17 Oktyabr 2021, Bazar

Uzaqgörən siyasət nəticəsində Naxçıvan gələcəkdə də tarixi missiyasını yerinə yetirəcək

Ulu öndərimiz Heydər Əliyevin əsasını qoyduğu strateji inkişaf konsepsiyasının uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycan və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası özünün inkişaf və tərəqqi dövrünü yaşayır. Qədim və müasir Naxçıvanın Şərqlə Qərb arasında körpü rolunu oynaması, geostrateji mövqeyi, Böyük İpək Yolu üzərində yerləşməsi mühüm beynəlxalq dayanacaq, nəqliyyat mərkəzi kimi tanınmasına yol açır. Azərbaycan Prezidentinin siyasi iradəsi, qətiyyəti, beynəlxalq nüfuzu sayəsində gələcəkdə Zəngəzur dəhlizinin fəaliyyətə başlaması fonunda biz bu reallıqları daha aydın şəkildə görəcəyik. Bu günə kimi dünyanın vacib keçid bölgəsi rolunda çıxış edən Naxçıvan uzaqgörən siyasət nəticəsində gələcəkdə də tarixi missiyasını yerinə yetirəcək, region ölkələri, Türk dünyası, nəhayət, Avropa ilə Asiya arasında nəqliyyat əlaqələrinin intensiv şəkildə artmasına, ticarət əlaqələrinin genişlənməsinə əsaslı töhfəsini verəcək.

Muxtar respublikanın səhiyyəsi böyük uğurlar əldə edir

Qürurla deyə bilərik ki, Naxçıvan bu gün bir sıra məsələlərdə özünün liderliyini qoruyub saxlayır. Blokada vəziyyətində tərəqqiyə nail olunmasını, mövcud imkanlardan səmərəli istifadə edilməklə başdan-başa kompleks şəkildə abadlaşdırılaraq gülüstana çevrilməsini, bütün sahələr üzrə təhlükəsizliyinin təmin edilməsi istiqamətində çox əhəmiyyətli tədbirlərin həyata keçirilməsini, vətənpərvər, intellektual gəncliyin yetişdirilməsi üçün zəruri olan bütün işlərin görülməsini buna misal göstərmək olar. Ötən müddətdə isə Naxçıvan daha bir nümunə yaradıb. Belə ki, dünyanı cənginə alan yeni növ koronavirus infeksiyasına qarşı mübarizədə muxtar respublikada həyata keçirilən tədbirlər nəticəsində burada xəstəlik epidemiyadan pandemiyaya çevrilməyib. Təsadüfi deyil ki, ölkə üzrə ən az yoluxma halı Naxçıvanda qeydə alınır. Jurnalist kimi apardığım müşahidələr əsasında əminliklə deyə bilərəm ki, xəstəliyin yayılmasına qarşı muxtar respublikada reallaşdırılan profilaktik tədbirlər dünya miqyasında nümunədir. Təbii ki, bu məsələdə Naxçıvan səhiyyəsinin qüdrətini də qeyd etmək lazımdır. Bu gün muxtar respublikanın səhiyyə infrastrukturu və mövcud kadr potensialı hətta ən ağır xəstəlikdən belə, əziyyət çəkən insanların şəfa tapmasına şərait yaradır. Bu səbəbdən müalicə üçün muxtar respublikadan kənara üz tutanların sayı son illər kəskin şəkildə azalıb. Əksinə, bəzi hallarda Naxçıvan həkimlərinin şöhrətini eşidənlər qədim diyara üz tutur, burada səhiyyə sahəsində yaradılan şəraitdən istifadə edir, şəfa bəxş edən təbiət möcüzəsi müalicə mərkəzlərimizə gəlirlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi: “Mən çalışıram və istəyirəm ki, Azərbaycanın hər bir yerində yüksək səviyyəli tibbi xidmət göstərilsin. Çox şadam ki, Naxçıvanda bu sahədə böyük işlər görülür, böyük uğurlar əldə edilir”.

Muxtar respublikada səhiyyə quruculuğu istiqamətində görülən işlərin davamı olaraq, iyulun 2-də Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin yoluxucu mərkəz kimi fəaliyyət göstərəcək modul tipli xəstəxanası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yaradılan şəraitlə tanış olub. Məlumat verilib ki, 186 çarpayılıq modul tipli xəstəxana 3 əsas korpus və 4 yardımçı binadan ibarətdir. Əsas korpuslarda 83 palata, reanimasiya bölməsi, 16 yerlik yeməkxana, camaşırxana, inzibati və digər yardımçı otaqlar yerləşir.

Ali Məclisin Sədri tibbi xidmətin təşkili və ərazidə yaşıllıqların artırılması barədə müvafiq tapşırıqlar verib.

Azərbaycan-Türkiyə münasibətlərində
Naxçıvan Muxtar Respublikası özünəməxsus yerə malikdir

Bu gün eyni dilə, eyni dinə, eyni mədəniyyətə sahib olan qardaş ölkələr - Azərbaycan ilə Türkiyə arasında sıx əlaqələr tarixinin çiçəklənmə dövrünü yaşayır. Bu münasibətlər ölkə Prezidentlərinin iradəsinə uyğun olaraq yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkələrimiz regionda və beynəlxalq aləmdə baş verən bütün hadisə və proseslərə münasibətdə eyni mövqedən çıxış edirlər. Qarşılıqlı səfərlər ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayır, bütün sahələrdə əlaqələr uğurla inkişaf edir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, TANAP, TAP kimi beynəlxalq layihələr Azərbaycan və Türkiyənin dünyada söz sahibi olmasına imkan yaradıb. Bu gün ölkələrimiz arasındakı əlaqələrin inkişafında Naxçıvan Muxtar Respublikasının mühüm yeri vardır. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyənin yaxın bölgələri arasında iqtisadi-ticarət, təhsil, səhiyyə, turizm, mədəniyyət, ordu quruculuğu və nəqliyyat sahələrində əlaqələr uğurla inkişaf etdirilir.

İyulun 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə görüşüb.

Ali Məclisin Sədri səfiri salamlayıb, onu ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibəti ilə təbrik edib və Naxçıvana səfərindən məmnunluğunu bildirib. Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələrindən bəhs edən Ali Məclisin Sədri ikitərəfli münasibətlərdə Naxçıvan Muxtar Respublikasının özünəməxsus yeri olduğunu, bir çox istiqamətdə əməkdaşlığın inkişaf etdiyini qeyd edib, Zəngəzur dəhlizinin açılmasının və Qars-Naxçıvan dəmir yolunun tikintisinin əhəmiyyətini vurğulayıb.

Ali Məclisin Sədri ölkələrimiz arasındakı münasibətlərin yeni mərhələyə yüksəldiyini bildirib, Şuşa Bəyannaməsinin yüz il bundan əvvəl imzalanmış Qars müqaviləsinə əsaslandığını diqqətə çatdırıb, səfirin Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişafı istiqamətində səylərini əsirgəməyəcəyinə əminliyini ifadə edib.

İyulun 26-da isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Azərbaycan-Türkiyə gənclərinin Zəfər Düşərgəsi”ndə iştirak etmək üçün muxtar respublikada səfərdə olan Türkiyə Gənclik Vəqfinin nümayəndə heyəti ilə görüşüb.

Ali Məclisin Sədri ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinə və Naxçıvanın türk dünyası üçün əhəmiyyətinə diqqəti çəkib, “Azərbaycan-Türkiyə gənclərinin Zəfər Düşərgəsi”nin muxtar respublikada təşkilinə görə təşəkkürünü bildirib. Azərbaycanda və onun tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında gənclərlə işin prioritet sahələrdən biri olduğunu vurğulayan Ali Məclisin Sədri bu istiqamətdə görülən işlərdən bəhs edib. Qeyd olunub ki, Naxçıvanda gənclərin təhsilli və sağlam böyüməsi diqqətdə saxlanılır, onlar dövlət quruculuğu işində fəal iştirak edirlər.

Türkdilli ölkələrin dövlət başçılarının doqquzuncu zirvə görüşünün və Türk Şurası Gənc Liderlərinin ilk forumunun Naxçıvanda keçirildiyini xatırladan Ali Məclisin Sədri “Azərbaycan-Türkiyə gənclərinin Zəfər Düşərgəsi”nin də gənclər arasında qarşılıqlı əlaqələrin qurulması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

İlin birinci yarısında əldə edilən yüksək nəticələr gələcək inkişafa zəmanət verir

Naxçıvan Muxtar Respublikasında 2021-ci ilin birinci yarısında bütün sahələrdə inkişaf təmin edilib, quruculuq işləri aparılıb, əhalinin rifahı daha da yaxşılaşdırılıb. İlin ilk altı ayında muxtar respublikada həyata keçirilən ardıcıl tədbirlər sosial-iqtisadi tərəqqiyə öz töhfəsini verib, dayanıqlı və tarazlı inkişaf təmin olunub. Cari ilin birinci yarısında ümumi daxili məhsulun həcmi 1 milyard 328 milyon manat olub ki, bunun da 86 faizi özəl bölmənin payına düşüb. Ötən dövrdə muxtar respublikada sahibkarlıq fəaliyyətinin təşviqi məqsədilə 18 milyon manata yaxın kredit verilib, 55 yeni istehsal və xidmət sahəsi yaradılıb. Hazırda muxtar respublikada 384 növdə məhsulun istehsal olunması dayanıqlı inkişafın nəticəsi kimi mühüm əhəmiyyətə malikdir.

İlin ilk altı ayında muxtar respublikada 116 obyekt tikilərək və ya yenidən qurularaq istifadəyə verilib, 168 obyektin tikintisi və yenidən qurulması isə davam etdirilib. Xüsusilə Duzdağda yeni şaxtanın istifadəyə verilməsi mühüm iqtisadi əhəmiyyəti ilə yanaşı, həm də təbii sərvətimiz olan duzun müasir metodlarla çıxarılması, emalı və ixracına geniş imkanlar açıb.

Bu ilin birinci yarısında muxtar respublikada enerji təhlükəsizliyinin təmin olunması sahəsində də sistemli tədbirlər görülüb, bərpa olunan enerji mənbələrindən istifadə diqqət mərkəzində saxlanılıb. Bu dövrdə Şərur rayonunda 5 meqavat gücündə Günəş Elektrik Stansiyasının, Culfa rayonunda isə 1,1 meqavat gücündə Günəş-Külək Hibrid Elektrik Stansiyasının istifadəyə verilməsi muxtar respublikanın enerji tələbatının ödənilməsində alternativ və bərpa olunan enerji mənbələrinin payını artırıb.

Bu faktları iyulun 8-də altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyasında məruzəsində Ali Məclisin Sədri diqqətə çatdırıb. Ali Məclisin Sədri bu ilin ilk altı ayının ən mühüm hadisəsinin mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin muxtar respublikaya səfəri olduğunu vurğulayıb. Səfər zamanı dövlət başçısının iştirakı ilə “Naxçıvan” Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağı, Əlahiddə Ümumqoşun Ordunun Hərbi Aerodrom Kompleksi, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı, Naxçıvan Qarnizonu Mərkəzi Hospitalı, Süni Mayalanma Mərkəzi, Culfa-Ordubad magistral avtomobil yolu, eləcə də Ordubad şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin açılışı olub. Həmçinin ölkə Prezidenti Naxçıvan şəhərində Ulu Öndərin abidəsini və İkinci Qarabağ müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib, “ASAN” Xidmət Mərkəzinin və “Ordubad” Su Elektrik Stansiyasının tikintisi, eləcə də Ordubad Dəmir Yolu Stansiyası ilə tanış olub. Muxtar respublikanın inkişafını yüksək qiymətləndirən ölkə Prezidenti deyib: “Naxçıvan bizim əziz diyarımızdır, Heydər Əliyevin Vətənidir... Naxçıvanın inkişafı, çiçəklənməsi artıq reallıqdır. Bu gün Ulu Öndərin xatirəsinə göstərilən ən böyük diqqət məhz özünü, bax, bu inkişafda təcəssüm etdirir”.

Vətən müharibəsi qəhrəmanları diqqət və qayğı ilə əhatə olunub

Vətən müharibəsində Naxçıvandan olan hərbi qulluqçular da ərazi bütövlüyümüzün bərpa olunmasında qəhrəmanlıq, peşəkarlıq və vətənpərvərlik göstəriblər. Prezident İlham Əliyevin dediyi kimi: “Naxçıvanlılar ikinci Qarabağ müharibəsində digər bütün bölgələrdən olan vətəndaşlar kimi fəal iştirak ediblər... Başqa bütün bölgələrdən olan hərbçilərlə bərabər naxçıvanlılar da böyük qəhrəmanlıq göstəriblər və torpaqlarımızın azad edilməsi işində fədakarlıq göstəriblər, şəhidlər veriblər”.

İyulun 10-da Ali Məclisin Sədri “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş və “Vətən uğrunda” medalı ilə təltif olunmuş şəhid polkovnik-leytenant Anar Əliyevin və şəhid kapitan Nihad Babayevin ailə üzvləri ilə görüşüb.

Ali Məclisin Sədri Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 9 dekabr və 15 dekabr tarixli sərəncamları ilə şəhid polkovnik-leytenant Əliyev Anar Vaqif oğluna və şəhid kapitan Babayev Nihad Akif oğluna ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verildiyini və “Vətən uğrunda” medalları ilə təltif olunduqlarını qeyd edib, şəhidlərimizin əziz xatirəsinə ehtiramını bildirib.

Ali Məclisin Sədri deyib: “Şəhidlərimizin hər ikisi hərbi təhsil almış, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasında yerləşən Əlahiddə Ümumqoşun Ordusunda 2014-cü ildən zabit kimi xidmət etmişlər. Fəaliyyətləri dövründə zabit şərəfini ləyaqətlə qorumuş, təltiflər almış və bu müddətdə xidmətləri ilə hörmət qazanmışlar”.

Muxtar respublika rəhbəri bildirib ki, Ali Baş Komandan İlham Əliyevin əmri ilə torpaqlarımızın azad olunması uğrunda başlanan İkinci Qarabağ müharibəsində Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları və Naxçıvandan olan könüllülər də iştirak etmiş, şəhidlərimiz və qazilərimiz olmuşdur. Vətən müharibəsi iştirakçılarının, şəhidlərimizin və qazilərimizin xidmətləri yüksək qiymətləndirilmiş, onlar təltif olunmuşlar. Təltif olunanların bir hissəsinə orden və medallar təqdim edilmişdir. Bu gün təltif olunanların hər ikisi isə Vətən Müharibəsi Qəhrəmanlarıdır. Bu ad İkinci Qarabağ müharibəsinin ən yüksək təltifidir.

Ali Məclisin Sədri şəhidlərin ailə üzvlərinə vətənpərvər övladlar yetişdirdiklərinə görə təşəkkür edib, Vətənə xidməti ən ali vəzifə hesab edən qəhrəman şəhidlərimizin həm dövlətmizə, həm də ailələrinə başucalığı gətirdiyini vurğulayıb.

Sonra Ali Məclisin Sədri “Vətən Müharibəsi Qəhrəmanı” adının döş nişanı və vəsiqəsini, eləcə də “Vətən uğrunda” medallarını şəhid polkovnik-leytenant Anar Əliyevin atası Vaqif Əliyevə və şəhid kapitan Nihad Babayevin atası Akif Babayevə təqdim edib.

Ordubad rayonunda kompleks quruculuq işləri aparılır

1969-cu il iyulun 14-də ümummilli liderimiz Heydər Əliyevin respublika rəhbəri seçilməsi ilə Azərbaycanda bütün sahələrdə böyük uğurlar qazanılıb, ölkənin gələcək müstəqilliyinin təməli qoyulub. Ulu Öndərin əsasını qoyduğu sürətli sosial-iqtisadi inkişaf xətti bu gün Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilir. Hər il dahi şəxsiyyətin siyasi xəttinin bəhrəsi olan yeni inzibati binalar, istehsal sahələri və sosial obyektlər istifadəyə verilir, muxtar respublikamızın bütün bölgələri inkişafın yeni mərhələsinə qovuşur. Görülən işlərin davamı olaraq Ulu Öndərin “Azərbaycanın incisi” adlandırdığı Ordubad rayonunun Vələver, Dırnıs, Kələki, Unus və Pəzməri kəndlərində kompleks quruculuq tədbirləri həyata keçirilir.

Vaxtilə bu kəndlərdə elektrik enerjisi, təbii qaz, yol infrastrukturu yox idi. İndi isə kəndlər tamamilə qazlaşdırılıb, fasiləsiz elektrik enerjisi ilə təmin olunub, yollar abadlaşdırılıb. Vələver, Dırnıs və Kələki kəndləri həyata keçirilən quruculuq tədbirləri ilə muxtar respublikanın müasir kəndləri sırasına qoşulur. Tikintisi aparılan yeni məktəb binaları, kənd və xidmət mərkəzləri sakinlərin rahatlığına xidmət etməklə yanaşı, həm də kəndlərin ümumi mənzərəsinə yeni gözəlliklər əlavə edəcək.

Quruculuq işlərindən Vələver kəndinə də pay düşüb

İyulun 13-də Ali Məclisin Sədri Vələver kəndində inşa olunan sosial obyektlərdə aparılan tikinti işlərinə baxıb. Bildirilib ki, zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olacaq 198 şagird yerlik yeni məktəb binasının tikintisi davam etdirilir. Müasir standartlara cavab verəcək təhsil ocağında nümunəvi şərait yaradılacaqdır. Burada kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat sinfi, kompüter, müəllimlər otağı, psixoloq otağı, STEAM kabinəsi, kitabxana, qarderob, idman zalı, bufet və digər texniki otaqlar nəzərdə tutulub.

Kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, bələdiyyə, baytarlıq və polis sahə məntəqələri, kitabxana, poçt bölməsi, rabitə, statistika otağı, eləcə də klub fəaliyyət göstərəcəkdir. Yeni feldşer-mama məntəqəsi isə tibbi xidmətin keyfiyyətini daha da artıracaqdır. Tikintisi aparılan xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazaları və anbar yerləşəcəkdir.

Dırnıs müasir Azərbaycan kəndinə çevriləcək

Ali Məclisin Sədri Dırnıs kəndinə də gəlib, aparılan quruculuq işləri ilə tanış olub. Məlumat verilib ki, Dırnıs kəndində 216 şagird yerlik məktəb binası əsaslı şəkildə yenidən qurulur, müasir xidmət və kənd mərkəzləri, həkim ambulatoriyası tikilir. Təhsilin müasir tədris metodları səviyyəsində tədris olunmasına imkan verəcək məktəb binasında laboratoriyalar, şahmat, kompüter otaqları, hərbi kabinə, elektron lövhəli siniflər, kitabxana, idman zalı yerləşəcək, ətrafda yaşıllıqlar salınacaqdır. Dırnıs Kənd Mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəliklə yanaşı, digər dövlət qurumları üçün də otaqlar yerləşəcəkdir. Əhalinin sağlamlığında mühüm əhəmiyyətə malik olacaq yeni həkim ambulatoriyasında kənd sakinlərinin sağlamlığı qorunacaq, eyni zamanda vaxt itkisinin qarşısı alınacaqdır. Kənd sakinlərinin rahatlığını təmin edəcək xidmət mərkəzində istehlakçıların gündəlik tələbatı nəzərə alınmaqla daha çox yerli kənd təsərrüfatı məhsullarının satışı həyata keçiriləcək.

Kələki kəndində həyata keçirilən quruculuq işləri dövlətimizin
insan amilinə verdiyi dəyərin ifadəsidir

Muxtar respublikada həyata keçirilən quruculuq tədbirlərindən Kələki kəndinə də pay düşüb. Görülən bu işlər dövlətimizin insan amilinə verdiyi dəyərin ifadəsidir.

Ali Məclisin Sədri iyulun 13-də Kələki kəndində də olub, quruculuq işlərinin gedişi ilə maraqlanıb. Məlumat verilib ki, kənddə kənd və xidmət mərkəzləri tikilir. Burada dövlət qurumlarının müasir binada fəaliyyət göstərməsi kənd sakinlərinin rahatlığına xidmət edəcəkdir. Kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, bələdiyyə, baytarlıq və polis sahə məntəqələri, kitabxana, poçt bölməsi, rabitə evi, arxiv, eləcə də klub fəaliyyət göstərəcəkdir. Kənd mərkəzində feldşer-mama məntəqəsinin fəaliyyəti üçün də şərait yaradılır. Ərazidə yaşıllaşdırma işləri görüləcək.

Vənənd-Pəzməri avtomobil yolu yenidən qurulur

Muxtar respublikanın kəndlərində aparılan quruculuq işlərinin ən mühüm cəhətlərindən biri də yolların abadlaşdırılmasıdır. Görülən işlərin davamı olaraq Vənənd-Pəzməri avtomobil yolu yenidən qurulur.

İyulun 13-də Ali Məclisin Sədri avtomobil yolunda görülən işlərlə tanış olub. Bildirilib ki, ümumi uzunluğu 20 kilometr olan yolun eni 8 metrdir. Yolda 3 körpü əsaslı təmir olunub, 2 suötürücü kanal tikilib, su keçidləri və 8800 metr suaparıcı kanalın qurulmasına başlanılıb. Həmçinin burada istinad divarları tikilir, torpaqbərkitmə işləri görülür. Yoldakı qayalar texnika vasitəsilə dağıdılaraq yol yatağı genişləndirilir. Başkənd, Vələver, Qoruqlar, Anaqut, Dırnıs, Kələki, Unus, Pəzməri kənddaxili yollarına isə qum-çınqıl qatı verilir.

Unus və Pəzməri kəndləri inkişafının yeni mərhələsində

Ordubad rayonunun dağlıq kəndlərində aparılan quruculuq tədbirləri çərçivəsində turizm kəndləri olan Unus və Pəzməri də inkişafın yeni mərhələsinə qədəm qoyur.

İyulun 13-də Ali Məclisin Sədri Pəzməri kəndində görülən işlərlə maraqlanıb. Bildirilib ki, 2 mərtəbədən ibarət olacaq məktəb binasında nümunəvi şərait yaradılacaq. Burada kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat sinfi, kompüter, müəllimlər, psixoloq otağı, STEAM kabinəsi, elektron lövhəli sinif, kitabxana, qarderob, idman zalı və digər texniki otaqlar yerləşəcək. Dövlət qurumlarının birgə fəaliyyətində mühüm əhəmiyyətə malik olacaq kənd mərkəzində tikinti işləri keyfiyyətlə aparılır. Binada fəaliyyət göstərəcək feldşer-mama məntəqəsində yaradılan şərait kənd əhalisinin sağlamlığının qorunmasına, peyvəndlərin vaxtında vurulmasına imkan verəcək. Xidmət mərkəzində isə bərbərxana, ət satışı yeri, ərzaq mağazası fəaliyyət göstərəcək. Burada xidmət sahələrinin fəaliyyəti üçün nümunəvi şərait yaradılacaq, sakinlər işlə təmin olunacaq.

Ali Məclisin Sədrinə məlumat verilib ki, Unus kəndində də quruculuq işləri həyata keçirilir. Kənddə kənd və xidmət mərkəzləri tikilir.

Ali Məclisin Sədri deyib: “Kəndlərdə quruculuq işləri ona görə aparılır ki, insanlar rahat və firavan yaşasınlar. Həyata keçirilən tədbirlər məskunlaşmanı da artıracaqdır. Artıq Pəzməri turistik bölgəyə çevrilir. Kəndə turist axını sakinlərin istehsal etdiyi məhsulların alınmasına da səbəb olacaqdır ki, bu da əhalinin güzəranının daha da yaxşılaşması ilə nəticələnəcəkdir”.

Ali Məclisin Sədri kəndlərdə tikinti işlərinin keyfiyyətlə aparılması barədə tapşırıqlar verib. Sonra muxtar respublika rəhbəri gözəlliyi ilə turistləri cəlb edən Pəzməri şəlaləsinin yerləşdiyi ərazidə olub və Pəzməridən şəlaləyə gedən yolun yenidən qurulması barədə tapşırıq verib.

“Xan Çinar” İstirahət Mərkəzi yaradılır

Son dövrlərin zərurəti kimi Naxçıvanda daxili turizmə xüsusilə diqqət ayrılması regionun rəngarəng turizm ehtiyatlarından daha səmərəli istifadəyə geniş imkanlar yaradıb. Görülən bu işlərin davamı olaraq Anaqut kəndi ərazisində “Xan Çinar” İstirahət Mərkəzi inşa edilir.

İyulun 13-də Ali Məclisin Sədri mərkəzdə olub, görülən işlərlə maraqlanıb. Məlumat verilib ki, mərkəzdə istirahətin səmərəli təşkili üçün ikimərtəbəli kottejlər, uşaqların istirahətlərini mənalı keçirmələri üçün attraksionlar, istirahət guşələri, kupelər və restoran var.

Ali Məclisin Sədri istirahət mərkəzinə gedən yolun abadlaşdırılması, ərazidə yaşıllıqların artırılması barədə tapşırıqlar verib.

Naxçıvanda yeni Qaz Kompressor Stansiyası istifadəyə verilib

Dahi şəxsiyyətin yolunun uğurla davam etdirilməsinin nəticəsi olaraq muxtar respublikada enerji təhlükəsizliyinə nail olunub, bütün yaşayış məntəqələri təbii qazla fasiləsiz təmin edilib. Prezident İlham Əliyevin də dediyi kimi: “Naxçıvanda enerji təhlükəsizliyi məsələləri öz həllini tam şəkildə tapıbdır. Bu da çox sevindirici haldır. Bu gün Naxçıvan 100 faiz səviyyəsində qazlaşdırılıbdır. Bütün yaşayış məntəqələrində təbii qaz vardır”.

Bu gün muxtar respublikanın yaşayış məntəqələri və istehsalat sahələri fasiləsiz və təhlükəsiz təbii qazla təmin olunur. Sənaye obyektlərinə və əhaliyə verilən təbii qazın fasiləsiz çatdırılması üçün infrastruktur daim təkmilləşdirilir, mövcud imkanlardan səmərəli istifadə olunur. Naxçıvan şəhərində yeni Qaz Kompressor Stansiyasının qurulması da bu tədbirlərin davamıdır.

İyulun 14-də - ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin ildönümündə Naxçıvan şəhərində yeni Qaz Kompressor Stansiyası istifadəyə verilib.

Bu münasibətlə keçirilən tədbirdə iştirak edən Ali Məclisin Sədri ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin ildönümü və Qaz Kompressor Stansiyasının istifadəyə verilməsi münasibətilə qaz təsərrüfatı işçilərini təbrik edib, stansiyanın qurulmasında əməyi olanlara təşəkkür edib.

1978-ci ildə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Yevlax-Xankəndi-Laçın-Şahbuz-Naxçıvan yüksəktəzyiqli magistral qaz boru xəttinin inşasına başlanıldığını, 1980-ci ildə layihə uğurla başa çatdırıldığını, həmin il Naxçıvan şəhərinə ilk dəfə təbii qaz verildiyini qeyd edən Ali Məclisin Sədri deyib: “İkinci dəfə muxtar respublikaya təbii qazın verilməsi 2004-cü ildə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə İran Milli Qaz İxracat Şirkəti arasında bağlanmış təbii qaz mübadiləsi haqqında müqavilə əsasında həyata keçirilmiş və 2005-ci il dekabrın 20-də Azərbaycan Respublikasının və İran İslam Respublikasının prezidentlərinin iştirakı ilə istifadəyə verilmişdir. Qısa müddətdə - 3 il ərzində Naxçıvan Muxtar Respublikasının bütün yaşayış məntəqələri tamamilə təbii qazla təmin olunmuşdur. Bu gün muxtar respublikada 91 minə yaxın abonent təbii qazdan istifadə edir ki, bunun da 50 faizi əhali abonentidir”.

“Muxtar respublikanın təbii qazla təminatı, eyni zamanda onun təbiətinin qorunmasına da imkan verdi”,- deyən Ali Məclisin Sədri bildirib ki, sonrakı mərhələdə muxtar respublikanın qaz təsərrüfatında təkmilləşdirmə və yenidənqurma işlərinə başlandı. Qarşıda duran əsas vəzifə Naxçıvan-Sədərək yüksəktəzyiqli qaz kəmərinin çəkilməsi və hər hansı qəza zamanı boruda yaradılmış ehtiyatlardan istifadə etmək idi. Bir neçə il bundan əvvəl qaz kəmərinin tikintisi başa çatdırılmışdır. Nəzərdə tutulub ki, bu xətt gələcəkdə İğdır-Naxçıvan qaz kəmərinə birləşdirilsin və axın Naxçıvan şəhəri istiqamətində olmaqla istismar edilsin. 80 kilometrə yaxın uzunluğu olan qaz kəmərinin boru xəttinin atmosfer təzyiqi 70 bara yaxındır. Bu da xətdən anbar kimi istifadə etməyə imkan verir. Bunun üçün Qaz Kompressor Stansiyasının qurulmasına ehtiyac var idi. Stansiyanın qurulmasında məqsəd Naxçıvan-Sədərək yüksəktəzyiqli qaz kəmərində təzyiqin artırılmasıdır. Bu da boruda 1 milyon 500 min kubmetrə yaxın qaz yığılmasına və qəza zamanı muxtar respublikada əhali abonentinin 8-10 gün qazla təmin olunmasına imkan verəcəkdir. Eyni zamanda İğdır-Naxçıvan qaz kəməri istifadəyə verildikdən sonra Naxçıvan-Şahbuz və Naxçıvan-Culfa istiqamətlərində boru xətlərinin təbii qazla doldurulması təmin ediləcək. Stansiyanın istifadəyə verilməsi muxtar respublikada qaz təsərrüfatının idarə olunmasını da yaxşılaşdıracaq, təzyiq boru xəttində yaranacaq ehtiyat hesabına nizamlanacaq.

Ali Məclisin Sədri Qaz Kompressoru Stansiyasında texniki istismar qaydalarına əməl olunması, kadr hazırlığına diqqət yetirilməsi və ərazidə yaşıllıqların salınması barədə tapşırıqlar verib.

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 50 illik yubileyi qeyd olunub

Qədim və zəngin tarixə malik olan Naxçıvan rəssamlıq sənəti Ali Məclis Sədrinin diqqət və qayğısı ilə yeni inkişaf mərhələsinə qədəm qoyub. Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb, yeni bina istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamına əsasən Naxçıvan Dövlət Universiteti və Naxçıvan Müəllimlər İnstitutunun aid ixtisasları hamiliyə götürülüb və gənc rəssamlarla mütəmadi olaraq görüş, tədbir və sərgilər keçirilib. Ötən il Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin nəzdində Gənc Rəssamlar Bölməsi yaradılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2021-ci il martın 2-də Rəssamlar Birliyinin 50 illik yubileyinin keçirilməsi barədə Sərəncam imzalayıb, Tədbirlər Planı təsdiq olunub. İyulun 16-da birliyin 50 illik yubileyi qeyd olunub.

Ali Məclisin Sədri Rəssamlar Birliyinin 50 illik yubileyini muxtar respublikanın ictimai-mədəni həyatında əlamətdar hadisə kimi dəyərləndirib, bu münasibətlə rəssamları, sənətsevərləri və ictimaiyyət nümayəndələrini təbrik edərək deyib: “Naxçıvan rəssamlıq məktəbinin qədim və zəngin tarixi vardır. Bu məktəbin görkəmli nümayəndələri təsviri sənətin müxtəlif janrlarında tariximizi, abidələrimizi, milli-mənəvi dəyərlərimizi, təbiətimizi, xalqımızın həyatını əks etdirməklə böyük mədəniyyət salnaməsi yaratmışlar. Azərbaycan realist rəssamlığının əsasını qoymuş Bəhruz Kəngərlinin, teatr rəssamlığının inkişafında mühüm xidmətləri olan Şamil Qazıyevin və digər rəssamların əsərləri Naxçıvanın dünəni ilə bu günü arasında mədəni bağlardır”.

Muxtar respublika rəhbəri bu yolda birlik üzvlərinə uğurlar arzulayıb, yubiley münasibətilə bir daha təbrik edib.

Sonra Naxçıvan Muxtar Respublikası təltiflərinin təqdimatı olub. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 15 iyul tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında rəssamlıq sənətinin inkişafı sahəsində səmərəli fəaliyyətlərinə görə Əzimbəyova Leyla Behruz qızına, Qədimov Rafael Sabir oğluna və Məmmədov Sabir Duman oğluna Naxçıvan Muxtar Respublikasının “Əməkdar rəssamı” fəxri adı verilib. Ali Məclisin Sədri fəxri adların döş nişanları və vəsiqələrini təqdim edib.

Rəssamlar əməklərinə verilən yüksək qiymətə görə Ali Məclisin Sədrinə minnətdarlıqlarını bildiriblər.

Ali Məclisin Sədri və tədbir iştirakçıları Rəssamlar Birliyinin 50 illik yubiley sərgisinə baxıblar. Sərgiyə baxış zamanı Ali Məclisin Sədri rəsm dərnəklərinin fəaliyyətinin gücləndirilməsi və varisliyin təmin olunması, hədiyyəlik rəsm və əl işlərinin hazırlanması barədə tapşırıqlar verib.

“Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin Sərgi-Satış Mərkəzi fəaliyyətə başlayıb

Muxtar respublikada nəşriyyat işinin müasir səviyyədə təşkili diqqətdə saxlanılır. “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi üçün yeni kompleks istifadəyə verilib, ən müasir mətbəə avadanlıqları quraşdırılıb, maddi-texniki baza gücləndirilib. Birliyin Naxçıvan şəhərindəki Kitab Evində yeni sərgi-satış mərkəzinin yaradılması da bu sahədə görülən işlərin davamıdır.

İyulun 29-da Ali Məclisin Sədri “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin Sərgi-Satış Mərkəzində yaradılan şəraitlə tanış olub. Ali Məclisin Sədri mərkəzin əhəmiyyətini vurğulayaraq deyib: “Muxtar respublikada nəşriyyat işi yüksək səviyyədə təşkil olunmuşdur. Bu da mətbəə mədəniyyətinin formalaşmasının və ümumi inkişafın göstəricisidir. Artıq muxtar respublikada məktəbli ləvazimatlarının, idarə və müəssisələrə aid blankların çapı həyata keçirilir. “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin Sərgi-Satış Mərkəzinin fəaliyyəti həm çap olunmuş məhsulların sərgi-satışını təşkil etmək, həm də dövlət büdcəsi ilə maliyyələşən təşkilatları dəftərxana ləvazimatları ilə təmin etməkdən ibarətdir. Birlik geniş imkanlara malikdir və bundan da səmərəli istifadə olunmalıdır. Qazanılmış təcrübə imkan verəcəkdir ki, dəftərxana ləvazimatları təminatı bir yerdən həyata keçirilsin, standartlara uyğun və keyfiyyətli məhsullar istehsal olunsun, büdcə təşkilatları isə dəftərxana ləvazimatları ilə təmin olunsun. Mərkəzin fəaliyyət göstərməsi həm də muxtar respublikanın tanıdılmasında böyük əhəmiyyətə malik olacaqdır. Çünki burada ölkəmizin və Naxçıvanın tarixini, mədəniyyətimizi, milli dəyərlərimizi əks etdirən kitablar satışa çıxarılıb”.

“Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin Sərgi-Satış Mərkəzinin fəaliyyətə başlaması yenilikdir”, - deyən Ali Məclisin Sədri bildirib ki, mətbəə işinin müasir tələblər səviyyəsində qurulması bu gün muxtar respublikada nəşr olunan bütün qəzetlərin yüksək keyfiyyətlə çapına, həmçinin kitabların müasir tələblərdə nəşrinə imkan verir. Ali Məclisin Sədri dövlət idarə və müəssisələrinə aid dəftərxana ləvazimatlarının qanunvericiliyə uyğun hazırlanması və mərkəzin fəaliyyətinin təşkili barədə müvafiq tapşırıqlar verib, Kitab Evindəki digər dəftərxana ləvazimatları, eləcə də idman mallarının satış mərkəzlərində də olub, göstərilən xidmətlərlə maraqlanıb.

Naxçıvanın inkişaf salnaməsi tarixə qızıl hərflərlə yazılır

Ötən ayın ümumi mənzərəsi deməyə əsas verir ki, 30 illik blokada şəraitində yaşamasına, pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq muxtar respublika bu gün də uğurla inkişaf edir. Ulu Öndərimizin quruculuq xəttinin davam etdirilməsi nəticəsində Naxçıvan beşminillik tarixinin ən parlaq dövrünü yaşayır. Qədim diyarda heç bir dövrdə bugünkü kimi yüksək səviyyədə tərəqqiyə nail olunmayıb. İlk dəfədir ki, ən ucqar dağ kəndləri belə, abadlaşdırılıb, burada şəhər rahatlığı yaradılıb. Naxçıvan başdan-başa gülüstana çevrilib. Bu, müstəqil, qüdrətli Azərbaycan dövlətinin, dövlətimizə, dövlətçiliyimizə, Heydər Əliyev siyasi xəttinə sədaqətli olan naxçıvanlıların tarixi uğurudur. Bu gün Naxçıvanın inkişaf salnaməsi tarixə qızıl hərflərlə yazılır. Prezident İlham Əliyevin dediyi kimi: “Muxtar respublika hərtərəfli inkişaf edir və bu gün Naxçıvan ölkəmizin ən inkişaf etmiş bölgələrindən biridir. Əminəm ki, Naxçıvan bu liderliyi bundan sonra da saxlayacaqdır”.

Rauf Kəngərli

 

 

 

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR