21 Aprel 2021, Çərşənbə

Dünya ədəbiyyatının tanınmış simalarından olan Lev Tolstoy deyirdi ki, təhsilə tələbat hər bir insanda vardır. Nəfəs almaq üçün havanı sevən və axtaran xalq təhsili də sevir və axtarır. Bəli, təhsil inamlı sabahlar düşünən hər bir insana hava, su qədər vacibdir, istənilən sahədə nailiyyət əldə etmənin yeganə yolu məhz savadlı olmaqdan, biliklərə müfəssəl yiyələnməkdən və onların təcrübədə düzgün şəkildə tətbiqindən keçir. Yaradıcı düşüncəyə, əl qabiliyyətinə əsaslanan incəsənətdə isə istedad da önəmlidir və təhsillə paralel məqsədli inkişaf, perspektivli, uğurlu gələcək vəd edir. Muxtar respublikamızda da məhz bu iki amil əsas götürülərək ayrı-ayrı sənət sahələri üzrə istedadlı uşaqların üzə çıxarılması, onların bilik və bacarıqlarının formalaşdırılması, ixtisaslı kadrların yetişdirilməsi yönündə illərdir, ardıcıl tədbirlərin reallaşdırılması öz bəhrələrini verməkdədir. Ali Məclis Sədrinin 2021-ci il 2 mart tarixli Sərəncamı ilə 50 illik yubileyi qeyd olunan Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvləri sırasında da məhz bacarığı ilə təhsili bir-birini mükəmməl şəkildə tamamlayan onlarla sənət adamı vardır və həmin rəssamlar doğma diyarımızın tarixinin, mədəniyyətinin, təbiətinin, adət-ənənələrinin təbliğində rənglərin dili ilə əvəzsiz xidmətlər göstərirlər...

Ətraflı: Təhsillə istedad bir-birini tamamlayanda...

Xəyalımın keçmişə açılan, “uşaqlıq çağları” adlandırdığım pəncərəsindən günün hər saatında, hər anında duyuram bu səsləri. Yaş ötdükcə, həyatın çətinlikləri ilə qarşılaşdıqca uşaqlıq çağlarımın əlçatmazlığını dərindən dərk etsəm də, qəlbim bu acı həqiqətlə barışmaq istəmir. Hər ötən gün daha da ürəkdən arzulayıram o illərə qayıtmağı, yaşananları yenidən yaşamağı. Gözlərimin həsrət dolu alovunu söndürə bilmir nə yağan qar, nə də ki yağış, könlümdən qopan hicran səslərini yenidən üzümə çırpır əsən külək, qopan tufan...

Ətraflı: İllər arxasından gələn səslər...

Mən qürurunu, fəxarətini haqsızlığa üsyan edib zülmə boyun əyməyən, son anadək rəşadətlə vuruşaraq həsrətli, hicranlı torpaqlarımıza vüsal, azadlıq toxumu səpən övladının vüqarından, qəhrəmanlığından alan, Şəhid anası adlı müqəddəs mərama ucalan yüzlərlə azərbaycanlı xanımdan biri-Aytən Eyvazova. Xatirəsi nisgilli, qəmli gözlərimə işıq, nur gətirən, şücaəti, igidliyi pərişan qəlbimə təsəlli, hüzur bəxş edən Vətən oğlundan- son beşiyim İslamdan söhbət açmaq istəyirəm sizlərə. Düşündükcə xəyallar qanad açaraq uzaq keçmişə uçur, illər, fəsillər öncəsinə aparır məni, ailəmizdə yaşanan sevincli-kədərli anlarımız, qayğılı-qayğısız günlərimiz bir-bir gəlib keçir gözlərim önündən...

1999-cu il aprelin 7-də 5 nəfərdən ibarət ailəmiz daha da böyüdü, Uca Yaradan sonuncu övlad payı ilə sevinc, xoşbəxtlik gətirdi evimizə. Babasının adını qoyduğumuz üçün ailəmizdə hər kəs onu İslam deyil, Totu çağırardı. Elə körpəlikdən hər şeyə can atmağı, ürəkli, qorxmaz davranışı, şirin-şəkər şıltaqlığı ilə seçilirdi məhəllədəki həmyaşıdlarından. Atası ilə əl-ələ verib çalışdıq, halal zəhmətimizlə böyütdük övladlarımızı, qardaş-bacıları kimi İslam da yıxıla-dura, yaxşı-yaman yaşa doldu.Vaxt-vədə yetişdi, günlərin birində məktəb yaşına çatdı balam, əlindən tutub apardım Naxçıvan şəhərindəki 15 nömrəli tam orta məktəbə. İbtidai sinifdə sakitliyi, mehriban münasibətilə pedaqoji kollektivin hörmətini qazandı, bir müəllimdən şikayət, narazılıq eşitmədik İslam haqda. İkinci sinifdə oxuyanda dedi ki, ana musiqiyə marağım var, istəyirəm piano çalmağı öyrənim. Evimizin son beşiyi olduğu üçün atası da, mən də hər zamankı kimi qəlbinə dəymədik, arzusuna, istəyinə qarşı çıxmadıq. Həm evimizə yaxın olduğu üçün, həm də haqqında yüksək fikirlər eşitdiyimizdən Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbində piano ixtisasına yazdırdıq adını. Oxudu axıradək məktəbi, səlis ifa etməyi öyrəndi, musiqi alətinin sirlərinə dərindən yiyələndi, təhsilini davam etdirmək üçün şəhadətnamə də aldı. Ancaq bu yolu axıradək getmədi. Sən demə ürəyinin dərinliyində daha böyük arzular yatırmış övladımın. 8-ci sinfi bitirəndə dedi ki, əziz atam və anam, mən sənədlərimi Heydər Əliyev adına Hərbi Liseyə vermək niyyətindəyəm, arzum gələcəyin peşəkar zabiti kimi yetişməkdir, özü də qırmızı papaqlılardan olmaq istəyirəm. Soruşanda ki, ay övlad, qırmızı papaqlı nə deməkdir, dedi ki, bəs xüsusi təyinatlı bölmənin şəxsi heyəti başlarına qırmızı papaq qoyur, mən də orada xidmət keçmək arzusundayam. Ancaq əvvəlcə təhsil almalıyam ki, hərb sənətinə, bu sahəyə daha dərindən bələd olum. Atası da, mən də çətin, məsuliyyətli peşə olduğu üçün əvvəlcə razılıq verməsək də, könlümüzü ələ ala bildi. Ancaq gözündəki zəifliyə görə məktəbə qəbul ola bilmədi...

Ətraflı: Bir ananın monoloqu...

Bir bağban əli var təbiətində
Dağda çiçəyi bol, bağda barı bol.
O, yaxın dostudur təbiətin də
Yayda günəşi bol, qışda qarı bol.

Ətraflı: Hüsnünə heyrandır ellər Şahbuzun...

880 ildir, binə olub nizamlı bir söz bağçası. Qüdrəti, qüvvəti, kəsəri, dəyəri, meyarı ilə bütün maneələrə sinə gərib, sipər çəkib, keçilməyib sədləşibdir, yeri gəlib sərtləşibdir, daim öz şuxluğun qoruyub, əyilməyib  bir an belə, qəddi də. Əsrlərin, qərinələrin yağan qarı, boranı, soyuğu, şaxtası üşütməyə, dondurmağa, istisi məşəl olub yandırmağa, soldurmağa, küləyi uçurmağa, yıxmağa cürət etməyib bu bağçanın həmişəbahar güllərini. Nəsillərdən-nəsillərə yayılıb bu güllərin rayihəsi, neçə-neçə könüllərə ilham verib təravəti, bu bağçada gecə-gündüz qaynayıb, qaynadıqca daha da gurlayıb, güllərini, çiçəklərini bir kimsədən kömək ummadan yaşadıbdır dəryalara, dənizlərə sığmayan “Nizami Gəncəvi” adlı hikmət dolu bir ümman. Şairlər, yazıçılar söz mülkünün açarını bu bağçadan axtarıb tapıb, bəstəkarlar musiqi notların kökləyib onun sehrində, məlhəm verib neçə xəstə könüllərə, doğru yol göstərib iş, sənət dalınca gedənlərə, tələsənlərə gözlə, bir az düşün deyib, düzgünlüyə səsləyib insanları, təsəlli verib, ruhlandırıb, ümidləndirib naəlac binəvaları, ədaləti, səxavəti üstün tut hər əməldə, cızığından çıxma, həyatda öz yolun, xəttin, izin olsun, başqasının deyil, öz süfrəndə gözün olsun, oxu, mütaliə et ki, dürr çıxsın ağzından sözlər, səbir et, onsuz da gec-tez əyriləri kəsəcək düzlər, çalış dəyərini qoru ki, kəsərdən düşməyəsən, addımını doğru at ki, büdrəyib sürüşməyəsən – söyləyib...

Ətraflı: 880 yaşlı söz bağçasının həmişəbahar gülləri...

        Ey ömrünün 19-cu payızında həyatını ölkəmizin baharlı günləri naminə qurban verən əziz şəhidim gəlmişəm müqəddəs məramından, amalından söhbət açam. Qaraxanbəyli kənd mərkəzinin qənşərindəki Vətən göylərinin ənginliklərinə ucaltdığın, nicatına qovuşan torpaqlarda vüqarla dalğalanan ay-ulduzlu sevdalınla bəzənən evinin kandarına dikilir gözlərim bir neçə dəqiqəlik. Küçədən keçənlərə vaxtilə bu ocaqda muradına çatan bir igid yaşadığını nişan verən “Xocavənd şəhidi Pərviz Məmmədzadə” adlı tablo içəri səsləyir, qonaq edir kiçik bədəndə böyük ürək daşıyan oğulun qəhrəmanlıq dünyasına məni. 19 illik şərəfli ömrün şirin-şəkər, doğma, əziz xatirələrinə bürünüb Məmmədzadələrə məxsus evin hər küncü, hər bucağı. Dünyaya göz açdığın andan 19-cu payızının əbədi yüksəkliyə aparan sonuncu yolçuluğunadək ailənə yaşatdığın qürur, fəxarət dolu anların yadigarları- üzərindən uşaqlıq çağlarının şən-şaqraq nəfəsi duyulan oyuncaqların, ad günü hədiyyələri, musiqiyə marağından söz açan qarmonun, tədbirlərdə qazandığın uğurlardan xəbər verən diplomların, fəxri fərmanların, hərbi həyatını əxz edən forman və daha nələr, nələr. Və bir də səni sənin dilindən tanımağıma vəsilə olan, öz dəsti-xəttinlə qələmə aldığın xatirə dəftəri, ömür gündəliyi...

Ətraflı: 19-cu payızda əbədiyyət yolçuluğu...

     Tarix boyu qəhrəmanlıq, şücaət, vətənpərvərlik salnaməsi yazmış bir xalqın haqsızlığa, ədalətsizliyə boyun əymədən zülmə qarşı üsyanıdır yanvarın 20-ci günü. Düz 30 il idi ki, əlimizdəki qərənfil kimi, boynumuz bükük, matəmli, hüznlü şəkildə üz tuturduq sinəsini düşmən gülləsinə sipər edən İdris Məmmədov, Mirəsgər Seyidov, Bahadur Abbasov kimi onlarla şəhidimizin uyuduğu Naxçıvan şəhərindəki müqəddəs məkana. Həmin gün sanki qəzəbi tuturdu sinəsi qara buludlarla dolan göy üzünün də yerə. Əlimizi, ayağımızı donduran şaxta-boranı bir vasitə ilə isitməyə çalışsaq da qəlbimizdəki çovğunu, təlatümü ovutmaq üçün heç nə yetməzdi imdadımıza. Nə dilə gətirməklə, nə yazmaqla, nə də hər hansı kətanın üzərinə köçürməklə tam dolğun şəkildə izah etmək mümkün olurdu könlümüzdəki illərin ədalətsiz hökmünə qarşı çıxan hayqırtı səsini. Bax beləcə böyükdən-kiçiyə hər birimiz usana-usana keçirdik şəhid məzarları önündən. Gözümüzün ucu ilə, ürkək halda baxırdıq pərişanlıqla dolu, donuq baxışlı məzarlara. Onların bir andaca dilə gəlib “Bizim qanımız niyə yerdə qalıb? Zəfər müjdəsini nə vaxt alacayıq sizdən? Haqq-ədaləti bərpa edin, axı sizin də damarınızda bizim kimi Vətən sevgisi ilə coşub-daşır qan” kimi sual dolu cümlələrlə xitab edəcəyindən çəkinirdik sanki. Ziyarət bitdikdən sonra evə dönən zaman beynimizə dolan bu qara fikirli sualları yolboyu gələcəyimiz deyib tərbiyə aşıladığımız övladlarımızdan eşidəndə isə titrəyirdi dil-dodağımız. Xalqımıza yaşadılan acıları sıxıla-sıxıla izah edir, hakim olmağa çalışırdıq qəzəblə dolu göz yaşlarımıza. İllər ötdükcə bu yaranın ağrısı azalmaq əvəzinə daha da şiddətlənirdi, hər dəfə televiziya ekranlarından o acılarla dolu kadrları yumruq düyünləmədən, diş qıcamadan izləməzdik, təbii ki. İlahi ədalətin gec-tez təcəlli edəcəyinə böyük idi inamımız, ümidimiz. Səbir kasası dolub daşan xalqımızda tam əminlik hissləri yaradırdı günü-gündən güclənən dövlətimiz, qüdrətlənən ordumuz. İlbəil artan qələbələr tezliklə Böyük zəfər müjdəsinin gələcəyini də gözlənilən etmişdi çoxdan. Və belə də oldu. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən həm hərbi, həm siyasi yöndəki haqq-ədalət savaşımız Böyük Qələbə ilə nəticələndi.

 

Ətraflı: Yanvarın 20-ci günü 31-ci dəfə yaşananda...

Mən, könüllərdə şərəf, ləyaqət taxtı quran, torpaq, el-oba üçün sinəsini sipər edən, son damla qanınadək vuruşan 2841 Vətən övladından biri-Firuz Qüreyşli. Damarında azərbaycanlı qanı axan hər kəsin qürur mənbəyi, inam yeri, ümid təşnəsiyəm, dillərdən düşməyən, Ali Baş Komandanımın mübarək “Qarabağ Azərbaycandır” kəlməsindəyəm. 30 illik həsrətin, hicranın vüsal anıyam, yurd-yuvalarından didərgin düşən ana-bacılarımın, ata-qardaşlarımın donuq baxışına, solğun çöhrəsinə yeni təravət, qaysaq bağlamış yarasına məlhəməm. Qürur, fəxarət hissi ilə Şəhidlik məqamından seyr edirəm dörd bir yanı qələbə ətirli çələnglərlə bəzənən doğma yurdumu. 2840 silahdaşım kimi mənim də deməyə, danışmağa sözüm çoxdur. Düşündükcə çözələnir xatirələr, ömür yolum, yaşadıqlarım, olanlar, ötənlər gəlib- keçir xəyalımdan bir-bir...

Ətraflı: Ay-ulduza dönən arzularım...

Cümə günü sübh çağıdır. Yolum ucqar dağ kəndinədir. Paytaxt Naxçıvan şəhərindən gedəcəyim ünvanı 30 kilometrə yaxın məsafə ayırır. Elə bunun üçün də səhərin erkən saatlarından yola çıxıram. Yolboyu gözlərim qarşısında şaxtalı, sazaqlı qışın bir-birini tamamlayan bənzərsiz mənzərələri fonunda füsunkar görünüşlü, abad, büsatlı günlərini yaşayan Hacıvar, Badaşqan, Yarımca kəndləri canlanır. Artıq bir neçə gündür ki, yerin göyə olan sevdasından ağ örpəyə bürünən ağaclar, nizamlı əsgər kimi sıra ilə düzülən, bu gözəl yurdumuzu bədnəzərlərdən “qorumağa çalışan” başıqarlı dağlar mahir rəssamın incə zövqlə işlədiyi gözəl bir qış tablosunu xatırladır, mənə. Çox keçmir ki, dağların sinəsinə çökən sis, duman yamaclara, həyətlərə də yayılır, çöllük ərazilərdə səssizlik hökm sürür.

Ətraflı:  Ağ örpəkli qədim yurd yeri...

Ey nur üzlü, Vətən sevdalı, zəfər müjdəli, qələbə əzmli şəhidim, 22 illik ömür kitabını vərəqləmək, səni daha yaxından tanımaq üçün ailəni ziyarətə gəlmişəm.  Budur, uğuruna canını fəda etdiyin, azadlığına qovuşan torpaqlarımız üzərində vüqarla, təntənə ilə dalğalanan üçrəngli bayrağımızla bəzənən 1998-ci ildə iyulun 21-də dünyaya göz açdığın Şahbuzkənddəki evin kandarı. Böyük həyəcan, məsuliyyət içərisində ehmalca döyürəm qapını. Qarşılayır məni qürur, fəxarət yaşatdığın, “Şəhid anası” adlı müqəddəs zirvəyə ucaltdığın xanım...

                                       Nigaran nəzərlə baxır qapıya,

                                      Könlümü dağlayır şəhid anası.

                                      Dağ boyda bu yükü çiyinlərində,

                                      Şərəflə saxlayır şəhid anası. 

          Əziz şəhidim, hər küncü-bucağı, divarları, əşyaları səninlə bağlı şərəfli anlar, həsrətli günlər, doğma, əziz xatirələrlə dolan evin tən ortasında qoyulmuş stol başında əyləşib bir nənə, bir ana, bir də mən. 22 illik ömür kitabını vərəqləyirik bir-bir. Nələr var bu səhifələrdə nələr. Nə bir məqaləyə sığar, nə də danışmaqla bitər, şərəfli, ləyaqətli, cəsarətli ömür yolun. Xatirələr dil açıb danışır. Deyir rəhmətlik atanın ən böyük arzusu imiş səni hərbi formada, rütbəli zabit kimi görmək. Hələ sən balaca olanda, həyatı tam dərindən dərk etmədiyin vaxtlarda əlindən tutaraq yolunuzu tez-tez Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyin qarşısından salar, bir növ kənardan da olsa səni gələcək məktəbinlə tanış edərmiş. Dost-tanışla söhbətində qürurla “Gözümün ağı-qarası olan bircə oğlumun böyüyəndə hərbi liseydə oxumasını istəyirəm, Emin balam hərbiçi kimi yetişib torpaqlarımızın keşiyində mətinliklə dayanacaq, atasının, anasının fəxrinə çevriləcək”,  – söyləyərmiş...

Deyirlər hər kəsin taleyi alnına yazılır, alın yazısından qaçmaq olmaz. Bəli əziz şəhidim, sənin də alnına hərbçi olmaq, atanın arzusunu gerçəkləşdirmək yazılmışdı. Hələ keşməkeşli günlərin isə qabaqda idi, bu şərəfli peşəyə gedən yolda çox çətinliklərə sinə gərməli, çox maneələr aşmalı olacaqdın. Ancaq içindəki Vətən sevgisi, vətənpərvərlik ruhu səni bu yolun son dayanacağınadək aparacaqdı. 11 yaşın olanda üç nəfərdən ibarət ailəniz daha da kiçildi. Atan dünyasını dəyişdi. Gülşad xanım min bir əziyyətə qatlaşaraq qazandığı halal məvacibi ilə böyütdü səni. Bir-birinizə həm ana-oğul, həm də sirdaş, dost, həmdəm oldunuz. Olub-keçənləri bir-birinizdən gizli saxlamaz, dərd-sərinizi bir yerdə bölərdiniz. Bax beləcə birlik, bərabərlik göstərərək həyatın çətin sınaqlarından üzüağ çıxmağı bacardınız. Məktəbi əla qiymətlərlə oxudun. Müəllimlərinin, şagird yoldaşlarının yaddaşında mehriban, səmimi, dostcanlı, ailə qədri bilən bir uşaq kimi dərin iz buraxdın. İdmana da xüsusi maraq göstərdin, güləş, boks öyrəndin, fiziki qabiliyyətini möhkəmləndirdin. Və nəhayət 9-cu sinifdə özünün də böyük maraq və həvəsinlə atanın çoxdanki arzusunu reallığa çevirməyi qarşına məqsəd qoydun. Yolunu hərbi liseydən saldın, ardınca da Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini oxudun. 2019-cu ildə bacarıqlı hərbiçi kadr kimi yetişib leytenant, tağım komandiri olaraq xidmətə yollandın. Təyinatı isə yaşadığın evdən çox uzağa-Qazax rayonunda yerləşən “N” hərbi hissəyə aldın. Əvvəllər iş üçün ikicə saatlıq harasa yollandığında 3-4 dəfə zəng vurub hal-əhval tutduğun,  bir gün belə ayrı qala bilmədiyin anandan indi uzun zaman ayrı qalmalı olacaq, bəzən günlərlə əlaqə saxlaya bilməyəcəkdin. Ancaq bütün bunları əvvəlcədən götür-qoy etmişdin, bir anandan ayrı qalsan da, digərinə-anan qədər sevdiyin Vətəninə daha yaxın olacaqdın. Bu şərəfli səfərə çıxanda bu günü düşünüb dediyin sözlər hələ də Gülşad ananın qulaqlarında çınlayır. “Ana, sənin mənim üzərimdə əziyyətlərin çox olub, borcunu heç nə ilə ödəyə bilmərəm, ancaq gün gələcək sənə oğul fəxarəti, qüruru yaşadacağam”, – demişdin. Əhdinə xilaf çıxmadın...

Ətraflı: Şəhid Emin Sadiqov: -Ana, mən şəhid oldum...

Tarixən Azərbaycan və Türkiyə xalqları arasında mövcud olan qardaşlıq, dostluq münasibətləri müasir dövrümüzdə bütün istiqamətlər üzrə uğurla davam edir. Ölkəmizin 44 gün ərzində apardığı Vətən müharibəsi dövründə də bu amil özünü ən yüksək səviyyədə göstərdi, döyüşlərin başladığı gündən qardaş ölkə həm xalq, həm də dövlət olaraq öz dəstəyini əsirgəmədi.
Dekabrın 12-də iki ölkə qardaşlığının növbəti nümunəsi kimi, Türkiyənin Cümhuriyyət Xalq Partiyasının xəttilə Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun Vətən müharibəsində şəhid olan və yaralanan hərbi qulluqçularının ailələrinə ərzaq və tibbi ləvazimatlar hədiyyə olunub. Bu münasibətlə keçirilən tədbirdə partiyanın vəkili Ahmet Nazif Yücel ümummilli liderimiz Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri isə bizim kədərimizdir” fikirlərini xatırladaraq bildirib ki, artıq iki ölkə arasındakı qardaşlıq münasibətləri bütün dünyada nümunə səviyyəsində qəbul edilir. Tarixboyu Türkiyə hər zaman bütün məsələlərdə Azərbaycanın yanında olub, ona öz dəstəyini əsirgəməyib. Vətən müharibəsinin başladığı ilk gündən sonadək qardaş ölkənin haqq səsinə səs vermiş, birlik, bərabərlik nümayiş etdirmişik. Cümhuriyyət Xalq Partiyası olaraq müharibədən sonra atdığımız bu addım da qardaşlıq münasibətlərimizin növbəti təzahürüdür.

Ətraflı: Türkiyə-Azərbaycan qardaşlığının növbəti nümunəsi

“Buradan mən bölük komandirim, baş leytenant Şəhriyar Mehdiyevə minnətdarlığımı bildirirəm. O biz əsgərlərə bölük komandiri yox, əsl qardaş, yoldaş olub. Onun sayəsində mən və əsgər yoldaşlarımın çoxu bu gün evimizdə, ailəmizin yanındayıq”. Dekabrın 3-ü  “Xəzər” televiziyasının efirində yayımlanan “Səni axtarıram” verilişində Suqovuşanın azad olunması uğrunda aparılan döyüşlərdə şücaətlə vuruşub yaralanan Famil Üzeyirovun dilindən eşidirəm bu sözləri. Elə həmin an haqqında bəhs olunan bu komandirin şücaətləri barədə öyrənmək istəyimdən sosial şəbəkələrə baş vururam. Qısa axtarışlardan sonra qəhrəman igidimizin Babək rayonunun Nehrəm kəndindən olduğu aydınlaşır və onu tanıyanlardan tezliklə Naxçıvana gələcəyi barədə aldığım xəbər bu yazını hazırlamaq fikrimi daha da qətiləşdirir...

Eloğlumuzla qısa tanışlıq, söhbətimiz məndə onun cəsur xarakteri, keçdiyi şərəfli döyüş yolu barəsində dərin təəssüratlar yaradır. Tərcümeyi-halına nəzər yetirərkən düşünürəm: Doğrudan da kim deyə bilərdi ki, 1994-cü il martın 2-də – qışın baharı müjdələyən bir günündə sadə ailədə dünyaya göz açan balaca Şəhriyar 26 il sonra yazılacaq şanlı tariximizdə iz buraxaraq nəinki Mehdiyevlər ailəsinin, bütün Azərbaycanın fəxrinə çevriləcək. Ancaq zaman və bir də ən vacib amil olan Vətənə dərin məhəbbət, doğma yurdun keşiyində dayanmaq, onu qorumaq və lazım gələndə işğal altındakı torpaqlarımızı azad etmək amalı öz sözünü dedi.

Ətraflı: Suqovuşana qovuşmaq amalı  və ya bir kəşfiyyatçının döyüş yolu...

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR