27 Fevral 2020, Cümə axşamı

Ölkəmizdə dövlət qadın siyasətinin təməl prinsiplərinin müəyyən edilməsi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Öz əxlaqı, bacarığı, dəyanət və mətanəti ilə örnək olan, vətənpərvərliyi, nəcibliyi və müdrikliyi ilə seçilən Azərbaycan qadını qəhrəman övladlar böyütməklə yanaşı, həm də həyatımızın bütün sahələrində uğurlu fəaliyyət göstərir, cəmiyyət quruculuğuna öz dəyərli töhfələrini verir. Zəngin mədəni irsin daşıyıcısı olan xalqımız qadının ailədə və cəmiyyətdəki mövqeyinə böyük ehtiramla yanaşır.
Ölkəmizdə, o cümlədən muxtar respublikamızda da qadın əməyinə yüksək qiymət verilir, müxtəlif sahələrdə onların uğurlu fəaliyyətinə hərtərəfli şərait yaradılır. Bütün dövlət strukturlarında olduğu kimi, iqtisadi təhlükəsizliyin keşiyində ayıq-sayıq dayanan gömrük orqanlarında da qadın əməkdaşların sayının ildən-ilə artması onların cəmiyyətimizdə fəal iştirakına göstərilən böyük etimaddan xəbər verir. Bu gün muxtar respublika gömrük orqanlarında 50 rütbəli qadın əməkdaş xidmət edir ki, onlardan da 30-u gəncdir.
Qeyd edək ki, ulu öndərimizin 1992-ci il 24 fevral tarixli Qərarı ilə yaradılan və ötən dövrdə böyük inkişaf yolu keçən Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi doğma diyarımızın iqtisadi təhlükəsizliyinin qorunmasına, xarici ticarət əlaqələrinin inkişafına xidmət edir.

Ardını oxu...

 Tarix bir çox xalqlar arasında müharibələrə şahidlik edib. Bu müharibələr yüz minlərlə insanın həyatına son qoyub. Vətəni, torpağı üçün canından keçənlər isə tarixboyu minnətdarlıq hissi ilə anılıblar. Onlar öz əməlləri ilə şəhid adına layiq görülüblər. Ölümsüzlüyə qovuşublar. 1990-cı ilin yanvarında da əsirlər boyu məğrurluq, əyilməzlik simvolu sayılan Naxçıvan torpağı xain qonşularımızın hüçumuna məruz qaldı.   

 Naxçıvana gələn faciə Bakıyla bir addımlayırdı. Birinci hücum yanvarın 18-də Sədərəyə oldu. Xalq elliliklə Vətən torpağının müdafiəsinə qalxdı. Sədərəyin müdafiəsində  Şərur və Sədərək camaatı ilə yanaşı, Naxçıvanın  digər bölgələrindən gələn mərd Vətən övladları da var idi. Vətən oğullarının sırasına Naxçıvan şəhərinin Əliabad qəsəbə sakini Abbasəli Nəzərəliyev də qoşulmuşdu.

 Abbasəli Nəzərəliyev 1962-ci ilin 25 noyabrında Naxçıvan şəhərinin Əliabad qəsəbəsində dünyaya göz açmışdı. Yenicə ailə qurmuşdu. Körpə balası hələ 6 aylıq idi. Sədərəyə hücum olunan ilk dəqiqələrdən o, Vətənin, elin müdafiəsinə qalxan oğullarla birlikdə səngərdə döyüşürdü. Elə o döyüşlərdə Azərbaycanın ilk şəhidlərindən  biri oldu. Ölümü ilə ölümsüzlüyə qovuşdu.

Səngərdə mərd oğullarımızla çiyin-çiyinə bir əlində silah, bir əlində yaralanan igidlərə  yardım etmək üçün tibbi ləvazimat daşıyan tibb bacısı  Nəzifə Qaybəliyeva həmin dəqiqələri göz yaşlarıyla və çox böyük qürurla xatırlayır:

Ardını oxu...

Keçmiş unudulanda, milli faciələrə biganəlik yarananda qan yaddaşı silinərək pozulmaq təhlükəsi ilə üz-üzə qalır. Tarix yenidən təkrar olunur. Xalq yeni məhrumiyyətlərə, işgəncələrə düçar olur. Növbəti təqiblər girdabına düşür, faciələr burulğanına yuvarlanır. Keçmiş faciələrini təkrar yaşamağa məhkum edilir. Həm də daha dəhşətli, amansız, dözülməz formada, yurd, vətənsizlik ağrı-acısıyla.

Biz bunu gördük. Görmək yox, yaşamağa məhkum olduq. Bir əsrdə dəfələrlə qanlı faciələrlə rastlaşdıq. İşgəncələrə, təqiblərə, soyqırımlara məruz qaldıq. Bölündük, parçalandıq, yurd-yuvamızdan zorla qovulduq. Amansız deportasiya, repressiya, qətliamlarla üzləşdik. Bütün bunlar isə insanlıq duyğularımızdan, humanistliyimizdən, qan tökmək istəmədiyimizdən oldu.

Ardını oxu...

Havaların kəskin soyuması özü ilə bərabər bəzi mövsümi xəstəlikləri də gətirir. Bu zaman xroniki xəstəliklər daha da kəskinləşməyə başlayır. Soyuq hava şəraiti angina, bronxial-astma və digər xəstəliklərin yayılmasına münbit şərait yaradır. Bəzən bir çoxumuz yaranan xəstəliklərə etinasız yanaşırıq. Amma unutmayaq ki, bu xəstəliklər insanların normal əmək fəaliyyətinə mane olan əsas amillər sırasında birinci yerdə dayanır.

Ardını oxu...

İki ildən artıqdır ki, Bakıdan Naxçıvana gələn sərnişin qatarları erməni millətçilərinin təqsiri üzündən fasilələrlə işləyir. İndi ümid qalıb Bakıdan Naxçıvana uçan “Yak-40” təyyarələrinə. Bu təyyarələr isə muxtar respublika əhalisinin tələbatını ödəmir. Axı hər gün yüzlərlə sərnişin Bakıya, yaxud suveren respublikaların ayrı-ayrı şəhərlərinə getmək və oradan vaxtında qayıtmaq istəyir. Ancaq necə? İndi bu məsələ böyük problemə çevrilmişdir. Fürsətdən istifadə edən möhtəkirlər və bəzi əliəyri aeroport işçiləri qabaqcadan bilet ala bilməyən sərnişinlərə təyyarə biletlərini 5-10 qat bahasına sırıyırlar. Onlara isə “gözün üstdə qaşın var”, – deyən yoxdur.
Deyəsən, mətləbdən uzaqlaşdıq. Bu yazıda məqsədimiz başqadır. İndi respublika əhalisi “Tu-134” və “Tu-154” təyyarələrinin Naxçıvan aeroportuna enəcəkləri günü səbirsizliklə gözləyirlər. Axı uçuş zolaqlarının tikintisi və mühəndis-texniki qurğuların quraşdırılması keçən il başa çatdırılmışdır. Görəsən səbəb nədir ki, böyüktutumlu təyyarələrin Naxçıvana uçuşu ləngidilir? Bu sualla tikintinin baş icraçısına müraciət etdik. O, belə cavab verdi:
– Düzdür, əsas işlər başa çatdırılmışdır. İndi radioqurğularda tənzimləmə işləri gedir. Bu iş də qurtarmaq üzrədir. Kerçdən, Penzadan, Novokuznetskdən və Bakı şəhərindən tikintiyə təyyarə-laboratoriya ilə birgə mütəxəssislər dəvət etmişdik. Sazlama işlərinin 80 faizini başa çatdırıblar. Keçən ilin 30 dekabrında ailələrinə baş çəkmək üçün gediblər. Yanvar ayının 10-da gəlməlidirlər. Düzünü bilmək istəyirsinizsə, birhəftəlik sazlama işləri qalır. Sağlıq olsun, yanvar ayının üçüncü ongünlüyündə Naxçıvan aeroportu böyüktutumlu təyyarələri qəbul edə biləcəkdir.
Təki baş icraçının dedikləri gerçək olsun. Axı hamının gözü yoldadır...

“Şərq qapısı”
1992-ci il

Səmadan-səmaya sürət uçuşu

Bəli, 27 il bundan öncə – yaxın keçmişimizdə hamının gözü yolda idi. Bu, həmin vaxtlar idi ki, həm müharibənin, həm də blokadanın çətinliklərinə qalib gəlməyə çalışırdıq. Naxçıvan Muxtar Respublikasının Ermənistan tərəfindən blokadaya alınması nəticəsində bütün sənaye müəssisələri bağlanmış, paytaxt Bakıya gediş-gəliş olduqca çətinləşmiş, necə deyərlər, Allah ümidinə qalmışdıq. Aviasiya nəqliyyat əlaqəsi üçün yeganə vasitə olmuşdu. Belə bir vaxtda xalqımızın dahi oğlu Heydər Əliyevin naxçıvanlılarla birgə burada ağır şəraitdə yaşaması, çıraq işığında imzaladığı sərəncam və fərmanlar bu gün də həyatımızın bütün sahələrinə nur salır, yolumuzu aydınladır. Hər zaman öz xalqının yanında olan, ən çətin məqamlarda belə, Vətəni üçün əlindən gələni edən böyük şəxsiyyətin xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra aviasiya ilə bağlı vacib məsələ də öz həllini tapdı.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 8 fevral tarixli  Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın uğurlu icrası muxtar respublikada meyvə-tərəvəz məhsullarına olan tələbatı ödəməklə yanaşı, həmin məhsulların ixracına da şərait yaradıb. Bununla belə görülən kompleks tədbirlər çərçivəsində Naxçıvanda yeni meyvə bağları salınıb, məhsul istehsalı artırılıb. Dövlət proqramının uğurlu icrası əhalinin ərzaq məhsullarına olan tələbatını ödəməklə yanaşı, məşğulluğun təmin edilməsinə də stimul verib. 

Ardını oxu...

Ruzi-bərəkət dövrü olan payız dörd mövsüm içərisində bolluğun ən çox müşahidə edildiyi fəsildir. Heyva da bu fəslin ən dadlı, ən faydalı meyvələrindəndir. Bu meyvə muxtar respublikamızda da geniş yayılıb və demək olar ki, bütün bölgələrimizdə yetişdirilir.
Ötən günlərdə Şərur rayonunun Çərçiboğan kəndi ərazisində gördüyümüz bir mənzərə bizdə xoş təəssürat yaratdı. Öyrəndik ki, 2 hektar ərazidə 3 min heyva ağacı əkilən bağ Çəmənli kənd sakini Abdulla Adıgözəlova məxsusdur. Meyvə tədarük edilən bağda sahibkarla həmsöhbət olduq. Onun dedikləri:
– Heyva becərilməsi ilə illərdir, məşğul oluram. Müşahidələrimə əsasən onu deyə bilərəm ki, bu meyvə arandan ta ucqar dağ kəndlərinədək istənilən torpaq şəraitində bitərək bar verir. Torpaq və iqlim xüsusiyyətlərinə görə Naxçıvan heyvanın yaxşı inkişafı, bol məhsul verməsi üçün səciyyəvi bölgə sayılır. Bizim diyarın qışı nə qədər sərt olsa da, heyva möhkəm dözüm göstərir. Şaxtadan “qorxmur”. Ağac sıxlıq və kölgəli yerdə yaxşı məhsul vermir. Yaz və payız becərilməsi aparılmadıqda – gövdəətrafı bellənmədikdə və üzvi gübrə verilmədikdə, susuz saxlanıldıqda ağac tez qocalır, budaqlarında quruma gedir, meyvələri iri olmur. Bir-birindən məsafəcə 8-10 metr aralı əkilmiş heyva ağaclarına vaxtlı-vaxtında qulluq göstərdikdə daha məhsuldar, meyvələri isə böyük olur. Erkən yazda heyva ağacının quru budaqları mütləq kəsilməlidir. Münbit torpaqlarda 5-8 metrədək boy atan ağacın budaq araları havalanmalı, yarpaqların günəş şüası ilə təmasına şərait yaradılmalıdır.

Ardını oxu...

Uşaqlıq illərimdən ağaclara, yaşıllığa, gülə, çiçəyə xüsusi sevgim olub və hər zaman bu təbiət gözəlliklərinə valeh olmuşam. Kəndə gedəndə ağacların kölgəsində olmaq, ya da ki onun əlçatmaz budaqlarına çıxıb oradan aşağını seyr etməyi çox sevərdim. Amma hansı ağaca yaxın gedə bilsəm də, lap qonşuluğumuzda yerləşən məscidin qarşısındakı ağacın budağına əl vura bilməzdim. Kənddəki yaşlı insanlar buna imkan verməzdilər. Çünki el arasında belə rəvayət gəzirdi ki, onun kölgəsində nə zamansa peyğəmbər yatıb.
Yüz illərdir, bu rəvayət nalbənd ağacına “toxunmazlıq möhürü” vurub, onu müqəddəsləşdirib. Böyüklər deyirdilər ki, bu ağaca toxunmaq günahdı. Ağac məscidin qarşısında, sanki ona keşik çəkir. Hər səhər və axşamüstü olanda kəndin yaşlı insanları bu ağacın kölgəsinə yığılır. Kənd sakinlərindən Həşim baba deyir ki, həmin ağac uzun illərdir ki, beləcə, burada göylərə ucalaraq insanlara xoş sərinlik, kölgə bəxş edir. 300-350 il, hətta bundan da artıq yaşaya bilən nalbənd ağacı yayın qızmar istisinə, quraqlığa, borana, güclü küləyə, çovğuna, 40-45 dərəcə şaxtaya dözümlüdür. Çətirinin böyüklüyünə, budaqlarının sıxlığına, gözəl görkəminə görə nalbəndi əvəz edən ikinci ağac çətin ki tapılar. Bu ağacın budaqları qurusa, sınıb düşsə də, onu götürüb bir kənara qoyarlar. Ona daş atmaq, budağını əymək, yarpağını belə, qırmaq günah sayılır. Təbii yolla ömrünü başa vurmuş, qurumuş oduncağından belə, istifadə etməzlər, onu yandırmazlar. Ancaq o qədər möhkəm, o qədər davamlıdır ki, onun çürüyüb torpağa qarışması üçün uzun illər gərəkdir. Bu ağac və onların bitdiyi yerlər, insanlar tərəfindən müqəddəs hesab olunur. Elə ona görə də kəndlərdəki qədim məscidlərin çoxu nalbənd ağacının yaxınlığında inşa edilib. Bizim kəndə qonşu Qışlaqabbasda da məscid nalbəndin yaxınlığında yerləşir.

Ardını oxu...

Yazının sərlövhəsi sizdə su haqqında danışacağım qənaətini yaratsa da, bu, belə deyil. Burada bir udum suyun – “Sirab”ın sorağı ilə Naxçıvana yol alan gənc amerikalının qədim tarixi diyar haqqında təəssüratlarından söhbət açacağam.
Gənc ingilis dili müəllimi Mattehev Patyyla Naxçıvan Turizm Mərkəzində həmsöhbət oluruq. Onun dedikləri maraqlıdır: – Bakıda qonaq idim. Qədim paytaxtınızı gəzib dolaşanda restoranlardan birində su içdim və suyun harada istehsal olunduğu ilə maraqlandım. Öyrəndim ki, bu su Naxçıvan Muxtar Respublikasına məxsusdur. Onu da dedilər ki, təbii və mineral suyu olan bulaqlarına görə Naxçıvan dünyada diqqəti cəlb edən bir diyardır. Elə bu səbəbdən də buranı mineral suların təbii muzeyi adlandırırlar. Ərazisində 250-dən artıq mineral su mənbəyi var.
Mən tarixi yerləri çox sevirəm. Ona görə də belə gözəl diyarlara tez-tez səyahətə çıxıram. Bulaqlar, müalicəvi sular, yeraltı sərvətlər, gözəl dağlar, möcüzəvi yerlər, qədim abidələr – nə yoxdur, Naxçıvanda? Buraya gəlişimdə məqsədim həm də qədim diyarın tarixi abidələri ilə tanış olmaq idi. İlk olaraq Nuhun məzarüstü türbəsini, Naxçıvan­qalanı, Duzdağdakı mağaraları, Əshabi­-Kəhfi, Atabəy Şəmsəddin Eldənizin xanımı Möminə xatının vəfatından sonra onun şərəfinə ucaldılan türbəsini ziyarət etdim. Bu gün türbə Azərbaycan qadınına verilən yüksək dəyərin simvolu kimi Naxçıvan torpağında öz əzəməti ilə diqqəti cəlb edir. Möminə xatın türbəsini ziyarət edəndə öyrəndim ki, həmin abidə tək deyil. Quti xatının şərəfinə ucaldılan Qarabağlar Türbə Kompleksi də var. Mən oranın da seyrinə çıxdım. Əsrlər öncə ucaldılan bu abidənin gözəlliyi insanı valeh edir. Buranı Hindistanda yerləşən Tac-Mahala bənzətdim. Onlar arasındakı xüsusi bənzərlik ondan ibarətdir ki, hər üç abidə həyat yoldaşlarına böyük sevgi və ehtiram bəsləyən tarixi şəxsiyyətlər tərəfindən inşa etdirilib. Naxçıvandakı hər iki məqbərə bu xalqa, qadınını və anasını belə yüksək qiymətləndirən azərbaycanlılara hörmət hissini artırır. Diqqətçəkən məqamlardan biri də yüz illər öncə tikilən bu abidələrin yüksək səviyyədə qorunub saxlanılmasıdır. Tarixə dəyər verənlər dövrünün qurucu şəxsiyyətləri kimi adlarını tarixə yazaraq yaşayırlar.

Ardını oxu...

Tarixboyu igid, vətənsevər bir xalqın övladı olaraq həmişə şərəfli ölümlə fəxr etmişik. Ölümün gözünə dik baxa bildiyimiz üçün də bu Vətən, bu torpaq, bu yurd nə qədər faciələr yaşasa da, var olmaq haqqını itirməyib... Atalarımız Vətənimizin azadlığı üçün qılınc götürüb, zireh geyinəndə döyüş meydanında şərəfli ölümü, qəti qələbəni arzu ediblər özlərinə. Deyiblər ki, geriyə yol yoxdur, çünki Vətənimizin hər bir qarışında bir şəhid qanı var. Ulularımızın miras qoyub getdiyi əmanətə isə xəyanət etmək olmaz. Beləcə, yüz illər, min illər keçib, xalqımız şəhidləri ilə öz varlığını qoruyub, bu günlərə gəlib çatıb. İgid oğullarımızın qanı ilə sulanan Vətən torpağı qəhrəmanlarının sayəsində varlığını qoruya bilib. O oğullarımız ki onların qanı torpaqlarımız uğrunda tökülüb... Taleyinə şəhidlik zirvəsi yazılan, doğulduğu torpaqdan yüzlərlə kilometr uzaqda “Öncə Vətəndir”, – deyib canından keçən Toğrul Məmmədov da belə igid oğullarımızdan idi.

Toğrul Məmmədov 1988-ci ildə Babək rayonunun Şıxmahmud kəndində ziyalı ailəsində anadan olmuşdu. Orta təhsilinə kənd orta məktəbində başlayan Toğrulun ürəyi hər zaman Vətən eşqi ilə döyünürdü. Elə bu sevgi onun təhsilini 2002-ci ildən Heydər Əliyev adına Hərbi Liseydə davam etdirməyinə səbəb olmuşdu. Liseydə təhsil aldığı illərdə ­nizam-intizamı və savadı ilə seçilən Toğrul 2005-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş və 2009-cu ildə oranı leytenant hərbi rütbəsi ilə bitirmişdi. Daha sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzində 1 illik ixtisasartırma kursu keçdikdən sonra Ağdam rayonunda yerləşən hərbi hissəyə taqım komandiri təyin edilmişdi.
Döyüş tapşırıqlarını uğurla yerinə yetirən gənc zabit 2014-cü ilin avqustunda düşmən təxribatının qarşısını alarkən yaralanır. Sağalandan sonra yenidən cəbhəyə qayıdır. 5 il cəbhə bölgəsində xidmət etdiyinə görə xidməti zərurətlə əlaqədar Bakı şəhərində yerləşən hərbi hissəyə təyin olunsa da, cəmi 8 aydan sonra öz istəyi ilə döyüş bölgəsinə qayıdır. Bu, həmin vaxt idi ki, düşmən cəbhəboyu öz fəallığını artırmışdı. Belə bir vaxtda Bakıdan cəbhəyə qayıdan Toğrul Aprel döyüşlərində Ağdam istiqamətində düşmənə sarsıdıcı zərbələr endirən oğullardan biri idi. Dördgünlük zəfər yürüşündə iki mühüm strateji yüksəklik düşməndən azad edilmişdi. Həmin yüksəkliklərə Azərbaycan bayrağı sancıldı.
Əlbəttə ki, heç bir zəfər, heç bir qalibiyyət itkisiz olmur. Həmin günlərdə qələbə zəfəri yaşamağımız xalqımızın bir an belə, düşünmədən canını Vətəni üçün qurban verməyə hazır olan igid oğulları sayəsində mümkün oldu. Toğrul həmin döyüşdə heç bir xəsarət almamışdı, amma uzun müddət çiyin-çiyinə bir səngərdə döyüşdüyü çox yaxın dostu Nəciməddin Savalanov və gənc zabitin hərbi hissə komandiri Raquf Orucov döyüşlərdə şəhid olmuşdular. Ən yaxın silahdaşının və ona həm ata, həm də komandir olan Raqufun şəhidlik zirvəsinə ucalması Toğrula çox ağır təsir etmişdi. Onların dəfn mərasimində “Sizin qisasınızı alacağam”, – deyəndən cəmi 67 gün sonra, 2016-cı il 14 iyulda Ağdamda düşmən təxribatının qarşısını alarkən şəhid olur, ölümsüzlüyə qovuşur.

Ardını oxu...

Naxçıvan torpağını qarış-qarış dolaşdıqca, tarixin toz basmış səhifələrini vərəqlədikcə, məğlubedilməzliyi, qəhrəmanlığı, torpaq sevgisi, vətənsevərliyi ilə özünü təsdiq edən Oğuz türkünün şanlı tarixini görürük. Hər daşında ox nişanı olan bu torpağın özü qədər ulu və qədim olan, doğma və əzəmətli səslənən “Naxçıvan” sözü hər bir azərbaycanlı üçün əzizdir. Çünki  Naxçıvan  tarixboyu türk-islam aləminin alınmaz qalası, Azərbaycan dövlətçiliyinin əməl və yaddaş mərkəzi olub və  bu şanlı missiya bu gün də davam etməkdədir. 

Ardını oxu...

Bu gün qürurla deyə bilərik ki, doğma diyarımız Naxçıvanda Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı fiziki sağlamlığını itirmiş vətəndaşlar, həmçinin İkinci Dünya müharibəsi əlilləri, hərbi xidməti vəzifəsini yerinə yetirərkən əlil olmuş şəxslər, 20 Yanvar və Çernobıl əlillərinin mənzil-məişət şəraitləri yaxşılaşdırılır, şəhid ailələri və Azərbaycan Vətən Müharibəsi əlillərinin rifah halının daha da yüksəldilməsi sahəsində ardıcıl tədbirlər görülür.

Təkcə 2019-cu ilin ötən dövründə müvafiq kateqoriyalı 363 nəfərin bərpa mərkəzlərində müalicələrinin təşkil edilməsi, 150 şəxsin sanatoriya və müalicə pansionatlarına göndərilməsi, 8 ailəyə mənzil, 8 nəfərə minik avtomobili təqdim edilməsi muxtar respublikada bu qəbildən olan insanların hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğunu bir daha göstərir. Bu isə gənc nəsli Vətənin müdafiəsində daim səfərbər olmağa ruhlandırır, aparılan dövlət siyasəti, eyni zamanda hər bir vətəndaşa da müharibə veteranlarına dərin ehtiram bəsləməyi, qayğı göstərməyi, onlardan vətənpərvərlik ruhunu əxz etməyi aşılayır.

Ardını oxu...

ARXİV

Fevral 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR