25 May 2020, Bazar ertəsi

Şaxtalı, sazaqlı bir qış günündə yolum ucqar yaşayış məntəqələrindən sayılan Şahbuz rayonunun Qızıl Qışlaq kəndinədir. Dağlıq əraziyə ilk dəfə üz tutduğum üçün orada yaşayan sakinlərin məşğuliyyəti, onların gündəlik həyat tərzi barədə öyrənməyə olduqca maraqlıyam. Paytaxt Naxçıvan şəhərindən gedəcəyim ünvan arasındakı məsafənin 42 kilometr olduğunu nəzərə alıb səhərin erkən saatlarından hazırlaşıb yola çıxıram. Yolboyu gözlərim qarşısında qışın yaratdığı bənzərsiz mənzərələr fonunda bir-birini əvəzləyən füsunkar görünüşlü, abad, büsatlı günlərini yaşayan kəndlər canlanır. Donunu dəyişən ağaclar, nizamlı əsgər kimi sıra ilə düzülən, ağ örpəyə bürünən dağlar mahir rəssam əli ilə çəkilmiş gözəl bir qış tablosunu xatırladır. Çox keçmir ki, dağların sinəsinə çökən sis, duman ətrafa yayılır, göz-gözü görmür. Əyləşdiyim avtomobilin radiosunda xoş ovqat bəxş edən aşıq havasının təbiətin bu şıltaqlığı ilə harmoniya yaradan aşağıdakı misraları qulağımda çınlayır:

Duman, gəl-get bu dağlardan,
Dağlar təzə bar eyləsin.
Nə gözlərim səni görsün,
Nə könlüm qubar eyləsin.

Ətrafı seyr etdikcə öz doğma kəndim yadıma düşür, qəlbimdə nostalji hisslər baş qaldırır. Təbiətin səsini dinləmək üçün maşının istidən tutqunlaşmış şüşəsini azacıq endirəndə bir andaca içəri tələsən qışın ayazlı yeli üzümə çırpılır. Yuxuya dalan ana təbiətin lal sükutunu dərələrin arasıyla üzüaşağı axan çayın zümzüməsi, qışda da bu gözəllikləri tərk etməyən, yuvalarına yem aparan quşların arabir eşidilən cəh-cəh səsləri pozur. Az sonra həmişəyaşıl ağaclarla əhatə olunan təmiz, səliqəli səkilərlə iş-güc dalınca tələsən insanları, məktəbə üz tutan balaca fidanları görürəm. Budur, artıq Qızıl Qışlaq kəndinin mərkəzinə çatıram. İlk olaraq nəzərim yaraşıqlı kənd və xidmət mərkəzlərinə, məktəb binasına, eləcə də təpələrin sinəsində salınan evlərə yönəlir. Kənd və xidmət mərkəzləri ilə qısa tanışlıq zamanı burada sakinlərin rahatlığını, gündəlik məişət qayğılarını təmin edən yüksək şəraitin, zirzəmi ilə birlikdə 3 mərtəbəli, 110 şagird yerlik məktəb binasında isə hərtərəfli tədris şəraitinin olduğunu görürəm.

Ətraflı: Bir qış günü Qızıl Qışlaqda 

Gündəlik həyat tərzimizə uyğun olaraq evdə, küçədə, maşında və yaxud da hansısa istirahət guşəsində dinlədiyimiz musiqilər çox olur. Musiqinin valehedici təsiri ilə sanki ruhumuz da, qəlbimiz də dil açıb danışır, xəyallarımız bir neçə dəqiqəlik keçmişə qayıdır, ötənlər yada düşür. Bax elə həmin an dilimizdə bircə cümlə səslənir: Filan müğənni bu mahnını necə gözəl oxuyur, lap elə bil adamın qəlbinin dərinliyində gizlənən incə telə toxunur.
Bəli, musiqi və ya mahnının sevilməsi, bəyənilməsi ifa tərzindən çox asılıdır. Ancaq gəlin razılaşaq ki, uğurlu mahnı birdən-birə yaranmır, onun sözlərini yazan şair də, bu sözləri notlara çevirən bəstəkar da elə oxuyan ifaçı qədər az zəhmət çəkmir. “Bu mahnı necə gözəl bəstələnib, filan bəstəkarın yaradıcılığına vurğunam” fikirlərini isə yalnız musiqini daha dərindən duyan, bu qeyri-adi dünyanın incəliklərinə varan insanlar söyləyirlər.
Bildiyimiz kimi, doğma Naxçıvanımızda musiqi mədəniyyətimiz böyük inkişaf yolu keçib, tanınmış bəstəkarlar nəsli yetişib. Bu gün bəstəkarlığın inkişafı üçün hər cür imkanlar yaradılıb, görkəmli bəstəkarların yubileylərinin yüksək səviyyədə qeyd edilməsi bu sənətə yenicə qədəm qoyan gənclər üçün böyük stimul olub. Xüsusilə Naxçıvan Dövlət Universitetində Bəstəkarlıq kafedrasının yaradılması gənc, istedadlı bəstəkarlar nəslinin formalaşmasına təkan verib.

Ətraflı: Sözlər notlara çevriləndə...

Əsgər nə istəyir?
Bir təzə nəğmə.
Nəğməsiz darıxır əsgər tüfəngi.
Bir əsgər qəlbində qopan zümzümə
Bir Vətən daşını isidəcəkdir.

Hazırlaşıb evdən tələm-tələsik çıxarkən televiziya kanallarının birindən Xalq şairi Məmməd Arazın əsgər oğullarımızın vətənpərvərliyi, şücaəti ilə bağlı qələmə aldığı “Əsgər məktubu” şeirini eşidirəm. Qəlbimə dolan munis duyğuların təsirindən qeyri-iradi ayaq saxlayır, yuxarıdakı misralara qulaq asıram. Qəribədir, elə bil verilişin aparıcısı əvvəlcədən gedəcəyim yeri müəyyən edib bu şeiri mənim üçün səsləndirir. Beləcə, böyük ruh yüksəkliyi ilə evdən çıxır, əlində silahı, qəlbində Vətən eşqi ilə alovlanan, gecə-gündüz torpaqlarımızın keşiyini çəkən məğrur oğulların oylağına üz tuturam.
Naxçıvan şəhərindən “N” hərbi hissəyə aparan uzun və rahat yolla hərəkət edən avtobusun pəncərəsindən zirvəsi buludlara söykənən, sinəsində mərd oğulların məskən saldığı dağları seyr edirəm. Yanımda əyləşib mənimlə birgə həmin mənzərələrə tamaşa edən yolyoldaşım əli ilə göstərərək deyir ki, əvvəllər bax o görünən postlardan əsgərlər ilin soyuq vaxtlarında aşağı düşə bilmirdilər. Şəraitsizlik üzündən valideynlər də övladlarının görüşünə gec-gec gələrdilər. Ancaq indi vəziyyət tamamilə dəyişib, o postlarla nəinki əlaqə asanlaşıb, hətta orada xidmət keçən əsgərlər üçün gözəl məişət şəraiti də yaradılıb. Dağ cığırları ilə üzü sıldırım qayalara doğru uzanan, ilan kimi qıvrılıb-açılan sarı libaslı qaz xətti də məhz mərd oğulların rahatlığı üçündür, – deyən yolyoldaşım fikirlərini tamamlayır. Öz-özümə deyirəm ki, bu gördüklərim görüşünə tələsdiyim hərbi hissə barədə çox cüzi məlumat olar, yəqin ki, hələ qarşıda məni bundan da maraqlı məqamlar gözləyir...

Ətraflı: Əsgər qəlbində səslənən nəğmə çələngi  

Günəşin zərrin şəfəqlərinin xəsisliklə ətrafa yayıldığı bir payız günündə yolumu düşmənə gözdağı olan Sədərək rayonundan salıram. Rahat, abad yolla şütüyən maşının pəncərəsindən ətrafı seyr etdikcə gözlərim önündə müstəqillik illərinin bəhrələri canlanır. Yolboyu nizamla əkilmiş ağacların qızılı rəngə bürünən qol-budaqları mülayim küləyin təsiri ilə sanki rəqs edir, tarlalarda şum aparan texnikaların üzəri payız günəşinin ilıq şüası altında bərq vurur, dəyanətli əsgər kimi vüqarla dayanan dağların üzərini sis, duman alır, zəhmətkeş adamlar isə təbiətin şıltaqlığına əhəmiyyət vermədən çalışırlar. Onları nə əsən külək, nə də sis-duman öz sevimli məşğuliyyətlərindən ayıra bilmir.
Bu gözəllikləri seyr etdikcə qəlbim riqqətə gəlir. Az sonra bu mənzərələr öz yerini geniş küçələrə, səliqə-sahmanı ilə gözoxşayan rahat səkilərə, müasir görünüşlü kənd və xidmət mərkəzlərinə, həyətində “qaçdı-tutdu” oynayan uşaqların şaqraq gülüşlərinin ətrafa yayıldığı məktəb binasına, güllü-çiçəkli park və xiyabanlara verəcək.
– Budur, artıq ünvana çatmışıq, – deyən sürücünün sözləri məni xoş xəyallardan ayırır. Deyir ki, əvvəllər bu yolu qət etmək adamın gözünə durardı, indi isə çox rahat şəkildə, həm də az vaxta ünvana çatmışıq.

Ətraflı: Yurda və zəhmətə bağlı ömürlər 

Fotolar yaşananları gözlər önünə sərməklə dünənlə bu günün müqayisəsini aparmaq üçün bizə geniş imkanlar yaradır. Bu mənada, fotoqrafiya sənətini tarixin güzgüsü də adlandırmaq olar. Bacarıqlı fotoqrafın illər öncə çəkdiyi şəkil bu gün keçmişə işıq salmaqla tarixi öyrənməyə, adət-ənənələri, milli-mənəvi dəyərləri yaşatmağa xidmət edir. Məhz bu nöqteyi-nəzərdən fotoqrafiya olduqca əhəmiyyətli sahə kimi diqqəti çəkir. Bu sənətin tarixi böyük olmasa da, foto işi günümüzdə çox populyarlıq qazanıb.

Fotoqrafiyanın tarixinə qısaca nəzər salaraq qeyd edək ki, dünyada ilk foto­qrafiya ixtiraçısı fransız rəssamı Jozef Nyeps olub. Bu işi həmkarı Lui Jak Dager davam etdirib. Mənbələrdə foto­qrafiyanın yaranma tarixi 1839-cu il yanvarın 7-si göstərilir. Həmin gün Lui Dager dayanıqlı insan fotorəsmini çəkməyi bacarıb. O, 1839-cu ildə Parisdə Fransa Elmlər Akademiyası üzvlərinin iştirakı ilə keçirilən yığıncaqda fotoqrafik əkslərin möhkəmləndirilməsi üsulunu tapdığını elan edib. Müasir fotodan fərqli olaraq ilk foto neqativ deyil, pozitiv idi. Onu isə yalnız düz günəş şüaları altında görmək olurdu. Həmçinin foto pozitivdən köçürmə (surətçıxarma) mümkün deyildi. İlk rəngli fotoşəkil isə 1861-ci ildə nümayiş olunub. İllər keçdikcə bütün sahələrdə gedən inkişaf və tərəqqi fotoqrafiya sənətinin də təkmilləşməsinə imkan verib.

Ətraflı: Tarixi yaşadan sənət 

Yeni tədris dövrü başlar-başlamaz məktəbli övladları olan valideynlərin qayğıları da artır. Bu səbəbdəndir ki dükan-bazarlarda dərs ləvazimatlarını xüsusi diqqətlə seçib alan valideynlərlə tez-tez qarşılaşırıq. Elə oxucularımız arasında da, yəqin, çox sayda valideyn vardır ki, məktəbli ləvazimatları alırlar.
Ötən günlərdə şəhərimizdə fəaliyyət göstərən mağazaların bir neçəsində müşahidə apararkən məktəbli ləvazimatlarının əksəriyyətinin üzərində nümayiş olunan cizgilər diqqətimizi çəkdi. Görünən o idi ki, bu gün televiziya ekranlarından balacaların dünyasına hakim kəsilən “Ben 10”, “Maşınlar”, “Şirinlər”, “Maşa və ayı”, “Hörümçək adam” kimi xarici cizgi filmlərinin qəhrəmanları indi də dərs ləvazimatları vasitəsilə onların “görüşünə gəlib”. Bu halları görərkən fikirləşirsən ki, niyə mədəniyyətimizi yaşadacaq, uşaqları gələcəyə hazırlayacaq, onlara nümunə olacaq milli cizgi filmlərimizin qəhrəmanları qalıb kənarda, belə xoşagəlməz obrazlar burada özünə yer tapıb? Bəs bunun səbəbləri haradan qaynaqlanır?

Ətraflı: Məktəbli ləvazimatları övladlarımıza  nəyi təbliğ edir? 

  Hər il sentyabr ayı yurdumuza qədəm qoyduğu andan yeni tədris ilinə hazırlıq işləri görülər. Valideynlər övladları ilə birgə mağazalara üz tutar, onlara məktəbli geyimləri, dərs ləvazimatları alarlar. Məktəbə ilk dəfə gedəcək uşaqlar və onların valideynləri isə bu prosesi daha böyük həyəcanla yaşayarlar. Vaxt, vədə yetişər.­ Bilik Günü səhər erkəndən oyanan valideynlər övladlarını da ayağa qaldırar, onları səliqəli şəkildə geyindirər, əlindən yapışıb məktəbə tələsərlər. 

Həmin gün yolboyu uşaqların şən, şaqraq gülüşlərini, valideynlərin sevinc səslərini eşidən zaman öz uşaqlıq çağların yadına düşər. Sevincini gizlədə bilmərsən... Məktəbin həyətində əsl toy-bayram ab-havası hiss olunar. Direktor məktəblilərə xoş gəldin edər, uşaqlara yeni tədris ilində uğurlar arzulayar. Daha sonra ilk zəng çalınar, balacalar sinfə tələsər, ibtidai sinif müəllimi ilə tanışlıq başlayar. Məktəbə yenicə qədəm qoyan uşağın ilk dərs günü bu cür maraqlı anlarla yaddaşına yazılar və ömürboyu şirin bir xatirətək hafizəsində yaşayar.
Xatırlatmaq yerinə düşər ki, illər öncə övladını birinci sinfə aparan valideyn bir sıra problemlərlə üzləşərdi. Bu yaşda uşaqların əksəriyyətinin məktəb mühitinə alışmağı çətin olardı. Bu zaman isə valideyn günahı uşaqda axtarar, filankəsin övladı məktəbə can atır, bizim uşaqsa evdən ayrılmaq istəmir, – deyə hey şikayətlənərdi: – Gözümdən qırağa qoymamışam. Elə evdə say saymağı, hərf oxumağı, yazı yazmağı öyrətmişəm. Hətta çoxlu ­şeirlər, nağıllar da bilir. Ancaq indi deyirik ki, məktəbə gedəcəksən, deyir evdə qalmaq istəyirəm. Heç bilmirəm bu uşaqla necə edim?

Ətraflı: Uşaqların məktəbə psixoloji hazırlığı vacib məsələdir

Dünya binə olandan bəri insanlar müxtəlif qüvvələrin qeyri-adi gücünə ümid edib, baş verən təsadüfi hadisələrə fərqli mənalar veriblər. Bəzi inanclar ortaya çıxdıqca insanların onlara inamı da çoxalıb. Kimisi dağdağan ağacına, kimisi də adi soyuq daşa ümid edib. Müasir dövrümüzdə elm və texnologiya nə qədər inkişaf etsə də, hələ də heç bir məntiqə sığmayan batil inanclara ümid yeri kimi baxanlar da çoxdur. Körpə uşaqların üzərinə nəzər dəyməsin deyə, göz muncuğu bağlanılması, üzərlik yandırılması, uzaq yola çıxanın arxasınca su atılması və digər inanclar yüz illərdir ki, həyatımızın ayrılmaz hissəsinə çevrilib. Günümüzdə gecə vaxtı saç daramağın, güzgüyə baxmağın, dırnaq kəsməyin, astanada oturmağın, əl barmaqlarını bir-birinə keçirməyin uğursuzluq gətirəcəyinə inananlar da çoxdur.
Yaxşı xatırlayıram, əvvəllər nənəm nəvələrinin qoluna göz muncuğu bağlayardı. Səbəbini soruşanda isə “bu sizi nəzərdən qoruyar”, – cavabını alardım. Hələ qohum-əqrəba bizə qonaq gələndə olanları demirəm. Belə ki, qonaqlar biz nəvələrin başına sığal çəkərək nənəmə “Nə mehriban uşaqlardı”, – deyərdilər. Onlar getdikdən sonra nənəm üzərlik yandırar: – A bala, gəlin üzərlikdən iyləyin dərd-bəla sizdən uzaq qaçsın, – deyərdi. O zamanlar uşaq olduğum üçün nənəmin dediklərinə çox inanırdım. Artıq biz böyümüşük. Ancaq bu gün də nənəmgilə yolum düşəndə yenə üzərlik yandırır, dərd bəla sizdən kənar olsun, – deyir.
Ötən günlərdə işdən evə gedərkən avtobusda iki qadının ucadan ­söhbətinə təsadüfən qulaq şahidi oldum:
– Övladım dünən nədənsə qorxub, hansı həkimə aparım bilmirəm.

Ətraflı: Batil inanclar həyatımızı idarə edirmi? 

Arpaçayın şehi ilə tumarlanan, suyu ilə səfalanan, xoş rayihəli gül-çiçəklə bəzənən bağçaları, bol nemətli bağları olan yurd yerimiz Şərur rayonunun Düdəngə kəndi. Burada həyat heç cür ritmini pozmur, hər şey öz axarı ilə davam edir. Yaz-yay aylarında bütün yaşayış məntəqələrimiz kimi, bu kənd də əsrarəngiz gözəlliklərə qərq olur. Yolunu buradan salanlar bu füsunkarlığın sehrinə düşürlər.

Düdəngə müasir görünüşü ilə yanaşı, həm də maraqlı tarixçəsi ilə diqqəti çəkir. AMEA-nın müxbir üzvü, mərhum dilçi-alim Adil Bağırov “Naxçıvan oykonimləri” kitabında kəndin tarixi haqda maraqlı məlumatlar verib. Qeyd edib ki, 1728-ci ilə aid mənbədə iki Düdəngi kəndinin adı çəkilir. Bu kəndlərin hər birində 54 ailə yaşa­yırmış. Düdəngə adının mənşəyi haqda müxtəlif fikirlər səslənsə də, alim bunları ümumiləşdirərək bildirib ki, Düdəngə “Düdəngi” sözünün fonetik dəyişikliyə uğra­mış forması olub, iki və əmlakın altıdabir hissəsi mənalarını ifadə edir. Güman olunur ki, kəndin torpaq sahələri altı qohum ailə qrupu və ya altı tayfa (yaxud altı qardaş) arasında bölündüyündən kəndin bu hissəsinə “iki qohum ailəyə məxsus torpaq sahəsi”, “kəndin iki məhəlləsi, hissəsi” adı verilib və zaman keçdikcə bu sözlərin birləşməsindən Düdəngə adı yaranıb.

Ətraflı: Arpaçay vadisində müasirliyi ilə gözoxşayan  yaşayış məntəqəsi 

Son illərdə muxtar respublikada insanlara göstərilən ən böyük xidmətlərdən biri də suvarma və içməli suya olan tələbatın tam ödənilməsi istiqamətində atılan mütərəqqi addımlardır. Görülən irimiqyaslı işlərin nəticəsidir ki, blokada şəraitində olan muxtar respublikanın hər bir bölgəsi içməli su və suvarma suyu ilə tam təmin olunub. Ancaq gəlin görək, yaradılan bu imkanlardan qədərincə istifadə edirikmi? “Su haqqı”, – deyib paklığına and içdiyimiz təbii sərvətə necə qənaət edirik? Axı su yer üzünün tükənən sərvətlərindəndir, əgər biz qənaət etməsək, gələcək nəsillər bu israfçılığın acı fəsadlarını yaşayacaqlar. Və çox güman ki, buna görə bizə, “sağ olun”, deyən tapılmayacaq.
Ötən günlərdə şahidi olduğum bir mənzərə məni bu mövzuya müraciət etməyə vadar etdi. Naxçıvan şəhərinin Atabəylər məhəlləsindəki binanın həyətində qurulmuş su kranının açıq buraxılması, üstəlik, bu yerdə kanalizasiya xəttinin yarpaqlarla tutulması ətrafda su gölməçələrinin yaranmasına səbəb olmuşdu. Yaxınlıqdakı yaşlı bir adamın, nəhayət, bu hadisəyə reaksiya verib kranı bağlaması, təbii ki, gölməçələrin daha da böyüməsinin qarşısını aldı. Yaxınlaşıb onunla həmsöhbət oldum. Öyrəndim ki, o, məhəllə sakini, yaşı yetmişi ­ötmüş Əli Tarverdiyevdir. Onunla söhbət əsnasında dedi ki, Atabəylər məhəlləsinin vaxtilə suya böyük ehtiyacı olub. Sovetlər dövründə, elə müstəqilliyimizin ilk illərində də su sarıdan çox əziyyət çəkmişik. Bidonlarla çeşmələrdən su daşıdığımız da az olmayıb. Belə olan şəraitdə təmizlikdən də söhbət gedə bilməzdi. Təbii ki, bundan ən çox qadınlar əziyyət çəkirdilər. Mənə qəribə gələn odur ki, həmin şəraitdə böyüyən orta və yaşlı nəsil də suya qənaət məsələsində bu gün bəzən biganəliyə yol verir, çəkilən əziyyətləri yaddan çıxarır. İndi həmyerlilərimizin çoxu xarici ölkələrə gedib-gəlir, danışırlar ki, bu ölkələrin şəhərlərində küçədə axan bir çeşməyə rast gələ bilməzsən, suyun hər litri müəyyən məbləğə satılır. Bizdə isə hər bir məhəllədə yoldan keçənlərin, sakinlərin istifadəsi üçün su kranları qoyulub. Bu, biz insanlara göstərilən qayğının nümunəsidir. Ancaq, təəssüflər olsun ki, biz suyun qədrini lazımınca bilmirik. Düşünürəm ki, bu məsələyə hər bir sakin həssas yanaşmalı, xoşagəlməz hallara son qoyulmalıdır.

Ətraflı: Su... Onun qədir-qiymətini hamılıqla bilməliyik 

Bir çinar yarpağı düşdü yanıma,
Oyandı uşaqlıq xatirələrim.

Çinar kölgəsində, çinar mehində
Ömür kitabımı səhifələdim...

Təbiətin bizə bəxş etdiyi sərvətlərdən biri də ağaclardır. İnsan ömrünün sonunadək ağacdan faydalanır. Uşaq ikən taxta beşikdə uyuyur, böyüyəndən sonra ağacın meyvəsindən dadır, ağacdan özünə ev qurur, qayıq düzəldib suda üzür, istisində qızınır, qocalanda isə ona söykənib yeriyir. Ağaclar da insanlar kimi dünyada baş verən hadisələrin şahidi olur, əksər hallarda elə insanlardan aldığı zərbələr ucbatından faciələrlə üzləşir, həyatla vidalaşıb, torpağa qarışır. Bu təbiət ərməğanları arasında dözümlüləri, çox yaşayanları da az deyil.
Çinar kölgəsi ana nəvazişi qədər ürəyəyatan, xəfif küləkdə isə yarpaqlarının xışıltısı ana laylası qədər şirindir. Təsadüfi deyildir ki, Azərbaycan poeziyasında çinar haqda çox deyilib, çox sözlər yazılıb. Daxili bir narahatlıq keçirən, təkliyə qapılmaq, düşünmək istəyənlərin də elə çinar kölgəsinə üz tutması, bəlkə də, əbəs yerə deyil.
Təbiət biz insanlardan sirrinin-sehrinin əksərini gizlətsə də, hələ qədim zamanlardan onlar ağacların əsrarəngiz enerjisinə inanıblar. Elə xalqımız arasında da ağacların bəziləri rəmzlərə, totemlərə çevrilib. Dağdağan koluna niyyət edib rəngli parçalar, baş örtükləri bağlanması, salxım söyüd altından axan suya sirlərin, yuxuların danışılması xalqımızın ağaclara olan sonsuz inancından xəbər verir. Tarixən dəmirağac möhkəmliyin, dözümlülüyün simvolu olubsa, çinar uzunömürlülüyü təcəssüm etdirib. Təsadüfi deyil ki, bu gün 100 yaşı adlayan insanlar barədə söhbət düşəndə “filankəs çinar ömürlü insandır” deyimini işlədirlər.

Ətraflı: Çinar ömürlü şəhər Naxçıvanım 

Bahara gözəllik verən onun təravəti, gül-çiçəklərinin ətridirsə, insan ömrünü mənalandıran da uşaqlıq çağlarıdır. Uşaqlıq illəri elə bir yaş dövrüdür ki, hələ bərkə-boşa düşmədiyin üçün həyatı dərindən dərk etmir, ətrafda baş verənlərə seyrçi qalırsan. Ağ vərəqtək saf olan uşaq yaddaşında məsum duyğular, düşüncələr yaranır, gözlərində yaşadığımız dünyanın sevinci əks olunur. Məhz elə buna görədir ki, hər kəs yaşlandıqca, həyatın çətinlikləri ilə üzləşdikcə, uşaqlıq çağlarını arzulayır, yenidən o illərə qayıtmaq istəyir. Uşaqlıq dövrünün, necə deyərlər, olmazsa-olmazlarından biri də o yaş üçün xarakterik olan oyunlardır...

– Ay bala, gəl evə, bu qovalaqaç oyununu az oyna, axırda tərləyib xəstələnəcəksən.
– Ana, bir az da oynayım, gələcəyəm.
– Günorta olub, heç olmasa, gəl bir dürmək tutum ye, oyun qaçmır ki, sonra oynayarsan.
– Yox, ana, ac deyiləm, qonşumuz Mahirə xala sağ olsun, hərəmizə bir kətə verdi yedik!
Əziz oxucular, ana ilə bala arasında keçən bu qısa dialoq, yəqin ki, sizləri uşaqlıq çağlarına qaytardı, o illərdə yaşananlar yada düşdü. Mən də bu yazını hazırlayarkən illər öncə məhəlləmizdəki uşaqlarla keçirdiyim o günləri xatırladım. O zamanlar hər gün həmyaşıdlarımla təbiət qoynunda müxtəlif oyunlar oynayar, uşaqlıq illərimizi şən, deyə-gülə keçirərdik. Bəzən oyunlar zamanı yıxılar, ayaqlarımıza, əllərimizə izlər düşərdi. Ancaq bu, bizi qorxutmaz, əksinə, nənələrimizin: – ay bala, narahat olma, uşaq yıxıla-yıxıla böyüyər, – deməsindən həvəslənərdik. Artıq o illərin üzərindən çox sular axıb. Vaxtaşırı kəndimizə yolum düşəndə o günlərin xoş xatirələri yenidən yaddaşımda canlanır. Ancaq təəssüfedici hal odur ki, əvvəllər tozlu-torpaqlı küçələrdə oynayan uşaqların şaqraq gülüşlərinin yerini indi səssizlik tutub. Nə küçədə oynayan uşaq görmək olur, nə də uşaqları evə, dərs oxumağa çağıran valideynləri. Bu bir tərəfdən yaxşı hal olsa da, digər tərəfdən balacaların fiziki inkişafına mənfi təsir göstərir.

Ətraflı: Xalq uşaq oyunları keçmişimizdən qalan mənəvi mirasdır 

ARXİV

May 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR