əhməd məhəlləsinin məscidi”, “Bəsri məscidi”, “Şeyx Əminəddin məscidi”, “Hacı Sani məscidi” adlı məscidlər də mövcud olub.

Naxçıvanda məscid tikintisində milli memarlıq ənənələrindən də geniş istifadə olunub. Məsələn, məscid və tarixi tikililərdə müxtəlif həndəsi formalara malik bəzəkli kaşılardan, rəngli şüşələrdən istifadə olunması Səfəvi miniatür sənətinin yüksək inkişafının göstəricisi sayılır. Qeyd edək ki, bu təsir sonrakı dövrlərdə Osmanlı memarlığında da hiss olunur. Təbii ki, Naxçıvan məscidlərinin memarlıq elementləri bura yolu düşən səyyahların da nəzərindən qaçmamışdır. Naxçıvan şəhərində tikilmiş məscidlər haqqında Övliya Çələbi müfəssəl məlumat verərək bildirir ki, XVII əsrin ortalarında burada 40 məscid fəaliyyət göstərirdi. Səyyah Naxçıvanda tikilmiş məscidlərə heyranlığını isə belə ifadə etmişdir: “Naxçıvanın qəribə cümə məscidləri vardır ki, onların əksəriyyəti şirli, bəzəkli kaşılar, rəngarəng şüşələrlə bəzədilmişdir. Neçəsinin yarımdairə şəklində çatılmış tavan günbəzləri şirli kaşılarla bərkidilmişdir”.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə milli-­mənəvi dəyərlərə münasibət kökündən dəyişmiş, bu zəngin xəzinənin qorunmasına dövlət səviyyəsində böyük qayğı və diqqət göstərilmiş, qapıları uzun müddət bağlı qalan müqəddəs ibadət ocaqlarının fəaliyyəti bərpa edilmişdir. Xüsusilə müstəqillik dövründə Naxçıvan şəhərində 3, Şərur rayonunda 29, Babək rayonunda 31, Ordubad və Culfa rayonlarının hər birində 5, Kəngərli və Şahbuz rayonlarının hər birində 3, Sədərək rayonunda isə 1 məscid olmaqla, ümumilikdə, 80 məscid tikilmişdir. Muxtar respublikada mövcud olan 211 məscidin 159-u əsaslı şəkildə təmir olunmuşdur. Xatırladaq ki, muxtar respublikadakı məscidlərin 131-i keçmiş dövrdə tikilmiş məscidlərdir. Bu rəqəmlər onu göstərir ki, Naxçıvanda məscid tikintisinə böyük önəm verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri demişdir: “Məscidlər ibadət yeri olmaqla yanaşı, həm də mənəvi dəyərlərimizin yaşadıldığı məkanlardır. Məsciddə İslam dini və mənəvi dəyərlərimiz gələcək nəsillərə olduğu kimi öyrədilməli, saf əməllər naminə ibadətlər olunmalıdır”. Ali Məclisin Sədri digər bir fikrində vurğulayır: “Hazırda dünyanın bəzi ölkələrində müharibələr gedir, məscidlər və dini abidələr dağıdılır. Lakin Azərbaycanda sabitlikdir, bütün sahələr inkişaf etdirilir, məscidlər, yollar və digər sosial obyektlər istifadəyə verilir, dini-mənəvi dəyərlərimiz qorunub yaşadılır”.
Sevindirici haldır ki, bu gün muxtar respublikada fəaliyyət göstərən məscidlərdə heç bir məzhəb ayrılığına yol verilməyərək insanların ibadət azadlığı təmin olunur. Qaragüruhçu zehniyyətdən və mövhumatdan fərqli olaraq hər kəs dinimizin buyurduğu ayinlərin icrasında sərbəst iştirak edə bilir. Eyni zamanda məscidlərdə istər dini ayinlər, istərsə də dini bayramlar milli və mənəvi dəyərlərimizə, İslam ənənələrinə uyğun olaraq təşkil olunur və keçirilir. Muxtar respublikada dini mərasimləri idarə edən din xadimlərinin attestasiyadan keçirilməsi, onların vəsiqələrlə və geyim formaları ilə təmin olunması qəbul olunmuş müvafiq qaydalar üzrə aparılır. “Naxçıvan” Universitetində bir neçə ildir, Dinşünaslıq ixtisasının açılması isə dini sahədə işləyəcək ixtisaslı kadrların hazırlanması məqsədi daşıyır.
Yeri gəlmişkən onu da deyək ki, qədim diyarımızın İslam dininin və mədəniyyətinin inkişafında rolu nəzərə alınaraq ötən il Naxçıvan şəhəri İslam Mədəniyyətinin Paytaxtı kimi nüfuzlu beynəlxalq tədbirə ev sahibliyi etdi. Müxtəlif İslam ölkələrindən bura gələn qonaqlar Naxçıvanla tanışlıq zamanı həm də burada fəaliyyət göstərən məscidləri ziyarət etdilər. Hər kəs bir daha onun şahidi oldu ki, Naxçıvan, həqiqətən də, dini və mənəvi dəyərlərin tolerant ruhda qorunub saxlanıldığı, inkişaf etdirildiyi məkandır.
Bu gün Naxçıvan Muxtar Respublikasında iqtisadi və mədəni inkişafla yanaşı, dini-mənəvi dəyərlərin qorunmasına da xüsusi diqqət yetirilir. Dini dəyərlərin mahiyyətinə uyğun təbliğ olunmasına, dini-tarixi abidələrin bərpası və yeni məscidlərin tikilməsinə mühüm əhəmiyyət verilir. Hazırda Naxçıvan şəhərində inşası davam etdirilən yeni məscid də mənəvi dəyərlərimizin yaşadılacağı məkan kimi diqqəti cəlb edir. Məlumat üçün bildirək ki, məscid kompleksinin sahəsi 6400 kvadratmetrdir. Eyni vaxtda 5 min nəfərin ibadət edəcəyi məsciddə qadın və kişilər üçün nəzərdə tutulmuş ibadət zalları, eləcə də mədrəsə olacaqdır. İki minarəli və 15 günbəzli məsciddə əsas tikinti işləri başa çatdırılıb. Naxçıvan və Şərq memarlıq üslubunda inşa olunan məscidin günbəzlərinin hündürlüyü 12, minarələrinin hündürlüyü isə 40 metrdir. Kompleksdə Naxçıvan Muxtar Respublikası Qazisi yanında Şura üçün ikimərtəbəli inzibati bina və ikimərtəbəli mərasim binası da inşa olunub. İnzibati binada iş, kəbin və digər xidməti otaqlar, mərasim binasında isə ayrı-ayrılıqda qadınlar və kişilər üçün zallar, texniki otaqlar və dəstəmazxanalar olacaqdır. Bütün bunlar bir daha onu göstərir ki, muxtar respublikamızda dini-mənəvi dəyərlərin qorunması və təbliği gələcəkdə də uğurla davam etdiriləcək.

 Səbuhi HƏSƏNOV