15 Noyabr 2019, Cümə

Muxtar respublikanın kənd, qəsəbə və rayon mərkəzlərinin 90 faizə yaxını yenidən qurulub, abadlaşdırılıb

Ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi böyük strateji hədəflərin uğurla həyata keçirildiyi Naxçıvan Muxtar Respublikasında qarşıya qoyulan vəzifələrin icra olunması, bütün sahələr üzrə əldə edilən ardıcıl nailiyyətlər qədim diyarı yeni-yeni zirvələrə doğru istiqamətləndirir. Ulu Öndərimizin işıqlı ideyalarına bağlılıqla, yüksək əzmkarlıqla, vətənpərvərliklə həyata keçirilən sosial-iqtisadi islahatlar, infrastruktur layihələri səmərəli nəticələr verir, şəhərlərlə yanaşı, ən ucqar kəndlər belə, abadlaşır, insanların həyat şəraiti hər gün daha da yaxşılaşır. Bu gün fəxrlə deyə bilərik ki, artıq muxtar respublikanın kənd, qəsəbə və rayon mərkəzlərinin 90 faizə yaxını yenidən qurulub, abadlaşdırılıb. Həmin yaşayış məntəqələrində sakinlərin firavan yaşayışı üçün hər cür şərait yaradılıb, göstərilən dövlət dəstəyi, mövcud əlverişli biznes mühiti mindən çox yeni ailə təsərrüfatlarının fəaliyyətə başlamasına yol açıb, insanların torpağa, yurda bağlılığı artıb.

 Yeni məscidlər tikilir, dini-tarixi abidələr

və ziyarətgahlar bərpa edilir

Bütün bunların fonunda milli və mənəvi dəyərlərimiz də ən yüksək səviyyədə yaşadılır, Naxçıvanın qədim dövlətçilik tarixi, zəngin mədəniyyəti və müasir inkişaf səviyyəsi İslam dəyərlərinə münasibətdə də özünü göstərir. Bu gün muxtar respublikanın inkişafında milli və mənəvi dəyərlərimizə qayıdış xüsusi yer tutur. Yeni məscidlər tikilir, dini-tarixi abidələr və ziyarətgahlar bərpa edilir. Hazırda Naxçıvan şəhərində yeni məscid kompleksinin inşası da bu sahədə görülən işlərin tərkib hissəsidir. 

Sentyabrın 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov məscid kompleksində aparılan inşaat işləri ilə tanış olub, məscidin daxilində və fasadında işlərin keyfiyyətlə aparılması, xüsusilə mühəndis-texniki tələblərə əməl olunması barədə tapşırıqlar verib.

Hər il payız-qış mövsümünə hazırlıqla

bağlı konkret hədəflər müəyyənləşdirilir

Muxtar respublikamız kəskin kontinental iqlimə malik olduğuna görə burada payız-qış mövsümünə hazırlıq böyük əhəmiyyət kəsb edir. Sevindirici haldır ki, bu məsələlər daim diqqət mərkəzində saxlanılır, bütün sahələrdə qarşıya çıxa biləcək problemlərin vaxtında həllinə nail olunması, inkişaf proseslərinin davamlı xarakter alması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Hər il payız-qış mövsümünə hazırlıqla bağlı konkret hədəflərin müəyyənləşdirilməsi, bununla bağlı müvafiq tapşırıqların verilməsi, müəssisə və təşkilatların qışa hazırlığı mövsümü uğurla başa vurmağa, əhalinin qış aylarında rahatlığının təmin olunmasına imkan verir. Görülən hazırlıqla bağlı muxtar respublikada elektrik enerjisi, təbii qaz və içməli su təchizatı, eləcə də istilik təminatı ilə yanaşı, həm də digər sahələrdə müvafiq işlər həyata keçirilir, soyuducu anbarlarda yerli məhsullardan ibarət ehtiyat yaradılır. 

Sentyabrın 7-də Naxçıvan Muxtar Respublikasında 2019-2020-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə də bu məsələlər diqqət mərkəzində olub.

Ali Məclisin Sədri aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib. Diqqətə çatdırılıb ki, əhalinin və təsərrüfat subyektlərinin elektrik enerjisinə, təbii qaza və istiliyə olan tələbatının ödənilməsi, eləcə də digər infrastruktur sahələrinin qış mövsümündə normal fəaliyyət göstərməsi üçün hazırlıq işlərinə indidən xüsusi diqqət yetirilməli, lazımi mal-material ehtiyatı yaradılmalıdır.

Yuxarıda qeyd etdiyimiz kimi, bu gün sürətlə inkişaf edən, abadlaşan, böyük quruculuq işləri ilə diqqəti cəlb edən muxtar respublikamızda mənəvi dəyərlərimiz də qorunur, İslam elmi cəhətdən öyrənilir və təbliğ edilir, dindarlar üçün ibadət şəraiti yaradılır. Aşura mərasimlərinin İslamın dəyərlərinə uyğun qeyd olunması da bu tədbirlərin davamıdır.

Sentyabrın 10-da Ali Məclisin Sədri Naxçıvan şəhərindəki Cümə məscidində keçirilən Aşura mərasimində iştirak edib. Mərasimdə “Qurani-Kərim”dən ayələr oxunub, dualar edilib, ehsan verilib.

Yüksəliş və tərəqqini təmin edən regional 

inkişaf strategiyası uğurla həyata keçirilir

Bu gün muxtar respublikada yüksəliş və tərəqqini təmin edən regional inkişaf strategiyası uğurla həyata keçirilir. Həmin tədbirlərin tərkib hissəsi olaraq Şahbuz rayonunun Badamlı qəsəbəsində də kompleks quruculuq işləri görülüb. 48 mənzilli 6 yaşayış binası əsaslı təmir olunub, qəsəbə mərkəzi, məktəb binası və xidmət mərkəzi tikilib, avtomobil yolu yenidən qurulub, mənzillər dayanıqlı təbii qaz, elektrik enerjisi və rabitə xidməti ilə təmin edilib. Ulu öndər Heydər Əliyev siyasi xəttinin bəhrəsi olan müasir Badamlı qəsəbəsində şəhər infrastrukturu yaradılıb. Qəsəbədə həyata keçirilən həmin tədbirlər burada məskunlaşmanı daha da artıracaqdır. Onu da qeyd edək ki, aparılan quruculuq işləri insanların rahat yaşayışı ilə yanaşı, həm də bölgədə turizmin inkişafına öz müsbət təsirini göstərəcəkdir.

Sentyabrın 11-də Şahbuz rayonunun Badamlı qəsəbəsində avtomobil yolu və xidmət mərkəzi istifadəyə verilib. Ali Məclisin Sədri burada yaradılan şəraitlə tanış olub.

Həmin gün Ali Məclisin Sədri “Badamlı” Mineral Sular Zavodunun inşası ilə maraqlanıb, zavodda işlərin ilin sonuna qədər başa çatdırılması, ərazinin abadlaşdırılması və yaşıllıqların salınması barədə tapşırıqlar verib.

Respublikamızın tərəfdaşı olan ölkələrlə 

iqtisadi-humanitar sahələrdə əlaqələr genişlənir

Naxçıvanda bütün istiqamətlər üzrə inkişafın davamlı xarakter alması, onun respublikamızın tərəfdaşı olan ölkələrlə iqtisadi-humanitar sahələrdə əlaqələrini daha da genişləndirməsinə şərait yaradır. Qonşu ölkələrlə yanaşı, qabaqcıl Avropa dövlətlərinin də yüksək səviyyəli diplomatları qeyd olunan sahələrdə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayırlar. 

Sentyabrın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İsveçrə Konfederasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Muriel Peneveyre ilə görüşüb.

Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İsveçrə Konfederasiyası arasındakı əlaqələrə diqqəti çəkib. Birgə əməkdaşlığın nəticəsi kimi muxtar respublikada kəhrizlərin bərpası layihəsindən danışan Ali Məclisin Sədri 2011-ci ildə İsveçrə Konfederasiyasının ozamankı Prezidenti xanım Mişelin Kalmi-Reyin Naxçıvana səfərini xatırladıb. İsveçrə şirkəti tərəfindən Naxçıvanda Günəş Elektrik Stansiyasının qurulduğunu, eləcə də bir sıra beynəlxalq tədbirlərin keçirildiyini qeyd edən Ali Məclisin Sədri əminliyini bildirib ki, xanım Muriel Peneveyrenin səfəri də əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəkdir.

Sentyabrın 24-də isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Gürcüstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze ilə görüşüb.

Ali Məclisin Sədri Azərbaycan-Gürcüstan əlaqələrinin müxtəlif istiqamətlərdə inkişaf etdiyini bildirib. Azərbaycanın Naxçıvan Muxtar Respublikasının ikitərəfli əlaqələrdəki rolundan bəhs edən Ali Məclisin Sədri bunu səmərəli əməkdaşlığın nəticəsi kimi dəyərləndirib. Görüşdə qarşılıqlı maraqdoğuran məsələlər müzakirə edilib.

İnsan kapitalına investisiya qoyuluşu həyata

keçirilir, təhsildə real imkanlar yaradılır

Dövrümüz yeni tələblər, müasir iqtisadi təfəkkürə əsaslanan axtarışlar, yeni sosial-iqtisadi stimullar, yeni motivasiya tədbirləri, inkişaf ssenariləri və dinamika tələb edir. Bütün bunlar isə gələcəyə hesablanmış inkişaf strategiyasının ayrılmaz tərkib hissəsi olan uğurlu təhsil siyasəti ilə mümkündür. Çünki sürətlə dəyişən dünyada yeni inkişaf hədəflərinin müəyyənləşdirilməsi yalnız yüksək təhsillə, intellektual səviyyəli gənclərlə mümkündür. Bütün bunlara nail olmaq üçün Naxçıvanda daim insan kapitalına investisiya qoyuluşu həyata keçirilir, nəticədə, bütün sosial sferalarda, xüsusilə gələcəyimizi müəyyənləşdirən təhsildə real imkanlar yaradılır, məktəb binaları müasir tədrisin tələblərinə uyğun qurulur. Şagirdlərin istifadəsinə müasir tədris avadanlıqları, sürətli internetə çıxışı olan kompüterlər, elektron lövhələr, zəngin fonda malik olan kitabxanalar və idman zalları verilir. Bu gün məktəblilər ən qabaqcıl informasiya texnologiyalarından, distant təhsil imkanlarından istifadə edir, biliklərə yiyələnirlər. Görülən işlərin davamı kimi, sentyabrın 16-da muxtar respublikada Bilik Günü Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin yeni binasının istifadəyə verilməsi ilə qeyd olunub. 

Ali Məclisin Sədri muxtar respublikanın ali, orta ixtisas, ümumtəhsil məktəblərinin tələbə və şagirdlərini, Heydər Əliyev adına Hərbi Liseyin kursantlarını, pedaqoji kollektivləri Bilik Günü münasibətilə təbrik edib. Muxtar respublika rəhbəri qeyd edib ki, ölkəmizdə təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Naxçıvan Muxtar Respublikasında təhsilin inkişafı və bu sahədə həyata keçirilən islahatlar innovativ inkişafa və güclü iqtisadi potensiala əsaslanır. İqtisadiyyatın dinamik inkişaf səviyyəsi muxtar respublikada genişmiqyaslı layihələri reallaşdırmağa, o cümlədən təhsil infrastrukturunu yeniləşdirməyə tam imkan verir. Təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşmasını şərtləndirən ən mühüm amillər təhsil prosesinin inkişaf etdirilməsi, müasir standartlara cavab verən yeni məktəblərin tikilməsi, bu yolla təhsil ocaqlarında kontingent sıxlığının aradan qaldırılmasıdır.

Son illərdə muxtar respublikada tikilən və yenidən qurulan 200-dən çox təhsil müəssisəsi ən müasir standartlar səviyyəsində şagirdlərin, müəllimlərin istifadəsindədir. Görülən tədbirlər təhsilin müasir inkişafına, eyni zamanda yüksək intellektli kadr potensialının hazırlanmasına şərait yaradır. Bu səbəbdən ötən tədris ilində muxtar respublika üzrə buraxılış imtahanlarının nəticələri Azərbaycan üzrə orta statistik göstəricidən yüksək olmuşdur.

Ali Məclisin Sədri dəqiq elmlərin tədrisində elektron dərsliklərdən istifadənin əhəmiyyətini vurğulayıb, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Bioresurslar İnstitutu ilə ümumtəhsil məktəbləri arasında interaktiv dərslərin keçilməsi, şagirdlərin muzeylərə ekskursiyalarının təşkili, çağırışaqədərki hərbi hazırlıq və fiziki tərbiyə dərslərinə diqqətin artırılması barədə tapşırıqlar verib.

Tanınmış hərb xadimlərimizin

irsi yaşadılır, təbliğ edilir

Ötən əsrin 70-ci illərində əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan tarixi-mədəni irsimizin qorunması, tarixi şəxsiyyətlərimizin adının əbədiləşdirilməsi, onların cəmiyyətə tanıdılması siyasəti bu gün uğurla davam etdirilir. Cəmşid Naxçıvanski Muzeyi binasının yenidən qurulması da Naxçıvanın tarixinə, mədəniyyətinə, görkəmli tarixi şəxsiyyətlərinə diqqət və qayğının ifadəsidir.

Sentyabrın 23-də Naxçıvan şəhərində Cəmşid Naxçıvanski Muzeyi istifadəyə verilib.

Ali Məclisin Sədri Azərbaycanın görkəmli hərb xadimi, Azərbaycan ilk milli atıcı diviziyasının komandiri olmuş general Cəmşid Naxçıvanskinin adını daşıyan muzeyin yenidənqurmadan sonra istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edib, muzeyin qurulmasında əməyi olanlara təşəkkürünü bildirib.

“Bu gün açılışına toplaşdığımız bu tarixi bina 3 əsrin tarixi yaddaşını qorumaqla, xalqın azadlıq və müstəqillik epopeyasına 1918-ci ildən 1920-ci ilədək fəaliyyət göstərmiş Araz-Türk Respublikası hökumətinin fəaliyyətini də yazmışdır. Bu muzeydə Cəmşid Naxçıvanski ilə bərabər xalqımızın 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərindəki milli azadlıq və istiqlaliyyət uğrundakı mübarizəsində qəhrəmanlıq göstərən tarixi şəxsiyyətlərinin fəaliyyəti də əks olunur”, - deyən Ali Məclisin Sədri bildirib ki, Naxçıvan tarixinin, tanınmış hərb xadimlərinin irsinin qorunub saxlandığı Cəmşid Naxçıvanski Muzeyi xalqın tarixi yaddaş salnaməsi, eyni zamanda vətənpərvərlik təliminin, dövlətçilik ənənələrinin daşıyıcısı olan mədəniyyət mərkəzidir. Bu muzey həm də gələcək nəsillərin tərbiyəsi və vətənpərvərlik ruhunda yetişməsində mühüm əhəmiyyəti ilə seçilir.

Ali Məclisin Sədri Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi tərəfindən Cəmşid Naxçıvanskinin həyat və fəaliyyətinin, eləcə də Araz-Türk Respublikasının öyrənilməsi və tədqiq olunması, gənclərin, o cümlədən Heydər Əliyev adına Hərbi Liseyin kursantlarının muzeyə ekskursiyalarının təşkili barədə tapşırıqlar verib.

Qədim diyarımızın turizm potensialının təbliğində mühüm rol oynayan Naxçıvan Muxtar Respublikası Turizm Departamenti artıq tarixi binada fəaliyyət göstərir. Sentyabrın 23-də bu münasibətlə tədbir keçirilib.

Ali Məclisin Sədri iclas zalında turizm şirkətləri üçün təlim və seminarların, eləcə də ali təhsil müəssisələrinin Turizm və otelçilik ixtisası tələbələrinin iştirakı ilə görüşlərin keçirilməsi, muxtar respublikanın turizm potensialı barədə internet saytlarında və sosial şəbəkələrdə təbliğat işlərinin aparılması barədə tapşırıqlar verib.

Milli dəyərlərin qorunması ön plandadır

Ulu Öndərimiz ölkəmizə rəhbərliyinin hər iki dövründə milli dəyərləri milli dövlət quruculuğunun aparıcı elementinə çevirib. Bu gün müstəqil Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında milli dəyərlərimiz qorunub yaşadılır. Sentyabrın 23-də Naxçıvan şəhərində yeni fəaliyyətə başlayan Milli Dəyərlər Muzeyi də bu sahədə görülən işlərin davamıdır. 

Ali Məclisin Sədri muzeydə yaradılan şəraitlə maraqlanıb, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinə və Mədəniyyət Nazirliyinə muzey fondunun zənginləşdirilməsi barədə müvafiq tapşırıqlar verib.

Naxçıvan mətbuatı heç vaxt bugünkü 

qədər dövlət qayğısı ilə əhatə olunmayıb

2019-cu il sentyabrın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb, Fondun nizamnaməsi və müşahidə şurasının üzvləri təsdiq olunub. Muxtar respublikada mediaya dövlət dəstəyinin verilməsi istiqamətində fəaliyyət göstərəcək belə bir mühüm dövlət qurumunun yaradılması Naxçıvanda kütləvi informasiya vasitələrinin inkişafına böyük diqqətin növbəti nümunəsi kimi diqqəti cəlb edir. Bu sahənin inkişafına nail olmaq üçün xüsusi mexanizmlərin formalaşdırılması qədim diyarda ictimai nəzarət funksiyasını uğurla yerinə yetirən medianın informasiya cəmiyyətinin formalaşmasında, mütərəqqi ənənələrə əsaslanmaqla və xalqımızın tarixi-milli xüsusiyyətlərini qorumaqla inkişafını daha da sürətləndirəcəkdir.

Sentyabrın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun müşahidə şurasının ilk iclası və media nümayəndələri ilə görüş keçirilib.

Ali Məclisin Sədri Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun müşahidə şurasının üzvləri və media nümayəndələri tərəfindən səsləndirilən təkliflərin nəzərə alınması və icrası barədə tapşırıqlar verib, kütləvi informasiya vasitələrinin qarşısında duran vəzifələrdən ətraflı bəhs edib. Ulu öndər Heydər Əliyevin “Hər bir kütləvi informasiya vasitəsi müstəqil dövlət, vətəndaş cəmiyyəti quruculuğu, milli və dünyəvi dəyərlərin bərqərar olunması, ölkənin inkişafını təmin edən islahatların həyata keçirilməsi prosesində effektiv iştirak etməli, həyatın güzgüsü, həqiqət carçısı olmalıdır. İnsanları yüksək ideallar, humanist vətəndaş və demokratik cəmiyyət uğrunda mübarizəyə çağırmalı və səfərbər etməlidir”, - fikirlərini diqqətə çatdıran Ali Məclisin Sədri bu yolda kütləvi informasiya vasitələrinin əməkdaşlarına uğurlar arzulayıb.

Reallıqdır ki, Naxçıvan mətbuatı heç vaxt bugünkü qədər dövlət qayğısı ilə əhatə olunmayıb. Eləcə də dünyanın heç bir ölkəsində Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında olduğu qədər mətbuata xüsusi diqqət mövcud deyil. Heydər Əliyev siyasi məktəbinin layiqli məzunlarının ortaq xüsusiyyətləri ondan ibarətdir ki, Ulu Öndərimiz kimi, onlar da jurnalistlərin bütün qayğılarının həllinə çalışırlar. Muxtar respublikada da məhz belədir. Ali Məclis Sədrinin kütləvi informasiya vasitələri nümayəndələri ilə növbəti görüşü bu baxımdan yaddaqalan olub.

Hər il “Arıçılıq məhsulları - bal festivalı”nın 

keçirilməsi arıçılar üçün geniş imkanlar açır

Naxçıvanın ən qədim təsərrüfat sahələrindən biri də arıçılıqdır. Zəngin bitki örtüyü və təbii şərait yüksəkkeyfiyyətli bal istehsalına, göstərilən dövlət qayğısı və dəstəyi isə arıçılıq təsərrüfatlarının sayının ilbəil artmasına səbəb olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə arıçılığın inkişafı sahəsində mühüm tədbirlər görülüb, arı ailələrinin sayı artıb. Hazırda muxtar respublikada arı ailələrinin sayı 74 mindən çoxdur. 2019-cu il muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunması bu sahədə də uğurlu nəticələrin əldə edilməsinə şərait yaradıb. Hər il Naxçıvan şəhərində “Arıçılıq məhsulları - bal festivalı”nın keçirilməsi arıçılar üçün geniş imkanlar açır. Sentyabrın 28-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində növbəti festival keçirilib.

Festivalda iştirak edən Ali Məclisin Sədri arıçılarla söhbət edib, bal alıb, onların qayğıları ilə maraqlanıb. Ali Məclisin Sədri nümunəvi arıçılıq təsərrüfatlarının təcrübəsinin yayılması, arıçılığın elmi əsaslarla öyrənilməsinə diqqətin artırılması, eləcə də Naxçıvan Dövlət Universitetində muxtar respublika arıçıları ilə birlikdə maarifləndirici seminarın keçirilməsi barədə tapşırıqlar verib.

Naxçıvan kəndləri başdan-başa abadlaşdırılır, 

burada yeni sosial obyektlər istifadəyə verilir

Naxçıvan kəndləri bu gün başdan-başa abadlaşdırılır, burada yeni sosial obyektlər istifadəyə verilir. Babək rayonunun Kültəpə kəndinin inkişafı da daim diqqətdə saxlanılıb. İki il bundan əvvəl yaşayış məntəqəsinə yeni su kanalının çəkilməsi torpaqların su təminatını xeyli yaxşılaşdırıb. Bu gün isə Kültəpə kəndi qəsəbə simasındadır. Kənd yolları asfaltlanıb, məktəb, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası tikilib, rabitə və elektrik xətləri yenilənib. Bütün bunlar insanların rahat və təhlükəsiz yaşayışına xidmət edir.

Sentyabrın 30-da Ali Məclis Sədri Kültəpə kənd tam orta məktəbinin yeni binasının, kənd və xidmət mərkəzlərinin, həkim ambulatoriyasının, Kültəpə kənd avtomobil yolunun açılışını edib.

Kənd sakinləri ilə görüşündə Ali Məclisin Sədri çox mühüm bir məsələyə də toxunaraq deyib: “Muxtar respublikanın kənd, qəsəbə və rayon mərkəzlərinin 90 faizə yaxını yenidən qurulub, abadlaşdırılıb. Kültəpə kəndi də müasir yaşayış məntəqəsinə çevrilmişdir. Kənddə yaradılan şərait, tikilən sosial obyektlər sakinlərə rahatlıq gətirəcəkdir. Tikmək, qurmaq işin bir tərəfidirsə, onların qorunması isə kənd sakinlərinin üzərinə düşən vəzifədir. Abadlaşan yaşayış məntəqələrində İctimai Nəzarət Şuraları yaradılmalı, həmin şuranın üzvləri inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə və sahə müvəkkili ilə birlikdə kəndin təmizliyinin, abadlığının, yaşıllıqlarının qorunmasını və artırılmasını diqqətdə saxlamalıdırlar”.

Dövlət qayğısı ilə əhatə olunan sakinlər daha əzmlə çalışır, Heydər Əliyev siyasi xəttinə

daim sadiqlik nümayiş etdirirlər

Muxtar respublikada qarşıya qoyulan hər bir vəzifənin vaxtında icrası, abadlaşdırılan kəndlərimizdə yaradılan möhtəşəm şəraitin qorunub saxlanılması, kənd təsərrüfatının yeni meyarlar əsasında inkişaf etdirilməsi Naxçıvanın ümumi inkişafına da əsaslı töhfələr verir. Ardıcıl və səmərəli fəaliyyətin ötən sentyabr ayında da əldə olunmuş uğurlu nəticələri seçilmiş yolun nə qədər düzgün olduğunu bir daha təsdiq edir. Bütün bunlar həm də Naxçıvanda sabitliyin, əmin-amanlığın, sıx birliyin nəticəsində mümkün olub. Muxtar respublikada dövlət qayğısı ilə əhatə olunan sakinlər daha əzmlə çalışaraq inkişaf, yüksəliş proseslərinin fəal iştirakçılarına çevrilirlər. İnsanlar şəhərlərimizdə, kəndlərimizdə aparılan quruculuq işlərini ulu öndərimiz Heydər Əliyev siyasi xəttinin bəhrələri kimi dəyərləndirir, daim bu siyasi xəttə sadiqlik nümayiş etdirirlər. Nəticədə, dövlət-cəmiyyət birliyi muxtar respublikamızı daha böyük uğurlara aparır. 

Rauf KƏNGƏRLİ

  

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR