13 Noyabr 2019, Çərşənbə

O, bir anlıq işindən ayrılıb pəncərənin önünə yaxınlaşdı. Təbiətinə, insanlarına aşiq olduğu diyarın mənzərəsinə baxaraq düşüncələrə daldı. Vahid müəllim ömrünün ən gözəl çağlarını burada yaşamışdı. Əldə etdiyi hər şey üçün özünü qədim diyara borclu sayır və bu borcu ödəməyə çalışırdı. İllərdən bəri gözlədiyi an gəlib çatmışdı. O, düşüncələrində burada yaşadığı hər bir anı gözdən keçirdi. Çünki görəcəyi işdə onun həyatına xoşbəxtlik qatan bütün xoş anları yaşatmaq istəyirdi...

Vahid müəllim artıq 3 gün idi ki, iş otağında fasiləsiz çalışırdı. Ömür-gün yoldaşı Dilbər xanım həmin günə qədər onun belə ara vermədən çalışmağını görməmişdi. Elə buna görə də bütün ailə üzvləri onun iş otağına saatlarla qapılmasından narahat idilər. Sən demə, Əliheydər həkim 3 gün öncə Vahid müəllimi görməyə gəlmiş və ona əl yazısı ilə bir neçə bəndlik şeir yazılmış vərəq vermişdi. Bundan sonra o, öz iş otağına çəkilmiş və işə başlamışdı. Vahid müəllimin bu “yoxluğuna” hövsələ edə bilməyən Dilbər xanım ehmalca qapını açıb otağa daxil oldu. O, iş masasının üstünə dağılmış vərəqlərə, otaqdakı səliqəsizliyə və masanın üzərindəki bir neçə saat öncə gətirdiyi, hələ də dolu olan çay stəkanına nəzər yetirdi. Anladı ki, Vahid müəllim illərdir, səliqə-sahmanın hökm sürdüyü iş otağında nəinki səliqəyə, hətta çay içməyə vaxt ayırmadan həvəs və şövqlə işini bitirmək istəyindədir. Dilbər xanım sakitcə dayanıb həyat yoldaşının musiqi parçalarını ifa edib not dəftərinə qeydlər aparmasını bir neçə dəqiqə seyr etdi. Daha sonra Vahid müəllim son qeydlərini apararaq dərindən nəfəs aldı və əlindəki tarı masanın üstünə qoydu. Dilbər xanıma sevincdən buludtək dolan gözləri ilə baxaraq: “Səni mənim taleyimə bəxş edən Naxçıvana bir ərməğanım olacaq, demişdim, yadındadırmı? Bax, o ərməğan bu vərəqlərin üzərindədir”, – dedi...
İllərdir, hamının sevə-sevə dinlədiyi, toylarımızın, el şənliklərimizin, konsert pro­qramlarının bəzəyi olan “O, Naxçıvandır” mahnısı beləcə ərsəyə gəldi...

Zaman dayanmadan öz axarı ilə ötür. Hər bir istedadlı insan yaşadığı müəyyən zaman kəsiyində xoş anlarını daimi etmək istəyində olub. Buna görə də o, öz istedad və bacarığı sayəsində həmin anları rəsmlərə, daş heykəl­lərə, şeirlərə, romanlara, musiqilərə həkk edib. Yaradılan bu əsərlər zamanı qabaqlayaraq, illərin süzgəcindən keçərək bu günümüzə gəlib çatıb. Özündə həm də yarandığı dövrün tarixini yaşadan həmin əsərləri ərsəyə gətirən insanlar incəsənət tariximizin səhifələrində öz yerini tutaraq bu gün də dərin ehtiramla yad edilirlər. Belə sənət xadimlərindən biri də ötən əsrdə yaşayıb-yaratmış görkəmli ustad tarzən və bəstəkar Vahid Axundovdur.
“O, Naxçıvandır” mahnısının yaranma tarixini araşdırarkən məlum oldu ki, bu tarix bilavasitə bəstəkarın keçdiyi ömür yolu ilə birbaşa bağlıdır. Ona görə də bəstəkar Vahid Axundovun həyatına qısaca da olsa, nəzər salmalıyıq. Bəstəkar 1924-cü ildə Tərtər rayonunun Borsunlu kəndində dünyaya göz açıb. Buradakı maraqlı nüans odur ki, onun əsl adı Kəndli imiş. Kəndli Həmzə oğlu Axundov... Naxçıvanda yaşadığı dövrdə Vahid adını təxəllüs kimi götürür və onu hamı Vahid olaraq tanıyır. Vahid Axundov 1941-ci ildə müharibəyə yollanır. O, taleyin bu ağrı-acılı müharibə yollarının ona bəxş edəcəyi xoşbəxtliyi heç bir zaman düşünməmişdi. Odlu-alovlu müharibə illərində ağır yaralanan bəstəkar hərbi hospitalda qaldığı müddətdə Naxçıvandan müharibəyə yollanan tibb bacısı Dilbər Təhməz­bəyova ilə tanış olur. Azərbaycanın müxtəlif bölgələrində dünyaya göz açan iki gəncin yolları ağır müharibə illərində kəsişir və bir daha ayrılmır. Vahid Axundovun Dilbər xanıma olan vurğunluğu onun ömür yolunun davamını Azərbaycanın qədim diyarı Naxçıvana salır.
Bəstəkar hələ sağlığında da qeyd edərmiş ki, həyatının ən xoş, gözəl, qayğılı günlərini Naxçıvanda keçirib. O, bu qədim diyara mənəvi bir sevgi, məhəbbət hissi ilə bağlı idi. Elə bu məhəbbətin nəticəsi olaraq Naxçıvanımızı və bölgələrini də tərənnüm edən mahnılar bəstələyir.
Vahid Axundov Naxçıvanda yaşadığı dövr ərzində burada musiqi mədəniyyətinin inkişafında müstəsna xidmətlər göstərib. Bəstəkar Nazim Quliyev Vahid Axundovun həyat və yaradıcılığını əhatə edən “O, hansı məkandır” adlı monoqrafiyasında yazır: “Vahid Axundovun Naxçıvanda yaratdığı Şərq üçlüyü el şənliklərində, radio dalğalarında yeni repertuarla çıxışlar edir. Yaradılan kollektiv musiqi mədəniyyətimizə yeni nəfəs gətirir. O, musiqinin inkişafı sahəsində mühüm işlər görür, tez bir zamanda yeni kollektivlər yaradır”.

Onu da qeyd etmək yerinə düşər ki, bəstəkarın beş övladından üçü peşəkar musiqiçi kimi fəaliyyət göstərib. Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Zöhrab Axundov bəstəkarın yolunu bu gün də layiqincə davam etdirir.
Vahid Axundov Naxçıvan Tibb Məktəbini bitirərək bir müddət tibb işçisi kimi fəaliyyət göstərib. Çalışdığı ozamankı Naxçıvan şəhərindəki xəstəxanada hamının hörmətlə yanaşdığı həkim, şair-dramaturq “O, Naxçıvandır” mahnısının sözlərinin müəllifi Əliheydər Qənbərov ilə tanış olur. Yaradıcılıq əlaqələri onları daha da yaxınlaşdırır.
Daha bir maraqlı məqam isə odur ki, mahnının sözlərinin müəllifi də əslən Naxçıvandan deyil, Bakı şəhərindəndir. Buna baxmayaraq, bu iki sənətkar Naxçıvana ülvi hisslərlə bağlı idilər. Əliheydər Qənbərov 1958-ci ildə mahnının sözlərini bəstəkara təqdim edəndə o, çox sevinir. Bir neçə gün ərzində mahnını ərsəyə gətirir və Naxçıvan radiosu nəzdində fəaliyyət göstərən ansamblın tərkibində ilk dəfə özü ifa edir. 1959-cu ildə onun da xidməti ilə yaradılmış Naxçıvan Dövlət “Araz” Mahnı və Rəqs Ansamblının repertuarına “O, Naxçıvandır” mahnısı da daxil edilir və bütün konsert proqramlarında ifa olunur. Mahnı qısa zaman kəsiyində populyarlıq qazanır.
Prezident təqaüdçüsü, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi, ustad tarzən Əkrəm Məmmədli də o illəri xatırlayaraq deyir: – Mahnının bu qədər xoş, ürəyəyatan olmasının səbəbi birbaşa Vahid Axundovun mənəvi dünyası ilə bağlıdır. Bəstəkar səmimi, xoşxasiyyətli insan idi və bu gün də “O, Naxçıvandır” mahnısını dinləyərkən istər-istəməz Vahid Axundovu xatırlayırıq. Mən bu mahnını ilk dəfə bəstəkarın özünün ifasında dinləmişəm. Daha sonra Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Hüsnü Qubadov mahnıya yeni nəfəs verdi. Mahnının Naxçıvandan da kənarda populyarlaşması isə Azərbaycan Respublikasının Xalq artisti, mərhum xanəndəmiz Abdulla Babayevin onu oxuduğu dövrə təsadüf edir. Onun ifasında “O, Naxçıvandır” mahnısı respublikamızda, eləcə də bir çox ölkələrdə qastrol səfərlərində özünəməxsus şəkildə ifa olunub və sevilib.
Azərbaycan Respublikasının Əməkdar artisti, tarzən Zeynalabdin Babayevlə söhbətimiz zamanı o dedi: – Atam Abdulla Babayevlə mərhum bəstəkar Vahid Axundov o zaman həm iş yoldaşı, həm də möhkəm dost olublar. Elə bu dostluğun nəticəsi idi ki, mənim ilk musiqi təhsilimi atam Vahid müəllimə həvalə etmişdi. “O, Naxçıvandır” mahnısı ərsəyə gəldikdən sonra bir çox xanəndəmiz bu mahnıya müraciət etdi. Ümumiyyətlə, hər bir xanəndə ifa etdiyi mahnıda öz daxili dünyasını dinləyiciyə çatdırır. Buna görə də ifalar həmişə bir-birindən fərqlənir. Bəstəkar Vahid Axundovun təklifi ilə atam da bu mahnını ifa etdi və çox uğurlu alındı. Abdulla Babayevin ifasını dinlədikdən sonra bəstəkar mahnının məhz bu səsdə daha gözəl alındığını qeyd etmişdi. 1974-cü ildə Naxçıvanın 50 illik yubileyi ilə əlaqədar olaraq Bakı şəhərində “Naxçıvan günləri” keçirilirdi. Atam da konsert proqramında “O, Naxçıvandır” mahnısını ifa etdi. Həmin konsertdə ümummilli liderimiz Heydər Əliyev də iştirak edirdi və səhnə arxasında musiqiçilərlə görüşü zamanı atama üzünü tutaraq söylədi: “Abdulla, mahnı çox qəşəngdir. Bu mahnı Naxçıvanın himnidir. Sən də bu mahnını özünəməxsus şəkildə oxuyursan”.

Ulu öndər atamın ifasında bu mahnını həmişə dinləməkdən zövq alardı. Naxçıvan Dövlət “Araz” Mahnı və Rəqs Ansamblının tərkibində bütün qastrol səfərlərində Abdulla Babayev bu mahnını ifa edərdi. Xarici ölkələrdə səfərdə olduğumuz müddətdə orada yaşayan həmyerlilərimiz həmin mahnını o qədər bəyəniblər ki, bizdən təkrar ifa etməyi istəyiblər. Bu insanlar arasında mahnının təsirindən kövrələnlər də az olmayıb.
Mahnının mahir ifaçılarından olan Azərbaycan Respublikasının Əməkdar artisti Qurban Qasımovun da fikirlərini öyrənirik: – Bu mahnı “Şur” muğamı üstündə bəstələnib. Buna görə “Şur” ladında olan digər muğamlar zil səs tələb etdiyi üçün mahnının melodik çalarları üzə çıxır və gözəl səslənir. Mahnının oxunması ilk baxışdan asan görünə bilər, ancaq bəstəkar burada texnikadan öncə daxili aləmə üstünlük verdiyi üçün xanəndə mahnını öz mənəvi aləmi ilə səsləndirməli və dinləyiciyə onu yaşatmağı bacarmalıdır. Mahnı yarandığı gündən etibarən həmişə fasiləsiz olaraq Naxçıvan xanəndələrinin repertuarında başlıca sırada yer alıb. Qastrol səfərlərində bir çox ölkələrdə mənim və digər xanəndələrimizin ifasında səslənib. O zaman el şənliklərində ifası ən çox tələb olunan “O, Naxçıvandır” mahnısı idi. Bir çox xanəndələr bu mahnını daim öz repertuarında saxlayıb ifa ediblər ki, bunlardan biri də mərhum xanəndə İdris Nəbiyev idi. O, bu mahnını zildən oxuyardı və bu zaman mahnı tamamilə başqa bir təsir gücünə malik olar, hamı heyranlıqla dinləyərdi. Bu gün də yetişən hər bir xanəndə həmin mahnını ifa etməli, Naxçıvanımızı tərənnüm edən gözəl sənət nümunəsini yaşatmalıdır.
İgidlər oylağına, dahilər yetişdirən bu diyara həsr olunan “O, Naxçıvandır” mahnısı bu gün nəinki Azərbaycanda, İranda, Türkiyədə də məşhurdur. Bu mahnı onu dinləyən hər bir insanın ruhunu oxşayır, mənəvi varlığına rahatlıq gətirir və diyarımızın gözəl təbiətini gözlər önündə canlandırır. Hazırda mahnı bir çox tanınmış müğənnilər tərəfindən də ifa edilir. Tanrının sənətkara bəxş etdiyi istedad, sehrli yaradıcılıq inciləri ilə onun musiqi ərməğanına çevrilən, bu gün də öz təravətini itirməyən “O, Naxçıvandır” mahnısı xalqımızın mədəni sərvətlərindəndir. Düşünürəm ki, bu mahnı Naxçıvanın gözəlliyitək əbədi yaşadılacaqdır...

 Pərviz HACILI

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR